Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1308/2022 20.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Təşəkgür oğlu, X11, X19, X20, X6, X7 və X8 qarşı mülki iş üzrə (Açar sözlər: zəbt edilmiş qeyri-yaşayış sahəsindən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(074)-108/2022 nömrəli qətnaməsindən Cavabdeh1 Təşəkgür oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 Təşəkgür oğluna qarşı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 və onun ailə üzvlərinin zəbt etdikləri ona məxsus Şamaxı şəhəri 6 saylı sovxoza gedən yolun sol kənarında yerləşən qeyri-yaşayış sahəsindən çıxarmaları və ona dəyən əldən çıxmış zərərin əvəzi olaraq 20000 manat pulun və əlavə olaraq ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı şəhəri 6 saylı sovxoza gedən yolun sol kənarında (indiki Şəhriyar qəsəbəsi) onun xüsusi mülkiyyətində torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 944,70 kvadrat metrində qeyri-yaşayış binası inşa edilmişdir. Bu barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda öz əksini tapmışdır. Torpaq sahəsində fərdi layihə əsasında qeyriyaşayış binası tikilmişdir. Həmin torpaq sahəsi 25 may 1999-cu ildə inventarlaşdırılmış, ümumi sahəsi 28000,0 kv.metrdir. Tikilinin altında 1098,4 kv.metr torpaq sahəsi vardır. Bu tikili bir mərtəbəli olub mal tövləsi üçün nəzərdə tutulmuş, tikinti altı sahə 1048,1 kv.metr, tikintinin həcmi 3039,5 kub.metrdir. Mal tövləsini mal-qara saxlayıb ailəsinin təminatını ödəmək üçün almış, lakin 10 ildir ki, Cavabdeh1 Təşəkgür oğlu öz ailə üzvləri ilə birlikdə həmin qeyri-yaşayış sahəsini zəbt etmişlər. Dəfələrlə cavabdeh tərəfdən tövlədən çıxmalarını tələb etmək istəsədə, azyaşlı uşaqlarına görə fikrindən daşınmışdır. Halhazırda cavabdehin uşaqları böyüyüb və o, təsərrüfat yaratmaq, fərdi sahibkarlıqla məşqul olmaq istəyir. Cavabdeh illərdir ki, ona məxsus torpaq sahəsini zəbt etməklə işlərinə, ailəsinin təminatına əngəl yaratmış və 7-8 ildə hər il üçün 2000 manat gəlir hesablanmaqla, ümumilikdə 20000 manat məbləğində onu ziyana salmışdır. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək X11, X19, X20, X12, X7 və X5 mülki iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Cavabdeh tərəfdən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Şamaxı Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(074)-108/2022 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) İddiaçı Cavabdeh1 Təşəkgür oğlu və digərlərinə qarşı zəbt edilmiş qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilərək Cavabdeh1 Təşəkgür oğlu, X11, X19, X20, X12, X7 və X5 ünvan 1nda yerləşən İddiaçı məxsus qeyri-yaşayış binasından çıxarılmaları, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, Şamaxı şəhəri - 6 saylı sovxoza gedən yolun sol kənarında yerləşən qeyri-yaşayış binası İddiaçı mülkiyyətindədir. Cavabdehlər qeyd olunan torpaq sahəsi və qeyri-yaşayış binasını qanunsuz olaraq zəbt etmişlər. İddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehlərin ona məxsus torpaq sahəsində yerləşən qeyri-yaşayış binasında olmaları onun iradəsinə ziddir. Cavabdehlərin qeyd olunan qeyri-yaşayış binasını zəbt etməkdə davam etmələri və oranı tərk etməmələri iddiaçının mülkiyyətində olan əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirməsinə mane olur. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstiusiyasının 13, 29-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.2-ci maddələri və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 Təşəkgür oğlu apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(074)-108/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 88, 217.4-cü maddələrinin tələbləri pozulmuş, iddianı təmin etdikdə məcburi köçkünlərin və qaçqınların məskunlaşdığı yerlərə və evlərə çıxarışların və orderlərin verilməsinin qadağan edilməsinə məhəl qoyulmamışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, X11 və X14 iddianın rədd olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh X7 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası qeyd olunan tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Torpaq Məcəlləsi Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak dən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunaraq iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1nda yerləşən 944,70 kvadratmetr ümumi sahəsi olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar İddiaçı mülkiyyətindədir. xx.xx.1999-cu il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 581 saylı arayışından görünür ki, X1 rayonu, Eyvazxanbəyli kəndində qeydiyyatda olmaqla 1993-cü il tarixdən Şamaxı rayonu Şəhriyar qəsəbəsinin mal fermasında müvəqqəti məskunlaşmış və ailə üzvləri: həyat yoldaşı-X9, oğlu- X13r. Şəhriyar qəsəbəsi İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 582 saylı arayışından görünür ki, Həsənov X21 rayonunda qeydiyyatda olmaqla 1993-cü il tarixdən Şamaxı rayonu Şəhriyar qəsəbəsinin mal fermasında müvəqqəti məskunlaşmış və ailə üzvləri: həyat yoldaşı-X15, uşaqları- X19 və X16r. Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin xx.xx.2021-ci il tarixli, 89 saylı arayışından görünür ki, Həsənov X21 rayonundan məcburi köçkündür. Şamaxı rayonu Şəhriyar qəsəbəsində müvəqqəti məskunlaşmışdır. Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin xx.xx.2021-ci il tarixli, 90 saylı arayışından görünür ki, X1 rayonundan məcburi köçkündür. Şamaxı rayonu Şəhriyar qəsəbəsində müvəqqəti məskunlaşmışdır. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir, həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İşin faktiki hallarından görünür ki, Şamaxı şəhəri - 6 saylı sovxoza gedən yolun sol kənarında yerləşən qeyri-yaşayış binası İddiaçı mülkiyyətindədir. Cavabdehlər qeyd olunan torpaq sahəsi və qeyri-yaşayış binasını qanunsuz olaraq zəbt etmişlər. İddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehlərin ona məxsus torpaq sahəsində yerləşən qeyri-yaşayış binasında olmaları onun iradəsinə ziddir. Cavabdehlərin qeyd olunan qeyriyaşayış binasını zəbt etməkdə davam etmələri və oranı tərk etməmələri iddiaçının mülkiyyətində olan əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirməsinə mane olur. Məhkəmə kollegiyası hesab edir ki, ünvan 1nda yerləşən 944,70 kvadratmetr ümumi sahəsi olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar İddiaçı xüsusi mülkiyyətində olduğundan onun mülkiyyət hüququ qanunla qorunmalıdır və birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh1 Təşəkgür oğlu, X11, X12, X7 və X5 həmin qeyri-yaşayış binasından çıxarılmaları barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd olunan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh qətnamənin həmin hissədə ləğv edilməsi hallarına dair dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qeyd olunan hissədə mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmiş və sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır. Eyni zamanda iş materialları ilə müəyyən olur ki, birinci instansiya məhkəməsi tərəfindən qeyri-yaşayış sahəsindən çıxarılması müəyyən edilmiş X19 2008-ci il təvvəlüdlü və X20 2009-cu il təvəllüdlü olmaqla azyaşlıdırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Maddə 49.4. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi həmin hissədə qanunvericiliyin tələbinə zidd olduğundan təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin cavabdehlər X19 və X17 aid hissəsində tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən- cavadehlər X19 və X17 aid hissəsində ləğv edilib, iddia həmin hissədə təmin olunmamalı və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 Təşəkgür oğlunun verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(074)-108/2022 saylı qətnaməsi qismən - «cavadehlər X19 və X3 şəhəri 6 saylı sovxoza gedən yolun sol kənarında yerləşən İddiaçı məxsus qeyri-yaşayış binasından çıxarılsın, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul cavabdehlər X19 və X10 müştərək qaydada tutularaq İddiaçı ödənilsin » hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin olunmasın. Qətnamə - «cavabdehlər Cavabdeh1 Təşəkgür oğlu, X11, X12, X7 və X2 şəhəri 6 saylı sovxoza gedən yolun sol kənarında yerləşən İddiaçı məxsus qeyri-yaşayış binasından çıxarılsın və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul cavabdehlər Cavabdeh1 Təşəkgür oğlu, X11, X12, X7 və X4 müştərək qaydada tutularaq İddiaçı ödənilsin» hissəsində dəyişdirilmədən saxlansın. İddia qismən təmin edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1308/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1308/2022
20.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver