Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1249/2022 18.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Vəkil2, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili: X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı 2016-2017-ci il üzrə icarə haqqı aylıq 1000 manatın olmaqla, ümumilikdə 12.000 manat, 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək əldən çıxmış fayda ilə birlikdə aylıq 3500 manat, ümumilikdə 115.000 manat, vurulmuş maddi və mənəvi zərərə görə 50.000 manat, ümumilikdə 115.000 manat, vurulmuş maddi və mənəvi zərərə görə 50.000 manat, ümumilikdə 177.000 manat pulun ödənilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı 250.140 manat pulun tutulmasına dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Q.Ələkbərov) İddiaçı Cavabdeh qarşı 2016-2017-ci il üzrə icarə haqqı aylıq 1000 manatın olmaqla, ümumilikdə 12.000 manat, 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək əldən çıxmış fayda ilə birlikdə aylıq 3500 manat, ümumilikdə 115.000 manat, vurulmuş maddi və mənəvi zərərə görə 50.000 manat, ümumilikdə 115.000 manat, vurulmuş maddi və mənəvi zərərə görə 50.000 manat, ümumilikdə 177.000 manat pulun ödənilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı 250.140 manat pulun tutulmasına dair qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İlk iddia üzrə İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 2016-2017-ci il üzrə icarə haqqı aylıq 1000 manatdan olmaqla, ümumilikdə 12.000 manat, 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək isə əldən çıxmış fayda ilə birlikdə aylıq 3500 manat, ümumilikdə 126.000 manat, vurulmuş maddi və mənəvi zərərə görə 50.000 manat, "xxxx" ASC-nə qalıq borc olaraq 600 manat, ümumilikdə 188.600 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilk iddia üzrə iddiaçının nümayəndəsi Vəkil2 dəqiqləşmə verərək, Cavabdeh 2016-2017-ci il üzrə icarə haqqı aylıq 1.000 manatdan olmaqla, ümumilikdə 12.000 manat, 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək isə əldən çıxmış fayda ilə birlikdə aylıq 3.500 manat, ümumilikdə 115.000 manat, vurulmuş maddi və mənəvi zərərə görə 50.000 manat, cəmi 177.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt şəhər, N.Nərimanov və 20 Yanvar küçələrinin kəsişməsində 30 və 32-ci məhəllələrin arasındakı ərazidə 144 kv.m torpaq sahəsində olan ticarət obyektinin sahibidir. xx.xx.2012-ci ildə icarə müqaviləsinə əsasən cavabdehə sözügedən ticarət obyektini bir il müddətinə icarəyə vermişdir. Uzun illər həmin qeyri-yaşayış obyekti qeyd olunan icarə müqaviləsi əsasında cavabdehin istifadəsində olmuşdur. Lakin cavabdeh 2016-cı ildən öz icarə öhdəliklərinin icrasından boyun qaçırmışdır. Cavabdeh ona məxsus obyekti tərk etməkdən imtina etmiş, obyekti ona qaytarmamışdır. Nəticədə, 2017-ci ilin dekabr ayında məhz bu səbəbdən cavabdehin obyektdən çıxarılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməyə məcbur qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-6090/2017 saylı qətnaməsinə əsasən Cavabdeh ilə bağlanmış icarə müqaviləsinə xitam verilmiş və onun həmin obyektdən çıxarılması qərara alınmışdır. Lakin məhkəmənin qətnaməsinə baxmayaraq, Cavabdeh məhkəmə qətnaməsinin icrasından boyun qaçırmış, ticarət obyektini tərk etməmiş, bütün bu zaman ərzində də obyektdən 2020-ci ilin dekabr ayının 11-nə qədər kommersiya məqsədi ilə istifadə edərək ona məxsus obyektdən külli miqdarda gəlir götürmüşdür. Cavabdeh 2016-cı ilin dekabrdan xx.xx.2017-ci il tarixinədək toplam 12 ay ərzində aralarında bağlanmış müqavilə dəyəri olan aylıq 1000 manat, ümumilikdə 12000 manat icarə haqqını ödəməmişdir. Bundan əlavə məhkəmə qərarı ilə icarə müqaviləsi ləğv olunduqdan sonra cavabdeh obyekti tərk etməmiş, nəticədə 3.500 manat aylıq icarə haqqı ödəməyə razı olan müştərilərlə müqavilə bağlaya bilməmiş və mənfəəti itirmişdir. Odur ki, qətnamə çıxarılan tarixdən, 2017-ci ilin dekabrından obyekti tərk etdiyi – 2020-ci ilin dekabrınadək olan dövr üçün ayda 3.500 manat olmaqla, toplamda 126.000 manat (3.500 man. x 36 ay) əldən çıxmış faydanı tələb edir. Cavabdeh ona həm də mənəvi ziyan vurmuşdur. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini və İddiaçı 250.140 manat pulun tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2012-ci ildə həmin qeyriyaşayış sahəsini təmirsiz icarəyə götürərək öz şəxsi vəsaiti hesabına tam təmir etdirmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsinin təmirinə 150000 manatdan artıq vəsait xərcləmişdir. Bundan əlavə qarşı tərəf ona mənəvi ziyan da vurmuşdur. Belə ki, cavabdeh işçilərin gözü qarşısında ona hədə qorxu gəlmiş, ədliyyə işçilərini kafeyə tökərək nümayişkar şəkildə kafeni bağlatdırmış, sonra isə öz istəklərini ona qəbul etdirmək üçün onun şərəf və ləyaqətinə, biznes fəaliyyətinə ləkə vuran hərəkətlər etmişdir. O zaman onun təzyiqi qalxmış, ətrafda olan şəxslər ona tibbi yardım göstərmişlər. Beləliklə də onun imicinə də ziyan dəymişdir. Ona 100000 manat mənəvi ziyan dəymişdir. O, vəkillə müqavilə bağlayaraq xidmət haqqı kimi kassaya 210 manat və dövlət rüsumu kimi 30 manat pul ödəmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə hesab etmişdir ki, işin sözügedən qətnamədən sonra daha 3 il ərzində ilkin iddia üzrə cavabdehin obyektdə fəaliyyət göstərməsi, həmin dövrdə 11.000 manat icarə haqqının ödənilməsinin mübahisəsiz hal olması, bu müddətdə müvafiq məhkəmə qərarının icrasının İddiaçı tərəfindən tələb edilməməsi hallarına qiymət verərək belə nəticəyə gəlir ki, 2017-2020-ci ilin ayınadək də tərəflər arasında icarə hüquq münasibətləri davam etmişdir. Bu zaman artıq tərəflər arasında yeni şifahi icarə müqaviləsi bağlanmışdır. Məhkəmə başqa bir məhkəmə qətnaməsi ilə xitam verilmiş icarə müqaviləsinə öz mülahizələri əsasında şifahi müqavilənin bağlanması barədə don geyindirməyə çalışmaqla bir daha öz qeyri obyektiv mövqeyini ortaya qoymuşdur. Qətnamənin 3 il ərzində icrasının səbəb edilməməsi icarə münasibətinin uzaldılması deməkdir. Halbuki, həmin qətnamənin icra sənədləri bir dəfə naməlum şəkildə itirilmiş və tərəfindən həmin dövrdə etdiyi şikayətlər də itirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 2(060)-53/2022 saylı qətnaməsinin ləğv edilməsi və ilk iddia üzrə iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İlk iddia üzrə Cavabdeh, nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, qarşılıqlı iddia tələbinə uyğun izahat verdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilk və qarşılıqlı iddia ərizəsini rədd edərkən, tərəflərin biri-birinə maddi və mənəvi ziyan vurmaları təsdiqini tapmamasına, bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6090/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh ilə bağlanmış Sumqayıt şəhəri, N.Nərimanov və 20 yanvar küçələrinin kəsişməsində 30 və 32-ci məhəllələrinin arasındakı ərazidə 144 kv.m. torpaq sahəsində ticarət obyektinin icarəyə verilməsi barədə xx.xx.2012ci il tarixli icarə müqaviləsinə xitam verilməsi və Cavabdeh həmin obyektdən çıxarılması qət edilmişdir. İşə əlavə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2271/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6090/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar kassasiya qaydasında mübahisələndirilməmişdir. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 4/1051 №-li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, kitabçanın 1-ci səhifəsində olan “aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr” aylarına dair “imza” qrafasındakı imzalar ilə kitabçanın 1-ci səhifəsində olan “noyabr” ayına dair “imza” qrafasındakı imzamüxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Rəydə ekspert qarşısında qoyulan 2-ci suala (- İşə əlavə olunan dəftərdəki imzalar eyni şəxs tərəfindən icra edilmişdirmi?) cavab verilmiş, 1ci suala (-İşə əlavə olunan dəftərdəki imzalar İddiaçı məxsusdurmu?) isə cavab verilməsinin mümkün olmaması bildirilmişdir. İş üzrə ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 104 manat təşkil etdiyi göstərilmişdir. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 4/1407 №-li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş kitabçanın 1-ci səhifəsində “İmza” qrafasında “mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr” aylarına dair imzaların (09 imza) İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. İş üzrə ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 173 manat təşkil etdiyi göstərilmişdir. İşə əlavə olan 231633/18 saylı icra işindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6090/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya təqdim edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək, sözügedən mülki iş üzrə icraya yönəldilmiş qətnamənin icrasının təcili olaraq təmin olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun məktubuna əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6090/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin dublikatı icra edilməsi üçün yenidən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İcra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya təqdim edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qeyd olunan icra sənədinin tam qaydada yerinə yetirilməsi ilə əlaqədar ona xx.xx.2020-ci il tarixədək vaxt verilməsi barədə ərizə ilə müraciət etmişdir. 231633/18 saylı icra işi materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli aktından görünür ki, icra sənədində göstərilən tələb tərəflərin iştirakı ilə tam qaydada yerinə yetirilmiş, sözügedən obyekt açarlarla birlikdə İddiaçı təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6090/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xx.xx.2020-ci il tarixli akta əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçılə Cavabdeh arasında birinciyə məxsus əmlakın ayda 1.000 manat müqabilində icarəyə verilməsi barədə xx.xx.2012-ci il tarixdə müqavilə bağlanmış və həmin sazişə xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsi ilə xitam verilərək sonuncunun bu obyektdən çıxarılması qərara alınmışdır. Sözügedən qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra ilkin iddia üzrə cavabdeh 2020-ci ilin dekabr ayınadək obyektdən çıxmamış, bu dövrdə 9.000 manat ilkin iddia üzrə iddiaçıya, 2.000 manat isə Elşən Balakişiyevə icarə haqqı ödəmişdir. 2020-ci ilin noyabr ayında İddiaçı nümayəndəsi icra qurumuna müraciət etmiş və həmin ilin dekabrında Cavabdeh obyekti təhvil vermişdir. Məhkəmə, 2016-cı ilin dekabrından 2017-ci ilin dekabr ayınadək icarə haqqının ödənilib-ödənilməməsi və sonuncu tarixdən 2020-ci ilin dekabrınadək icarə münasibətlərinin mövcud olub-olmaması barədə işin mübahisəli halları ilə bağlı qeyd edir ki, İddiaçı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnamələrindən görünür ki, iddiaçı cavabdehin icarə müddəti başa çatdıqdan sonra ona məxsus obyektdən çıxmamasına görə sözügedən tələblə məhkəməyə müraciət etmişdir. Bu məhkəmə qərarlarında, eləcə də hazırki mübahisə ilə əlaqədar araşdırılan həmin mülki iş materiallarında Cavabdeh icarə haqqı ödəməməsi, həmçinin mübahisənin bu səbəbdən yaranmasına dair hər hansı sübuta rast gəlinmir. Buradan aydın olur ki, mübahisə icarə haqqının ödənilməməsinə görə deyil, müqavilənin müddətinin İddiaçı tərəfindən uzadılmaması, Cavabdeh isə obyektdən çıxmaması ilə bağlı yaranmışdır. Əks halda həmin iş üzrə iddiaçı cavabdehə qarşı icarə haqqının ödənilməməsinə dair tələb irəli sürmək imkanını da həyata keçirərdi. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə ilkin iddiaçının 2016- 2017-ci illər ərzində icarə haqqının ödənilməməsi barədə dəlili əsaslı deyildir. Məhkəmə, həmçinin işin sözügedən qətnamədən sonra daha 3 il ərzində ilkin iddia üzrə cavabdehin obyektdə fəaliyyət göstərməsi, həmin dövrdə 11.000 manat icarə haqqının ödənilməsinin mübahisəsiz hal olması, bu müddətdə müvafiq məhkəmə qərarının icrasının İddiaçı tərəfindən tələb edilməməsi hallarına qiymət verərək belə nəticəyə gəlir ki, 2017-2020-ci ilin dekabrınadək də tərəflər arasında icarə hüquq münasibətləri davam etmişdir. Bu zaman artıq tərəflər arasında yeni şifahi icrarə müqaviləsi bağlanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında göstərilmişdir ki, atılmalı olan formal addımların və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi və uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009- cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Bu Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə işin faktiki hallarına toplanmış və tədqiq olunmuş sübutlarla məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, ilkin iddia üzrə iddiaçının 2017-ci il tarixədək qüvvədə olan icarə müqaviləsindən irəli gələn 2016-2017-ci illər üzrə icarə haqqı tələbi iddia müddəti keçdiyindən təmin edilməməlidir. Belə ki, həmin dövr üzrə icarə haqqı ödənilməsi müqavilə tələblərinə əsasən iddia olunur və İddiaçı pozulmuş hüquqları barədə artıq xx.xx.2017-ci ildə məhkəməyə ərizə ilə müraciət edən zaman bilməli idi. Hazırkı tələb isə xx.xx.2021-ci ildə məhkəməyə birbaşa daxil olmuşdur. Odur ki, məhkəmə kollegiyası iddiaçının iş üzrə iddia müddətinin düzgün tətbiq edilməməsi barədə dəlili qəbul etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Bu Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Bu Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Göründüyü kimi, qanunvericilik kompensasiyanın icarə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçinin icarəyə götürdüyü obyekti qaytarmadıqda tələb edilə bilməsini nəzərdə tutur. İşin hallarından isə 2017-2020-ci illər ərzində də icarə hüquq münasibətlərinin davam etməsi aydın olur ki, bu da İddiaçı həmin dövr üzrə kompensasiya tələb etmək hüququnun yaranmasını istisna edir. Bununla yanaşı, bu norma kompensasiyanın məbləğ kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin tələb edilə bilməsini nəzərdə tutmuşdur. Qeyd olunan qanunvericiliyin tələbinə dair ilkin iddia üzrə iddiaçı hər hansı sübut təqdim etməməklə yanaşı, ümumiyyətlə müvafiq dövrdə icarə hüquq münasibətlərinin mövcud olmamasını əsas gətirərək əldən çıxmış fayda tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qərarda eyni zamanda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri - əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, qanunvericilik əmlakın istismarı zamanı götürülə biləcək hər hansı abstrakt müəyyənləşdirilən faydanı deyil, əmlakın xassəsindən irəli gələn götürülməməsi mümkün olmayan (məsələn, sağmal inəkdən süd, həmişə məhsul verən bitkinin barı) və ya onun istismar praktikasında formalaşmış və əmlakın istifadəsi barədə artıq bağlanmış müqavilələr şəklində konkret sübutların olması ilə şərtlənən faydanı nəzərdə tutur. Məhkəmə araşdırması zamanı ilk iddiaçı tərəfindən 2017-2020-ci illər ərzində gəlir (fayda) götürəcəyi ilə əlaqədar müqavilə və ya hər hansı sübut təqdim edilmədi. Məhkəmə, şərh olunanlara əsasən, hesab edir ki, ilkin iddiaçı tərəfindən konkret dəlil və sübuta söykənməyən özünün mübahisəli əmlakdan gəlir əldə edə biləcəyi ehtimalı ilə şərtlənən tələbi əsassızdır. Məhkəmə, Cavabdeh obyektə çəkilmiş xərcin ödənilməsinə dair qarşılıqlı iddiasını onun dəlilləri ilə bağlı hər hansı sübut təqdim olunmadığından əsaslı hesab etmir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Qərarda həmçinin qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya” nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə, hesab edir ki, iş materialları ilə və məhkəmə araşdırması zamanı tərəflərin bir-birinə mənəvi ziyan vurmaları təsdiqini tapmamış, bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, mənəvi ziyanla əlaqədar həm ilkin, həm də qarşılıqlı iddia tələbi əsassızdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi, cavabdehin arqumentləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ümumilikdə 177.000 manat pulun ödənilməsi barədə ilkin və Cavabdeh İddiaçı qarşı 250.140 manat pulun tutulması barədə qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, ekspertiza keçirilməsinə dair vəsatət Cavabdeh tərəfindən verildiyindən, eləcə də onun qarşılıqlı iddiası təmin edilmədiyindən ekspertiza tədqiqatının dəyəri olan 277 manat ilkin iddia üzrə Cavabdeh tutlaraq X1 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 21 fevral 2022-ci il tarixli 2(060)-53/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1249/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1249/2022
18.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver