Məhkəmə qərarları › İş №2(105)-1308/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1308/2025

14.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1308/2025 14.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-20/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi tərəfindən İddiaçı adına ünvanlanmış məktubda göstərilmişdir ki, xx.xx.20023-cü il tarixli, 1/1-Ə-9332/11/23 nömrəli ərizədə qeyd olunan xüsusatlar üzrə müvafiq araşdırma aparılmış, şikayətçi olduğunuz Cavabdeh izahatı alınmış, müraciətinizdə qeyd olunan mübahisəli məsələnin mülki xarakterli məsələ olduğu müəyyən edilmişdir. Yaranmış problemli məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdeh Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə verdiyi izahatında göstərmişdir ki, onlar tərəfindən sifarişçi İddiaçı xidmət göstərilmiş, 400 manat əmək haqqı və 2100 manat ehtiyat hissələri alınmışdır. İddiaçı onların gördüyü işdən narazıdır, o, demişdir ki, “başqa usta onun maşınını yoxlasın, onların günahından qüsür yaranıbsa, ödədiyi pulları qaytaracaqdır.

2. İddiaçı ilə “X4” MMC arasında xidmət göstərilməsinə dair 25 sentyabr 2023-cü il tarixdə müqavilə bağlanmış, 27 sentyabr 2023-cü il tarixdə BPM**********282 nömrəli qəbzlə İddiaçı tərəfindən “X4” MMC-yə 400 manat pul ödənilmişdir.

3. "xxxx" MMC-nin 21 may 2025-ci il tarixli 02-77/25 saylı rəyində göstərilir ki, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinə dəymiş zərər məbləğinin müəyyən etmək üçün xərc yanaşmasından istifadə etməklə zədələnmiş hissələr aşkar olunmuş, hissələrin dəyişdirilməsi nəzərdə tutluan hissələrin orta bazar dəyəri hesablanaraq nəticədə ümimilikdə avtomobilin zərər məbləği 8507,50 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona “Subaru Forester” minik markalı avtomobilinin təmirinə müxtəlif vaxtlarda ümumilikdə ödədiyi 3300 manat pulu, ona vurduğu mənəvi ziyana görə 1000 manat və “X4” MMC-nin hüquqi xidmət göstəriıməsinə dair müqaviləsi üzrə cəmiyyətin hesabına ödədiyi 400 manat pul vəsaitinin, ümumilikdə 4700 manat məbləğində pulun ödənilməsi və ödənilmiş dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə özünə məxsus olan “Subaru Forester” minik markalı avtomobilin mühərrik hissəsində yaranan nasazlıqla bağlı tanışı vasitəsilə Babək prospektində yerləşən “Master Boks” servisində Elnur adlı şəxsə müraciət etmişdir. Elnur adlı şəxs onu dinləyib, servisdəki motor ustası olan Tural və Emil adlı şəxsə yönəltmişdir. Bir il ərzində avtomobilinin mühərriki dörd dəfə sökülüb, yığılmışdır. Hər dəfə maşının mühərrik hissəsində nöqsanlar yaranırdı. Mühərriki yığmaqlarına baxmayaraq, ona məxsus olan avtomobil nasaz vəziyyətinə salınmışdır. Sonuncu dəfə, avtomobilin mühərrik hissəsində nasazlıqla bağlı servisə yaxınlaşaraq, Elnura, Emilə və Turala müraciət etdiyi zaman, Tural adlı işçi nasazlığı aradan qaldırmaq üçün, öz ustası olan Ramiq ustanın yanına göndərmişdir. Ramiq usta avtomobilinə baxmış və “mühərrikin yağ yediyini və təzədən yığılmasını” bildirmişdir. Bu zaman, o, servisin ustalarının işi bacarmadıqlarını anlamışdır. Bununla bağlı o, servisin rəhbəri olan Emil adlı şəxsə yaxınlaşaraq, öz narazılığını bilirib, servisə müxtəlif vaxtlara əlbə-əl ümumu vəsait olaraq ödədiyi 3300 manatını geri qaytarmasını xahiş etmişdir. O, dəfələrlə ödədiyi pulunun geri qaytarılmasını tələb etsə də, Emil həmin vəsaiti qaytarmaqdan boyun qaçırmışdır. Bununla bağlı o, servisin yerləşdiyi ərazi aidiyyəti üzrə, Nizami RPİ-nin 23-cü PB-nə ərizə ilə müraciət etmişdir. Ərizəsində, baş verən hadisəni ətraflı qeyd edərək, servisin rəhbəri kimi özünü təqdim edən Emil, mühərrik ustası olan Tural və Elnur adlı şəxslər barədə şikayətini bildirərək, avtomobilinin təmirinə çəkilən xərcin geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciət etdiyi ərizəsinə müvafiq olaraq, izahat verib şikayətçi olduğu şəxslərin əlaqə nömrələrini qeyd etmişdir. Lakin, bölmənin sahə inspektoruna həvalə edilmiş ərizəsi üzrə dəfələrlə, bölmə rəisinə narazılığını bildirsə də, müraciəti üzrə bölmə tərəfindən ona heç bir köməklik göstərilməmişdir. Yaşayış ünvanına göndərilmiş Bakı şəhər Nizami RPİ-nin 23-cü PB-nin 3-13-52-1/2 Ə-9332 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda xx.xx.2023-cü il tarixli, 1/1-Ə-9332/11-23 nömrəli ərizədə qeyd olunmuş xüsusatlar üzrə müvafiq araşdırma aparıldığı, şikayətçi olduğu Cavabdeh izahatının alındığı, müraciətidə qeyd olunan mübahisəli məsələnin mülki xarakterli məsələ olduğunun müəyyən edildiyi, yaranmış problemli məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hüquqi savadı olmadığı üçün, xx.xx.2023-cü il tarixdə “X4” MMC ilə müvafiq müqavilə bağlayaraq, hüquqi ərizə, sorğu və iddia tələbi üzrə iddia ərizəsinin tərtib edilməsi öhdəliyinə görə, cəmiyyətin bank hesabına 400 manat məbləğində pul vəsaiti ödənişi etmişdir. Müraciəti üzrə bölmə tərəfindən görülmüş, əlavə edilmiş sənədlərdə şikayətçi olduğu vətəndaşdan Cavabdeh izahatı alınmışdır. ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3ayan Cavabdeh izahatında özünü “Master Boks”un direktoru kimi, qeyd edərək, ona məxsus ola avtomobil təmir sexinə müştəri kimi yaxınlaşdığını, ona məxsus olan “Subaru Forester” minik markalı avtomobilinin mühərrikini bir neçə dəfə söküb təmir ediyini, tam qismində olmasa da, az vəsait qeyd edərək onlara ödəniş etdiyini və işlədikləri işdə qüsur olduğu halda ödənilən vəsaitin geri qaytarılmasını və ehtiyyat hissələrində aşkarlandığı halda belə mağazadan alınmış ehtiyyat hissələrinin qaytarılmasına köməklik göstərilməsini etiraf etmişdir. Hal-hazırda ona məxsus olan “Subaru Forester” minik markalı avtomobil, Cavabdeh və onunla birlikdə işləyən Tural və Elnur adlı şəxsin sayəsində, işləməyən vəziyyətdə qalmaqdadır. Bir ildən artıqdır ki, məcburiyyət qarşısında qalıb, iş yerinə taksi ilə gedir. Cavabdeh, ona “Subaru Forester” minik markalı avtomobilimin təmirinə müxtəlif vaxtlarda ümumilikdə ödədiyi 3300 manat pul vəsaitinin qaytarılması, bu müddət ərzində ona vurduğu mənəvi ziyana görə 1000 manat, “X4” MMC-nin xidmət göstərilməsinə dair müqaviləsi üzrə cəmiyyətin hesabına ödədiyi 400 manat pul vəsaitini, ümumilikdə 4700 manat məbləğində pulu tələb edir.

6. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-20/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh maddi zərərin əvəzi olaraq 3300 manat, mənəvi zərərə görə 300 manat, hüquqi yardıma görə ödənilmiş 400 manat və ekspertiza tədqiqatı ilə xidmət haqqı olaraq 200 manat pul olmaqla, cəmi 4200 manat pulun alınıb İddiaçı verilməsi, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pulun Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Fərid Yaqubov).

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 448.1, 777.1, 777.2, 783.2, 778.1, 778.2, 779.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-20/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini edilməsini xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İddaçı İddiaçı iddiasında qeyd edir ki, guya ona 4700 manat maddi və mənəvi ziyan vurulmuşdur. Şamaxı Rayon Məhkəməsi isə iddianı qimən təmin etmişdir. İddiaçıya sadəcə xidmət göstərilmişdir, xidmət əsasında iddiaçının “Subaru Foroster” markalı avtomobilinin mühərrik hissəsini təmir etmişdir. Cavabdeh isə avtomobilini istifadə edərək bir müddət sonra yenidən sevisə gəlmiş və maşının mühhəriyində yenidən problem olduğunu bildirmişdir. Bu hal 3 (üç) dəfə baş vermiş və usta olaraq iddiaçıya hər dəfə bildirmişlər ki, mühərrikin “porşenində” problem var, onu dəyişsələr artıq avtomobildə nasazlıq olmayacaq. Dördüncü dəfə də bu hal baş verəndə yenədə nasazlığın matorun “porşenində” olduğunu bildirsələr də iddiaçı qəti şəkildə bildirmişdir ki, həmin detalda nasazlıq yoxdur, dəyişməsinlər və maşınını götürüb getmişdir. İddiaçıya sadəcə xidmət göstərmişlər, alınan ehtiyat hissələrinə usta cavabdeh deyildir. Həmin ehtiyat hissələrinə onu istehsal edən şirkət cavabdehdir. Bildirir ki, qeyd edilən avtomobilin mühərrik hissəsini tam təmir etmişlər və iddiaçı isə hər dəfə tam rahat avtomobilini idarə edərək sevisdən getmişdir. İddiaçıya usta olaraq hər dəfə xəbərdarlıq etmişlər ki, mühərrik yeni təmir olunduğundan maşını asta surətdə idarə etmək lazımdır. Hər nasazlıq olanda mühərrikə baxaraq müəyyən etmişlər ki, yüksək surətlə idarəetmədə yenidən matorda yağ azalması baş verir. Lakin iddiaçı bunu heç vaxt etiraf etməmişdir. Nasazlıq barədə dəqiq məlumat versələr də iddiaçı həmin hissəni təmir etməkdən imtina etmişdir. Üzərlərinə düşən vəzifələri icra etmişlər və “Subaro Forester” markalı avtomobili tam ideal şəkildə təmir etmişlər. Lakin iddiaçı qanunsuz və əsassız iddia qaldırmış və maddi və mənəvi ziyan tələb etmiş Şamaxı Rayon Məhkəməsi isə öz növbəsində əsassız olaraq iddiaçının iddiasını qismən qəbul edərək qəbul etmişdir. Göstərdikləri xidmətin haqqını alıb və xidmət göstərmişlər. İddiaçı qarşısında heç bir öhdəlik götürməmişlər. Çünki alınan ehtiyat hissələrinə usta olaraq cavabdeh ola bilməzlər. Yalnız avtomobili təmir etmişlər və iddiaçı da təmirdən sonra rahat şəkildə öz avtomobilini istifadə edib. İddiaçıya maşının mühərriki təmir olunduqdan sonra avtomobili yüsək surətlə idarə etməməsini izah etsə də iddaçı bu hüquqdan sui-istifadə etdmişdir. Hüquqdan sui-istifadə qadağandır.

10. Məhkəməyə müraciət edərək nasazlığın mühərrikin hansı hissəsindən baş verməsini müəyyən etmək üçün ekspertiza təyin olunmasını məhkəmədən xahiş etsə də məhkəmə dəymiş ziyanın müəyyən edilməsi üçün ekspertiza təyin etmişdir. Onlar yalnız xidmət göstərərək mühərriki tam təmir etmişlər və ehtiyat hissələrini iddiaçının iştirakı ilə almışlar.

11. Məhkəmə ekspertizada nasazlığın mühərrikin hansı hissəsindən baş verməsini müəyyənləşdirməmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. İddiaçı etirazını onunla əsaslandırmışdır ki, cavabdeh apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş bir ay müddəti ötürmüş və müddətin üzürlü səbəblərə görə ötürülməsi barədə ərizə təqdim etməmişdir. Lakin təəssüflər olsun ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi bu pozuntuya göz yummuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2025-ci il tarixdə elektron sistemə yerləşdirilmişdir. Belə olan halda cavabdeh xx.xx.2025-ci il tarixədək apellyasiya şikayəti verməli idi. Lakin cavabdeh xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərək qanunla müəyyən edilmiş şikayət müddətini 7 gün ötürmüşdür. Halbuki, cavabdehin elektron məhkəmə kabineti aktiv olmuşdur. Bu faktı özü birinci instansiya məhkəməsində iclas zamanı təsdiq etmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosesual hüquq normalarının tələblərinə riayət etmiş, obyektiv araşdırma apararaq qanuni qərar qəbul etmişdir. Cavabdeh isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin hansı hissədə qanunsuz olduğunu ümumiyyətlə göstərməmişdir. Eyni zamanda istinad etdiyi arqumentlərə dair sübutlar təqdim etməmişdir. Belə olan halda apellyasiya şikayəti ümumiyyətlə icraata qəbul edilməməlidir. Cavabdeh, apellyasiya şikayətində iddiaçıya zərər vurduğunu bir daha təsdiq edərək bildirmişdir ki, iddiaçıdan vəsait alıb onun avtomobilini təmir edib və təmir nəticəsində avtomobildə nasazlıq yaranıb. Lakin, bu nasazlığı öz xidməti ilə deyil avtomobilə quraşdırdığı detalların qüsurlu olması ilə əlaqələndirmişdir. Halbuki, həmin detallar cavabdehin özü tərəfindən əldə edilmiş və avtomobilə quraşdırılmışdır. Bu halda şübhə yaranır ki, cavabdeh iddiaçını aldadaraq yeni detallar almadan, köhnə detallardan istifadə edərək avtomobili təmir etməyə çalışmış və nəticədə iddiaçının avtomobilini yararsız hala salmışdır. İş materialında olan ekspert rəyi ilə cavabdehin iddiaçıya məxsus avtomobilə vurduğu ziyanın həcmi 8507 manat müəyyən edilmişdir. Lakin, iddiaçı hazırki iş üzrə həmin ziyanı deyil, avtomobilinin təmiri üçün cavabdehə ödədiyi pulu geri tələb edir və cavabdehə qarşı həmin ziyanın ödənilməsi ilə bağlı yeni iddia hazırlayır. Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasıda Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasıda İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

19. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.

20. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər.

“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı

21. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarş” iş üzrə 18 sentyabr 2009-cu il tarixli Qərarı

22. Mənəvi zərər şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissidir, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyətdir. Maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

24. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

31. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

32. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

35. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

38. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-20/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini tam yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin, eləcə də apellyasiya şikayətinə etirazın dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-20/2025 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh mənəvi zərərə görə 300 manat pulun alınıb İddiaçı verilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən olunan odur ki, tərəflər arasında şifahi podrat müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə əsasında iddiaçıdan razılaşdırılmış muzd məbləğini almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında iddiaçıya müvafiq işi qüsursuz və vicdanlı icra edilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh podrat müqaviləsi əsasında iddiaçıdan pul vəsaitini (muzd) almasına dair hüququndan istifadə etmiş, lakin razılaşdırılmış işi qüsursuz göstərməsinə dair vəzifəsini isə tam icra etməyərək, öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə öhdəliklərin icra olunmaması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır.

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin vurulması və qətnamədə göstərilən məbləğdə əvəzinin ödənilməsi barədə yanlış nəticəyə gəlmişdir. Belə ki, iddiaçı mənəvi zərərin ödənilməsini tələb edərək onunla əsaslandırmışdır ki, avtomobilinin təmirdə olduğu müddət ərzində ona mənəvi ziyan vurulmuşdur və həmin zərər ödənilmişdir.

42. Məhkəmə kollegiyası iddia tələbini həmin hissədə əsaslı hesab etməyərək qeyd edir ki, işin halları ilə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmir. Həmçinin, nəzərə alınmalıdır ki, mənəvi ziyan tələbi digər tələblərdən irəli gələn tələbdir, hazırki iş üzrə isə tərəflər arasında şifahi qaydada bağlanmış müqavilə üzrə öhdəliklər mövcud olmuşdur.

43. Mənəvi ziyan tələbi ilə bağlı kollegiya hazırkı işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının mülkiyyətində olan avtomobilin təmiri ilə bağlı tərəflər arasında şifahi müqavilə olmuş, avtomobilin təmir üçün müəyyən müddət iddiaçının razılığı ilə cavabdehdə qalması cavabdehin hərəkətlərini iddiaçıya mənəvi ziyan hərəkətlər kimi qiymətləndirilə bilməz. Buna görə də mənəvi zərərin tutulması barədə iddia tələbinin təmin edilməsinə dair məhkəmənin mövqeyi qanuni və əsaslı olmamışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur.”

44. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

45. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

46. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)- 20/2025 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh mənəvi zərərə görə 300 manat pulun alınıb İddiaçı verilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-20/2025 nömrəli qətnaməsi qismən – “Cavabdeh mənəvi zərərə görə 300 manat pulun alınıb İddiaçı verilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Cavabdeh qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar