Məhkəmə qərarları › İş №2(105)-1323/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1323/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1323/2025 13.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: subroqasiya tələbi) X11 Süleymanovanın sədrliyi və məruzəsi, X5 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pul tələbinə dair " mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, e- 2(060)-3341/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdehə qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rəşad oğlundan 5280 (beş min iki yüz səksən) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi məbləğini, 73.20 (yetmiş üç manat, iyirmi qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 5353.20 (beş min üç yüz əlli üç manat, iyirmi qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh Rəşad oğlunun idarə etdiyi “Range Rover” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Renault Logan” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş və X1 yüngül xəsarət yetirmisdir. Qeyd olunan hadisə ilə bağlı Binəqədi DYPŞ tərəfindən tərtib olunan qərara əsasən “Range Rover” markalı, 77- KV- 492 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Rəşad oğlu inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh Rəşad oğlu yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsinjə zərərçəkən üçüncü şəxslərə ümumilikdə 5280 (beş min iki yüz səksən) manat məbləğində maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsi üzrə İAS241653 və İAS241654 saylı Sığorta ödənişi aktlarına əsasən "xxxx" ASC tərəfindən 5280 (beş min iki yüz səksən) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Ona görə də iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. PME********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, “Range Rover” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığorta təminatı altına alınmışdır.

5. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, X6 məxsus “Range Rover” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2027-ci il tarixədək Cavabdeh Rəşad oğlunun istifadəsinə verilmişdir.

6. İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Range Rover” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Rəşad oğlu tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “AsanPay” ödəniş sistemindən çıxarışdan görünür ki, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol artıq ödənilmişdir.

7. Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, toqquşma növündə yol nəqliyyat hadisəsi zamanı “Range Rover” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Rəşad oğlu tərəfindən X7 məxsus, X15 tərəfindən idarə olunan “Renault Logan” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilmişdir.

8. “Qardaşlar Servis” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Renault Logan” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinin ümumi qiyməti 4530.00 manatdır.

9. 05.09.2024-cü il tarixli, İAS241653 nömrəli sığorta ödənişi aktı və həmin tarixli ödəniş tapşırığından görünür ki, 4530.00 manat məbləğdə sığorta ödənişi həyata keçirilmişdir.

10. Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumatdan görünür ki, toqquşma növündə yol nəqliyyat hadisəsi zamanı X8 yüngül xəsarət vurulmuşdur.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X9 X14 xx.xx.2024-cü il tarixli, 49/1349 saylı əlavə ekspert rəyindən görünür ki, xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 yüngül xəsarət dəymişdir.

12. 06.08.2024-cü il tarixli, İAS241654 nömrəli sığorta ödənişi aktı və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, 750 manat məbləğdə sığorta ödənişi həyata keçirilmişdir.

13. 12.09.2024-cü il tarixli, HD/SŞ-1206 saylı pretenziya məktubundan görünür ki, şirkət tərəfindən həyata keçirilmiş cəmi 5280 manat sığorta ödənişinin 10 gün ərzində müvafiq sığorta şirkətinə ödənilməsi Cavabdeh Rəşad oğluna təklif edilmiş, əks halda, bununla əlaqədar, məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

14. Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, e-2(060)-3341/2025 nömrəli qətnaməsi ilə (hakim Pərvin İmamverdiyeva) iddianın təmin edilməsi, Cavabdeh Rəşad oğlundan 5280 manat sığorta ödənişi, 72.80 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının əvəzi olmaqla, cəmi 5353.20 manat pulun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 922.2, 936.1, 936.2, 936.5, 1096.1, 1096.2 və 1108.1-ci maddələri, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 14.2, 14.2.5, 25.1, 25.1.8 və 63.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.1, 216-220, 227, 233, 358 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

16. Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, e-2(060)-3341/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Range Rover" markalı, ** KV *** dövlət qeydiyyat nişanlı avtomobili heç bir zaman istifadə etməmişdir. Belə ki, həmin avtomobil tanışı X2 və istifadəsində olmuşdur. O, təxminən 2-3 aydır ki, həmin avtomobili sürürdü. xx.xx.2024-cü il tarixində o, Sumqayıt şəhəri, Avtovağzal tərəfdə yerləşən kafedə dostu X16 ilə birlikdə oturduğu zaman tanışı Rəşad Rüstəmov ona zəng etmiş və avtomobili idarə etmə ilə bağlı ona etibarnamə verəcəyini bildirmiş və qəza olduğu üçün onu olduğu yerə çağırmışdır. O, məsələ ilə bağlı ona əlavə sual vermədən, birbaşa yanına getmişdir. O, Rəşad Rüstəmovun olduğu yerə getdikdə qəza baş verdiyini görmüş, polis əməkdaşları və başqa şəxslər hadisə yerində toplanmışdı. Orada olan polis əməkdaşları sonuncu etibarnamənin onda olduğunu bildirsələr də, TŞ kameralarına baxdıqdan sonra "Range Rover" markalı, ** KV *** dövlət qeydiyyat nişanlı avtomobili onun idarə etmədiyini görmüşlər. Onun hadisə yerinə getməkdə məqsədi Rəşad Rüstəmova dəstək olmaq idi. Lakin hadisədən dərhal sonra ona etibarnamə verməsi, daha sonra qəzanın baş verdiyini orqanlara bildirməsində məqsədinin avtomobili onun idarəetməsi mənzərəsi yaradacağını sonradan anlamışdır. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3341/2025 nömrəli iş üzrə məhkəmə iclaslarından, onun cavabdeh qismində çıxış etməyindən qətnamə qəbul edildikdən sonra xəbər tutmuşdur. Buna görə də cavabdehin əslində o, olmadığını, hadisə ilə heç bir əlaqəsi olmadığını, məhkəmə iclasında iştirak etmədiyi üçün qeyd edə bilməmişdir. İş üzrə aiddiyatı şəxs olmadığını təsdiq edəcək sübutlar mövcuddur. Belə ki, polis əməkdaşları TŞ kameralarına baxaraq hadisə zamanı avtomobili onun idarə etmədiyini müəyyən etmişlər. Həmçinin, hadisə baş verərkən onun Sumqayıt şəhərində olmağını X10 da təsdiq edə bilər. Bununla yanaşı, hadisənin baş verdiyi yerdəki TŞ kameraları da nəzərdən keçirilsə, qəzanı törədənin o, olmadığı məlum olar. Həmçinin, X12 da məhkəmə iclasında "Range Rover" markalı, ** KV *** dövlət qeydiyyat nişanlı avtomobili özü idarəetdiyini ifadə edə bilər. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq diqqətə çatdırmaq istəyir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-3341/2025 nömrəli qətnaməsi tamamilə əsassızdır. Onun qətnamədən xx.xx.2025-ci il tarixdə məlumatı olmuşdur. Belə ki, apellyasiya şikayətində ətraflı qeyd etdiyi kimi o, iş üzrə əsl cavabdeh olmadığından, formal olaraq cavabdeh qismində çıxış etdiyi məhkəmə işindən məlumatı olmamış, buna görə də məhkəmə iclaslarında iştirak etməmişdir. Onun faktiki yaşadığı ünvana da hər hansı sənəd gəlməmiş, həmçinin e-məhkəmə sistemində şəxsi kabineti olmadığı üçün elektron qaydada yerləşdirilən sənədləri də görməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3341/2025 nömrəli qətnaməsini xx.xx.2025-ci il tarixdə məhkəməyə yaxınlaşaraq rəsmi surətdə almış və qətnaməni aldığı tarixi imzası təsdiq etmişdir. Qətnamənin rəsmi qaydada verildiyi tarixlə bağlı qəbz iş materiallarının içərisində mövcuddur. O, xx.xx.2024cü il tarixdə baş verən yol-nəqliyyat hadisəsində iştirak etmədiyi üçün hər hansı başqa bir şəxsə də zərər vurmuş ola bilməz. Onun hər hansı təqsirli əməli olmamışdır, həmçinin baş verən qəzanın onun tərəfindən törədildiyini və ya onun həmin qəzada iştirak etdiyini təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3341/2025 nömrəli iş üzrə aiddiyatı şəxs olmadığı nəzərə alınmamışdır. Belə ki, "Range Rover" markalı, ** KV *** dövlət qeydiyyat nişanlı avtomobilin tərəfindən idarə edilmədiyi iş materialları ətraflı araşdırıldığı halda görünəcəkdi. Müvafiq qətnamə tamamilə əsassızdır. Müvafiq Qanunun 63.1-ci maddəsinin məzmunundan aydın olur ki, subroqasiya qaydasında tələb etmək hüququ avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücüyə qarşı yönəlir. O, qəza hadisəsində iştirak etmədiyi üçün müvafiq iş üzrə aiddiyyatı şəxs hesab edilə bilməz. Tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Sumqayıt Şəhər Məhkəməsi müvafiq qətnaməsində iddiaçı tərəfin təqdim etdiyi faktlara tək istiqamətli yanaşmaqla, əhəmiyyətli sübutları araşdırmamışdır. Məhkəmə sübutları hərtərfli qiymətləndirsəydi onun müvafiq iş üzrə aiddiyatı şəxs olmadığı aydın olardı və iddia tələbi təmin edilməzdi. "Range Rover"markalı, ** KV *** dövlət qeydiyyat nişanlı avtomobilin kim tərəfindən idarə olunması ilə bağlı faktiki hallar aydınlaşdırılmadan məhkəmə yekun nəticəyə gəlmişdir. İş üzrə aiddiyatı şəxs olmadığını təsdiq edəcək sübutlar mövcuddur. Hadisənin baş verdiyi yerdəki TŞ kameraları da nəzərdən keçirilsə qəzanı törədənin o, olmadığı məlum olar. Həmçinin, X12 da məhkəmə iclasında "Range Rover"markalı, ** KV *** dövlət qeydiyyat nişanlı avtomobil özü idarə etdiyini ifadə edə bilər. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3341/2025 nömrəli iş üzrə məhkəmə iclaslarından xəbərdar olmadığı üçün müvafiq sübutları məhkəməyə təqdim etmək imkanı olmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları

19. Cavabdeh xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

20. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

23. “İcbari sığortalar haqqında” Azərbayan Respublikası Qanunu: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

26. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edildi ki, araşdırılan iddia tələbi üzrə birinci instansiya məhkəməsi iddianın təmin edilməsi nəicəsinə gələrək mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh idarə etdiyi avtomobil "xxxx" ASC-də nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə “Range Rover” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edərkən yolnəqliyyat hadisəsi nəticəsində “Renault Logan” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuş və X1 yüngül xəsarət yetirmişdir. Hadisədə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 327.8-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Əmlaka dəymiş zərər 4530 manat məbləğdə qiymətləndirilmiş, həmin məbləğdə sığorta ödənişi iddiaçı tərəfindən ödənilmişdir. Həmçinin, yüngül zərər vurmaya görə sığorta məbləğinin 15 faizi, yəni 750 manat məbləğdə sığorta ödənişi iddiaçı tərəfindən ödənilmişdir. İşdə olan sübutlarla deliktin (yol-nəqliyyat hadisəsinin) cavabdehin təqsirli hərəkətləri nəticəsində törədilməsi, iddiaçının isə sığorta müqaviləsinə uyğun zərər dəymiş avtomobil və yüngül xəsarət yetirilmiş şəxs üçün sığorta ödənişini etdiyi müəyyən olunur. Odur ki, iddiaçı tərəfin dəlilləri ilə razılaşan məhkəmə “İcbari sığortalar haqqında” Qanunun 25.1.8 və 63.1-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişini subroqasiya qaydasında tələb etməkdə haqlıdır.

28. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlinmiş və tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

30. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

31. Şikayətin dəlilindən göründüyü kimi apellyator birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulduğunu, məhkəmənin gedişatı barədə məlumatlandırılmadığını və həmçinin baş verən qəzanın onun tərəfindən törədilmədiyini mübahisələndirmişdir. Kollegiya şikayətin dəlillərini əsassız hesab edir.

32. Belə ki, mülki iş materiallarında olan bildiriş və SMS xəbərdarlıqlardan görünür ki, cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmışdır.

33. Şikayətin digər dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, Cavabdeh idarə etdiyi avtomobillə digər avtomobilə zərər, digər şəxsə yüngül xəsarət vurması və hadisə yerindən yayınması onun barəsində tərtib olunmuş İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 327.8-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi barədə protokolla təsdiq olunur. Göründüyü kimi həmin protokolla razılaşılaraq cərimə ödənilmişdir.

34. Bundan başqa, cavabdeh öz etirazına dair nə apellyasiya şikayətinə sübut əlavə etməmiş, nə də apellyasiya icraatı zamanı məhkəmə iclasında heç bir sübüt təqdim etməmişdir.

35. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmır və hesab edir ki, həmin dəlillər formal mülahizəyə əsaslanmaqla, əsassızdır. Apellyasiya şikayətində qeyd olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 385 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, e-2(060)-3341/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar