Məhkəmə qərarları › İş №2(105)-1274/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1274/2022

26.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1274/2022 26.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə Ərizəçi mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-5077/2016 nömrəli, 13 dekabr 2016-ci il tarixli qətnaməsindən maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Xaçmaz Rayon Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli, 2(067)-5077/2016 nömrəli qətnaməsilə (hakim R.Xəlilov) ərizə təmin edilərək, Xaçmaz rayonunun Ağtala kəndində olan 0,26 ha torpaq sahəsinə və orada inşa edilmiş tikinti sahəsi 169,32 kv.metr, ümumi sahəsi 137,28 kv.metr olan yaşayış evinə Ərizəçi mülkiyyət hüququnun müəyyən edilməsi qət edilmişdir. Qətnamədən maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli, 2(067)-5077/2016 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİNHALLARİ Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonunun Ağtala kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsindəki bir mərtəbəli yaşayış evinə mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və ona dair sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonunun Ağtala kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsində yerləşən 1955-ci ildə tikilmiş yaşayış evi olmuşdur. Həmin ev köhnə və qəzalı olduğundan sökərək yerində yeni yaşayış evi tikmişdir. Yeni yaşayış evinin sxemi Tikinti və Memarlıq şöbəsi tərəfindən təsdiqlənmiş, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi barədə qəbul komissiyasının xx.xx.2012-ci il tarixli, 193 nömrəli rəsmi aktı ilə tikinti istismara qəbul edilmişdir. Bundan sonra hüquqlarını qeydiyyata aldırmaq üçün DƏDRX-nə müraciət etmişdir, lakin evin yerləşdiyi torpaq sahəsinə dair ilkin torpaq ayırma sənədləri olmadığından hüquqlarını qeydiyyata aldıra bilməmişdir. Evin yerləşdiyi torpaq sahəsi evin əvvəlki mülkiyyətçisi X4 verilmişdir. Quba dövlət arxivinin arayışı ilə həmin şəxsə torpaq sahəsi verilməsi barədə qərar aşkar olunmamışdır. Torpaq sahəsi 1955-ci ildən istifadəsindədir. Göstərilənlərə əsasən onun ərizəsi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İş üzrə maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə mübahisəni hər tərəfli araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bunlar da qətnamənin ləğvi üçün əsaslardır. Ərizəçi Xaçmaz rayonu Ağtala kəndində yerləşən fərdi yaşayış evinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, ərizəyə əlavə olunmuş xx.xx.1997-ci il tarixli, 325a reyestr nömrəli “Qeydiyyat vəsiqəsi” əsasında hüquqların dövlət qeydiyyatına alınması ilə müraciət edilmiş fərdi yaşayış evi sökülmüşdür və yerində yeni fərdi yaşayış evi inşa edilmişdir. Yeni inşa edilmiş fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş torpaq sahəsinin hüquqi statusunu müəyyən edən, hüquq dövlət qeydiyyatına əsas olan hüquq müəyyənedici sənədlər təqdim olunmamışdır. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2015-ci il tarixli, **********01 nömrəli məktubla imtina olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 18.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun maddəsinə əsasən islahat zamanı vətəndaşların qanuni istifadəsində olan həyətyanı» torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmçinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən müəyyən olunmuşdur ki, Ərizəçi və X1 adlarına ümumi birgə hüququ ilə müvafiq Aqrar İslahat Komissiyasının qərarı əsasında 0.15 ha ölçüdə JN-040A 30217028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yaranmış mübahisənin məhkəmə aidiyyatını müəyyən etmədən, ərizəni icraatına qəbul etməmiş, daha sonra yuxarıda sadalanan maddi hüquq normalarının pozulması ilə nəticələnən əsassız qətnamə qəbul etmişdir. Odur ki, şikayətdə sadalanan pozuntular apellyasiya kollegiyası tərəfindən aradan qaldırılmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını, işin faktiki hallarını əsas götürərək məhkəmə kollegiyası işə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 10 mart 2016-cı il tarixli, **********20 №-li məktubundan müəyyən olunur ki, qeydiyyat vəsiqəsi əsasında mülkiyyət hüququnun qeydiyyata alındığı yaşayış evinin söküldüyü və həmin evin yerində yeni yaşayış evinin inşa olunduğu müəyyən edildiyindən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Yenə iş materiallarında olan Qeydiyyat vəsiqəsindən və yaşayış evinin texniki pasportundan müəyyən olunur ki, Xaçmaz rayonu Nərəcan İƏV-nin Rodnikovka kəndində yerləşən bir mərtəbəli 2 otaqlı yaşayış sahəsi 24,7 kv.metr, fakdalı sahəsi 38,2 kv.metr divarları saman kərpicdən tikilmiş, damı şifer ilə örtülmüş yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz rayonu Nərəcan İƏV-nin xx.xx.1997-ci il tarixli, 14 №-li müqavilə əsasında Ərizəçi adına qeydə alınmışdır. Torpaq sahəsi sənəd üzrə 2600 kv. m, faktiki 3200 kv.m-dir. Mülki ş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz rayonu Nərəcan İƏV-nin xx.xx.2015-ci il tarixli 1742 №-li arayışından müəyyən olunur ki, Nərəcan İƏD-nin 1986-1990-cı illərə aid təsərrüfatbaşma 7 №-li kitabın 449 nömrəli şəxsi hesab nömrəsində X3 adına 0,26 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. İşə əlavə edilmiş olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz rayon Nərəcan İƏV-nin xx.xx.2015-ci il tarixli, 1741 №-li arayışından müəyyən olunur ki, Ərizəçi 1997-ci il tarixdə X5 məxsus Xaçmaz rayonunun Ağtala kəndində yerləşən evini və 0,26 ha həyətyanı torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. İş materiallarında olan Xaçmaz RİH-nin Tikinti-Memarlıq şöbəsinin xx.xx.2016-cı il tarixli, 509 №-li məktubundan müəyyən olunur ki, məsələ ilə əlaqədar baxış keçirilmiş, baxış zamanı bir mərtəbəli fərdi yaşayış evinin sözü gedən torpaq sahəsində inşa edildiyi məlum olmuşdur. Həmçinin həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli fərdi yaşayış evi tikinti norma və qaydaları çərçivəsində inşa edilmiş, həmin tikilinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Binanın real ölçüləri tikinti sahəsi 169,32 kv.metr, ümumi sahəsi 137,28 kv.metrdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iş üzrə apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli, 2(067)-5077/2016 nömrəli qətnaməsi ləğv edilərək, Ərizəçi mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırkı iş üzrə Ərizəçi üzərində hüquqlarının tanınmasını xahiş etdiyi Xaçmaz rayonunun Ağtala kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsində mövcud olmuş fərdi yaşayış evini, X2 alqı-satqı yolu ilə almış, daha sonra, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair hüquqları qeydiyyata alınmış, həmin evin texniki pasportu tərtib edilmiş, Qeydiyyat vəsiqəsi verilmiş, bundan sonra yerli icra hakimiyyətinin razılığı ilə mülkiyyətçi olaraq həmin evi sökərək, yerində yeni fərdi yaşayış evi inşa etmişdir. Ərizəçinin sadalanan halları təstiq edən ilkin sənədləri mövcuddur və həmin sənədlər iş materiallarına əlavə edilmişdir. Hazırkı ərizəsində ərizəçi qeyd olunan daşınmaz əşyaya dair mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsini xahiş edir ki, həmin ərizəyə ümumi məhkəmədə baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.6-ci maddəsinə əsasən isə məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsinə baxa bilər. Lakin bunun üçün zəruri şərt ərizəçinin həmin faktları təsdiq edəcək sənədləri başqa qayadada ala bilməməsidir. Belə ki, MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi qanunda hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin əsasları və halları birbaşa nəzərdə tutulmuşdur. Hazırkı halda ərizəçinin ərizəsinin təmin edilməsi üçün bu əsaslardan heç biri mövcud deyildir. Belə ki, daha öncə qeyd olunduğu kimi sökülmüş evin onun mülkyyətində olması, ona dair sənədələrin mövcudluğu, eləcə də həmin evin yerində yerli icra hakimiyyəti orqanının razılığı ilə yeni evin inşa edilməsi işin mübahisəsiz halıdır. AR Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Həmin Məcəllənin 203.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Yenə həmin Məcəllənin 204.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi söhbət heç də, ərizəçiyə məxsus evin məhv edilməsindən getmir, hazırki halda həmin divarı samanla palçıqın qatışığından olan evin yenidən daha müasir və davamlı formada tikilməsindən gedir. Ərizəçi mülkyyətçi olaraq mülkiyyət hüququndan imtina etməmiş, bu barədə müvafiq orqana ərizə verməmişdir. İşdən görünür ki, əslində ərizəçi ilə hazırki iş üzrə maraqlı şəxs, inzibati orqan olaraq DƏDRX 5 saylı Xaçmaz Əİ arasında mübahisə vardır. Göründüyü kimi, Xaçmaz Rayon Məhkəməsi iddia ərizəsini səhvən icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 15.4-cü bəndində qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, ərizəçiyə aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Yenə AR MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Qeyd olunanlara əsasən ərizəçiyə izah olunur ki, yuxarıda şərh olunan əsaslarla və ardıcıllıqla müvafiq inzibati orqana və Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 357, 398, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-5077/2016 nömrəli, 13 dekabr 2016-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar