Məhkəmə qərarları › İş №2(105)-1295/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1295/2023

05.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1295/2023 05.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X3 “X2” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X3 “X2” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı əqdin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh1 adında olan çıxarışın ləğv edilməsi və torpaqdan çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-601/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı 02 mart 2012-ci il tarixli, 9615 saylı kredit müqaviləsi üzrə 17.613 (on yeddi min altı yüz on üç) manat məbləğində əsas kredit borcu, 2480 (iki min dörd yüz səksən) manat məbləğində faiz borcu, 750 (yeddi yüz əlli) manat məbləğində cərimə faiz borcu, ümumilikdə isə 20.843 (iyirmi min səkkiz yüz qırx üç) manat kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına "xxxx" ASC-nin Sumqayıt filialına olan borcun qaytarılması qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18 noyabr 2013-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır.

2. Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli (hakim C.Səfiyeva) qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013cü il tarixli qətnaməsinin icrası üzrə İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 07 avqust 2013-cü il tarixli, 454 saylı hesabatın ləğv edilməsi, "Daşınar və Daşınmaz Əmlakların Satışı X5" MMC-nin keçirdiyi hərracın nəticələrinə dair 14/1 saylı, xx.xx.2014-cü il tarixli protokolun və X2 ASC ilə bağladığı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, bu əsasda X2 ASCnin adına DƏDRX tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi qət edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən, məruzəçi), Ş.Abasov və A.Abbasov) hazırki iş üzrə Abşeron rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Abşeron rayon İcra və Probasiya şöbəsinə, X3 “X2” açıq səhmdar cəmiyyətinə, “Daşınar və Daşınmaz Əmlakların Satışı X5” məhdud məsuliyyətli cəmiyyətinə, “Daşmar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” məhdud məsuliyyətli cəmiyyətinə qarşı əmlakların qiymətləndirilməsi barədə hesabatın, hərracın nəticələrinin, 14/1 saylı, xx.xx.2014-cü il tarixli protokolun, alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız edilməsi tələbinə dair mülki iş üzrə iddiası təmin edilməmişdir.

4. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin mülki kollegiyasının 06 noyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər Q.Allahverdiyev (sədrlik edən və məruzəçi) İ.Xələfov və Ə.Şadıyev) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 13 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi) T.Quliyev və G.Tağızadə) apellyasiya şikayəti təmin olunmamış, Abşeron Rayon Məhkəməsinin 13 noyabr dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdehlərdən ekspertiza xərci 250 (iki yüz əlli) AZN məbləğində pulun tutularaq Əmlak Ekspert Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

6. Ali Məhkəmənin mülki kollegiyasının 2(102)-1862/2021 nömrəli, 20 may 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-677/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1, X3 “X2” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Sığortalanması Fonduna, üçüncü şəxslər Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, Sumqayıt Regional “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh1 adında olan çıxarışın ləğv edilməsi və torpaqdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Maraqlı şəxs2at kontoru tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bunun əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi və Cavabdeh1 torpaqdan çıxarılması, mülki iddia qaldırmağına görə ödədiyi 100 manat dövlət rüsumunun cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X2” ASC-nin Sumqayıt filialı ilə bağlanmış 02 mart 2012-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 30 faiz ödəmək şərti ilə 24 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. 02 may 2012-ci il tarixdə kredit müqaviləsinə edilən 1 saylı əlavəyə əsasən ona kredit xətti daxilində 4000 manat, 05 iyun 2012-ci il tarixdə isə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ona məxsus və 40000 manat dəyərində qiymətləndirilmiş Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi 02 mart 2012-ci il tarixli ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 2012-ci ilin sentyabr ayına kimi öhdəliklərini vaxtında icra etsə də, sonradan maddi vəziyyəti çətinləşdiyinə görə öhdəliklərini lazımınca icra edə bilmədiyi üçün bank məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ondan 02 mart 2012-ci il tarixli, 9615 saylı kredit müqaviləsi üzrə 17613 manat məbləğində əsas kredit borcu, 2480 manat məbləğində faiz borcu, 750 manat məbləğində cərimə borcu, ümumilikdə isə 20843 manat kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin açıq hərracda satılması, əldə olunmuş vəsait hesabına “X2” ASC-nin Sumqayıt filialına olan borcunun qaytarılması qət olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsini alandan sonra apellyasiya şikayəti müddətinin bərpa olunması ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etdiyindən müddət bərpa olunmuşdur. Bundan sonra apellyasıya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18 noyabr 2013cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 18 noyabr 2013-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə şikayətləri təmin edilməmişdir. Məhkəmə qətnaməsinin nəticəsini bilmək üçün 2015-ci ilin sonunda Sumqayıt Şəhər Məhkəməsində olmuş, şifahi olaraq ona bildirilmişlər ki, qətnamə icra edilməsi üçün Abşeron rayon İcra şöbəsinə göndərilmişdir. Ona görə də Abşeron rayon İcra şöbəsinə müraciət etmişdir. Həmin şöbə tərəfindən ona verilmiş xx.xx.2016-cı il tarixli cavab məktubunda göstərilir ki, ondan “X2” ASC-nin xeyrinə 20863 manat məbləğində pul vəsaitinin tutulmasına, tələbin mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilməsinə, torpaq sahəsinin açıq hərracda satılmasına, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcunun ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra vərəqəsi xx.xx.2013-cü il tarixdə şöbənin icraatına daxil olmuş, torpaq sahəsi mütəxəssis tərəfindən 10000 manat dəyərində qiymətləndirilərək, satış üçün “Daşınar və daşınmaz əmlakların satış mərkəzi”nə sifariş verilmiş, əmlak 6375 manat məbləğində satıldığı üçün xx.xx.2014-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra vərəqəsinin icraatına xitam verilmişdir. “Daşınar və daşınmaz əmlakların satış mərkəzi”nin əmlakının qiymətləndirilməsi hesabatının ləğv edilməsi barədə xx.xx.2018-ci il tarixdə həmin təşkilata rəsmi ərizə ilə müraciət etmiş və ona xx.xx.2018-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, 454 saylı, xx.xx.2013-cü il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğvi üçün məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadından göründüyü kimi, məhkəmə mübahisələri davam etdiyi və qətnamə qanuni qüvvəyə minmədiyi halda, qanunsuz olaraq Abşeron rayon İcra şöbəsi tərəfindən məhkəmə qətnaməsi icra olunmuş və şəxsi mülkiyyəti olan 0,10 ha torpaq sahəsi qanunsuz yolla ucuz qiymətə alıcı qismində banka satılmışdır. Beləliklə, keçirilmiş hərraclar və torpaq sahəsinin ipoteka saxlayanın mülkiyyətinə keçməsi “İcra haqqında” qanuna ziddir. Belə ki, “İcra haqqında” qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda icra sənədi üzrə icraat dayandırılır. Həmin qanunun 17.1.7-ci maddəsinə görə icraatda olan iş üzrə qəbul edilmiş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayətinin müvafiq məhkəmələrin icraatına qəbul olunması icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması əsaslarından biri kimi müəyyənləşmişdir. Bu halda, apellyasiya şikayətinin Sumqayıt Şəhər Məhkəməsinin icraatına qəbul olunması icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması əsaslarından biri kimi müəyyənləşmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsi əsasında başlanmış icraat qeyd olunan maddəyə əsasən dayandırılmalı idi. Lakin icraat dayanmamış və nəticədə məhkəmənin yekun nəticəsini gözləmədən torpaq sahəsi mülkiyyətindən çıxmışdır. Bundan sonra, “Daşınar və daşınmaz əmlakların satışı X5” tərəfindən hərrac keçirilmiş, lakin hərracda torpaq sahəsi satılmamışdır. Torpağın qiymətləndirmə prosesində və hərracın keçirilməsində iştirakı təmin olunmamış, mülkiyyətində olan 0,10 ha torpaq sahəsi dəyərindən bir neçə dəfə ucuz olmaqla 10000 manat dəyərində qiymətləndirilmişdir. Abşeron rayon İcra şöbəsinin ona göndərdiyi xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, torpaq sahəsi mütəxəssis tərəfindən 10000 manat dəyərində qiymətləndirilərək, satış üçün “Daşınar və daşınmaz əmlakların satış mərkəzi”nə sifariş verilmiş əmlak 6375 manat dəyərində satıldığı üçün xx.xx.2014-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra vərəqəsinin icraatına xitam verilmişdir. Ona məxsus olan Saray qəsəbəsindəki 0,10 ha torpaq sahəsinin hər sotunun 2013-cü ildə bazar qiymətini bilməkdən ötrü Sumqayıt evlərin alğı-satqısı və kirayə verilməsi mərkəzinə müraciət etmiş, həmin mərkəz tərəfindən verilmiş arayışda Saray qəsəbəsi ərazisindəki ona məxsus və eyni zamanda ona yaxın ərazilərdə torpaq sahəsinin hər sotunun 2013-cü ildə bazar qiymətinin 4000- 4500 manat civarında, hazırki vəziyyətdə isə hər sotunun bazar qiymətinin 4000-5000 manat civarında olması göstərilmişdir. Ona torpağının hərraca qoyulub satılması bildirilməmiş, torpağın qiymətləndirmə prosesində iştirakı təmin olunmamışdır. Qiymətləndirmə prosesində yalnız iddiaçı tərəfin maraqları təmin edilmişdir. Torpaq hərraca qoyulub satılırsa, əvvəlcə torpağı almaq ona təklif olunmalı, imtina etdiyi halda, digər şəxsə satılmalı idi. 40000-45000 manat dəyərində olan torpaq sahəsinin qiyməti ucuz-10000 manat müəyyən edilmişdir. Eyni zamanda, ipoteka saxlayan “X2” açıq səhmdar cəmiyyəti ilə aralarında 02 mart 2012ci il tarixdə bağlanmış 766 saylı ipoteka müqaviləsinin 2.1-ci bəndində onun ipotekaya qoyduğu 0,10 ha torpaq sahəsi bank tərəfindən 40000 manat məbləğində qiymətləndirilmişdir. Nəticə etibarı ilə cavabdeh təşkilat xx.xx.2014-cü ildə hərrac keçirmişdir. Hərracın nəticəsi kimi onun mülkiyyəti olan torpaq sahəsi 14/01 saylı, xx.xx.2014-cü il tarixli protokol ilə 6375 manata “X2” açıq səhmdar cəmiyyətinə satılmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 17 fevral 2014-cü il tarixdə “Daşınar və daşınmaz əmlakların satışı X5”nə müraciət edərək hal-hazırda bankla məhkəmə mübahisəsinin davam etməsi barədə məlumat vermiş, bu məktubu hərrac mərkəzində xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2014-cü il tarixli, 13/57 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsinə aid icra sənədi üzrə icraata xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsi məhkəmə araşdırmalarının predmeti olduğu zaman icraya yönəlmiş, tələb ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilmiş, həmin torpaq sahəsi təkrar hərracda satılmadığı üçün 10.000 manat ilkin satış qiymətindən 25 % aşağı olmaqla 20 fevral 2014-cü il tarixli, 14/01 saylı protokolla tələbkar banka təklif edilmiş, bankla elə həmin tarixli alğı-satqı müqaviləsi əsasında bank borcun qismən əvəzi kimi 6375 manat dəyər hesabı ilə torpaq sahəsini qəbul etmişdir. 02 mart 2012-ci il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi ipoteka qoyularkən bank tərəfindən 40.000 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 07 avqust 2013-cü il tarixli hesabatından görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi tələblə təklifın qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 10000 manat təşkil edir. "xxxx" MMC-nin 09 iyun 2020ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı ipotekaya qoyduğu Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixinə bazar dəyəri nəzərə alınmaqla ilkin satış qiyməti 45000 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, İddiaçı ipotekaya qoyduğu Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin orta bazar qiyməti 44000 manat, likvid dəyəri 40000 manat müəyyən edilmişdir. Bundan başqa ipoteka predmetinin ilkin satış qiyməti ilə qiymətləndiricinin hesabatı arasında kəskin uyğunsuzluq olmuş, bu uyğunsuzluğun aradan qaldırılması üçün digər qiymətləndiricinin rəyinin alınmalı olduğu halda alınmamışdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 454 saylı hesabatın, “Daşınar və daşınmaz əmlakların satışı X5” MMC-nin keçirdiyi hərracın nəticələrinin 14/1 saylı, xx.xx.2014-cü il tarixli protokolunun, bankla alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də Abşeron Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır.

9. Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli (hakim C.Səfiyeva) qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013cü il tarixli qətnaməsinin icrası üzrə İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 07 avqust 2013-cü il tarixli, 454 saylı hesabatın ləğv edilməsi, “Daşınar və Daşınmaz Əmlakların Satışı X5” MMC-nin keçirdiyi hərracın nəticələrinə dair 14/1 saylı, xx.xx.2014-cü il tarixli protokolun və “X2” ASC ilə bağladığı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu əsasda “X2” ASC-nin adına DƏDRX tərəfindən verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən, məruzəçi), Ş.Abasov və A.Abbasov) hazırki iş üzrə Abşeron rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Abşeron rayon İcra və Probasiya şöbəsinə, X3 “X2” açıq səhmdar cəmiyyətinə, “Daşınar və Daşınmaz Əmlakların Satışı X5” məhdud məsuliyyətli cəmiyyətinə, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə qarşı əmlakların qiymətləndirilməsi barədə hesabatın, hərracın nəticələrinin, 14/1 saylı, xx.xx.2014-cü il tarixli protokolun, alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız edilməsi tələbinə dair mülki iş üzrə iddiası təmin edilməmişdir. Ali Məhkəmənin mülki kollegiyasının 06 noyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər Q.Allahverdiyev (sədrlik edən və məruzəçi) İ.Xələfov və Ə.Şadıyev) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 13 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, hərracın keçirilmə vaxtına və iş üzrə çıxarılmış məhkəmə aktlarının tarixindən aydın olur ki, hərrac qanuni qüvvəyə minməmiş məhkəmə aktı əsasında keçirilmişdir. Belə ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsini aldıqdan sonra ondan apellyasiya şikayəti vermiş, sonradan şə apellyasiya və kassasiya qaydasında baxılmışdır. İcra icraatı üzrə tələbkar olan hazırkı iş üzrə cavabdeh hərracın keçirildiyi vaxtda həmin iş üzrə çıxarılmış məhkəmə qətnaməsi mübahisələndirilmiş və qətnamə qanuni qüvvəsini almamışdır. “İcra haqqında” qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda icra sənədi üzrə icraat dayandırılır. Həmin qanunun 17.1.4-cü maddəsinə görə icraatda olan iş üzrə qəbul edilmiş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayətinin müvafiq məhkəmələrin icraatına qəbul olunması icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması əsaslarından biri kimi müəyyənləşmişdir. Bu halda, apellyasiya şikayətinin Sumqayıt Şəhər Məhkəməsinin icraatına qəbul olunması icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması əsaslarından biri kimi müəyyənləşmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsi əsasında başlanmış icraat qeyd olunan maddəyə əsasən dayandırılmalı idi. Lakin icraat dayanmamış və nəticədə məhkəmənin yekun nəticəsini gözləmədən torpaq sahəsi mülkiyyətindən çıxmışdır. Bundan sonra, “Daşınar və Daşınmaz Əmlakların Satışı X5” tərəfindən hərrac keçirilmiş, lakin hərracda torpaq sahəsi satılmamışdır. Torpağın qiymətləndirmə prosesində və hərracın keçirilməsində iştirakı təmin olunmamış, mülkiyyətində olan 0,10 ha torpaq sahəsi dəyərindən bir neçə dəfə ucuz olmaqla 10000 manat dəyərində qiymətləndirilmişdir. Abşeron rayon İcra şöbəsinin ona göndərdiyi xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, torpaq sahəsi mütəxəssis tərəfindən 10000 manat dəyərində qiymətləndirilərək, satış üçün “Daşınar və Daşınmaz Əmlakın Satış Mərkəzi”nə sifariş verilmiş əmlak 6375 manat dəyərində satıldığı üçün xx.xx.2014- cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra vərəqəsinin icraatına xitam verilmişdir. İddianı təmin etməyən apellyasiya instansiya məhkəməsi hərrac barədə iddiaçıya məlumat verilməsinə əsaslansa da, nəzərə almamışdır ki, iş üzrə çıxarılmış məhkəmə qətnaməsi mübahisələndirildiyindən və qətnamə qüvvəsini almadan hərrac keçirilə bilməzdi və bu qaydalar pozulmaqla keçirilmiş hərracın nəticələri qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nin xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsində torpağın Cavabdeh1 adına verilməsi barədə çıxarışın və buna dair sənədlərin götürülüb məhkəməyə təqdim edilməsi barədə 3 dəfə həmin idarəyə vəkil sorğuları göndərilsə də, sənədlərin göndərilməsi təmin olunmamışdır. Ona görə də iş üçün mühüm əhəmiyyət kəsb edən-torpaq sahəsinin Cavabdeh1 adına özgəninkiləşdirilməsi barədə çıxarış məhkəmənin qərardadına əsasən götürülməsi zərurəti yaranmışdır. Sumqayıt Asan Xidmət mərkəzinin notariat kontoru tərəfindən təqdim olunmuş xx.xx.2015ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 0,10 ha torpaq sahəsi “X4” ASC tərəfindən 14200 manata Cavabdeh1 satılmışdır. Notariat kontoru tərəfindən təqdim olunmuş Seriya RX ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın sürətindən görünür ki, həmin torpaq sahəsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsində “X2” ASC-nin adına mülkiyyət kimi qeydə alınmışdır.

10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-601/2023 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 390, 427.3, 442, 324, 337-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 14.2, 77-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır.

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. İşin faktiki halları ilə müəyyən olunmuşdur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,10 ha toppaq sahəsinin qiymətləndirilməsinə dair "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə xx.xx.2013cü il tarixli 454 saylı hesabatı ləğv edilmiş, “Daşınar və Daşınmaz Əmlakın Satışı X5” MMC-nin keçirdiyi hərracın nəticələrinə dair 14/1 saylı xx.xx.2014-cü il tarixli protokolu və “X2” ASC ilə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və bu əsasla “X2” ASC-nin adına DƏDRX tərəfindən verilmiş çıxarış ləğv edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyanın xx.xx.2020-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyanın xx.xx.2021-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Qərar icraya yönələndən sonra İddiaçı mübahisəli torpaq sahəsinin Bank tərəfindən Cavabdeh1 dəyərindən bir neçə dəfə ucuz - 14.200 manata alqı-satqı müqaviləsi ilə satılmasını və 4 saylı Abşeron Ərazi İdarəsində Cavabdeh1 adına xx.xx.2015-ci il tarixdə çıxarışın verilməsini bilmişdir. Həmin səbəbdən məhkəmənin qərarının icra edilməsinin mümkün olmaması bardə Abşeron rayon İcra şöbəsindən ona rəsmi bildirilmişdir. Halbuki, bank torpaq sahəsini girov kimi yüklü edərkən 40.000 manat dəyrində qiymətləndirmişdir. Bank əmlakı 6375 manata əldə etmişdir. Bankla cavabdeh arasında bağlanmış əqdə əsas olan hərrac və onun hüquqi nəticəsi olan çıxarış məhkəmə qətnaməsi ilə etibarsız hesab edildiyi üçün həmin hüquqi sənədlə bağlanmış əqd də etibarsız hesab edilməli və hər şey ilkin vəziyyətə qayıdaraq çıxarışı hüquqi cəhətdən bərpa edilməlidir. Bunu maddi normalar tələb etdiyi halda, məhkəmə iddiasını təmin etməmiş və onun mülkiyyət hüquqları pozmuşdur. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə pinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Sübutlara obyektiv, qəraəzsiz, hərtərəfli və tam baxdıqdan sonra obyektiv, qəraəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə qətnaməsi qanunun mənafeyinə uyğun əsaslandırmalıdır. Lakin hazırkı qətnaməni qəbul edərkən məhkəmə bu prosesual hüquq normalarına əməl etməmiş, onun qəbul etdiyi qətnamə işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmamışdır. İlkin hüquqi nəticələr ləğv və etibarsız hesab edildikləri halda, məhkəmə həmin hüquqi sənədlərlə həyata keçirilmiş əqdlərı qanuni hesab etmiş və iddiasını təmin etməmişdir. Qanunsuz hərracla mülkiyyəti əldə etmiş bankın əldə etdiyi çıxarış və bunun əsasında əmlakını satması onun mülkiyyət hüquqlarını pozması tam aydın olduğu halda, məhkəmə öz qətnaməsində göstərmişdir ki, iddiaçı məhz hansı hüquqlarının pozulmasını əsaslandıra bilməmişdir. Belə hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə prosesual baxımdan əsassız olmaqla, işin hallarına tam uyğunsuz olmuşdur. Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Lakin məhkəmə qeyd edilən maddənin tələblərini pozmuşdur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin gəldiyi nəticəni mübahisələndirməklə öz səlahiyyət həddini aşmış, eləcə də həmin qətnamədə qəbul edilmiş nəticələrin əksinə nəticəyə gəlmişdir. Belə ki, artıq bundan əvvəlki qətnamə ilə hərrac və bankın adına olan çıxarış etibarsız hesab edilmişdir və onun hazırkı iddiası həmin etibarsız sənədlərlə aparılmış əqdlərın (hüquqi nəticələrin) ləğvinə yönəlmişdir və bu zaman onun mülkiyyət hüquqlarının müdafiəsi üçün iddianın təmin edilməsi qaçılmaz olmuş və bu qanunun birbaşa tələbi olmuşdur. Lakin məhkəmə bu prosesual normanın tələblərinə zidd olaraq heç bir əsaslandırma olmadan iddiasını əsassız olaraq təmin etməmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi əsası kimi ona istinad etmişdir ki, İddiaçı hansı hüquqlarının pozulmasını, iddia tələbinin hüquqi əsasının nədən ibarət olması əsaslandıra bilməməsi ilə nəticəyə gəlmişdir. Göründüyü kimi məhkəmə bankın İddiaçı xəbərsiz və iştirakı olmadan hərracda 40000-45000 dəyərində, eyni zamanda bank torpaq sahəsini ipoteka yüklü edərkən 40000 manat dəyərində qiymətləndirdiyi torpaq sahəsini dəyərindən çox aşağı 6375 manata əldə etməsi və sonra da bankın torpağı dəyərindən çox aşağı olmaqla 14200 manata Cavabdeh1 alqı-satqı etməsini aydınlaşdırmamşdır. İddiaçı mülkiyyət hüququ pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 iddiaçı birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 İddiaçı mülkiyyətində olmuş 0,10 ha torpaq sahəsinin kredit müqaviləsində nəzərdə tutulmuş 40000 manat dəyərindən ucuz olmaqla 6375 manata alması və sonra Cavabdeh1 ucuz qiymətə alqı-satqı etməsi ilə bağlı cavabdeh ləğvetmə prosesində olan “X4” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə bağlı hissəsinə qiymət verməmiş, bu barədə mötəbər sübutlar əldə olunmamamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilmənəsini xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı, Cavabdeh1 və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə, Sumqayıt Regional “ASAN xidmət” mərkəzi notariat ofisinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

Maddə 182. Vicdanlı əldə edən 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. (...)

Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı 02 mart 2012-ci il tarixli, 9615 saylı kredit müqaviləsi üzrə 17.613 (on yeddi min altı yüz on üç) manat məbləğində əsas kredit borcu, 2480 (iki min dörd yüz səksən) manat məbləğində faiz borcu, 750 (yeddi yüz əlli) manat məbləğində cərimə faiz borcu, ümumilikdə isə 20.843 (iyirmi min səkkiz yüz qırx üç) manat kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına "xxxx" ASC-nin Sumqayıt filialına olan borcun qaytarılması qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2013-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır.

22. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsi məhkəmə araşdırmalarının predmeti olduğu zaman icraya yönəlmiş, tələb ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilmiş, həmin torpaq sahəsi təkrar hərracda satılmadığı üçün, 10.000 manat ilkin satış qiymətindən 25 % aşağı olmaqla 20 fevral 2014-cü il tarixli, 14/01 saylı protokolla tələbkar banka təklif edilmiş, bankla elə həmin tarixli alqı-satqı müqaviləsi əsasında bank borcun qismən əvəzi kimi 6375 manat dəyər hesabı ilə torpaq sahəsini qəbul etmişdir. Bankın həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü ildə **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən dövlət reyestrində qeydə alınmışdır.

23. 10 yanvar 2015-ci il tarixli, ******* seriyalı, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən bank mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsini alıcı Cavabdeh1 satmışdır.

24. Cavabdeh1 həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci ildə **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən dövlət reyestrində qeydə alınmışdır.

25. İddiaçı cavabdehlər Abşeron rayon İcra şöbəsinə, X3 “X2” ASC-yə, “Daşınar və Daşınmaz Əmlakların Satışı X5” MMC-yə əmlakın qiymətləndirilməsi baradə 07 avqust 2013-cü il tarixli, 454 saylı hesabatın ləğv edilməsi, “Daşınar və Daşınmaz Əmlakların Satışı X5” MMC-nin keçirdiyi hərracın nəticələrinə dair 14/1 saylı, xx.xx.2014-cü il tarixli protokolun ləğvi və bankla alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş Çıxarışın ləğvi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir.

26. Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsinin icrası üzrə İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 07 avqust 2013-cü il tarixli, 454 saylı hesabatın ləğv edilməsi, “Daşınar və Daşınmaz Əmlakların Satışı X5” MMC-nin keçirdiyi hərracın nəticələrinə dair 14/1 saylı, xx.xx.2014-cü il tarixli protokolun və “X2” ASC ilə bağladığı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu əsasda “X2” ASC-nin adına DƏDRX tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.

27. Daha sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

28. İlk öncə iddia tələbinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq münasibətlərində vicdanlılıq prezumpsiyadır (quivis bonus praesumitur) qaydası tətbiq olunur. Yəni əşyanı əldə edənin vicdanlı olduğu ehtimal edilir. Bu prezumpsiyanın əksini iddia edən onu sübuta yetirməlidir. Bu baxımdan hazırkı işdə Cavabdeh1 vicdanlı olmadığını sübuta yetirmək yükü iddia tərəfinin üzərinə düşür.

29. İşdən görünür ki, “X2” ASC mülkiyyətində olan 0,1 ha torpaq sahəsini 10 yanvar 2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmışdır.

30. Beləliklə, müəyyən olunur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyətçi (cavabdeh) notarial qaydada təsdiqlənmiş müqavilə əsasında əşyaya sərəncam verməklə onun hüquqi müqəddəratını həll etmişdir. Bu sərəncamın da əvəzli olması iş materiallarından müəyyən edilmişdir.

31. Mübahisəli əşyanı alan şəxsin-satıcının (cavabdehin) mülkiyyət hüquqlarına dair dövlət reyestrindəki qeydinin əsassız olmasını bilməsi, yaxud həmin qeydlərə dair etirazın reyestrə daxil edildiyi mötəbər sübutlarla təsdiqlənmir.

32. Belə olan halda, Cavabdeh1 vicdanlı əldə edən şəxs olduğundan satıcının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışı ləğv edilsə, həmin çıxarışın verilməsinə əsas olmuş alqı-satqı müqaviləsi etibarsız olsa belə əşyanı vicdanlı əldə edənin bağladığı müqavilə etibarsız sayıla bilməz.

33. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

34. Bu qayda ona dəlalət edir ki, əşya hüquqları əldə olunarkən hətta daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat əsassız olsa (həqiqi hüquqi vəziyyətə görə əşyaya sərəncam verənin buna səlahiyyəti olmasa) belə, əgər əldə edən bunu bilmirsə, yaxud qeydə dair etiraz reyestrə daxil edilməyibsə hüququ əldə etmiş şəxs vicdanlı sayılır.

35. Vicdanlı əldə edən üçüncü şəxsin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatının əsassızlığı onun həmin qeydin qeyri-dəqiq olmasını bildiyi halda mümkündür. Hazırkı halda isə şəxsin vicdanlı alıcı olması müəyyən olunur.

36. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin S.N.Məmmədovanın şikayəti üzrə 27 oktyabr 2004-cü il tarixli qərarına əsasən, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazınının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. ...əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

37. Mübahisəli torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında vicdanlı alıcı olaraq Cavabdeh1 aldığından həmin torpaq sahəsinə dair bağladığı müqavilə etibarsız hesab edilə bilməz. İddia tələbinin digər hissələri alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsindən asılı olduğundan və məhkəmə kollegiyası iddianı həmin hissədə əsaslı hesab etmədiyindən hesab edir ki, iddia tələbi digər hissələrdə də əsassızdır.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

39. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-601/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar