Məhkəmə qərarları › İş №2(105)-1288/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1288/2024

09.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1288/2024 09.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: əmlak və pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə Qobustan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(026)-204/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı övladı İmaməli üçün Cavabdeh2 20 mart 2022-ci ildə nişan aparmış və 21 may 2023-cü il tarixdə qız toyu etmişlər. Qız toyu zamanı el-adətinə uyğun olaraq gəlinə qızıl-zinət və geyim əmlakları aparmışlar. Fidanın valideynləri tərəfindən isə -1 ədəd taxt, 2 ədəd balaca şkaf, 1 ədəd kamod, 1 ədəd oturacaq, 1 ədəd kiçik çəkməcə, 1 ədəd şifoner, 1 ədəd sandıqça, künc divanı və 3 ədəd yastığı, 1 ədəd stol, 1 ədəd servant alınaraq İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanına yığılmışdır. Şamaxı şəhər "xxxx" ASC Şamaxı filialının eksperti X2 14 mart 2024-cü il tarixdə verdiyi rəydən görünür ki, 585 əyarlı, 25,4 qramlıq x100 manat=2540 manat dəyərində qızıl dəsti (Türkiyə istehsalı), nişan üzüyü 1 ədəd 585 əyyar 4,5 qramlıq (0,20 sd) =800 manat (Azərbaycan istehsalı), üzük 1 ədəd 585 əyyar 2,5 qramlıq x 100 manat=250 manat (Azərbaycan istehsalı), gümüş boyunbağı 1 ədəd 925 əyyar 4,00 qramlıq x 10 manat=40 manat (Türkiyə istehsalı), gümüş boyunbağı 1 ədəd 925 əyyar 3,5 qramlıq x 10 manat =35 manat (Türkiyə istehsalı), cəmi 3665 manatdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nişan aparılarkən və qız toyunda verilmiş 2540 manat dəyərində Türkiyə istehsalı 25,4 qram 585 əyarlı üzük-sırqaqolbağ və boyunbağı dəsti, 800 manat dəyərində Azərbaycan istehsalı 4,5 qram (0,20 sd)- 585 əyyarlı nişan üzüyü, 250 manat dəyərində Azərbaycan istehsalı 2,5 qram 585 əyyarlı üzük, 40 manat dəyərində Türkiyə istehsalı 4 qram 925 əyarlı gümüş boyunbağı, 35 manat dəyərində Türkiyə istehsalı 3,5 qram 925 əyarlı gümüş boyunbağı olmaqla, cəmi 3665 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların dəyərinin, qız toyuna qədər və qız toyuna çəkdiyi 6850 manat pulun alınıb ona verilməsi və Bakı şəhəri, ünvan 3 ünvanında cavabdehlərə məxsus olan cehiz əşyalarının çıxarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qobustan rayonu Yekəxana kənd sakini Cavabdeh1 evinə qızı Fidanı oğlu İmaməliyə almaq üçün 2022-ci ilin yanvar ayının əvvəlində elçi getmişdir. Onunla elçiliyə yaxınları da gedib və “hə” cavabı almışlar. 2022-ci ilin mart ayının 20-də Fidana nişan aparmış və oğluna nişanlamışlar. Fidan yetkinlik yaşına çatmadığı üçün qız toyunu saxlayaraq 21 may 2023-cü il tarixdə etmişlər. Qız toyunda Fidan üçün 2540 manat dəyərində 25,4 qramlıq sırqa, üzük, qolbağı və boyunbağı dəsti, 800 manat dəyərində 1 ədəd 4,5 qramlıq nişan üzüyü, 250 manat dəyərində 2,5 qramlıq üçün, 40 manat dəyərində və 35 manat dəyərində 2 ədəd gümüş boyunbağı aparmışlar. 2023-cü ilin iyul ayında Fidanın valideynləri tərəfindən -1 ədəd taxt, 2 ədəd balaca şkaf, 1 ədəd kamod, 1 ədəd oturacaq, 1 ədəd kiçik çəkməcə, 1 ədəd şifoner, 1 ədəd sandıqça, künc divanı 3 ədəd yastıqçası,1 ədəd stol, 1 ədəd servant onun Bakı şəhəri, ünvan 4 ünvanına gətirilmişdir. Lakin aralarında olan çox kəskin və ağır narazılığa görə münasibətləri tam pozulmuş və oğlan toyu baş tutmamışdır. Səbəbi isə Fidanın anası Vəfanın onun həyat yoldaşına " bu da kişidir, düşüb yanımıza” deməsi və oğluna isə “sən nə kişisən, arvad da saxlayasan?" deməsi, Fidanın isə qız toyundan sonra oğluna “icazə versən də, verməsən də xalamgilə gedəcəyəm” deməsi olmuşdur. Vəfanın onu və oğlunu kişi saymaması, Fidanın isə hələ gəlin gəlməmiş gələcək ərini saymaması onları ziyanın yarısından qayıtmağa məcbur etmişdir. Oğlan toyuna qədər çəkilən xərclər bir məqsədlə edilir- gəlin gətirmək, oğul-qız atası, babası-nənəsi olmaq. Lakin Fidanı gəlin gətirmədiyi üçün çəkdiyi xərclərin əvəzini cavabdehlərdən tələb etmək məcburiyyətindədir. Fidana nişan və qız toyunda apardığı qızıl-zinət əşyalarından başqa, Fidanın "hə” cavabı alandan qız toyuna qədər Fidanın ad günü 18 yanvar 2022-ci ildə -200 manat, Fidanın ad günü 18 yanvar 2023-ci il- 250 manat, 8 mart bayramı 2022-ci ildə - 300 manat, 8 mart bayramı 2023-cü ildə- 350 manat, yeni il bayramı 2023-cü ildə - 250 manat, Novruz bayramı 20 mart 2023-cü ildə - 350 manat, 20 mart 2022-ci il tarixdə keçirilən nişan mərasimi - 1000 manat, başlıq (süd) pulu 1700 manat, qız toyuna çəkilən xərc 2000 manat, Fidana aldıqları “Samsunq” markalı mobil telefona 450 manat xərci çıxmışdır. Bayramlara gediləndə qız evinə şokolad konfetlər, şirniyyat, kosmetika, bəzi pal-paltar alınır və hər dəfə bayramlığa gedəndə xərci hətta göstərilən məbləğdən çox olub. Bütün bu xərclər gələcək qohumluq naminə çəkilib, qohumluq cavabdehlərin təqsiri üzündən baş tutmadığı üçün cavabdehlərin onun evində olan cehiz əşyalarının çıxarılması və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nişan aparılarkən və qız toyunda verilmiş 2540 manat dəyərində Türkiyə istehsalı 25,4 qram 585 əyarlı üzük-sırqa-qolbağ və boyunbağı dəsti, 800 manat dəyərində Azərbaycan istehsalı 4,5 qram (0,20 sd)-585 əyyarlı nişan üzüyü, 250 manat dəyərində Azərbaycan istehsalı 2,5 qram 585 əyyarlı üzük, 40 manat dəyərində Türkiyə istehsalı 4 qram 925 əyarlı gümüş boyunbağı, 35 manat dəyərində Türkiyə istehsalı 3,5 qram 925 əyarlı gümüş boyunbağı olmaqla, cəmi 3665 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların dəyərinin, qız toyuna qədər və qız toyuna çəkdiyi 6850 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi və Bakı şəhəri, ünvan 3 ünvanında cavabdehlərə məxsus olan cehiz əşyalarının çıxarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, 2022-ci ilin mart ayının 20-də qızı Fidanı İddiaçı övladı İmaməliyə nişanlamışlar. 21 may 2023-cü il tarixdə qız toyu etmişlər. 2023-cü ilin iyul ayında qızı üçün mebel alaraq İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanına aparmışlar. Lakin sonradan aralarında olan münasibət pozulmuş və Fidanın nişanını qaytarmışlar. İddiaçı evinə apardıqları mebel əmlaklarına 4700 manat pul vermişdir. Hazırda həmin mebelləri istəmir və mebelin dəyəri olan 4700 manat pulun iddiaçıdan alınıb ona verilməsini və iddianın qalan hissədə təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, 20 mart 2022-ci il tarixdə Cavabdeh1 övladı İmaməliyə nişanlamış, 21 may 2023-cü il tarixdə qız toyu olmuşdur. Bu müddət ərzində el adətinə uyğun olaraq oğlun evi tərəfindən ona bayramlıq və hədiyyələr gətirilmişdir. Onlarda hər dəfə oğlan evindən gələn qonaqlar üçün süfrələr hazırlayaraq yüksək səviyyədə qarşılayıb yola salmışlar. Valideynləri tərəfindən 2023-cü ilin iyul ayında onun üçün mebel alaraq İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanına yığılmışdır. Lakin sonradan nişanlısı İmaməli və valideynləri tərəfindən nişan qaytarılmışdır. Ona görə iddianın cehiz əmlaklarının çıxarılması hissəsində təmin və qalan hissədə təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(026)-204/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2540 manat dəyərində Türkiyə istehsalı 25,4 qram 585 əyarlı üzük sırqaqolbağ və boyunbağı dəsti, 800 manat dəyərində Azərbaycan istehsalı 4,5 qram (0,20 sd)- 585 əyyarlı nişan üzüyü, 250 manat dəyərində Azərbaycan istehsalı 2,5 qram 585 əyyarlı üzük, 40 manat dəyərində Türkiyə istehsalı 4 qram 925 əyarlı gümüş boyunbağı, 35 manat dəyərində Türkiyə istehsalı 3,5 qram 925 əyarlı gümüş boyunbağı olmaqla, cəmi 3665 manat dəyərində qızıl-zinət əşyaları və ya onların dəyəri, 18 yanvar 2022-ci ildə Fidanın ad gününə çəkilmiş xərc 200 manat, 18 yanvar 2023-cü ildə Fidanın ad gününə çəkilmiş xərc 250 manat, 2022-ci ildə 8 mart bayramına çəkilmiş xərc 200 manat, 2023-cü ildə 8 mart bayramına çəkilmiş xərc 250 manat, 2023-cü ildə yeni il bayramına çəkilmiş xərc 150 manat, 20 mart 2022-ci il tarixdə keçirilən nişan mərasiminə çəkilmiş xərc 800 manat, başlıq (süd pulu) üçün verilmiş 1700 manat, qız toyuna çəkilən xərc 1000 manat və Fidana aldıqları “Samsunq” markalı mobil telefonun dəyəri olan 450 manat pulun və ödənilmiş 123 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus-1 ədəd taxt, 2 ədəd balaca şkaf, 1 ədəd kamod, 1 ədəd oturacaq, 1 ədəd kiçik çəkməcə, 1 ədəd şifoner, 1 ədəd sandıqça, künc divanı və 3 ədəd yastığı, 1 ədəd stol, 1 ədəd servantın Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi İzlivnoy küçəsi 1-də yerləşən İddiaçı məxsus ev 27 ünvanından çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Mirələm Quliyev). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4 -cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verib Qobustan Rayon Məhkəməsinin 2(026)-204/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin 200 manat, 250 manat, 200 manat, 250 manat, 150 manat, 800 manat, 1700 manat, 1000 manat pullara aid olan hissəsində, hədiyyə verilmiş 450 manat “Samsunq” markalı mobil telefona aid hissəsində və iddiaçı tərəfindən 3665 manat dəyərində hədiyyə verilmiş qızıl-zinət əşyaları hissəsində qətnamənin tamamilə ləğv edilməsini, bu hissələrdə yeni qətnamə qət edilərək iddia tələbinin rədd edilməsini, ödənilmiş 123 manat iddia rüsumunun iddiaçının özünə aid edilməsini xahiş etmişlər. İddia ərizəsində yazılanlardan görünür ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.1-ci, 670.3-cü və 673.1.3-cü maddələrini düzgün təfsir etməmiş və yerində işlətməmişdir. Belə ki, bu maddələrin tələblərinə görə hədiyyə alanın hədiyyə verən qarşısında götürdüyü öhdəliyin nədən ibarət olması iddiaçı tərəfindən açıqlanmamışdır. İddia ərizəsində həmçinin aşkar olur ki, iddiaçı və onun ailə üzvləri özləri oğluna toy etməkdən imtina etmiş və yenicə qohum olmağa köklənmiş iki ailə arasında düşmənçilik yaratmışlar. Nədir ki, Cavabdeh2 iddiaçının oğluna telefonda bir dəfə zarafatyana demişdir ki, “sən icazə versən də verməsən də mən xalamgilə gedəcəyəm”. O ki, qaldı bu məsələnin ciddi tərəfinə - məgər onun ailə qurması xalasıgilə getməyinə qadağa qoyulması ilə nəticələnməlidir ki...? O kiminsə qarşısında belə öhdəlik götürməmişdir. Heç bir qadının ailə qurması onun öz qohum-əqrabası ilə əlaqəni kəsməsi öhdəliyinin yaranması demək deyil. Onunla bu barədə qabaqcadan hansısa şərt kəsilməyib. Cavabdehlərdən Cavabdeh3 – iddiaçının oğlu X3 qarşı “bu da kişidir düşüb yanımıza”, “sən nə kişisən arvad da saxlayasan” və s. kimi ironiyalı sözlər deməmişdir, bu ağ yalandır. İddiaçı və onun ailə üzvləri elçi düşüb Fidanı istəyiblər, yoxsa ki, o onlardan “oğlunuzla mən ailə qurmaq istəyirəm” deyib xahiş etməmişdir. Digər tərəfdən onun cehiz-əmlakının bir hissəsi iddiaçının evindədir. O iddia tələbinin yalnız bu hissədə təmin olunmasını istəyir və bir halda ki, iddiaçı tərəf özləri qohum olmaqdan imtina ediblər bu onların öz işləridir. Aşkar görünür ki, qohum olmaq, ailə qurmaq öhdəliyini iddiaçı tərəf özləri pozublar və bu fakt ərizədə yazılı şəkildə etiraf edilmişdir. Odur ki, “cehiz-əmlakının qaytarılması” istisna olmaqla, iddia ərizəsinin qalan hissəsinə mənfi münasibət və rəylə nəzərə alaraq onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini Qobustan Rayon Məhkəməsindən yazılı və şifahi xahiş etmişlər. Lakin iş üzrə Qobustan Rayon Məhkəməsi qanunları və normativ aktları düzgün tətbiq etməyərək hüquqları kobud surətdə pozulması ilə nəticələnmiş qətnamə qət etmişdir. Qobustan Rayon Məhkəməsinin 2(026)-204/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən aşkar görünür ki, iddiaçı onun ad günlərinə və bayram vaxtlarındakı gəlişlərində xərclədiyini dediyi 200 manat, 250 manat, 200 manat, 250 manat150 manat və o cümlədən nişan mərasiminə 800 manat, başlıq pulu 1700 manat, qız toyuna çəkilən xərc 1000 manat və hədiyyə olaraq verdikləri telefon üçün yazdığı 450 manat və s. bu pullar haqqında məhkəməyə heç bir sübut-dəlil təqdim etməmişdir. Lakin etiraf edir ki, iddiaçı tərəfindən qızıl-zinət əşyaları hədiyyə kimi verilmişdir. Amma bu hədiyyə əvəzsiz olaraq həmişəlik onundur və nikahın rəsmiləşdirilməsini (oğlan toyunu) o pozmamışdır, iddiaçı və onun ailə üzvlərinin kefləri belə istəyib deyə birtərəfli qaydada pozdular. Bu səbəbdən onların hədiyyə etdikləri qızıl-zinət əşyalarını və ya onun dəyərini onlara qaytarmalı deyil. Onun bir adını iki edərək biabır etdilər. İddiaçı tərəf mobil telefonu da nikah dövründə hədiyyə ediblər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Odur ki, Qobustan Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Bundan əlavə, iddiaçı xərclədiyini dediyi digər 800 manat, 1700 manat pulları isə xərcləməyib, nə xərclənibsə iddiaçı tərəfin özlərinin də gətirdiyi və onlar tərəfdən məclislərə gəlmiş çoxlu sayda qonaqlar da daxil olmaqla toy və nişan üçün xərclənib və toya gələn adamlar yeyib-içib gediblər. Qobustan Rayon Məhkəməsinin hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci və 21.3-cü maddələrini tətbiq etməsi bilə-bilə qanunu kobud şəkildə pozmaq deməkdir. İddiaçı tərəfi zərərə, ziyana salmamışlar. İddiaçı tərəf iddia ərizəsində özünün etiraf etdiyi kimi toy mərasimini (oğlan toyunu) birtərəfli qaydada pozmaqla özləri-özlərini belə vəziyyətə gətirmişlər. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bu məsələyə heç bir aidiyyəti yoxdur. Qeyd etdiyi faktlar, sübut və dəlillər təsdiq edir ki, Qobustan Rayon Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Belə ki, qanunlar və normativ aktlar düzgün tətbiq və təfsir edilməmiş - nəticədə birinci instansiya məhkəməsi tərəfindən bilə-bilə səhv qətnamə qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şikayətinə daxil etdiyi məktub zərfinin üz və arxa hissəsində Azərpoçt qəbzindəki tarixlərdən görünür ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-204/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi məhkəmə işçiləri tərəfindən 25 may 2024-cü il tarixdə yola salınmış və xx.xx.2024-cü il tarixdə isə ona rəsmi qaydada təqdim edilmişdir. Lakin Qobustan Rayon Məhkəməsi kobud prosessual pozuntu törədərək qanuni qüvvəyə minməmiş qətnaməni icra olunması üçün Qobustan Rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir. Bu əsasda Qobustan Rayon İcra və Probasiya Şöbəsindən əsassız olaraq qanuni qüvvəyə minməmiş qətnamənin icrası üçün könüllü olaraq 10 gün vaxt verildiyi bildirilmişdir. Həmçinin Elektron Məhkəmə Kabinetində yazılanlardan görünür ki, Qobustan Rayon Məhkəməsi tərəfindən qanuni qüvvəyə minməmiş bu sözügedən qətnamə üçün Qobustan Rayon İcra və Probasiya Şöbəsinə 21 iyun 2024-cü il tarixdə icra vərəqəsi göndərilmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən 27 iyun 2024-cü il tarixi də daxil olmaqla həmin vaxtadək Qobustan Rayon Məhkəməsinin 2(026)-204/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək hüquqları vardır. Lakin Qobustan Rayon Məhkəməsi tərəfindən qərəzli və qeyri-qanuni qətnamə qət etməklə yanaşı, qanunla müəyyən edilmiş qaydada və müddətdə apellyasiya şikayəti vermək hüququ da pozulmuşdur. İddiaçı tərəfindən ona qızıl-zinət əşyaları və mobil telefon hədiyyə kimi verilmişdir. Amma bu hədiyyə əvəzsiz olaraq həmişəlik onundur və nikahın rəsmiləşdirilməsini (yəni oğlan toyunu) də o, pozmamışdır, iddiaçının və onun ailə üzvlərinin kefləri belə istəyib deyə birtərəfli qaydada özləri pozdular. Bu səbəbdən onların hədiyyə etdikləri qızıl-zinət əşyalarını və ya onun dəyərini, o cümlədən mobil telefonu onlara qaytarmalı deyil. Onlar onun bir adını iki edərək onu biabır etdilər. Odur ki, iş üzrə qət edilmiş qətnamədə Qobustan Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Nuriyeva X5 Rayon Məhkəməsinin 2(026)-204/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin 200 manat, 250 manat, 200 manat, 250 manat, 150 manat, 800 manat, 1700 manat, 1000 manat pullara aid olan hissəsində, hədiyyə verilmiş 450 manat “Samsunq” markalı mobil telefona aid hissəsində və iddiaçı tərəfindən 3665 manat dəyərində hədiyyə verilmiş zinət əşyaları hissəsində qətnamənin tamamilə ləğv edilməsini, bu hissələrdə yeni qətnamə qət edilərək iddia tələbinin rədd edilməsini, ödənilmiş 123 manat iddia rüsumunun iddiaçının özünə aid edilməsini xahiş etmişlər. Ona görə də kollegiya apellyasiya şikayəti verib, Qobustan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Eyni zamanda iddianın təmin edilməyən hissəsindən şikayət verilmədiyindən məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(026)-204/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində qismən, yəni “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 18 yanvar 2022-ci ildə Fidanın ad gününə çəkilmiş xərc 200 manat, 18 yanvar 2023-cü ildə Fidanın ad gününə çəkilmiş xərc 250 manat, 2022-ci ildə 8 mart bayramına çəkilmiş xərc 200 manat, 2023-cü ildə 8 mart bayramına çəkilmiş xərc 250 manat, 2023-cü ildə yeni il bayramına çəkilmiş xərc 150 manat, 20 mart 2022-ci il tarixdə keçirilən nişan mərasiminə çəkilmiş xərc 800 manat pul vəsaitin alınıb İddiaçı verilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehlərin apellyasiya şikayətində vurğuladığı əsas dəlil mübahisəli zinət əşyaları və pul məbləğləri ilə bağlı olmuşdur. Kollegiya apellyasiya şikayətində mübahisəli “Samsunq” markalı mobil telefon və qızıl zinət əşyalarla bağlı qeyd edir ki, cavabdehlər birinci və apellyasiya instansiya məhkəməsinin iclaslarında həmin əşyalarının mövcud olmasını, həmçinin iddiaçı tərəfindən 1700 manat cavabdehlərə verilməsini və qız toyuna xərcin çəkilməsini Cavabdeh1 apellyasiya icraatı zamanı məhkəmə iclaslarında inkar etmədiyindən, birinci instansiyası məhkəməsinin bu hissədə gəldiyi nəticə doğru olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, nişan mərasimində nişanlanan oğlan və ya onun valideynləri tərəfindən nişanlanan qıza verilən hədiyyələr, o cümlədən zinət əşyaları gələcəkdə rəsmi nikahın baş tutacağı ümidi ilə verilir. Belə ki, gələcəkdə rəsmi nikah baş tutmazsa əldə etmə sonradan aradan qalxmış əsasa söykənmiş olur. Hazırki iş üzrə iddia tələbi rəsmi nikahın baş tutmaması ilə əlaqədar nişanlı olma müddətində verilmiş “Samsunq” markalı mobil telefon, zinət əşyaları və iddiaçı tərəfindən bayram, nişan və qız toyuna çəkilmş xərclərlə əlaqədardır. Belə olan halda tərəflər arasındakı mülki mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq norması Mülki Məcəlləsinin əsassız varlanmaya dair normaları, tələbin hüquqi əsasını məhz həmin normalar təşkil edir. Məhkəmə kollegiyası izah edir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli, 2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Birinci instansiya tərəfindən cavabdehlərdən tutulmuş pul məbləğləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 18 yanvar 2022-ci ildə Fidanın ad gününə 200 manat çəkilmiş xərcin, 18 yanvar 2023-cü ildə Fidanın ad gününə 250 manat çəkilmiş xərcin, 2022-ci ildə 8 mart bayramına 200 manat çəkilmiş xərcin, 2023-cü ildə 8 mart bayramına 250 manat çəkilmiş xərcin, 2023-cü ildə yeni il bayramına 150 manat çəkilmiş xərcin, 20 mart 2022-ci il tarixdə keçirilən nişan mərasiminə 800 manat çəkilmiş xərcin çəkilməsini bildirsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, kollegiya birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticəsi ilə razılaşmayaraq, hesab edir ki, qətnamə həmin hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd edilməlidir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1, 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(026)-204/2024 nömrəli qətnaməsi qismən - “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 18 yanvar 2022-ci ildə Fidanın ad gününə çəkilmiş xərc 200 manat, 18 yanvar 2023-cü ildə Fidanın ad gününə çəkilmiş xərc 250 manat, 2022-ci ildə 8 mart bayramına çəkilmiş xərc 200 manat, 2023-cü ildə 8 mart bayramına çəkilmiş xərc 250 manat, 2023-cü ildə yeni il bayramına çəkilmiş xərc 150 manat, 20 mart 2022-ci il tarixdə keçirilən nişan mərasiminə çəkilmiş xərc 800 manat pul vəsaitin alınıb İddiaçı verilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən cavabdehlərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdehlər tərəfindən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. İddiaçı tərəfindən qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar