Məhkəmə qərarları › İş №2(105)-1234/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1234/2023

09.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1234/2023 09.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(060)-665/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddianın qismən təmin edilməsi, 700 (yeddi yüz) manat məbləğində mənəvi zərərin əvəzi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun 10 (on) manatı Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı və Cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən onun cinayət əməli nəticəsində iddiaçıya dəymiş maddi ziyana görə 3000 manat, mənəvi ziyana görə 3000 manat məbləğində təzminatın və dövlət rüsumu kimi köçürdüyü vəsaitin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qonşusudur. O, xx.xx.2021-ci ildə iddiaçının yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayon, 11/17 saylı binanın qarşısında bir əli ilə onun sağ qolunu tutub geriyə doğru burub digər əli ilə sağ əlini sıxmış, daha sonra iki əli ilə boğaz nahiyyəsindən tutaraq boğmuş, saçını yolmuş, üz və sifət nahiyyəsinə sillə ilə ardıcıl zərbələr endirməklə ona burun-udlaq (qırtlaq) yollarında selikli qişanın, yumşaq toxumaların travması fonunda şişkinliyi, ödemi, sağ almacıq nahiyyənin, sağ bazunun aşağı səthinin 1/3-nin iç səthinin, sağ əlin V barmağın dırnaq falanqasının arxa səthinin qançırları, boynun ön səthinin orta 1/3-də 2 ədəd sıyrıqlar, sol almacıq nahiyyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi kimi xəsarətlər yetirmişdir. Bu xəsarətlər də xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər kimi qiymətləndirilmişdir. Cavabdeh barəsində cinayət işi qaldırılmış və o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(060)- 341/2021 saylı qərarına əsasən barəsində amnistya tətbiq olunaraq cavabdeh cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. Cavabdeh bu qanunsuz əməlləri ilə ona maddi ziyan vurmuşdur. Belə ki, o, aldığı xəsarətlərlə bağlı dəfələrlə həkim müayinələrində olmuş, dava-dərmanlar almış, uzun müddət müalicələr qəbul etmişdir. Həmin müalicələr bundan sonra da davam etməlidir. Belə ki, boğulmadan sonra iddiaçının səs tellərinə ciddi zərər dəymiş və ümumilikdə bu müalicə-müayinə xərcləri, döyülmə zamanı zədə almış çeçələ barmağı əməliyyat olunaraq əvvəlki vəziyyətə qaytarılması üçün tələb olunan 700 manat vəsait də nəzərə alınsa, ümumilikdə bu xərclər 3000 manat təşkil edir. O, döyülmədən sonra həmçnin psixoloji travma almışdır. Fiziki xəsarətlərlə yanaşı dəfələrlə həkim nevropatoloqun yanında müalicə almışdır. Həmin müayinə və müalicələrə təxminən 3000 manata yaxın pul xərcləmişdir. Eyni zamanda cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyana məruz qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə hazırki mübahisənin həlli üçün bir sıra maddi normalara - Mülki Məcəllənin 21, 1086, 1097-ci maddələrinə istinad etmiş, lakin onun iddia tələbi 3000 manat məbləğində maddi ziyan, 3000 manat məbləğində mənəvi ziyan tələbi ilə bağlı olsa da yalnız mənəvi ziyan hissəsində qismən təmin etmiş və belə bir nəticəyə gəlmişdir ki, maddi ziyanla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə maddi ziyan hissədə iddianı rədd edərkən bunu belə əsaslandırmışdır ki, hadisədən 1 ildən çox müddət keçdikdən sonra istifadə olunan dərman pereparatlarının məhz ona cavabdeh tərəfindən yetirilmiş fiziki xəsarətlə bağlı istifadə olunması qənaətinə gəlmək çətindir, eyni zamanda reseptlərdə dərman pereparatlarının qiymətləri, istifadə təyinatları kimi məlumatların mövcud olmaması da həmin pereparatların məhz mənə cavabdeh tərəfindən yetirilən xəsarətlərlə bağlı istifadə olunmasını sual altında qoyur. Həmçinin tibbi müayinə sənədlərindən də görünür ki, həmin sənədlər 2022-ci ilə aiddir və məlum hadisənin nəticəsində aparılmaları müəyyən edilmir. Bununla bağlı bildirmək istəyir ki, məhkəmənin bu yanaşması tam əsassızdır, bu məsələyə aydınlıq gətirmək və həmin reseptlərin, tibbi müayinə sənədlərinin onun aldığı xəsarətlərlə bağlılıq təşkil edib-etməməsini aydınlaşdırmaq məqsədi ilə ekspertiza təyin edə bilərdi və mütəxəssis rəyi ala bilərdi, lakin məhkəmə bunu etməmiş və iddianı rədd etmişdir. Həkim tərəfindən yazılan reseptdə isə dərman preparatının yalnız adı yazılır. Məhz həmin hadisədən sonra onun sinirlərində problemlər yaranmış, üz nahiyyəsində əyilmələr baş vermiş və bununla bağlı ardıcıl müalicələr qəbul etmiş, bu müalicələr bu gün də davam edir. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində səhvə yol vermişdir. Qətnamədə qeyd olunur ki, “göründüyü kimi cavabdehin iddiaçıya qarşı təqsirli və hüquqazidd əmələ yol verməsi cinayət işi üzrə qanuni qüvvəyə minmiş qərarla öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçı cavabdehin həmin əməli nəticəsində iddia ərizəsində göstərilən məbləğdə maddi ziyana uğradığını sübut etməlidir. Öz tələbinin sübutu kimi iddiaçı məhkəməyə resept blankları və tibbi müayinəyə dair sənədlər təqdim etmişdir”. Lakin, Sumqayıt Şəhər Məhkəməsinin (hakim Rövşən Xəlilov) 1(060)-341/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında göstərilib ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməmişdir. Ona elan edilmiş ittiham Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Göstərilən əsasa görə də, Məhkəmə Cavabdeh barəsində ittiham edici hökm yox, cinayət təqibinə xitam verilməsinin əsaslarını qərarda göstərmişdir. Qərardan da görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən Cavabdeh barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr– Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1- ci bəndi tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin”. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, həmin cinayət işi üzrə məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 ifadəsində göstərmişdir ki, İddiaçı, Cavabdeh və X1 onun qonşuları olduğunu, həmin şəxslərə dair düşmənçilik və ya ədavət münasibətlərinin olmadığını bildirərək mahiyyəti üzrə göstərmişdir ki, İddiaçı ilə aralarında soyuq münasibətlər vardır. Buna səbəb isə Qzyetərin əsasız olaraq yaşadığı binanın həyətyanı sahəsində yaşıllığın inkişaf etdirilməsinə qonşulara mane olması, səbəbsiz yerə o və digər qonşularla narazılıqlı münasibətdə olmasıdır. 2020-ci il tarixdə oğlu X4 həyətyanı sahəni su borusu ilə sulayərkən Qzyetərin nəqliyyat vasitəsinə su çiləndiyi üçün Qzyetər onun oğlu ilə sözlü mübahisə etmişdir. Bundan başqa Qzyetər ona azyaşlı nəvəsi həyətdə oynadığı üçün avtomobilin cızıldığı təqdirdə şikayət edəcəyini də demişdir. Bütün bunlarla bağlı olaraq hazırda o və digər qonşularla Qzyetər arasında narazılıqlı münasibət olmuşdur. İş üzrə digər şahidlər də cavabdehin təqsirsiz olduğunu göstərmişdilər və ən önəmlisi iddiaçının bütün ərazidə yaşayan qonşular ilə mübahisəsi olduğunu, həmçinin iddiaçını problemli vətəndaş kimi tanıyan həm TV-kanallar, həm də aidiyyəti qurumlar habelə Sumqayıt şəhəri üzrə bütün instansiya məhkəmələri. Demək olar ki, elə bir qonşu yoxdur ki, iddiaçı onların öz yaşayış sahəsində sabit, sakit yaşamaq hüququna mane olmasın. Belə ki,eyni məzmunlu şikayətlər üzrə “döymə, təhqir etmə, sağlamlığa zərər vurma, maddi və mənəvi tələbinə dair” Sumqayıt Şəhər Məhkəməsində və Bakı ərazisi üzrə digər qonşular ilə mübahisəsi vardır. Bu isə ona dəlalət edir ki, iddiaçı yaşadığı yer üzrə mənfi xarakterizə edilir və özünə xəsarət yetirmək iqtidarındadır. Bununla bağlı aidiyyəti qurumlara qonşular tərəfindən akt tərtib edərək irad bildirmiş, habelə psixoloji problemləri olduğuna dair müəssisələrə müraciət etsə də, onlar ancaq yaxın qohumun müraciəti əsasında ərizəyə baxılacağını bildirmişdilər. Lakin iddiaçının isə bir tək hərbiçi oğlu var, o isə Laçın şəhərində xidmətdədir və Sumqayıta gəlmir. Eyni zamanda qeyd edir ki, cinayət işi üzrə müdafiəçi amnistiya qərarının tətbiq edilməsini dair vəsatət verərək, cinayət işini ibtidai istintaqdan yekunlaşmalı olduğu qeyd etmişdir, lakin həmin qərar unudulduğu halda, artıq işə məhkəmədə xitam verməsini xahiş etmişdir. Hakim qərarı elan etdikdə, iddiaçı vəkilinə də onu öldürəcəyini bildirmişdir və s.təhdidləri ilə digər proses iştirakçılarını hədələmişdir. Ona görə də artıq məhkəmə iclasını vəkil konvoy ilə ofisinə qədər aparılmışdır. Belə olan halda yenə də iddiaçının nə qədər aqressiv və cəmiyyət üçün təhlükəli olduğunu görə bilir. Məhkəmə maddi və mənəvi tələbi ilə bağlı maddi tələbin əsassız olduğunu qeyd edir. Əsas kimi də “hadisədən 1 ildən çox müddət keçdikdən sonra istifadə olunan dərman pereparatlarının məhziddiaçıya cavabdeh tərəfindən yetirilmiş fiziki xəsarətlə bağlı istifadə olunması qənaətinə gəlmək çətindir. Eyni zamanda reseptlərdə dərman pereparatlarının qiymətləri, istifadə təyinatları kimi məlumatların mövcud olmaması da həmin pereparatların məhz iddiaçıya cavabdeh tərəfindən yetirilən xəsarətlərlə bağlı istifadə olunmasını sual altında qoyur. Həmçinin tibbi müayinə sənədlərindən də görünür ki, həmin sənədlər 2022ci ilə aiddir və məlum hadisənin nəticəsində aparılmaları müəyyən edilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı ona maddi ziyan vurulması barədə idddiasını sübuta yetirə bilmədiyi üçün iddia maddi ziyanın ödənilməsi hissəsində təmin edilə bilməz”. Hakimin bu mövqeyi ilə tamamilə razı olduğunu qeyd edib aydınlıq gətirmək istəyir ki, iddiaçı davamlı olaraq müalicə almalıdır və göstərilən reseptlər və xərclər digər şəxslər tərəfindən və ya özü-özünə xəsarət yetirdiyi üçün yaranmışdır. Mənəvi zərərin tutulması ilə bağlı tələbinə gəldikdə isə, məhkəmə qeyd edir ki, guya “cavabdehin qanuna zidd əməli nəticəsində iddiaçı mənəvi zərərə məruz qalmışdır”. Lakin, bu əməl sübuta yetirilməmişdir, habelə iddiaçının şər və böhtan əməllərinə görə o, bir müddət sağlamlığı ilə əlaqədar xaricə müalicəyə getmək hüququ məhdudlaşdırmışdır. Belə olduğu halda və digər sübutlar ilə bir yerdə qiymət verərək iddiaçının qanunazidd əməlləri nəticəsində daha çox ona və qonşulara mənəvi zərəri dəymişdir və bu günə kimi də qanuna zidd əməllərini dəvəm edir. Bununla da həm ona həm də ailəsinə psixoloji sarsıntı yaşadır, hər dəfə əsassız şikayətləri üzrə məhkəməyə dəvət edilərək də işdən edir. Bu səbəbdən də ədalətin bərqərar olacağına inanaraq apellyasiya şikayəti ilə məhkəməyə müraciət edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin, iddiaçının apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən maddi zərərin tutulması hissəsində ləğv edilməli və həmin hissədə iddianın qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçının apellyasiya şikayəti mübahisələndirilən qalan hissədə və cavabdehin apellyasiya şikayəti də mübahisələndirilən hissədə təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehin iddiaçıya qarşı təqsirli və hüquqazidd əmələ yol verməsi cinayət işi üzrə qanuni qüvvəyə minmiş qərarla öz təsdiqini tapması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni iddiaçı və cavabdeh ayrı-ayrılıqda mübahisələndirərək, apellyasiya şikayətləri vermiş, iddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində qətnaməni iddianın təmin edilməyən, cavabdeh isə qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, ilk öncə iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməlidir. Baxılan iş üzrə iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1096, 21-ci maddələri təşkil edir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.1. və 21.2. maddələri). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (Mülki Məcəllənin 1097.1. maddəsi). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri) Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd olunmalıdır ki, iddiaçı cavabdehin əməli nəticəsində ona 3000 manat məbləğində maddi zərərin vurulduğunu qeyd etsə də, lakin həmin məbləğdə zərər dəyməsini təsdiq edən hər hansı bir tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası tərəfindən iddiaçıya cavabdeh tərəfindən yetirilmiş fiziki xəsarətlə bağlı müalicə və təqdim etdiyi reseptlərin istifadəsi üçün alınan dərman pereparatlarının (qəbz və s) sənədlərin təqdim olunması təklif olunmuş və məhkəmə baxışı məhz bu məqsədlə təxirə salınsa da, iddiaçı təqdim etdiyi reseptlərin alınmasına hansı məbləğdə vəsait xərclədiyinə dair yalnız mülki işin 13, 14 və 28-ci səhifələrindəki (18+65+140=223) manat məbləğində vəsait xərclədiyinə dair qəbzlərdən başqa sənəd əlavə etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə ödənilmiş həmin 223 manat məbləğində pul tutularaq ödənilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin 3000 manat məbləğində mənəvi zərərin təmin edilməyən hissəsinə gəldikdə isə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bunun üçün də iddiaçı cavabdehin təqsiri nəticəsində onun tələb etdiyi mənəvi zərərə məruz qalması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu dəlillər formal mülahizədən ibarət olmaqla, qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2023-cü il tarixli qətnaməsi maddi zərərin tutulması hissəsində ləğv edilməli və həmi hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçının apellyasiya şikayəti mübahisələndirilən qalan hissədə və Cavabdeh apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 112.10-cu maddəsinə əsasən iddianın qiyməti bir neçə müstəqil tələbdən ibarət olan iddialarda—bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbinin təmin edilən hissəsi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Lakin hazırkı iş üzrə iddia tələbinin təmin edilməyən hissəsi 5000 manatdan çox olduğundan isə iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 3000 manat maddi zərərin tutulması hissəsində iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə maddi zərərin əvəzi olaraq 223 manat məbləğində pul tutulsun. İddiaçı apellyasiya şikayəti mübahisələndirilən qalan hissədə təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar