Məhkəmə qərarları › İş №2(105)-1319/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1319/2022

25.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1319/2022 25.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında Qusar Rayon Məhkəməsinin 10.03.2022-ci il tarixli, 2(029)-122/2022 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb MÜƏYYƏN E T D İ: Qusar Rayon Məhkəməsinin 10.03.2022-ci il tarixli, 2(029)-122/2022 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Adil Vəliyev) İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh dəymiş zərərin əvəzi kimi mərhum X2 uşaqları-09 sentyabr 2019-cu il təvəllüdlü X5 on səkkiz yaşına çatanadək cəmi 15000 manat məbləğində pul vəsaiti və 20 aprel 2021-ci il təvəllüdlü X1 on səkkiz yaşına çatanadək cəmi 15000 manat məbləğində pul vəsaiti, ümumilikdə isə 30000 manat məbləğində pul vəsaitinin illər üzrə hər ay bərabər şəkildə bölünməklə tutularaq İddiaçı verilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, Cavabdeh Qusar Rayon Məhkəməsinin 10.03.2022-ci il tarixli, 2(029)-122/2022 saylı qətnaməsindən apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı, şikayəti verən şəxsin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti, barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Cavabdeh Qusar Rayon Məhkəməsinin 10.03.2022-ci il tarixli, 2(029)-122/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin forma və məzmunu Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsində nəzərdə tutulan forma və məzmuna uyğun deyildir. Azərbaycan Respublikası 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən cavabdehin apellyasiya şikayətinin həmin maddədə nəzərdə tutulan forma və məzmununa uyğun olmamasına əhəmiyyət verməmiş, cavabdehin apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, cavabdehin apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş göstərilən prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Qusar Rayon Məhkəməsinin 10.03.2022-ci il tarixli, 2(029)-122/2022 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar