Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1296/2025 04.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin xüsusi notariusu X1 qarşı mülki iş üzrə (Açar söz: icra qeydinin ləğv edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X6 və X4 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, müstəqil tələb sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3070/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətini cəlb etməklə cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin xüsusi notariusu X1 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin 8İ-1314 saylı, 27 yanvar 2024-cü il tarixli icra qeydinə əsasən Cavabdeh1 notariusu Cəmaləddin Rüstəmov “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respulikası Qanununun 38.1-ci maddəsinə əsasən həmin sənədlər üzrə ipoteka saxlayan "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin tələbi ilə ipoteka qoyan ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 26/11 ünvanında yerləşən 9 saylı mənzilə (Yeni qaydalarla: AZ5008, Sumqayıt şəhəri, Koroğlu prospekti, 295, M3, m.1) əmlaka tutma yönəldilmişdir. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı arasında bağlanmış 14 dekabr 2022-ci il tarixli, 2022/4028 saylı, xx.xx.2025 kredit müqaviləsinə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin İddiaçı illik 32% hesablanmaqla 36 ay müddətinə 13000 manat məbləğində kredit verilmişdir. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı arasında bağlanmış 14 dekabr 2022-ci il tarixli, № 2022/4028-İP yaşayış evinin ipoteka müqaviləsinə əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 26/11 ünvanında 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 45,20 kv.m, ümumi 30,5 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 9 saylı mənzilin "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin qarşısında ipoteka ilə yüklü edilmiş və yüklülük Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********08-05101-093070 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Lakin qanunvericiliyə əsasən notarius icra qeydi barədə iddiaçıya xəbərdarlıq etməmiş və icra qeydinin surəti göndərilməmişdir. Həmçinin, kredit borcu, faizlər həddən artıq şişirdilmiş və düzgün müəyyən edilməmişdir. Bank kredit borcunun faiz hissəsini süni olaraq artırıb əlavə faiz hesablanmışdır. Göstərilənlərə əsasən, Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin 8İ-1314 saylı, 27 yanvar 2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Müstəqil tələb sürməyən üçüncü şəxs "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən iddia tələbinə qarşı etiraz verilərək qeyd edilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş icra qeydinə əsasən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan- Az1065, Bakı şəhəri Yasamal rayonu, X7, ev 177 ünvanında yerləşən "X10 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) tələbi ilə ipoteka qoyan- Sumqayit Şəhəri, 8- Ci Mikrorayon, Ev 26/11, Mənzil 9 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2021 - Asan-Sumqayıt; FİN: xxxxxxx; d/t: xx.xx.1986) məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 26/11 ünvanında yerləşən 9 saylı mənzilə - (Yeni qaydalarla: AZ5008, Sumqayıt şəhəri, Koroğlu prospekti, 295, M3, m1) ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir. (Öhdəliyi müəyyən edən 3M-7002 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 12780.46 AZN əsas borc, 2654.52 AZN faiz borcu , 4680.00 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 20114.98 AZN təşkil edir.) Bundan əlavə borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 20139 manat 98 qəpik (iyirmi min yüz otuz doqquz manat doxsan səkkiz qəpik) pul tutulmalıdır. Həmin icra qeydi xx.xx.2024 tarixdə aparılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, notarius icra qeydi barədə iddiaçıya xəbərdarlıq etməmiş və icra qeydinin surətini iddiaçıya göndərməmişdir. Qanunvericilikdə notariusun icra qeydi barədə borcluya xəbərdarlıq etməsi və icra qeydinin surətini borcluya göndərməsi kimi norma yoxdur. "xxxx" Bokt MMC tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq iş üzrə İddiaçı qeydiyyatda olduğu, faktiki yaşadığı ipoteka predmetinin yerləşdiyi ünvan 1 ünvanına 19 dekabr 2023-cü il tarixdə 2868 saylı “ipoteka predmetinə məhkəmə qaydasında və ya icra qeydi əsasında tutmanın yönəldilməsinə dair” bildiriş, məktub və bağlamaların daşınması xidməti ilə məşğul olan Mega Post Service vasitəsilə göndərilmişdir. Bildiriş xx.xx.2023-cü il tarixdə ipoteka predmetinin yerləşdiyi ünvan 1 ünvanında “Muradov” soyadlı şəxs tərəfindən qaiməyə imza edilməklə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən, bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. İddiaçı iddia ərizəsində qeyd etdiyi əsassız mülahizələri nəzərə alınaraq icra qeydi ləğv edilə bilməz. İddiaçının icra qeydini məhkəmə qaydasında mübahisələndirməsinin səbəbi prosesual hüququndan sui-istifadə etməklə müqavilə öhdəliklərindən bu və ya digər formada yayınmaq və ya icra qeydinin icrasını müəyyən formada uzatmaqdan ibarətdir. Odur ki, iddia ərizəsi əsassız hesab edilərək rədd edilməlidir.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3070/2025 saylı qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi rədd edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 8İ-1314 saylı notariat işinin materiallarına əsasən tələbkar (ipoteka saxlayan) tərəfindən borcluya bildiriş göndərilmiş, həmin bildirişin borcluya göndərilməsini təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir. Müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.5, 36.1, 36.2, 36.3, 36.3-1, 36.4, 36.5, 37.1, 37.3, 38.1, 38.2-ci, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169-1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellaysiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3070/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərildiyi kimi iddiaçı tərəfindən təqdim olunmuş sübutlar – o cümlədən kredit müqaviləsinin surəti, ödəniş cədvəlləri, müştəri ilə təşkilat arasında baş vermiş yazışmalar, eləcə də xx.xx.2024cü il tarixli icra qeydinin qeyri-qanuni tərtib edilməsi ilə bağlı iddialar lazımi dərəcədə araşdırılmamışdır. Məhkəmə bu sənədlərin hüquqi mahiyyətini qiymətləndirməmiş, nəticədə qərar yalnız cavabdeh tərəfin təqdim etdiyi faktlara söykənmişdir. “Notariat haqqında” Qanunun 63-cü maddəsinə əsasən icraya yönəldilən sənəd üzrə notarius yalnız qanunla müəyyən edilmiş hallarda və şərtlərlə icra qeydi apara bilər. Lakin iş materiallarından görünür ki, "xxxx" BOKT MMC tərəfindən təqdim edilmiş sənəd tələbin hüquqi qüvvəyə malik olduğunu sübut etmir. Belə ki, kredit müqaviləsinin ödəniş müddəti ilə bağlı əsas müddəaları aydın şəkildə göstərilməmiş, gecikmiş əsas borcun və faizlərin hesablanması ilə bağlı rəsmi bildirişin verilməsi faktı sübut olunmamışdır. Mübahisəli borc məbləğinə dair razılaşdırılmış cədvəl və ya akt yoxdur. Bu hallarda borcun mövcudluğu və məbləği aydın və mübahisəsiz sayılmadığından, notariat icra qeydi aparıla bilməzdi. Notarius tərəfindən “icra qeydi” aparılarkən tərəflər arasında mübahisənin olması faktı nəzərə alınmalı idi. Məhkəmə borcun mövcudluğuna dair iddiaçının etirazlarını və cavabdehlə yazışmalarını nəzərə almadan, kredit təşkilatının təqdim etdiyi hesablamaları əsas tutmuşdur. İddia ərizəsində xüsusi notariusun notariat icra hərəkəti zamanı qanunun pozulması faktı konkret əsaslarla göstərilmişdi. Lakin məhkəmə bu arqumentlərə hüquqi qiymət verməmiş, notariusun məsuliyyəti məsələsini tamamilə diqqətdən kənarda saxlamışdır.Notarius yalnız hüquqi əsas olduqda icra qeydini aparmalıdır. Əgər əsas etibarnamə mübahisəlidirsə və ya artıq hüquqi qüvvəsini itiribsə, icra qeydi də etibarsız hesab edilə bilər. Məhkəmə notariatın fəaliyyətini yalnız forma baxımından yoxlayıb, lakin material əsasları və etibarnamənin mötəbərliyi məsələsini kənarda qoyubsa bu maddələrin düzgün tətbiq olunmaması baş verib. İcra qeydinin əsaslandığı etibarnamə ya qeyriqanuni surətdə əldə edilibsə, yaxud etibarnamənin verilməsində iradə pozuntusu varsa, bu zaman həmin icra hərəkətləri etibarsız hesab olunmalıdır. Məhkəmə bu ehtimalı ciddi şəkildə araşdırmayıb, sübutlarla bağlı dərin təhlil aparmayıbsa, bu maddələrin tətbiqində yanlışlığa yol verilmiş ola bilər. Məhkəmə icra qeydinin hüquqi əsaslarını və onun verilmə şərtlərini araşdırmamışdır. Xüsusilə, təqdim edilən kredit müqaviləsinin məcburi icraya yönəldilə bilən sənəd olub-olmaması, borcun tərəflər arasında mübahisəsiz olması məsələləri yoxlanılmamışdır. Bu səbəbdən məhkəmənin qərarında hüquqi səhv vardır. Ərizəçinin təqdim etdiyi ödəniş sənədləri, bank çıxarışları və digər sübutlar lazımi qaydada qiymətləndirilməmişdir. Borcun tam və ya qismən ödənilib-ödənilmədiyi mövzusu məhkəmədə kifayət qədər araşdırılmadan qərar qəbul olunmuşdur. Notariusun icra qeydi vermə zamanı müvafiq qanun və qaydalara uyğun hərəkət edib-etmədiyi məsələsi araşdırılmamışdır. Xüsusilə, mübahisəli sənədlər əsasında icra qeydi verilməsinin qadağan olması prinsipi pozulmuş ola bilər. Bu da hüquqi nöqteyi-nəzərdən ciddi çatışmazlıqdır. Ərizəçinin kredit müqaviləsini bağlama prosesi zamanı iştirakına və onun iradəsinin uyğunluğuna dair məsələlər yoxlanılmayıb. Müqavilənin imzalanması zamanı saxtakarlıq və ya ərizəçinin iradəsinin əksikliyi barədə iddialar məhkəmədə araşdırılmayıb. Nəhayət, məhkəmə Mülki Prosessual Məcəllənin 14 və 88-ci maddələrinə uyğun olaraq bütün tərəflərin təqdim etdiyi sübutları tam və obyektiv qiymətləndirməli idi. Lakin bu, həyata keçirilməmiş və yalnız cavabdehin təqdim etdiyi sənədlərə əsaslanaraq qərar verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bir sıra faktiki hallar müəyyən edilmişdir. Lakin həmin hallar üzrə kifayət qədər sübut təqdim edilməmiş və ya mövcud sübutlar qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməmişdir. Məsələn, məhkəmə qərarında qeyd olunan borcun miqdarı və onun yaranma əsası tam sübut olunmamışdır. Borcun konkret məbləği və yaranma səbəbi ilə bağlı tərəflər arasında mövcud mübahisələrə dair heç bir yazılı və ya digər etibarlı sənəd sübut kimi təqdim edilməmişdir. Həmçinin, məhkəmə tərəfindən qeyd olunan notariusun icra qeydi vermə prosedurunun qanuniliyinə dair sübutlar məhkəmə baxışı zamanı araşdırılmamışdır. İcra qeydi verilməzdən əvvəl notariusun təqdim olunan sənədlərin tamlığını və qanuniliyini yoxlaması tələb olunmasına baxmayaraq, bunun faktiki olaraq həyata keçirilməsi sübut olunmamışdır. Daha öncə ərizəçi tərəfindən iddia edilən ödənişlərin mövcudluğu və məbləği ilə bağlı sübutlar da tam təqdim olunmayıb və ya məhkəmə tərəfindən qiymətləndirilməyib. Ümumilikdə, birinci instansiya məhkəməsinin müəyyən etdiyi, lakin sübut edilməyən faktiki hallar işin obyektiv və tam həllinə mane olmuşdur. Bu da məhkəmə qərarının qanunsuzluğuna və əsassızlığına gətirib çıxarmışdır. Məhkəmə borcun mövcudluğu və məbləği barədə qətnamədə qeyd etdiyi nəticəni əsaslandırmaq üçün təqdim olunmuş sübutları tam və obyektiv şəkildə araşdırmamışdır. İş üzrə təqdim edilmiş sənədlərin və ifadələrin təhlili göstərir ki, borcun məbləği ilə bağlı ciddi mübahisələr mövcuddur və bu mübahisələr məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçinin, məhkəmə qərarında iddia olunan istifadə hüququna dair şərtlər və faktiki vəziyyət arasında uyğunsuzluq vardır. Tərəflərin müqavilə və digər sənədlərində göstərilən hüquqlar və öhdəliklər məhkəmənin nəticələri ilə ziddiyyət təşkil edir. Qərarda həmçinin cavabdehin mövcud yaşayış şəraitinə, ailə vəziyyətinə və digər sosial hallara düzgün qiymət verilməmiş, bu da məhkəmə qərarının ədalətli olmasına mane olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Müstəqil tələb sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilərək qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam qanunidir və iddia tələbi əsassızdır. Apellyasiya şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas mövcud deyildir. İcra qeydi qanuni əsaslarla aparılmışdır. Azərbaycan Respublikası "Notariat haqqında" Qanunun 76-cı maddəsinə və "İpoteka haqqında" Qanunun 38-ci maddəsinə əsasən, ipoteka saxlayanın notarius vasitəsilə icra qeydi əsasında tutma hüququ vardır. Məhz bu qanunvericilik çərçivəsində "xxxx" BOKT MMC tərəfindən borclu İddiaçı daşınmaz əmlakına – ünvan 1 ünvanında yerləşən ipoteka predmeti – tutma yönəldilmişdir. İddiaçıya qanunvericiliyə uyğun bildiriş təqdim olunmuşdur. “İpoteka haqqında” Qanunun 36.1 və 36.2-ci maddələrinə uyğun olaraq, 19 dekabr 2023-cü il tarixində "xxxx" BOKT MMC tərəfindən 2868 saylı bildiriş poçt vasitəsilə borclunun qeydiyyatda olduğu və ipoteka predmeti olan ünvana – ünvan 6-cü il tarixdə isə həmin bildiriş “Muradov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Bu hal Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən sübut edilmiş sayılır. İddiaçı məhkəmə hüququndan istifadə etməyib. “İpoteka haqqında” Qanunun 37.1-ci maddəsinə əsasən bildirişi aldıqdan sonra ipoteka qoyan 21 gün müddətində məhkəməyə müraciət edə bilər. Lakin bu müddət ərzində hər hansı hüquqi addım atılmamış və yalnız icra qeydi aparıldıqdan sonra məhkəmə qaydasında şikayət verilmişdir. Bu isə hüquqi möhlət müddətinin ötürülməsi və icra mexanizminə müdaxilə məqsədi daşıyır. İcra olunan məbləğlər dəqiq və əsaslıdır. 3M- 7002 saylı müqavilə üzrə iddiaçı 12780.46 manat əsas borc, 2654.52 manat faiz borcu, 4680.00 manat dəbbə pulu və 25.00 manat dövlət rüsumu daxil olmaqla, cəmi 20139.98 manat borc öhdəliyini yerinə yetirmədiyindən, ipoteka predmetinə qanunla nəzərdə tutulan qaydada tutma yönəldilmişdir. Apellyasiya şikayəti əsassızdır. İddiaçı birinci instansiya məhkəməsinin icraatında olan zaman nə özü, nə də vəkili məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələblərini müdafiə etməmişdir. Bu da onun şikayətinin formal xarakter daşıdığını və məqsədin yalnız icra prosesini ləngitmək olduğunu göstərir. İddiaçının hazırkı apellyasiya şikayəti prosesual hüquqlarından sui-istifadə etmə və icranı lüzumsuz şəkildə uzatmaq məqsədi güdür. Bu hal həm müqavilə öhdəliklərinin yerinə yetirilməsinə mane olur, həm də qanuni icra prosesini pozur. Nəticə olaraq, yuxarıda göstərilən hüquqi və faktiki əsaslara görə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması xahiş edilir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət formal xarakter daşıyır, təmin olunmamasını xahiş edir. Şikayətə münasibəti etirazda ətraflı qeyd etmişlər. Qanunvericiliyə əməl olunaraq, müddətlər gözlənilməklə icra qeydi üçün notariusa müraciət edilib. Həmin müddətlər ərzində heç bir şikayət daxil olmamışdır. İcra qeydi qanuni həyata keçirilib. Kredit müqaviləsinə əsasən faiz borcu hesablanıb. Cəriməni müqavilə müddətində hesablamışlar. Müqavilənin müddəti 2025-ci ilin dekabrında bitəcəkdir. Buna görə də şikayətin rədd edilməsini xahiş edir.
11. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, apellyasiya şikayətində bütün hüquqi mövqeyi, arqumentləri və tələbi ətraflı şəkildə göstərilmişdir. İştirak etmədən də işin mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsi mümkündür. İşə onların iştirakı olmadan baxılmasını xahiş edir. Əsas borcun ödənilməsi öhdəliyi saxlanılması, lakin tətbiq olunmuş faizlər həddən artıq çox olduğundan bu faizlərin azaldılmasını, Mülki Məcəllənin 439, 445-ci maddələrinə əsasən, borcun icrasının tərəflərin vəziyyətinə uyğun olaraq qrafikləşdirilməsi və hissə-hissə ödənilməsi imkanının təmin olunmasını xahiş edir.
12. Cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin xüsusi notariusu X2 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
13. "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/4028 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 36 ay müddətinə, illik 32% olmaqla, 13000 manat məbləğində kredit vermişdir.
14. "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanılmış 14 dekabr 2022-ci il tarixli, 2022/4028-İP saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 26/11 ünvanında yerləşən 9 saylı mənzil (Yeni qaydalarla: AZ5008, Sumqayıt şəhəri, Koroğlu prospekti, 295, M3, m1) xx.xx.2022-ci il tarixli, 2022/4028 saylı kredit müqaviləsi öhdəliklərin təminatı ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin dəyəri 38000 manat məbləğində qiymətləndirilmişdir.
15. "xxxx" BOKT MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı əsas borc üzrə 12780,46 manat, faiz borcu üzrə 2654,52 manat, cərimə borcu üzrə 4680 manat olmaqla, ümumilikdə 20114,98 manat məbləğində borcu mövcuddur.
16. "xxxx" BOKT MMC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 2868 saylı “ipoteka predmetinə məhkəmə qaydasında və ya icra qeydi əsasında tutmanın yönləndirilməsinə dair” bildirişdə qeyd edilmişdir ki, 4028/2022 saylı kredit müqaviləsi üzrə öhdəlikləri 21 gün ərzində tam icra etmədiyi halda, Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun 34-38-ci maddələrinə əsasən ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldiləcəkdir.
17. xx.xx.2023-cü il tarixli poçt sənədinin surətindən görünür ki, "xxxx" BOKT MMC tərəfindən borcluya göndərilmiş bildiriş xx.xx.2023-cü il tarixdə “Muradov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir.
18. "xxxx" BOKT MMC-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 2903 saylı məktubda qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir.
19. "xxxx" BOKT MMC xx.xx.2024-cü il tarixdə “ipoteka predmetinə icra qeydi əsasında tutmanın yönəldilməsi barədə” ərizə ilə notariat ofisinə müraciət etmişdir.
20. Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli, № 8İ/1314 saylı icra qeydindən görünür ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti/ VÖEN:********** tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 26/11 ünvanında yerləşən 9 saylı mənzilə (Yeni qaydalarla: AZ5008, Sumqayıt şəhəri, Koroğlu prospekti, 295, M3, m1) ünvanda yerləşən əmlaka tutma yönəldilməlidir. Öhdəliyə müəyyən 4680 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 20114,98 manat təşkil edir. Bundan əlavə, borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu haqq olmaqla, cəmi 20139 manat pul tutulmalıdır.
21. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarılşların surətindən görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 26/11 ünvanında yerləşən 9 saylı mənzil (Yeni qaydalarla: AZ5008, Sumqayıt şəhəri, Koroğlu prospekti, 295, M3, m1) iddiaçının mülkiyyətində olmaqla, həmin əmlak üzərində ipoteka müqaviləsi üzrə yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
Tətbiq edilən hüquq
22. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır.
23. “Notariat haqqında” Azərbaycan Respublikasının qanunu: Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat
161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.
162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İcra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı
2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı;
34. Bənd 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2- ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.
26. Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
27. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3070/2025 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3070/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, iş materiallarnda olan "xxxx" BOKT MMC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 2868 saylı “ipoteka predmetinə məhkəmə qaydasında və ya icra qeydi əsasında tutmanın yönləndirilməsinə dair” bildirişdən görünür ki, borclu 4028/2022 saylı kredit müqaviləsi üzrə öhdəlikləri 21 gün ərzində tam icra etməsi ilə bağlı xəbərdar edilmiş, borcun 21 gün müddətində ödənilmədiyi halda “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 34-36-cı maddələrinə əsasən ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldiləcəyi bildirilmişdir. Həmin bildirişdə kredit müqaviləsi üzrə 20114,98 manat məbləğində (12780,46 manat əsas borc, 2654,52 manat faiz borcu, 4680 manat dəbbə borcu) borcun ödənilməsi tələb olunmuşdur. Göndərilmiş bildiriş iddiaçıya məxsus ünvandan qəbul edilmiş, lakin iddiaçı bildirişdə tələb edilən borc məbləğinə və tələbin icra qeydi əsasında ipotekaya yönəldilməsinə dair etirazını bildirməsinə dair məhkəməyə hər hansı bir sübut təqdi etməmişdir. Qeyd edilən faktlar cavabdeh notariat ofisi üçün borcun mübahisəsiz olmasını və borclunun tələbkar qarşısında məsuliyyətini təsdiq etmişdir ki, buna müvafiq olaraq da notariat ofisi tərəfindən icra qeydinin verilməsi zamanı qanunvericiliyin tələbinin pozulmaması halları müəyyən edilməmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya icraatı zamanı iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, icra qeydi üzrə əsas borcun ödənilməsi öhdəliyi saxlanılması, lakin tətbiq olunmuş faizlərin həddən artıq çox olduğundan bu faizlərin azaldılmasını xahiş etmişdir ki, iddiaçının məhkəməyə bu müraciəti əsas borc məbləğinin mübahisəsiz olmasını təsdiq etmişdir. Ümumiyyətlə isə iddiaçının tələbkar tərəfindən hesablanmış olan əsas borc məbləği, faiz və dəbbə pulunun həddindən artıq şişirdilməsi bağlı dəlillərini də əsassız hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/4028 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 36 ay müddətinə, illik 32% olmaqla, 13000 manat məbləğində kredit vermişdir ki, həmin müqavilənin 3.1-ci bəndinə görə borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1 faizi qədər dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan sübutlara əsasən iddiaçının kredit müqaviləsi üzrə əsas borcu 12780,46 manat təşkil etmiş (qeyd edilən məbləğ iddiaçı tərəfindən mübahisələndirilməməkdədir), faiz və dəbbə pulu isə 24 yanvar 2024-cü il tarixinə kimi hesablanmışdır ki, bu da 1 il müddətini əhatə etmişdir. Kredit müqaviləsi üzrə əsas borcun 12780,46 manat olması, müqavilənin 3.1-ci bəndinə əsasən isə hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1 faizi qədər dəbbə pulu hesablanmalı olması və gecikdirilmiş müddətin 1 il olması nəzərə alındıqda, (13000 x 0,1%=13 manat, 13 manat x 360 gün=4680 manat) hesablanmış 4680 manat dəbbə pulunun əsassız olmasını istisna etmişdir. Qeyd edilən hal illik 32% hesablanmalı olan faiz məbləğinə də aid olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, icra qeydi verilməsi tələb edilən borc məbləği əsaslı olmaqla, iddiaçının faiz məbləğlərinin artıq hesablanması ilə bağlı dəlili əsassız olmaqla, borcun artıq hesablanmasına dair iddiaçı tərəfindən hər hansı bir əsaslandırılmış arqument də irəli sürülməmişdir.
31. Məhkəmə kollegiyası iddiaçının etibarnamənin hüquqi qüvvəsini itirdiyi halda icra qeydinin də etibarsız hesab edilə bilməsi, borcun mövcudluğuna dair etirazlarının və cavabdehlə yazışmalarının nəzərə alınmaması ilə bağlı apellyasiya şikayətinin dəlilərinə münasibətdə isə qeyd edir ki, iddiaçının hansı etibarnamədən bəhs etməsi və bunun icra qeydinin verilməsi ilə bağlı hansı əlaqəsinin olmasını şikayətində açıqlamamqla yanaşı, buna dair, o cümlədən tələbkar tərəfindən borcun məbləği və hesablanmış faizlərə dair göndərilmiş bildirişə etiraz etməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının qeyd olunan və digər şikayətinin dəlilləri yalnız ümumi sözlərlə ifadə olunmaqla, hər hansı bir əsaslandırma və sübutla müşayiət olunmamışdır. Buna görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlillərini də əsassız hesab etmişdir.
32. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3070/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3070/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.