Məhkəmə qərarları › İş №2(105)-1300/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1300/2025

27.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1300/2025 27.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı Şirəliyeva Dürdanə Xüdfəddin qızının Cavabdeh oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçı Şirəliyeva Dürdanə Xüdfəddin qızının iştirakı ilə, İddiaçı Şirəliyeva Dürdanə Xüdfəddin qızının Cavabdeh oğluna qarşı “mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 2(031)-596/2025 nömrəli qətnaməsindən iddiaçı Şirəliyeva Dürdanə Xüdfəddin qızı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. AZ-İ seriyalı 356589 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh oğlu ilə Şirəliyeva Dürdanə Xudafəddin qızı arasında bağlanmış rəsmi nikah Şabran rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur.

2. Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X3 ilə Cavabdeh Əliverdi oğlu arasında 20 aprel 1992-ci ildə Şabran rayon Qeydiyyat Şöbəsində bağlanmış 06 saylı nikahın pozulması, Cavabdeh Əliverdi oğlu ilə X2 birgə nikah dövründə əldə etdikləri Şabran rayonu Dəvəçi kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 85 kv.metr olan yaşayış evi və həyətyanı torpaq sahəsinə bitişik mağaza binasının aralarında naturada bərabər hissələrə bölünməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Şirəliyeva Dürdanə Xüdfəddin qızının Cavabdeh oğluna qarşı “mülkiyyət hüququna xitam verilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əliverdi oğlunun Şabran rayonu Dəvəçi (Təzəkənd) kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən bir mərtəbəli ümumi sahəsi 85 kv.metr olan yaşayış evinin və həyətyanı torpaq sahəsinə bitişik mağaza binasının 1/2 hissəsinə olan mülkiyyət hüquqlarına xitam verilməsi və həmin əmlaklar üzərində onun tam mülkiyyət hüquqlarımın tanınması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır, belə ki, Şabran Rayon Məhkəməsinin 03 noyabr 2014-cü il tarixli, 2(031)-496/2014 nömrəli qətnaməsi ilə onunla Cavabdeh oğlu arasında bağlanmış nikah ləğv olunmuş və birgə nikah dövründə əldə etdikləri Şabran rayonu Dəvəçi kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 85 kv.metr olan yaşayış evinin və həyətyanı torpaq sahəsinə bitişik mağaza binasının naturada bərabər hissələrə bölünməsi qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Şabran rayon İcra Şöbəsinə göndərilmişdir. Şabran Rayon İcra Şöbəsində Cavabdeh oğlu 18 dekabr 2014-cü il tarixdə ərizə verərək bildirmişdir ki, «X3 ona qarşı qaldırdığı aliment tələbi ilə əlaqədar iddiadan imtina etdiyi üçün, o, da əmlak bölgüsü ilə əlaqədar ona düşən paydan Dürdanə Məmmədovanın xeyrinə imtina edir, gələcəkdə belə bir iddia qaldırmayacaq». O, da aliment borcunun cavabdehin həmin əmlaklarda olan payı ilə əvəzləşdirildiyini nəzərə alaraq aliment üzrə icra vərəqəsinə xitam verilməsini xahiş etmişdir. Şabran Rayon İcra Şöbəsinin təqdimatı əsasında Şabran Rayon Məhkəməsinin 23 yanvar 2015-ci il tarixli qərardadı ilə 03 noyabr 2014-cü il tarixli 2(031)- 496/2014 nömrəli icra vərəqəsi üzrə icraata xitam verilmişdir. Bu illər ərzində cavabdeh birgə nikahdan olan uşaqlarının maddi təminatı ilə maraqlanmamış, onlara yardım etməmiş və uşaqların bütün maddi yükü onun üstündə olmuşdur. Lakin uşaqlar yetkinlik yaşlarına çatdıqdan sonra cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək Şabran Rayon Məhkəməsinin 2(031)-496/2014 nömrəli, xx.xx.2015-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsi 23 yanvar 2015-ci il tarixli, 8(031)- 60/2015 nömrəli qərardadını ləğv edərək 03 noyabr 2014-cü il tarixli, 2(031)-496/2014 nömrəli qətnaməsi üzrə icra vərəqəsinin yenidən icra üçün göndərilməsi barədə qərardad qəbul etmişdir. Həmin qərardaddan şikayət etmiş və şikayət təmin edilərək, Şabran Rayon Məhkəməsinin 2(031)- 496/2014 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilmiş, Şabran Rayon Məhkəməsinin 23 yanvar 2015-ci il tarixli, 8(031 )-60/2015 nömrəli qərardadının ləğv edilməsi və 03 noyabr 2014-cü il tarixli 2(031)-496/2014 nömrəli qətnaməsi üzrə icra vərəqəsinin yenidən icrası üçün göndərilməsi barədə Cavabdeh oğlunun ərizəsinin rədd edilməsi qərara alınmışdır. Bu qərardaddan borclu Cavabdeh şikayət verərək, Şabran Rayon Məhkəməsinin 2(031)-496/2014 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasını və Şabran Rayon Məhkəməsinin 03 noyabr 2014-cü il tarixli, 2(031)-496/2014 nömrəli qətnaməsi üzrə icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-634/2025 nömrəli qərardadı ilə Cavabdeh şikayəti təmin olunmamış və qərardad dəyişdirilmədən saxlanılmışdır. Kollegiya gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh icra sənədi üzrə icraata xitam verilməsi barədə Şabran Rayon Məhkəməsinin 23 yanvar 2015-ci il tarixli, 8(031)- 60/2015 nömrəli qərardadından məlumatlı olmuş, dolayısıyla həmin qərardadla razılaşaraq bu müddət ərzində qərardadı mübahisələndirməmişdir. Hazırkı halda onun qeyd etdikləri isə qanuni və əsaslı məhkəmə qərardadının ləğvi üçün əsas deyildir.

5. Şabran Rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 2(031)-596/2025 nömrəli qətnaməsi ilə iddiaçı Şirəliyeva Dürdanə Xüdfəddin qızının Cavabdeh oğluna qarşı “mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir (hakim Ayaz Məmmədov).

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı X3 ilə Cavabdeh Əliverdi oğlu arasında 20 aprel 1992ci ildə Şabran rayon Qeydiyyat Şöbəsində bağlanmış 06 saylı nikahın pozulması, Cavabdeh Əliverdi oğlu ilə X2 birgə nikah dövründə əldə etdikləri Şabran rayonu Dəvəçi kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 85 kv.metr olan yaşayış evinin və həyətyanı torpaq sahəsinə bitişik mağaza binasının aralarında naturada bərabər hissələrə bölünməsi qət edilmişdir. Tərəflər arasında iddiaçının cavabdehdən aliment almaması müqabilində cavabdehin ona əmlakı verməsi barədə razılaşma olmuşdur. Lakin belə razılaşma mülkiyyət hüququnun xitamına səbəb ola bilməz, çünki, cavabdehin yazdığı ərizə notariatda təsdiqlənməyib, mülkiyyət hüququndan imtina etməsi barədə heç bir hüquqi sənəd yoxdur. Alimentə dair məsələ uşağın hüquqlarını əhatə etdiyindən, bu gün "əvəzli razılaşma" hüquqi qüvvəyə malik deyil. Eyni zamanda, cavabdeh məhkəmə iclasında verdiyi izahatında da qeyd etmişdir ki, onlar həmin evdə birlikdə yaşamışlar, ona görə də aliment ödəməmişdir. Düzdür, ayrıldıqdan sonra iddiaçı ilə aralarında razılıq olmuşdur ki, alimentin qarşılığında o da, birgə mülkiyyətdə olan payından imtina edəcəkdir. Lakin bir müddət birlikdə yaşamışlar, hazırda aralarında narazılıqlar yaranmışdır. Onu evə buraxmırlar, onun başqa yaşayış yeri yoxdur. O, hazırda payından imtina etmir, evin iddiaçının adına keçirilməsini istəmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarına əsasən Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinin, Mülki Məcəllənin 139.1, 152.1-ci maddələrinin tələbləri ilə tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən narazı qalan iddiaçı Şirəliyeva Dürdanə Xüdfəddin qızı apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 2(031)-596/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, Cavabdeh Əliverdi oğlunun Şabran rayonu Dəvəçi (Təzəkənd) kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 85 kv.metr olan yaşayış evinin və həyətyanı torpaq sahəsinə bitişik mağaza binasının 1/2 hissəsinə olan mülkiyyət hüquqlarına xitam verilməsi və həmin əmlaklar üzərində onun tam mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni qaydada əsaslandıraq qeyd etmişdir ki, məhkəmə qətnamə əsasında əmlakın bölgüsü qət edilsə də, cavabdeh daşınmaz əmlakın dövlət reyestrində öz hüququnu qeydə aldırmamışdır. Buna səbəb isə cavabdehlə aralarında əldə edilmiş razılaşma olmuş və cavabdehin qətnamə ilə müəyyən edilmiş payı uşaqların saxlanılması üçün ona verməli olduğu aliment məbləğləri ilə əvəzləşdirilmişdir,yəni o, cavabdehin bu əmlakdakı payını almış və bu halda cavabdehin bu əmlak üzərində olan pay hüququna da xitam verilməlidir.

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Şirəliyeva Dürdanə Xüdfəddin qızı apellyasiya şikayətinin dəlilərini müdafiə edərək təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Konstitusiyasının:

13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə tələbə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər.

18. İddiaçının iddiasının əsasını cavabdehlə aralarında olaraq razılıq təşkil etsə də, cavabdehin yazdığı ərizə notariatda təsdiqlənməyib, mülkiyyət hüququndan imtina etməsi barədə heç bir hüquqi sənəd yoxdur. Alimentə dair məsələ uşağın hüquqlarını əhatə etdiyindən, bu gün "əvəzli razılaşma" hüquqi qüvvəyə malik deyil.

19. Bundan əlavə belə razılaşma qətnamənin icrasından sonra ola bilərdi. Belə ki, qətnamədə göstərilən torpaq sahəsi üç nəfərin mülkiyyətində olsa da, digər daşınmaz əmlaklar hüquqi qeydiyyata alınmamışdır.Buna görə qətnamənin icrasının mümkünlüyünün özü qeyri-müəyyəndir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.5-cimaddəsinə əsasən əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur.Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən ödənilməmiş aliment borcu olduğu halda, iddiaçı həmin aliment borcunun ödənilməsini yenidən tələb edə bilər.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı Şirəliyeva Dürdanə Xüdfəddin qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 2(031)-596/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar