Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1252/2022 10.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iddiası üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-1099/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişdir. Qusar Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 2(029)-1099/2021 saylı qərardadı ilə İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmuş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina olunması və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması əsassızdır. Belə ki, ilk əvvəl eyni tələblə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, bunu Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2-1(118)-727/2021 saylı sərəncamı təsdiq edir. Həmin məhkəmənin hakimi tərəfindən ümumi məhkəməyə yəni, Qusar Rayon Məhkəməsinə müraciət etmək tövsiyə olunmuşdur. Buna görə də yuxarıdakı tələblə Qusar Rayon Məhkəməssinə müraciət etmişdir (iddia ərizəsi ilə). Lakin Qusar Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(029)-1099/2021 saylı qərardadı ilə iddia ərizəsi geri qyatarılmış və inzibati qaydada Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək tövsiyə olunmuşdur. Hesab edir ki, iddia ərizəsi Qusar Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək mahiyyəti üzrə baxılmalıdır. Qusar Rayon Məhkəməsinin 2(029)-1099/2021 saylı, 07 aprel 2022-ci il tarixli qərardadı ilə 19 noyabr 2021-ci il tarixli 2(029)-1099/2021 saylı qərardaddan İddiaçı nümayəndəsi X1 tərəfindən şikayətin verilməsi müddətinin buraxılmasının səbəbi üzürlü hesab edilərək həmin müddət bərpa edilməsi, İddiaçı nümayəndəsi X1 tərəfindən 19 noyabr 2021-ci il tarixli 2(029)-1099/2021 saylı qərardaddan verilmiş şikayətin təmin edilməməsi, İddiaçı nümayəndəsi X1 tərəfindən 19 noyabr 2021-ci il tarixli 2(029)- 1099/2021 saylı qərardaddan verilmiş şikayətin mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.(hakim Adil Vəliyev) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, iddianın predmetini cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı özünün adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və yeni çıxarışın tərtib edilməsi təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianın predmetini cavabdeh DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı özünün adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun ləğv edilməsi, yeni çıxarışın və texniki pasportun verilməsi təşkil edir. Həmin tələbə baxılması isə ümumi məhkəmələrin səlahiyyətinə aid deyildir, həmin tələblə bağlı əvvəlcə çıxarışı vermiş orqana müraciət olunmalı, müsbət cavab alınmadıqda isə müvafiq inzibati məhkəməyə müraciət edilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarının 17-ci bəndində qeyd olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquqmüəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 2(029)-1099/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1252/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1252/2022
10.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver