Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1271/2021 30.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi X2, İddiaçı2 oğlunun, Cavabdeh «xxxx» MMC-nin nümayəndəsi Ali Tatlının, X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxx» MMC-yə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 2140/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçıların verdikləri apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 2(012)-2140/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim C.Səfiyeva) Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2140/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını, iddianın təmin edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı1 və İddiaçı2 «xxxx» MMC-yə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, «xxxx» MMC-dən maddi ziyan kimi 60000 manat pulun və vurulmuş mənəvi zərərin əvəzi olaraq 300000 manat pulun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər İddiaçılar tələblərini bununla əsaslandırmışlar ki, övladları X5 12 illik təhsil müddətinə malik, xarici təhsil proqramlarına uyğun tədris edən təhsil müəssisəsi - «xxxx» MMC-yə 2016-cı ildə ödənişli əsaslarla qəbul edilmişdir. Rəsul təhsil aldığı müddət ərzində nümunəvi şagird kimi fərqlənmiş, lakin sonradan 12-ci sinifdə oxumalı olduğu halda, heç bir əsas olmadan həmin məktəbdən kənarlaşdırılmışdır. Müəllim kollektivi onun barəsində müsbət rəy versə də, niyə kənarlaşdırıldığı barədə heç bir məlumatları olmamışdır. Onlar bununla bağlı şikayət edəcəklərini bildirsələr də, məktəbin Livan əsilli meneceri X10 istədiyi zaman Rəsulu intizamsız şagird kimi qələmə verəcəyini bildirərək, onun məktəbdə oxumasına razı olmamışdır. Rəsulun ondan artıq böhtanla dolu rəsmiləşdirilmiş nöqsanını əks etdirən bildiriş onlara təqdim olunmuşdur. Onlar isə bunu qanunsuz və tam əsassız hesab edirlər. 3 il ərzində hər il 13996 manat olmaqla, cəmi 41998 manat məbləğində ödədikləri təhsil haqqının müqabilində məktəb tərəfindən verilən təhsil yarımçıq qalmışdır. Bu səbəbdən də, onlara nəqliyyat və digər xərclər də hesablansa cəmi 60 000 manat maddi ziyan vurulmuşdur. Bundan əlavə, övladlarının 11 illik təhsil proqramı üzrə yenidən 1 il əlavə oxuyacaq olması, ətrafda sarsılan nüfuzları, onların keçirdiyi mənəvi iztirabların əvəzi olaraq da 300 000 manat mənəvi zərər üçün pul cavabdeh təşkilatdan alınaraq onlara ödənilməlidir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlməmiş, maddi hüquq normalarını səhv tətbiq etməklə qeyri-qanuni nəticəyə gəlmişdir. Qətnamədə yalnız təqdim edilmiş sənədlərin siyahısı sadalanmış, iddianın nəyə görə rədd olunmasının əsasları göstərilməmişdir. Hazırkı mübahisəyə Mülki Məcəllənin 1096-cı maddəsi tətbiq edilməməli idi. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən hazırkı iddia təmin edilməli olduğu halda, məhkəmə bu maddəni göstərərək iddianı rədd etmişdir. Mülki Məcəllənin 21-ci maddəsinə gəldikdə isə, qətnamədə bu norma göstərilsə də, iş üzrə obyektiv araşdırılma aparılmadığından həmin maddəyə düzgün hüquqi yanaşma etməmişdir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv olunmalı, iddia isə təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 oğlu, həmçinin İddiaçı1 vəkili və nümayəndəsi X6 iddia ərizəsinə uyğun izahat verib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh «xxxx» MMC-nin nümayəndəsi Ali Tatlı məhkəmə kollegiyasının iclasında şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. O, əlavə etdi ki, təmsil etdiyi təhsil müəssisənin daxili nizam-intizam qaydaları vardır və bu qaydalara əməl etməyən şagirdlər təhsil qurumunun səlahiyyətli orqanının, yəni pedaqoji şuranın verdiyi qərarla oradan xaric olunur. İddiaçıların övladı da bu qaydaları dəfələrlə pozmuşdur. Məktəbdə onun tədris aldığı təhsil illəri üçün ödəniş edilmiş, lakin məktəbdən xaric edildiyi sonuncu təhsil ili üçün iddiaçılarla heç bir müqavilə bağlanmamışdır. Rəsulun atasını müqavilə bağlamaq üçün dəvət etsəkdə o, müqavilə bağlamaq üçün gəlməmişdir. Qeyd edilən səbəblərdən Rəsul məktəbdən xaric edilmişdir. Ona görə də məhkəmə tərəfindən iddia düzgün rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında İddiaçı2 oğlu ilə «xxxx» MMC arasında bağlanan 16 iyun 2018-ci il tarixli, 154 saylı müqavilədən görünür ki, 2018- 2019-cu dərs ili üçün bir tərəf ümumi təhsil xidməti göstərməyi, digər tərəf isə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Həmçinin, müqavilədən müəyyən edilir ki, şagirdin məktəbə gedib-gəlməsi üçün onu nəqliyyat vasitəsi ilə təmin etməyi məktəb öz öhdəsinə götürür. Həmin müqaviləyə 1 №-li əlavədə qeyd edilir ki, illik ödəniş 13.996 manat təşkil edir. Yenə işdə olan «xxxx» MMC-nin pedagoji şurasının 18 sentyabr 2019-cu il tarixli, 200 saylı qərarının surətindən görünür ki, X5 ona edilən bir çox sayda xəbərdarlıqlara baxmayaraq yolverilməz davranışlarına davam etməsinə və məktəbin şagird-valideyn davranış siyasətini müntəzəm olaraq pozmasına görə məktəbdən xaric edilmişdir. İş materiallarında səlahiyyətli şəxsin X3 təhsilə zidd davranışları barədə rəhbərliyə ünvanlanmış bir sıra xidməti məktubları vardır. İşə əlavə edilmiş 08.09.2014-cü il tarixdə təsdiq edilmiş nizamnamənin surətindən görünür ki, «xxxx» MMC (Lisenziya № 088291, 08.02.2016, Qeydiyyat № 010015-Q3-0002) ödənişli təhsil fəaliyyəti göstərən ümumtəhsil məktəbi-hüquqi şəxsdir. MMC-də təhsil pulludur. Ümumtəhsil məktəbdə ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şuradır. Nizamnaməyə görə ümumtəhsil məktəbi ilə valideynlər və ya qanuni nümayəndələr arasındakı mübahisələr onlar arasında bağlanmış müqavilə ilə tənzimlənir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-2140/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, «xxxx» MMC 12 illik təhsil sisteminə malik olan xarici təmayüllü ümumtəhsil məktəbi olaraq hər il yeni müqavilə imzalanılmaqla tədris həyata keçirir. Məktəbdə təhsil pulludur. İddiaçılar övladları Rəsulun qeyd olunan məktəbdə təhsil alması üçün 2016-2017, 2017-2018, 2018-2019-cu illər üzrə müqavilə bağlamış və təhsil haqqını ödəmişlər. Bu tədris illərində Rəsul həmin məktəbdə təhsil almışdır. Lakin iddiaçılar «xxxx» MMC ilə öz övladlarının sonuncu tədris ili üçün müqavilə bağlamamış, şagird bir müddət ödənişsiz təhsil almağa davam etmişdir. İşdəki xidməti məktublardan və bildirişlərdən, habelə fotoşəkillərdən müəyyən edilir ki, iddiaçıların övladı Rəsul adlı şagird məktəbdə intizamsızlıq göstərək tədrisin normal şəraitdə həyata keçirilməsinə mane olmuş, bu barədə iddiaçılara məlumat verilmiş, nəticəsi olmadığı üçün o, məktəbdən xaric edilmişdir. Baxmayaraq ki, tərəflər arasında bağlanmış 16 iyun 2018-ci il tarixli, 154 saylı müqavilənin 3.11-ci bəndinə əsasən məktəb tərəfindən ümumtəhsil prosesinin təşkili və idarəedilməsi ilə bağlı qəbul edilmiş tədris, intizam, davranış, inzibati və s. məsələlərlə bağlı qaydalara özləri və şagird tərəfindən riayət edilməsini təmin etmək valideynlərin öhdəliklərindən hesab edilir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi iddiaçıların iddia tələbinin əsasını övladlarının təhsilinin cavabdeh MMC-nin təqsiri üzündən başa çatdırılmaması, başqa sözlə cavabdeh tərəfin öhdəliyinin icra etməməsi nəticəsində onlara maddi və mənəvi ziyan vurulması təşkil edir. Ona görə də iddiaçılar öz iddialarının hüquqi əsası kimi Mülki Məcəllənin 385.1-ci maddəsinə istinad etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd olunduğu kimi, tələb edilən maddi ziyan iddiaçıların övladlarının cavabdeh təhsil müəssisəsində təhsil aldığı illər üçün ödənilmiş vəsait və çəkilən xərclərdir, bu vəsait onlar arasında imzalanmış müqaviləyə əsasən alınmış, həmin dövr üzrə iddiaçıların övladı orada təhsil almışdır. Lakin sonuncu il üçün onlar arasında müqavilə imzalanmamış, şagird daxili nizam-intizam qaydalarını pozduğu üçün pedaqoji şuranın məlum qərarı ilə təhsil müəssisəsindən xaric edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, əvvəlki tədris illəri üçün ödənilmiş pulların yenidən onlara qaytarılması barədə iddiaçıların tələbi əsassızdır və təmin edilə bilməz. İddianın mənəvi zərərin əvəzinin ödənilməsi hissəsinə gəldikdə isə, bu tələb maddi ziyanla bağlı olduğundan və maddi ziyan tələbi təmin edilmədiyindən iddia bu hissədə də təmin olunmamalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Yenə həmin Qərarın 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirilməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materiallarında cavabdehin hər hansı qanunsuz hərəkətlərinin baş verməsi, bunun nəticəsində isə iddiaçıların fiziki və mənəvi sarsıntılar keçirməsi barədə hər hansı mötəbər sübut yoxdur. Övladlarının qanuni əsaslarla təhsil müəssisəsindən xaric olunması isə cavabdehin qanunsuz hərəkətləri kimi qiymətləndirilə bilməz. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, sübut etmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişlər. Əksinə, cavabdeh tərəfin sübutları iddianın rədd edilməsi üçün yetərli olmuşdur. Buna görə də iddiasını sübut edə bilməyən iddiaçıların tələbini rədd edərkən məhkəmə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 384.0.2, və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2140/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Telman Məmmədov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-1271/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1271/2021
30.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver