Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1300/2022 04.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakların açıq hərracda satılaraq satış pulunun paylara mütənasib surətdə bölünməsi tələbinə dair mülki iş üzrə Xızı Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xızı Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən əmlak kompleksinin açıq hərracda satılması, satışdan əldə edilmiş pulun 1/2 hissəsinin İddiaçı, 1/2 hissəsinin isə Cavabdeh verilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 79400 (yetmiş doqquz min dörd yüz) manat, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən əmlak kompleksinin ilkin satış qiymətinin isə 13000 (on üç min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən əmlak kompleksinin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsalandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı rəsmi nikah dövründə əldə olunmuş daşınmaz əmlakların bölünməsinə dair iddiası qismən təmin olunmuşdur. Həmin qətnaməyə əsasən Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən əmlak kompleksi və Xızı şəhəri, Ə.Qədirov küçəsi, ev 12-də fərdi yaşayış evi üzərində ½ hissədə iddiaçının, ½ hissədə cavabdehin payı müəyyən edilmişdir. O, göstərilən əmlaklardan istifadə edə bilmədiyindən Xızı Rayon Məhkəməsinə müraciət edərək mübahisəli əmlakların naturada bölünməsini xahiş etmiş, lakin ekspert rəyinə əsasən əmlakların naturada bölünməsi mümkün olmadığından iddia tələbi həmin hissədə təmin edilməmişdir. Ona görə də birgə paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin və əmlak kompleksinin naturada bölünməsinin mümkünsüzlüyü məhkəmə qətnaməsi əsasında müəyyən edilərək payların naturada bölünməsi iddiası rədd edildiyi üçün iddiaçı öz payının dəyərinin ödənilməsini digər mülkiyyətçi olan cavabdehdən tələb etmək barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Xızı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçının həmin iddiası da rədd edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun təqdim etdiyim sübutlarla ekspert rəyi arasında olan ziddiyəti aradan qaldırmaq üşün obyektə yerində baxış kecirməli və daxili inam əsasında qərar qəbul etməli idi. Əmlakin qiymətlərinin reallığa uyğun bazar qiymətləri ilə göstərilməməklə ekspertin bu qiymətlərlə bağlı əsaslandırılmasının tam olmamasına birinci instansiya məhkəməsi düzgün qiymət verməmiş, sahibinin mülkiyyət hüquqlarının olması və qiyməti ilə ekspert rəyindəki qiymətlər arasında əhəmiyyətli fərq olmasına, bu fərqin mülkiyyətçinin əmlak mənafelərinə ciddi surətdə toxunmasına, ümumilikdə təqribən 100 dəfə az qiymət qoyularaq satışa çıxarılması (hərracın ikinci mərhələsində bu məbləğlərin aşağı salına bilməsi də nəzərə alınmaqla) nəticəsində onun ağır maliyyə vəziyyətinə düşə bilməyinə diqqət yetirməmişdir. Məhkəmə mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(068)-3/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, qeyd olunan əmlakın göstərilən dəyərdə satılması ilə razıdır. Lakin birgə yaşadıqları dövrdə 2012-ci ildə fermer kimi "xxxx" QSC Bank olmayan Kredit Təşkilatından 29000 manat kredit götürülmüş və götürülən kreditdən qızları Elvira üçün Xızı Şəhərində 18000 manata torpaq sahəsinin alınmasına və 12000 manata yaxın məbləğdə isə daş hasar, armatur bünövrə, drenaj şəbəkəsi, evin bünövrəsi, manalit beton tökülməsinə və 20 tonluq hovuzun tikilməsinə xərclənmişdir. Onun tərəfindən "xxxx" QSC-yə 12780 manat və sonradan isə 15000 manata yaxın əvvəlki dövrün borcları ödənilmişdir. İddiaçı ilə boşandıqdan sonra Xızı şəhəri, Əliabbas Qədirov küçəsi, ev 12 ünvanında yerləşən həyətdə eni 5 metr, uzunluğu 10 metr olan 4820 manat dəyərində tövlə tikmiş, həmçinin 2730 manat həyətdə aqlay daş döşəməsinə, 3200 manat besedkanın yenidən təmirinə, 1400 manat həyətdə kanalizasiya xəttinin çəkilməsinə, 1930 manat 48 metr uzunluğunda eni 5 metr olan üzüm bağının quraşdırılmasına xərcləməklə təmir və abadlaşdırma işləri aparmış və bunun üçün çəkdiyi bütün xərclər 60280 manat təşkil etmişdir. Buna görə də düşünür ki, çəkdiyi bütün xərclər üçün yaranan borclar da ½ hissəyə bölünməlidir. Keçmiş həyat yoldaşı heç bir yerdə işləməmişdir. Mübahsəli mənzilləri təmir etmək məqsədi ilə o, bankdan kredit göturmüş və bu krediti banka ödəmişdir. Bunun üçün kifayət qədər sübütları da var. Xızı Rayon Məhkəməsinin 2(068)-3/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi, cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, öz apellyasiya şikayətinin təmin olunması, cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi, iddiaçının apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, öz apellyasiya şikayətinin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayətləri isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılmasının açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinin məqsədə uyğun olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və Cavabdeh apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə nəzərə alır, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşdə olan Daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışa və 01 nömrəli reyestr kitabında 18-ci səhifədə 71 reyestr nömrəsi ilə qeydə alınmış qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən əmlak kompleksi cavabdehin mülkiyyətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2018-ci il tarixli, 2(102)-1912/2018 saylı qərarından görünür ki, mübahisə predmeti olan əmlaklar - Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən əmlak kompleksi və Xızı şəhəri, Ə.Qədirov küçəsi, ev 12-də fərdi yaşayış evi üzərində ½ hissədə iddiaçının, ½ hissədə cavabdehin payının müəyyənləşdirilməsi qət edilmişdir. Xızı Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(068)-12/2019 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı paylı mülkiyyətdə payın dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə barədə hesabatında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 72500 manat, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən əmlak kompleksinin bazar dəyəri 13000 manat müəyyən edilmişdir. "X4" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə barədə hesabatında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 79400 manat müəyyən edilmiş, baxış zamanı Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən əmlak kompleksinin ərazisində müxtəlif təyinatlı tikililərin olduğu və həmin tikililərə dair hər hansı bir sənəd olmadığı üçün qiymətləndirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. İşdən göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qatnaməsinə əsasən mübahisə predmeti olan əmlaklar - Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən əmlak kompleksi və Xızı şəhəri, Ə.Qədirov küçəsi, ev 12-də fərdi yaşayış evi üzərində iddiaçının ½ hissədə, cavabdehin ½ hissədə payının müəyyənləşdirilməsi qət edilmişdir. İddiaçı əvvəlcə həmin əmlakların naturada bölgüsü barədə, daha sonra isə payların dəyərinin ona ödənilməsi barədə iddia tələbləri ilə məhkəməyə müraciət etmiş və iddiaları məhkəmə tərəfindən təmin edilməmişdir. Yəni, iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında göstərilmiş ardıcıllığa riayət etmiş və bundan sonra həmin əmlakların satılaraq satış pulunun tərəflər arasında bölünməsi barədə iddia qaldırmışdır. Eyni zamanda, işdən göründüyü kimi "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə barədə hesabatında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 72500 manat, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən əmlak kompleksinin bazar dəyəri 13000 manat müəyyən edilmişdir. "X4" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə barədə hesabatında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 79400 manat müəyyən edilmiş, baxış zamanı Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən əmlak kompleksinin ərazisində müxtəlif təyinatlı tikililərin olduğu və həmin tikililərə dair hər hansı bir sənəd olmadığı üçün qiymətləndirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Məhkəmə kollegiyası ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən əmlak kompleksinin açıq hərracda satılması, fərdi yaşayış evinin ilkin satış qiyməti 79400 manat, əmlak kompleksinin isə ilkin satış qiymətinin 13000 manat müəyyən edilməsi, həmin əmlakların satışından əldə edilmiş vəsaitin 1/2 hissəsinin iddiaçıya, 1/2 hissəsinin isə cavabdehə verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Odur ki, iddiaçının ekspert tərəfindən düzgün qiymətləndirilməməsi və məhkəmə tərəfindən mübahisə edilən əmlaka yerli baxış keçirilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, mübahisə edilən əmlaklan tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Həmin əmlakda tərəflərin məhkəmə qətnaməsi ilə ½ hissədə payı müəyyən olunmuşdur. Məhkəmə kollegiyası Cavabdeh birgə yaşadıqları dövrdə iddiaçının işləməməsi və əldə edilmiş əmlaklarda iddiaçı tərəfindən heç bir vəsatət çəkilməməsi barədə dəlili qəbul etmir və hesab edir ki, həmin dəlil qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərini araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Xızı Rayon Məhkəməsinin iş üzrə 09 mart 2022-ci il tarixli 2(068)-3/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1300/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1300/2022
04.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver