Məhkəmə qərarları › İş №2(105)-1312/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1312/2025

18.09.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1312/2025 18.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Abşeron rayonu X3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinə və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpasından imtina) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı cavabdehlər Abşeron rayonu X3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinə və Cavabdeh3 qarşı “əqdin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, e-2(012)-564/2025 nömrəli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Abşeron rayonu X3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinə və Cavabdeh3 qarşı çıxarışların və əqdin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, X1 torpaq sahəsi üzərində bələdiyyə mülkiyyət hüququnun qeydiyyata alınması proseduru haqqında qərarı etibarsız hesab edildiyindən onun nəticəsində verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın və X5 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsi, habelə həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə müraciət edərək, Abşeron rayonu, X1 torpaq sahəsi üzərində bələdiyyə mülkiyyət hüququnun qeydiyyata alınması proseduru haqqında qərarı etibarsız hesab edildiyindən onun nəticəsində verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, X5 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-564/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

4. Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-564/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa olunmasını xahiş etmiş və elektron qaydada apellyasiya şikayəti vermişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, onun bu prosesdən ümumiyyətlə xəbəri olmamış və yalnız icra məmurları bu qətnamənin icrası ilə əlaqədar SMS göndərdikdə, belə bir qətnamənin qəbul edildiyindən xəbər tutmuşdur. Bu qətnamənin alınması ilə əlaqədar məhkəməyə müraciət etdikdə, ona bildirmişlər ki, adına elektron kabinet olduğu üçün həmin qətnaməni bu kabinetə göndərmişlər. O, ümumiyyətlə elektron kabinetdən istifadə qaydasını bilmir və bu elektron kabinetin mahiyyətindən anlayışı yoxdur. Yalnız qətnaməni almaq üçün məhkəməyə getdikdə, belə bir kabinetin olduğunu bildirmişlər. O, beynəlxalq yükdaşımalarda sürücü işlədiyi üçün ayın 25 günü xaricdə olur. Ona görə də bu qətnamədən xəbəri olmamışdır. Bu səbəbdən də qeyd olunan halları nəzərə alaraq, şikayət verilməsi müddətinin ötürülməsi üzrlü hesab edilməlidir.

6. Abşeron Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, e-2(012)-564/2025 nömrəli qərardadı ilə (hakim Məlahət Abbasova) Cavabdeh3 ərizəsinin təmin edilməməsi, İddiaçı cavabdehlər Abşeron rayonu X3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinə və Cavabdeh3 qarşı əqdin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-564/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-564/2025 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

7. Cavabdeh Əsədov X7 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)- 564/2025 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

8. Abşeron Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, e-2(012)-564/2025 nömrəli qərardadı ilə (hakim Məlahət Abbasova) şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-564/2025 saylı qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnamənin onun adına olan elektron kabinetə xx.xx.2025-ci il tarixində yerləşdirildiyini əsas gətirərək onun şikayət vermə müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Lakin işin hallarından da görünür ki, həmin bu qətnamə onun elektron kabinetinə xx.xx.2025-ci il tarixində göndərilsə də, o, adına olan ASAN İmzanı bərpa etdikdən sonra 2025-ci ilin iyun ayında həmin qətnaməni elektron kabinet vasitəsilə oxumuşdur. Yəni qanunvericiliyə görə də həmin qətnamə onun elektron kabinetinə göndərildiyi vaxtdan deyil, faktiki olaraq həmin qətnamənin onun oxuduğu vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən qərardad ləğv olunmalıdır.

10. Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya baxışının hədləri

13. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, e-2(012)-564/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, e-2(012)- 564/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, e-2(012)-564/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Göründüyü kimi birinci instansiya məhkəməsi apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina edilməsinə dair mövqeyni onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-564/2025 saylı qətnaməsi cavabdehin elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Cavabdeh3 apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdən bir ay müddətində verməli olduğu halda, müddəti ötürməklə vermişdir. İş materiallarından görünür ki, apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Qətnamə Cavabdeh3 tərəfindən xx.xx.2025-ci il tarixdə alınsa da, qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq şikayət vermə müddəti ötürülmüş, xx.xx.2025-ci il tarixədək apellyasiya şikayəti verilməli olduğu halda, o, bunu xx.xx.2025- ci ildə etmiş, müddəti 44 gün ötürmüşdür. Müddətin ötürülməsini isə qətnamənin icraya yönləndirilməsindən sonra məlumatlı olması və elektron kabineti idarə edə bilməməsi ilə əsaslandırmışdır. Bu dəlillər müddətin üzrlü səbəbdən ötürülməsinə əsas hesab edilə bilməz və bu əsasla da məhkəmə prosessual müddətin Cavabdeh3 tərəfindən üzrlü səbəblərdən buraxılması barədə dəlilləri inandırıcı hesab etməmişdir.

16. Cavabdeh Əsədov X7 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)- 564/2025 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə qiymətləndirmə apararaq birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır, şikayətin dəlillərini əsassız hesab edir. Kollegiyanın qənatincə birinci intansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad prosessual hüquq normalarının tələblərinə uyğundur, qərardadın ləğv edilməsi üçün əsas yoxdur.

18. Kollegiya həmçinin aşağıda şərh olunanları qeyd edir:

19. Qüvvədə olan mülki prosessual qanunvericiliyin normalarından göründüyü kimi şikayət onun verilməsi üçün müəyyən edilmiş müddət ötürüldükdən sonra verilirsə, qəbul edilmir. Şikayət vermiş şəxs müddət ötürülməsinə səbəb olan hallar göstərməklə həmin müddətin bərpa edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər. Lakin vəsatətin veriməsi müddətin mexaniki bərpa edilməsinə səbəb olmur. Məhkəmə ilk növbədə müddətin buraxılmasının səbəblərini arşdırır. Əgər o, müddətin şikayəti verən şəxsdən asılı olmayan səbəblərdən (xəstəlik, ezamiyyət və s.) buraxıldığı qənaətinə gələrsə, vəsatəti təmin edərək müddəti bərpa edir, əks halda isə vəsatəti rədd edir.

20. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının qeyri-müəyyən vaxtdan sonra onlara yenidən baxılması hüquqi müəyyənlik prinsipini pozur. Bu cür hallar Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə baxışına olan hüququnun mahiyyətinə ziddir.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı 20 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır.

22. Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir.

23. Göründüyü kimi müddətlərin müəyyən edilməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinin qarşısını almağa, mülki münasibətdə qeyri-müəyyənliyi, qeyri-sabitliyi aradan qaldırmağa xidmət göstərir.

24. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunmaması ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Tərəfin göstərdiyi dəlil buraxılmış prosessual müddətin bərpa edilməsinin üzürlü səbəb kimi qiymətləndirilməsinə əsas vermir. Odur ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, e-2(012)-564/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı:

Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, e-2(012)-564/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar