Məhkəmə qərarları › İş №2(105)-132/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-132/2025

14.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-132/2025 14.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Sumqayıt şəhər 1 saylı notariat ofisinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə1, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4780/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2024-cü il tarixli İcra qeydinin surətindən görünür ki, Cavabdeh2 ASC (VÖEN: **********) xeyrinə ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, xx.xx.2015- Asan Sumqayıt 2; Fin: xxxxxxx; D/T: xx.xx.1979) BAL0018711/11 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5165 manat 07 qəpik tutulması müəyyən edilmişdir. Həmin icra qeydi xx.xx.2024-cü ildə aparılmışdır. İcra qeydində qeyd olunmuşdur ki, Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X4 “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən Cavabdeh2 ASC (VÖEN: **********) xeyrinə ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, xx.xx.2015- Asan Sumqayıt 2; Fin: xxxxxxx; D/T: xx.xx.1979) BAL0018711/11 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5165 manat 07 qəpik tutulsun. Bundan əlavə təklif edir borcludan İddiaçı QİZİNDAN 1149 manat 76 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla, cəmi 6339 manat 83 qəpik pul tutulsun.

2. xx.xx.2012-ci il tarixli BAL0018711/11 saylı Kredit Kartı üzrə bank hesabı müqaviləsinə dair razılaşmadan görünür ki, Cavabdeh2 ASC-nin “Sumqayıt” filialı ilə X5 arasında bağlanmış müqaviləyə əsasən Bank tərəfindən T.Nümayəndə1ya 2500 (iki min beş yüz) manat məbləğində kredit xətti ayırmışdır.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10699 nömrəli məhkəmə-mühasibatlıq növündə ekspert rəyindən görünür ki, Cavabdeh2 ASC ilə X5 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, BAL0018711/11 saylı kredit kartı bank hesabı müqaviləsi üzrə, Kreditdən istifadəyəgörə tərəflər arasında razılaşdırılmış illik faiz dərəcəsi göstərilmədiyindən X2 bank tərəfindən hesablanmış borc məbləği üzrə hesablamalar aparmaq mümkün olmadı. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 20 manat təşkil etmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/2037 nömrəli məhkəmə-xətşünaslıq növündə ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.2012-ci il tarixli BAL0018711/11 nömrəli Kredit kartı üzrə bank hesabı müqaviləsində “Kredit alan” hissəsində “İmza” qrafasındakı imza və həmin müqaviləyə dair xx.xx.2013-cü il tarixli Razılaşmada “Kredit alan” hissəsində “İmza” qrafasındakı imza – Rəhimova (Atakişiyeva) Tünzalə Bakir qızı tərəfindən icra olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 110 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı oğlu iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhər 1 saylı Notariat ofisinin notariusu X4 tərəfindən verilmiş xx.xx.2024-cu il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə Cavabdeh2 ASC arasında BAL0018711/11 nömrəli kredit müqaviləsi bağlanmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt 1 saylı Notariat ofisinin xx.xx.2024-cu il tarixli “icra qeydi” ilə Cavabdeh2 ASC (VÖEN: **********) xeyrinə ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, xx.xx.2015- Asan-Sumqayıt 2; Fin: xxxxxxx; D/T: xx.xx.1979) BAL0018711/11 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5165 manat 07 qəpik tutulması müəyyən edilmişdir. Həmin icra qeydi xx.xx.2024-cü ildə aparılmışdır. İcra qeydində qeyd olunmuşdur ki, Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X4 “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən Cavabdeh2 ASC (VÖEN: **********) xeyrinə ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, xx.xx.2015- Asan-Sumqayıt 2; Fin: xxxxxxx; D/T: xx.xx.1979) BAL0018711/11 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5165 manat 07 qəpik tutulsun. Bundan əlavə təklif edir borcludan İddiaçı 1149 manat 76 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla, cəmi 6339 manat 83 qəpik pul tutulsun. Həmin icra qeydi xx.xx.2024-cü il tarixdə aparılmışdır.

7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4780/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə).

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.2, 407.2-ci maddələrinə, Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 17-ci maddəsinin 15-ci bəndinə, 76, 78 və 79-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 106.1, 124.2 və 217.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixli BAL0018711/11 saylı Kredit Kartı üzrə bank hesabı müqaviləsinə dair razılaşmadan görünür ki, Cavabdeh2 ASC-nin “Sumqayıt” filailı ilə bağlanmış müqaviləyə əsasən Bank tərəfindən ona 2500 (iki min beş yüz) manat məbləğində kredit xətti ayırmışdır. Qeyd edir ki, borcunu tam ödəmişdir, borcu qalmamışdır. Bu barədə məhkəmə iclasında öz ifadəsində göstərmişdir. Lakin tərəfindən göstərilən dəlillər məhkəmə tərəfindən nəzərə alınmamışdır.

10. İddiaçı apellyasiya şikayəti verib Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4780/2024 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

13. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Sumqayıt şəhər 1 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.

15. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

16. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

21. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

22. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

23. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

“İcra haqqında” Azərbaycan Respublikası Qanunu

24. Maddə 6.1.4. Notariusun icra qeydləri icra sənədi hesab olunur.

“Notariat haqqında” Azərbaycan Respublikası Qanunu

25. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər.

26. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.

27. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur.

28. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.

29. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

“Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı

30. Bənd 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.

31. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.

32. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir.

33. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur.

34. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

35. Bənd 162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.

36. Bənd 164. İcra qeydləri ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); haqqın miqdarı, tələbkarın ödəyəcəyi və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləğini özündə əks etdirməlidir.

37. Bənd 170-1. İcra qeydinin aparılması ilə əlaqədar notariusa müraciət edildikdə, notarius icra qeydinin aparıldığı əqd üzrə öhdəliklərin icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı bu Təlimatın 7-ci hissəsinin on altıncı abzasının məqsədləri üçün “Elektron notariat” informasiya sisteminə daxil edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

43. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

46. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4780/2024 nömrəli qətnaməsinin tam ləğvini xahiş etmişdir. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılmalı, iddia təmin olunmalıdır.

48. İddiaçı oğlu iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhər 1 saylı Notariat ofisinin notariusu X4 tərəfindən verilmiş xx.xx.2024-cu il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

49. İddianı təmin etməyən birinci instansiya məhkəməsi isə qeyd etmişdir ki, məhkəmədə İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Belə ki, iddiaçı iddia ərizəsində borcunun tam ödənilməsini bildirsə də, məhkəmə iclasında onun Cavabdeh2 ASC-yə qeyd olunan müqavilə üzrə borcun qaldığını etiraf etmişdir.

50. Belə ki, "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsi və Təlimatın 162-ci bəndi borcun mübahisəsiz qaydada alınmasına əsas olan sənədlər təqdim olunduğu halda İcra qeydinin aparılmasını nəzərdə tutmuşdur.

51. Yuxarıda qeyd olunanlardan göründüyü kimi icra qeydlərinin aparılmasının vacib şərtlərindən biri də təqdim olunan sənədlərin borcun mübahisəsiz olduğunu təsdiq etməsidir.

52. Göründüyü kimi qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır.

53. İşin tədqiq olunan hallarından görünür ki, hazırkı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı mübahisə mövcuddur. Belə ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində ondan əsassız olaraq pul tələb olunduğunu bildirmişdir. Belə olan halda yuxarıda sadalanan normaların tələbləri baxımından hazırkı vəziyyətdə icra qeydinin verilməsi yolverilməzdir.

54. Əlavə olaraq qeyd olunmalıdır ki mübahisələndirilən icra qeydi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndində qeyd olan şərtlərə uyğun keçirilməmişdir.

55. Belə ki, iş materiallarında olan notariat işindən görünür ki, Cavabdeh2 ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməmişdir. Odur ki, iddiaçının icra qeydin aparılması barədə məlumatı olmadığından, o, icra qeydin aparılmasına vaxtında etiraz edə bilməmişdir.

56. Göründüyü kimi Cavabdeh2 ASC tərəfindən iddiaçıya müvafiq bildiriş çatdırılmadığından, icra qeydin verilməsi qanunvericiliyin tələbləri baxımından əsaslı hesab oluna bilməz.

57. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə səhvə yol vermişdir.

58. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.

59. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4780/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməlidir.

60. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ekspertiza tədqiqatlarının xərci olan 110 manat məbləğində pul vəsaiti İddiaçı, 20 manat məbləğində pul vəsaiti Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4780/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Sumqayıt şəhər 1 saylı Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş xx.xx.2024-cu il tarixli icra qeydi ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatları üçün tələb edilən 110 (yüz on) manat məbləğində pul vəsaiti İddiaçı, 20 (iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar