Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1225/2023 08.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, Xaçmaz Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(067)-405/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı məhkəmədə iddia qaldıraraq 2018-ci ilin avqust ayında Cavabdeh bir neçə saatlığa saxlamaq üçün verdiyi Azərbayacan manatı ilə cəmi 820 manat həcmində 20000 rus rublu və 200 ABŞ dolları puldan geri ala bilmədiyi qalan 575 manat həcmində 15000 rus rublu və 100 ABŞ dolları məbləğində pulun, ona vurulmuş maddi və mənəvi ziyan həcmində 400 manat pulun və ödədiyi 31 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 1005 manat pulun cavabdehdən alınıb alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi taksi fəaliyyəti göstərən həmyerli kimi tanıyır. Xaçmaz şəhərində bir yerə getmək lazım olanda onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək çağırır və çox vaxtı onunla gedib-gəlmişdir. 2018-ci ilin iyul-avqust ayında Xaçmaz şəhərində yerləşən DİN-in Baş Dövlət Avtomobil Müfəttişliyi İdarəsinin MERO adlanan idarəsinə sürücülük vəsiqəsi almaq üçün imtahan verməkdən ötrü oraya getməli olduğundan cavabdehə zəng vuraraq çağırmış və gəlib onu həmin idarəyə aparmışdır. Yolda sürücülük vəsiqəsi almaq üçün oraya getdiyini cavabdehə demişdir. Həmin vaxtı özü ilə ehtiyat üçün çantasında ayrı saxladığı cəmi 820 manat həcmində 20.000 rus rublu və 200 ABŞ dolları pul götürmüşdür. Ora gedəndə avtomobildə başqa şəxs olmamışdır. İmtahan verilən idarəyə çatanda cavabdehə demişdir ki, onu gözləsin. Çantada saxladığı 20.000 rus rublu və 200 ABŞ dolları pulu cavabdehə vermişdir ki, saxlasın lazım olan anda gəlib ondan götürəcək, o da pulu alıb razılaşdı. İmtahana girmiş, imtahandan yaxşı keçmiş, ancaq orada olmağına görə xeyli vaxt keçmişdir. Binadan çıxanda cavabdehi orada görməmiş, zəng edib harada olduğunu soruşduqda, uzaqda olduğunu bildirmiş, pulu gətirib verməyi ondan tələb etmişdir. Cavabdeh bildirmişdir ki, üstündən götürüb xərcləyib, 3-4 günə gətirib verəcək. Odur ki, o başqa taksi ilə evə qayıtmalı olmuşdur. Deyilən vaxtda pulu gətirib qaytarmadığından cavabdehə zəng etməyə başlamış və ona zəng edəndə isə telefon zənglərinə cavab verməmiş, sonda isə nömrəi qara siyahıya ataraq ondan gizlənməyə çalışmışdır. Ancaq üstündən bir neçə ay ötməsinə baxmayaraq pulu gətirməmişdir. Bununla əlaqədar çox əsəbi gərginliklər, sarsıntılar keçirmişdir. Həmin pulu çətinliklə şəxsi tanış adamlardan götürmüşdür. Bir neçə aydan sonra işləri ilə əlaqədar olaraq Rusiya Federasiyasına getmiş və bu işlə məşğul olmağa vaxt ayıra bilməmişdir. 2021-ci ildə isə Azərbaycana qayıdanda yenidən cavabdehlə əlaqə saxlamağa çalışmış, amma o, yenə də telefonlarına cavab verməmişdir. Sonra o, cavabdehin bacına və atasına bu barədə bildirmişdir. Atası bildirmişdir ki, bu məsələdən xəbərsizdir və söz verir ki, aydınlaşdıracaq və məlumat verəcək. Səhəri gün Mehmana zəng edəndə bir nəticə ala bilməmişdir. Bundan sonra o Xaçmaz rayon Polis şöbəsinə müraciət etmişdir. 10 avqust 2021-ci ildə pulun az bir hissəsini, yəni 100 Amerika dolları şəklində verdikdən sonra qalan hissə yenə də gecikdirilmişdir. 2021-ci ilin sentyabr ayında isə yenə az bir hissəsini, yəni 5000 Rus rublunu polis sahə rəisi vasitəsi ilə ona göndərmişdir. Qalan 15000 rubl və 100 dollar hələ də ödənilməyib, yəni 575 manat pulu bu günə kimi ala bilməmiş və bir neçə aydan sonra yenə də Rusiya Federasiyasına getməli olduğundan pulunun qalığını almaq üçün bu işlə məşğul ola bilməmişdir. 23 noyabr 2022-ci ildə isə Azərbaycana qayıtmış və bu işi yekunlaşdırmaq üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh onun etibarından istifadə etməklə bir neçə saatlığa saxlamağa verdiyi pulu aparıb ondan icazəsiz, qeyri-qanuni olaraq öz işinə sərf etmişdir. Pulu almaq üçün əsəbi gərginliklər, sarsıntılar keçirmiş, cavabdehin bu hərəkətləri nəticəsində maddi və mənəvi ziyan çəkmişdir. Cavabdehin bu hərəkərləri nəticəsində ona ən azı 400 manat maddi və mənəvi ziyan dəymişdir. Bu günkü məzənnə ilə nəzərə alınsa 15000 rus rublu Azərbaycan manatı ilə 405 manat, 100 Amerika dolları isə 170 manat təşkil edir. Odur ki, ümumilikdə 575 manat pulu hələ də ona qaytarılmamışdır.
3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
4. Xaçmaz Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(067)-405/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Anar Sadıqov).
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, , iddiaçı cavabdehin ona əlavə olaraq maddi və mənəvi ziyan vurmasını təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
6. Məhkəmə gəldiyi nəticəni AR Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən göründüyü kimi cavabdeh bildirmişdir ki, olan borcu tam ödəyib, ona mənəvi ziyan vurmayıb. Elə cavabdehin göstərdiyindən də məlum olur ki, həqiqətən də, yuxarıda göstərilən məbləğdə ondan pul almışdır. Qətnamədə göstərilir ki, iddiaçı cavabdehin ona əlavə olaraq maddi və mənəvə ziyan vurmasını təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki cavabdeh özü ondan yuxarıda göstərilən məbləğlərdə pulu aldığını etiraf etmişdir. 2018-ci ildən etibarən pulunu tam şəkildə geri ala bilmir. Hətta onun valideynlərinə, habelə bacısına da müraciət etmişdir. Dəfələrlə aralarında söz mübahisəsi olmuş, əsəbləşərək sarsıntı keçirmişdir. Pulunu geri almaq üçün Rusiya Federasiyasından 2021-ci ildə və 2022-ci ildə iki dəfə Azərbaycana gəlmək məcburiyyətində qalmışdır. Dəfələrlə onu axtarmaq üçün taksilərə pul xərcləmişdir. Məhkəmə bütün bu hallara lazımınca əhəmiyyət verməmişdir. Qanuna müvafiq olaraq cavabdeh tərəfindən ona vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb etmişdir. Cavabdeh ona pulun qaytarılmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh ona olan borcunu tam ödənilməsini bildirsə də onu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmənin cavabdehin göstərdiklərini əsas kimi qəbul etməsi ən azından anlaşılan deyildir. Cavabdeh tərəfindən ona 100 ABŞ dolları pulun 2021-ci ildə qaytarılmasını, sonra isə 5000 rubulun qaytarılmasını şəxsən özü iddia ərizəsində də, məhkəmə baxışında da bildirmişdir. Əgər səmimi olmasaydı, ümumiyyətlə cavabdeh tərəfindən ona pulun bir hissəsinin qaytarılmasını göstərməzdi. Təəssüf ki məhkəmə bu halada ciddi əhəmiyyət verməmişdir. Məhkəməyə Rusiya Federasiyasına gedib-gəlməyi barədə müvafiq sənədləri təqdim etsə də, qətnamədə həmin sənədlər göstərilməmişdir. Belə ki, məhz cavabdehdən pulunu geri tələb etmək üçün iki dəfə Rusiyadan Azərbaycana qayıtmaq məcburiyyətində qalmışdır. Surətlərini əlavə etdiyi sənədlər göstərilənləri tam təsdiq edir. Məhkəmə cavabdeh tərəfindən özünün göstərdiyi kimi borclu qaldığı 575 manat pulun güya qaytarılması barədə hər hansı sübutunun olmamasına əhəmiyyət verməmiş, cavabdehdən pulu güya qaytararkən borclu qalmaması barədə sənəd tələb etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
12. Mülki Prosessual Məcəllə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıır.
15. Birinci instansiya məhkəməsində iddiaçı izahatında bildirmişdir ki, Xaçmaz rayon polis şöbəsinə müraciət etdikdən sonra cavabdeh 5000 rus rublunu ona göndərmiş, məhkəmədə iddia qaldırdıqdan sonra qalan 15000 rubl və 100 ABŞ dollarını ödəmişdir. Pulu almaq üçün əsəb gərginliyik, sarsıntılar keçirmiş, cavabdeh hərəkətləri nəticəsində 400 manat maddi və mənəvi ziyan çəkmişdir.
16. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehin ona əlavə olaraq maddi və mənəvi ziyan vurmasını təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkəmə haqlı olaraq iddianı təmin etməmişdir.
18. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tələbində Cavabdeh bir neçə saatlığa saxlamaq üçün verdiyi Azərbayacan manatı ilə cəmi 820 manat həcmində 20000 rus rublu və 200 ABŞ dolları puldan geri ala bilmədiyi qalan 575 manat həcmində 15000 rus rublu və 100 ABŞ dolları məbləğində pulun, ona vurulmuş maddi və mənəvi ziyan həcmində 400 manat pulun və ödədiyi 31 manat dövlət rüsumunun əvəzinin ödənilməsini xahiş etmişdir.
19. İşə birinci instansiya məhkəməsində baxılan zaman iddiaçı izahatında məhkəmədə iddia qaldırdıqdan sonra cavabdehin qalan 15000 rubl və 100 ABŞ dollarını məbləğində pulu ona ödədiyi bildirmiş, lakin dəymiş 400 manat maddi və mənəvi zərərin ödənilmədiyini bildirmişdir.
20. Bununla da iddiaçı cavabdehdən tələb etdiyi 15000 rubl və 100 ABŞ dollarını məbləğində pul ödənildiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz.
21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona 400 manat maddi və mənəvi zərərin dəyməsini bildirsə də həmin məbləğin necə, hansı hesablama əsasında yaranmasını təsdiq edəcək sübutlar təqdim etməmişdir.
22. Halbuki iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür. 23.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərarın nəticə hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
24. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
25. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borludur.
26. Qanunvericliyin tələbinə görə iddiaçı ona vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə olmasını sübuta yetirməlidir. İddiaçı isə belə bir sübut təqdim etməmişdir. Halbuki AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür.
27. Bu baxımdan iddiaçının cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsinə dair sübut olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz.
28. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X2 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68)
29. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X2 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir.
30. Hazırki işdən görünür ki, iddiaçı ərizəsində qeyd etdiyi halları sübuta yetirə bilməmişdir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək qeyd edir ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur.
32. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki iddia tələbi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. 33 . Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməlidir. İddiaçı şikayətdə qeyd edilən dəlilləri təsdiq edəcək sübutları təqdim etməmişdir. Belə olan halda şikayətin dəlilləri birinci instansiya məhkəməsini qətnaməsini ləğvi üçün əsas hesab edilə bilməz.
34. Həmçinin iddiaçı apellyasiya şikayətində cavabdehin ona borclu olduğu 575 manat pulun qaytarmasını təsdiq edəcəkl sübut təqdim etməməsini bildirsə də, iddiaçı məhkəmə iclasında izahatında həmin pulun cavabdeh tərəfindən qaytarılmasını etirafz etmişdir. Belə olan halda cavabdehin həmin pulu qaytarmasını sübut etməsinə zərurət qalmamışdır. 35.Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(067)-405/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. 36.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Xaçmaz Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(067)-405/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.