Məhkəmə qərarları › İş №2(105)-1241/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1241/2023

02.10.2023 · Sair mülki iş - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1241/2023 02.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra olunmaması ilə bağlı pul öhdəliyinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz tələbi) X1 (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-346/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1711/2012 saylı 26 aprel 2012-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5314/2011 saylı mülki iş üzrə qəbul etdiyi 27 dekabr 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

2. Mülki işin materiallarında olan 03 fevral 2013-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra məmuru həmin tarixdə 2(103)-1711/2012 saylı 26 aprel 2012-ci il tarixli icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olduğunu müəyyən edərək, icraata başlamaq haqqında qərar qəbul etmişdir. 3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 avqust 2023-cü il tarixli, 9/4695 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı 26 iyun 2012-ci il tarixdən 07 dekabr 2022-ci il tarixədək illik 5 (beş) faiz hesablanmaqla 119,301.35 manat borcu vardır. (78,366 manat əsas borc üzrə və 40,935.35 manat faiz borcu üzrə).

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(006)-5314/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş 78.366 manat əsas borc məbləğinə hesablanan 39.183 (otuz doqquz min yüz səksən üç) manat Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış illik 5 faiz məbləğində vəsaitin və mənəvi zərərin əvəzi kimi 10.000 manat (on min) məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 238 manat məbləğində pulun, cəmi 49.421 manat (qırx doqquz min dörd yüz iyirmi bir) məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2011-ci ildə Cavabdeh və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, 78366 manat məbləğində borcun və həmin borca görə hesablanmış 8228,40 manat məbləğində faizin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(006)-5314/2011 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh əsas borca görə 78.366 manat və həmin borca hesablanmış faiz borcuna 8224.40 manat, cəmi 86594.40 manat və 20 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1711/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(006)-5314/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixli icra vərəqəsi verilmiş, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Zaur Əzizov tərəfindən xx.xx.2013-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra icraatı çərçivəsində məcburi icra tədbirlər həyata keçirilmiş, lakin borclu qanuni qüvvəsini almış məhkəmə qərarı üzrə öz öhdəliklərini yerinə yetirməməmiş və məhkəmə qərarı üzrə pul vəsaitini iddiaçıya ödəməmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirəm ki, 39.183 manat maddi ziyanın və 10.000 manat mənəvi ziyanın Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməlidir. 2012-ci ildə qanuni qüvvəsini almış məhkəmə qətnaməsini cavabdeh icra etmədiyindən iddiaçı mənəvi sarsıntı keçirmişdir. Bu səbəbdən hesab edir ki, cavabdeh vurulmuş mənəvi ziyana görə 10.000 manat məbləğində pulu iddiaçıya ödəməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İş materiallarına əlavə edilən qətnamədən görünür ki, 78.366 manat məbləğində pul vəsaiti cavabdehə 2009-cu ildə verilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini 2012-ci ildə almışdır. Cavabdeh 10 ildir ki, (2012-2022) iddiaçının pul vəsaitini qaytarmamışdır. 78.366 manata illik 5% faiz olmaqla hesablanan məbləğ 1 il üçün 3918.3 manat təşkil edir (78.366x5:100= 3918.3). Həmin məbləği 10 il müddətinə hesabladıqda 39.183 manat təşkil edir (3918.3x10=39.183). Cavabdeh Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(006)-5314/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş pul vəsaiti qaytarmadığına görə 39.183 manat məbləğində əsas borca hesablanmış illik 5 % olmaqla hesablanan məbləği ödəməlidir.

6. Quba Rayon Məhkəməsinin (hakim V.Seyidov) 15 mart 2023-cü il tarixli, 2(027)- 346/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2011-ci il tarixli, 2(006)-5314/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 78.366 manat əsas borc məbləğinə illik 5 (beş) faiz olmaqla hesablanan 39.183 (otuz doqquz min yüz səksən üç) manat məbləğində pul və 188,70 manat dövlət rüsumunun alınaraq İddiaçı verilsməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh borca görə 78366 manat və həmin borca hesablanmış faizə görə 8228,40 manat, cəmi 86594,40 manat və 20 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almış, icraya yönəlmiş, iş üzrə Cavabdeh öz öhdəliklərini yerinə yetirməməmiş borcunu ödəməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı 78.366 manat əsas borc məbləğinə illik 5 (beş) faiz olmaqla hesablanan 39.183 (otuz doqquz min yüz səksən üç) manat məbləğində pul tələbi əsaslıdır və təmin olunmalıdır. Eyni zamanda məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsində qeyd edir ki, İddiaçı Cavabdeh 10000 manat məbləğində mənəvi zərər tələb etsə də, iddiaçının hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, bunun nəticəsində ona cavabdeh tərəfindən 10000 manat məbləğində mənəvi zərər vurulması, cavabdehin hansısa qanunsuz hərəkətləri ilə bu mənəvi zərər arasında səbəbli əlaqənin olması və bu məbləğdə mənəvi zərərin vurulmasında cavabdehin təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən 10000 manat mənəvi ziyan tələbi hissəsində iddia əsassızdır və təmin olunmamalıdır.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 119.1 və 217.4.-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikаyəti vermişdir.

10. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində əsassız və qanunsuzdur. Belə ki, İddiaçı hüquqdan sui- istifadə edərək borc məbləğinə faizlər hesablamaqla onun vəziyyətini olduqca ağırlaşdırır. Hətta iddiaçının hüquqdan sui-istifadə etməsinin digər əsası ondan ibarətdir ki, iddiaçı qanunverilcikdə nəzərdə tutulan ümumi iddia müddətini, yəni 10 il müddətini ötürməklə 11 il sonra məhkəməyə müraciət edərək 10 il müddət üçün 5 faizdən 39183 manat məbləğində pul tələb edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci maddəsinin tələbi nəzərə almadan iddianı qismən təmin etmişdir. Belə ki, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə gecikdirmə sayılmır. Hazırki vəziyyətdə də öhdəliyin icra edilməməsi cavabdehin təqsiri olmadan baş vermiş halların nəticəsidir. Bunun ən bariz sübutu ona məxsus əmlak kompleksinin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar satışa çıxarılmasıdır. Göründüyü kimi məhkəmə işin hallarını tam və hərətərəfli araşdırmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Qətnamə maddi və prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən qəbul edildiyindən apellyasiya qaydasında ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin heç bir əsası yoxdur. İddia tələbindən aydın olduğu kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(006)- 5314/2011 saylı qətnaməsinə əsasən Cavabdeh 78.366 manat əsas borc və ona hesablanmış 8228.40 manat faiz borcunun tutularaq İddiaçı verilməsi qət edilmiş, qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış və icraya yönəlmişdir. 10 ildən artıq müddət ərzində həmin qətnamə üzrə tutulan borc cavabdeh tərəfindən ödənməmişdir. Cavabdeh ümumiyyətlə borc məbləğindən heç bir ödəniş etməmişdir. O həm icra mərhələsində, həm hazırkı iş üzrə icraat zamanı dəfələrlə iddiaçı tərəfə müraciət etmiş, mübahisə üzrə barışığın əldə edilməsinə çalışmışdır. Lakin onun bu addımları qərəzli şəkildə icradan yayınmaq məqsədi daşımışdır. Belə ki, o hər dəfə borcunu ödəyəcəyini bildirsə də, son anda razılaşmadan yayınmışdır. Onlarda olan məlumata əsasən cavabdehin özünə məxsus biznesi vardır və ildə təxminən 600-700 min manat aralığında gəlir əldə edir. Məhz həmin əmlaklarının mövcudluğunu bildirərək borcunu ödəyəcəyini qeyd edir, lakin hər hansı məbləğdə borc ödənişini icra etmir. Tərəflər arasında borc münasibətinə dair başqa məhkəmə mübahisələri də mövcuddur. Həmin işlər üzrə də cavabdeh eyni formada davranış sərgiləyir, qərəzli şəkildə borcunu ödəməkdən süni vasitələrlə yayınır. İşə baxan məhkəmə bu halları lazımı qaydada araşdırmış və qanuni qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Cavabdehlər rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 050 233 22 88 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.

14. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7)

15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarının 2-ci bəndinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-346/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

23. İddia ərizəsinin mahiyyətindən görünür ki, tələb qanuni qüvvəsini almış qətnamənin icra olunmaması ilə bağlı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi barədədir.

24. Araşdırılan işin faktiki hallarından müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh borca görə 78366 manat və həmin borca hesablanmış faizə görə 8228,40 manat, cəmi 86594,40 manat və 20 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir.

25. Sözügedən qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1711/2012 saylı 26 aprel 2012-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanmış, bundan sonra həmin qətnamə icraya yönəlmişdir.

26. Lakin öyrənilən işdən görünür ki, Cavabdeh iddia verilən tarixədək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pulun qaytarılmasından uzun illər yayınmaqla, həmin pulun icra olunmamasına nail olmuşdur.

27. Bu məqsədlə apellyasiya icraatı zamanı aidiyyəti üzrə Quba rayon İcra və Probasiya şöbəsinə sorğu verilmiş və sorğuya cavab olaraq borclu tərəfindən bugünədək tələbkarın xeyrinə heç bir pul vəsaitinin ödənilməməsi bildirilmişdir.

28. Məhkəmə kollegiyası mövcud vəziyyətə aydınlıq gətirilməsi məqsədilə cavabdeh tərəfə dəfələrlə məlumat vermiş, lakin sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılsa da heç bir məhkəmə iclasında iştirak etməmiş, əksinə hər dəfə məhkəmə iclasından yayınmaqla ədalətli və obyektiv məhkəmə araşdırmasına şərait yaratmamışdır.

29. Apellyasiya kollegiyası cavabdehin bu cür qərəzli hərəkətlərinə qiymət verərək qeyd edir ki, sonuncunun qeyd olunan davranışları, icra sənədi üzrə ödənilməli borc məbləğinin onun tərəfindən üzürlü səbəblərdən ödənməməsi kimi halı istisna etməklə yanaşı, onun mübahisənin obyektiv həllində maraqlı olmadığının da göstəricisidir.

30. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya özünün 12 iyun 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 avqust 2023-cü il tarixli, 9/4695 nömrəli ekspert rəyində Cavabdeh İddiaçı 26 iyun 2012-ci il tarixdən 07 dekabr 2022-ci il tarixədək illik 5 (beş) faiz hesablanmaqla 119,301.35 manat borcunun olması qeyd edilmişdir. O, cümlədən 78.366 manat əsas, 40.935.35 manat faiz borcu.

31. Məhkəmə kollegiyası ekspert rəyində qeyd edilən borc məbləğinin iddia tələbində qeyd edilən məbləğdən daha yüksək həddə olmasını nəzərə alaraq, qeyd edir ki, məhkəmə iddia tələbindən kənara çıxılmaması, habelə hazırda bu halın cavabdehin vəziyyətini daha da ağırlaşdıracağı səbəbindən qeyd edilən ekspert rəyinə istinad edilməsini əsaslı hesab etmir.

32. Nəzərə alınmalıdır ki, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir.

33. Qeyd edilməlidir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini MM-in 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər.

34. Əgər pulu tələb etmək hüququna malik olan səlahiyyətli şəxs (hazırki halda tələbkar) vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, MM-in 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

35. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyə görə kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

36. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.

37. Hazırkı iddia tələbini işin faktiki halları ilə əlaqəli təhlil edərək məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi mövcud icra sənədi üzrə iddiaçıya ödənilməli borc məbləği 10 ildən artıq bir müddət ərzində ödənməmişdir. Sözügedən borc məbləğinin vaxtında icra edilməməsi təbii olaraq iddiaçını əlavə gəlir əldə etmək imkanından məhrum etmişdir.

38. Beləliklə məhkəmə kollegiyası iş materialları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək hedir ki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi uzun illərdir ki, qalmaqda davam edir. Belə olan halda iddiaçının gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda tələb etməsi yolveriləndi və məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin faktiki hallarına da uyğundur.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(027)-346/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. (elekrton kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar