Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1250/2023 20.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1094/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 1950.00 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun (39.50 manat) Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə, saat 19:25 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Mercedes Benz E280” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Hyundai İ30” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “Mercedes Benz E280” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən, “Hyundai İ30” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1950 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixli ödəniş sənədindən aydın görünür ki, zərərin məbləği olaraq 1950.00 (min doqquz yüzəlli) manat sığorta ödənişi iddiaçı tərəfindən zərərçəkmiş şəxs X1 bank hesabına ödənilmişdir. Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və onun əsasında tərtib edilmiş YNH-nin təfərrüatları barədə arayışından göründüyü kimi, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.1-ci (etibarnamə olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarından aydın görünür ki, yol nəqliyyat hadisəsi zamanı Cavabdeh “Mercedes Benz E280” markalı, 50- CX-288 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1094/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 1950 (bir min doqquz yüz əlli) manat vurulmuş zərər və və 39,50 (otuz doqquz manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz E280” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai İ30” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Hyundai İ30” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Həmin vaxt Cavabdeh avtomobili idarə etmək hüququ olmamışdır. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1950 manat sığorta ödənişi həyata keçirilmişdir. Bu səbəbdən iddiaçı "xxxx" ASC-nin cavabdehə qarşı sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Zərərçəkənə dəymiş zərərin əvəzini ödədiyindən və tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçdiyindən sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı sığorta şirkətinin ödədiyi 1950 manat sığorta ödənişini Cavabdeh tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi “İcbari sığortalar haqqında” Azərbayan Respublikası Qanununun“25, 63-cü maddələrinə istinad edərək iddianı təmin etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 1094/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclası barədə məlumatlandırılmamış, bu barədə xəbəri olmayıb. Bu səbəbdən məhkəmədə iştirak edə bilməyib. Bildirir ki, xx.xx.2021-ci il tarixdə, saat 19:25 radələrində Sumqayıt şəhər Sahil küçəsində idarə etdiyi "Mercedes Benz E 280"markalı,**-CX-*** dövlət qeydiyyatlı avtomobil,"Hyundai İ30"markalı,**-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə hər iki avtomobilə maddi ziyan dəymişdir. İdarə etdiyi "Mercedes Benz E280" markalı,**-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdir. Baş verən bu qəzada yalnış olaraq onu təqsirli hesab etdikləri üçün xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən, "Hyundai İ30" markalı,**-DR-*** dövlət əsasən, "Hyundai İ30" markalı,**-DR-*** dövlət məbləğində dəymiş zərər müəyyən olunmuş, avtomobilinə dəyən zərər isə hesablanmamışdır. xx.xx.2021-ci il tarixli ödəniş sənədindən görünür ki, zərərin məbləği olaraq 1950 (min doqquz yüz əlli) manat sığorta ödənişi "xxxx"ASC tərəfindən bu hadisədə yeganə zərərçəkmiş hesab etdikləri X1 bank hesabına ödənilmişdir. Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və onun əsasında tərtib edilmiş YNHnin təfərrüfatları barədə arayışdan göründüyü kimi, onu İnzibati Xətalar Məcəlləsinin 332.1-ci (etibarnamə olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Yuxarıda sadalananları nəzərə alaraq məhkəmə belə hesab etmişdir ki,"İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsinə əsasən sığortaçı "xxxx"ASC-nin mülki məsuliyyətin icbari sığortası üzrə ödədiyi 1950 manat subroqasiya qaydasında sığorta olunana, yəni ona ötürülməlidir. Bildirir ki, qəza baş verdikdən sonra hadisə yerinə gələn DYP əməkdaşları və "xxxx" ASC nümayəndəsi ya bilərəkdən ya da ki, diqqətsizlikdən onun bu hadisədə təqsirli olduğunu və bunu etiraf etməli olduğunu bildirdilər və o, həmin an üçün onların dediyi ilə razılaşmalı olub. Lakin sonrakı günlərdə qəzanın baş verdiyi Sahil küçəsi ilə Ramil Quluyev küçəsinin kəsişdiyi həmin yolayrıcından istifadə edərkən bu yolayrıcında hərəkət edən nəqliyyat vasitələrinin təhlükəsizliyin təmin olunmadığını, yol hərəkətinin təşkilində kobud qanun pozuntularınin şahidi olub. Bu yolayrıcında 2.5 "Dayanmadan keçmək qadağandır"(STOP) nişanı quraşdırılıb. 2.5 «Dayanmadan keçmək qadağandır» nişanı iki halda tətbiq olunur: 1) 2.4 «Yol verin» nişanının alternativi kimi; 2)dəmiryol keçidləri və xüsusi postlar qarşısında. 2.5 nişanı kəsişən yolla yaxınlaşan nəqliyyat vasitələrinin zəruri məsafədən görünməsi mümkün olmadıqda 2.4 nişanının alternativi qismində (onun əvəzinə) quraşdırılır. Belə hallarda 2.5 nişanı 2.4 nişanının quraşdırılmalı olduğu qaydada qoyulur. Deməli, 2.4 nişanı əvəzinə 2.5 nişanı qoyulmasının yeganə səbəbi 2.5 nişanı qoyulan yolların və yola çıxış yerlərinin bir qədər qapalı xarakterə (binaların arxasından çıxış yerləri, görünməni məhdudlaşdıran müxtəlif maneələr tikililər, qurğular, yaşıllıqlar, relyef elementləri olan yerlərdə kəsişən yolun lazımi məsafədən görünməməsi və s.) malik olmasıdır. Belə yerlərdə 2.5 nişanı elə qoyulur ki, stop-xəttin və ya hərəkət hissələrinin kəsişmə xəttinin qarşısında dayanan nəqliyyat vasitəsinin sürücüsü kəsişən (çıxmaq istədiyi) yolu lazımi dərəcədə görə bilsin. 2.5 nişanı 2.4 nişanının alternativi olaraq yolayrıclarında və yolların başqa kəsişmə yerlərində qoyulmuş olduqda sürücülər stop-xətt, bu xətt olmadıqda isə hərəkət hissələrinin kəsişmə xətti qarşısında dayanmalı, kəsişən yolla, 7.13 lövhəciyi olduqda isə istiqaməti bu lövhəcikdə göstərilən baş yolla yaxınlaşan lövhəcikdə göstərilən baş yolla yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidirlər. Yəni qəzanın baş verdiyi Sahil küçəsi ilə Ramil Quluyev küçəsinin kəsişməsində hərəkət hissələrinin kəsişmə xətti qarşısında dayanan avtomobilin sürücüsü sol tərəfdən yaxınlaşan nəqliyyat vasitələrini görməsi qeyri mümkündür. Buna səbəb qeyri qanuni olaraq tikilən hasarın görüntünü məhdudlaşdırmasıdır. Həmin hasar hətta piyadaların hərəkəti üçün nəzərdə tutulan səkinin bir hissəsini belə zəbt edib. Yəni sürücü sol tərəfdən yaxınlaşan nəqliyyat vasitələrini görmək üçün qanunun tələbinə uyğun olaraq avtomobili hərəkət hissələrinin kəsişməsində saxladıqda yolun təhlükəsiz olub olmadığını təyin edə bilmir, yəni sol tərəfdən yaxınlaşan nəqliyyat vasitələrini görmək üçün avtomobilin ön tərəfi məcburi olaraq hərəkət hissələrinin kəsişmə xəttini keçir və bu qəzaya səbəb olur. Əgər hadisə zamanı "xxxx" ASC tərəfindən çəkilən hər iki avtomobilin şəkillərinə baxılsa qəzanın məhz yolayrıcında təhlükəsizliyin təmin olunmaması səbəbindən baş verdiyi tam aydın olar. Onu da qeyd edir ki, qəzanın baş vermə səbəbi Sahil küçəsi ilə Ramil Quluyev küçəsinin kəsişməsində qanunun bu tələblərinin kobud şəkildə pozulmasıdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan REspublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 886.1-ci maddəsinə əsasən sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir. 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 936.6-ci maddəsinə görə həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur “İcbari sığortalar haqqında” Azərbayan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.“ Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh idarə etdiyi “Mercedes Benz E280” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt sürücü ayıq olmuş, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. İş materialında olan inzibati xəta haqqında AP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 19:25 radələrində Cavabdeh idarə etdiyi “Mercedes Benz E280” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 idarə etdiyi “Hyundai İ30” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan inzibati xəta haqqında TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin PXA 83655 saylı sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək sığortalanmış “Mercedes Benz E280” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə, saat 19:25 radələrində “Hyundai İ30” markalı, 50-DR705 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. "xxxx" MMC tərəfindən verilmiş qüsur aktına uyğun olaraq vurulmuş zərər 1950 manat qiymətləndirilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, 2365 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən PXA83655 saylı sığorta aktına əsasən 1950 manat məbləğində pul “Hyundai İ30” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2 hesabına köçürülmüşdür. Birinci instansiya məhkəməsi yuxarıda sadalananlara əsasən iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razışalaraq qeyd edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz E280” markalı, **- CX-*** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai İ30” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Hyundai İ30” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Həmin vaxt Cavabdeh avtomobili idarə etmək hüququ olmamışdır. Həmin zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1950 manat sığorta ödənişi həyata keçirilmişdir. Bu səbəbdən iddiaçı "xxxx" ASC-nin cavabdehə qarşı sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Zərərçəkənə dəymiş zərərin əvəzini ödədiyindən və tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçdiyindən sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı sığorta şirkətinin ödədiyi 1950 manat sığorta ödənişini Cavabdeh tələb etməkdə haqlıdır. Belə olan halda da hadisə nəticəsində zərərçəkmiş şəxslərə sığorta şirkəti tərəfindən ödənilmiş ödənişlər nəqliyyat vasitəsinin mülkiyyətçisi və onu idarə edən şəxsdən tutulmalıdır. Hazırki işdən də görünür ki, hadisə zamanı “Hyundai İ30” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə zərər yetirmiş nəqliyyat vasitəsi olan “Mercedes Benz E280” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə etmişdir. Bu barədə cavabdeh barəsində inzibati xəta haqqında AP ******* nömrəli protokol və inzibati xəta haqqında TP ******* nömrəli qərar tərtib edilmiş, İXM-nin 327.1-ci və 332.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Bundan əlavə 39,50 manat dövlət rüsumunun da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsi gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, hazırki mülki işə Mülki Prosessual Məcəllənin 284-1, 284-5.3-cü maddəsinə əsasən yazılı icraat qaydasında, məhkəmə iclası keçirilmədən, tərəflərin iştirakı olmadan baxılmışdır. Bununla yanaşı cavabdehə 19.01.223-cü il tarixdə bildiriş göndərərək bildirişi aldığı gündən 10 gün müddətinə iddiaya qarşı etirazını təqdim edilməsi təklif edilmişdir. Eyni zamanda hadisədə günahkar olmaması barədə dəlilə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, onun barəsində tərtib edilmiş protokol və qərar qüvvəsindədir, cavadbeh tərəfindən mübahisələndirilməmiş, məhkəmə qərarı ilə ləğv edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1094/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1094/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.