Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1262/2023 11.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(077)-84/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 manat pul vəsaitinin və 120 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 10000 manat dəyərində dəmir borular satması ilə əlaqədar cavabdehin ona 10000 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar olunmasına baxmayaraq, cavabdeh borclu olduğu məbləği ödəməmişdir. Borcunu ödəməsi ilə əlaqədar ona sonuncu dəfə xx.xx.2023-cü il tarixdə rəsmi məktub göndərilmiş, borcunu 5 iş günü ərzində ödəməsi təklif olunmuşdur. Lakin cavabdeh rəsmi təklifini almasına baxmayaraq borcunu ödəyəcəyini bildirsə də, ödəniş etməmişdir. Qeyd olunanları nəzərə alaraq pulun qaytarılması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(077)-84/2023 nömrəli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia təmin edilərək, Cavabdeh 10000 (on min) manat məbləğində pul vəsaitinin və 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
4. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sübut qismində məhkəməyə onun müraciəti əsasında Bakı şəhəri Binəqədi rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi X1 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətini təqdim etmiş və məhkəmə iddianı təmin edərkən məhz “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarı əsas götürmüşdür. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarda göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə Binəqədi rayon polis idarəsinə müraciət edərək, 2022-ci il mart ayının əvvəllərində “Baksol” yolunda X2 54.000 manat dəyərində, onun dostu Cavabdeh isə 20.000 manat dəyərində plastik və dəmir borularını nisyə satdığını, Cavabdeh ona 10.000 manat pul ödənişi etsə də, qalan pulu ödəməkdən imtina etdiyini, Elman Bəşirovun isə ümumiyyətlə heç bir ödəniş etmədiyini bildirmiş və həmin şəxslərin məsuliyyətə cəlb olunaraq ona dəymiş ziyanın ödətdirilməsini xahiş etmişdir. Bununla belə, həmin qərarda qeyd edilmişdir ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, özü tikinti işləri ilə məşğul olur. 2022-ci ilin təxminən yaz aylarında “Metak” firmasının işçisi olan Samir adlı şəxsin dəmir boru satışı ilə məşğul olduğunu bilmişdir. O, elə həmin ərəfədə Samirdən 20.000 manat dəyərində dəmir boruları nisyə almış və ilkin olaraq 5000 manat ödəniş etmişdir. Sonrakı müddət ərzində aldığı həmin dəmir borularının bir hissəsinin dəyəri olaraq əlavə 5000 manat da ödəniş etmişdir. Sonra ödənişlərdə problem yarananda Samir onu Nəsir adlı şəxslə tanış edib malların ona məxsus olmasını bildirmişdir. O da Nəsirə demişdir ki, onun mallarını satacağı müştərilərin bəziləri köçürmə yolu ilə ödəmə edəcək, ona görə də mütləq onlara hesab-faktura verməlidir. Nəsir də söz vermişdir ki, hesab faktura verəcək. Sonradan isə Nəsir ona hesab-faktura vermədiyinə görə o, onun qalan pulunu ödəyə bilməmişdir. Lakin söz verir ki, Nəsirin qalan pulunu öz hesabına ödəyəcəkdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarı əsas götürsə də, həmin qərarda alınan malın dəyərinin ödənilməsinin iddiaçının hesab-faktura verməməsi səbəbindən baş verdiyinin təsdiq edilməsini nəzərə almamışdır. Halbuki, malın dəyərinin vaxtında ödənilməməsi iddiaçının icranı gecikdirməsi ilə bağlı olmuşdur. Bundan başqa həmin qərarda göstərilmişdir ki, araşdırma zamanı Cavabdeh tərəfindən İddiaçı əlavə olaraq 4500 AZN ödəniş olunmuşdur. Bununla bağlı qeyd edir ki, Binəqədi rayon Polis İdarəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərkən artıq onun iddiaçıya 10000 manat deyil 5500 manat borcu qalmışdi. Lakin məhkəmə ondan iddiaçının xeyrinə 10000 manat alınıb ödənilməsi barədə qətnamə qəbul etmişdir. Bununla da məhkəmə əsassız nəticəyə gəlmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi.
8. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.
Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; (...)
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (...)
Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: (...) 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.
12. Belə ki, iş materiallarından aydın olur ki, iddiaçı dəmir boruların satışı ilə məşğuldur, cavabdeh isə tikinti işi ilə məşğul olmaqla iddiaçıdan aldığı boruları başqa şəxslərə satmışdır. Tərəflər arasında mübahisə borularının dəyərinin ödənilməməsi ilə bağlı yaranmışdır.
13. Göründüyü kimi mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır.
14. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, hər iki tərəf hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdirlər, iddiaçı xx.xx.2021-ci ildə, cavabdeh isə xx.xx.2012-ci ildə VÖEN almışdır.
15. MPM-in yuxarıda istinad olunan 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.
16. İşə baxan birinci instansiya məhkəmə isə iş üzrə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və tərəflər arasındakı hüquq münasibətlərinin xarakterini nəzərə almamış, məhkəmə aidiyyəti məsələsinə qiymət verməmişdir.
17. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Elektron məhkəmə informasiya sistemi”ndən çıxarışdan görünür ki, cavabdeh fəaliyyətini müvəqqəti dayandırmışdır. Bununla əlaqədar qeyd edilir ki, cavabdehin fəaliyyətini müvəqqəti dayandırması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir.
18. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarında göstərilir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-in (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.
19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır.
20. İşdən görünür ki, cavabdeh Zəngilan rayonu, Şuşa şəhərində qeydiyyatdadır.
21. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən, Şuşa rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir.
22. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(077)-84/2023 nömrəli qətnaməsi ləğv edilməli, mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26, 384.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(077)-84/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.