Məhkəmə qərarları › İş №2(105)-1338/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1338/2023

05.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1338/2023 05.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mülki iş üzrə (Açar söz: müqavilə üzrə maddi və mənəvi ziyan tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə İddiaçı nümayəndə və vəkili Nümayəndə1 Mubariz oğlunun, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-923/2023 saylı qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə üzrə maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF-park” yaşayış massivində yerləşən 29 saylı küçədə, 2 saylı binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60.5 kv.m. olan 70 saylı və eyni ünvanda ümumi sahəsi 61.3 kv.m. olan 71 saylı mənzillərin, o cümlədən 29 saylı küçədə, 1 saylı binanın 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 31.2 kv.m. olan 123 saylı mənzillərlə bağlı bağlanmış xx.xx.2017-ci il tarixli, M-1642, M-1643 və M-1644 saylı müqavilələr üzrə öhdəliklərini icra etmədiyinə görə 54000 (əlli dörd min) manat maddi ziyan və 20 000 (iyirmi min) manat mənəvi ziyan olmaqla, cəmi 74 000 (yetmiş dörd min) manat və dövlət rüsumu olaraq ödənilmiş 312 (üç yüz on iki) manatın cavabdeh "xxxx" MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasıda xx.xx.2017-ci il tarixli, M-1642, M-1643 və M-1644 saylı mənzil alqı-satqısına dair müqavilə imzalanmışdır. xx.xx.2017-ci il tarixli, M-1642 və M-1643 saylı müqavilələr üzrə 29 saylı küçədə, 2 saylı binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60.5 kv.m. olan 70 saylı və ümumi sahəsi 61.3 kv.m. olan 71 saylı mənzillərin dəyəri onun tərəfindən tam, M-1644 saylı müqavilə üzrə 29 saylı küçədə, 1 saylı binanın 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 31.2 kv.m. olan 123 saylı mənzil isə kredit şəklində alınmış və ümumi dəyəri olan 18720 manat məbləğdən 15490 manat iddiaçı tərəfindən ödənilmişdir. Lakin cavabdeh şəxs müqavilə üzrə öhdəliklərini icra etməmiş, müqavilə şərtlərini kobud pozaraq 2017-ci il tarixdən bugünə kimi iddiaçıya məxsus olan mənzillər ona təhvil verilmir. Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 60.5 kv.m-dən ibarət, 2 otaqlı 70 nömrəli mənzil, xx.xx.2017-ci il tarixli M-1643 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 61.3 kv.m-dən ibarət, 2 otaqlı 71 nömrəli mənzil, xx.xx.2017-ci il tarixli M- 1644 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 1 mərtəbə 15, ümumi sahəsi 31.2 kv.m-dən ibarət, 1 otaqlı 123 nömrəli mənzilin ona təhvil verilməsi və həmin müqavilələrinin 2.2.4-cü bəndində göstərilən vəzifələrin icra edilməsi, qaz, su, elektrik təchizatının təmin edilməsi, binada yaşayış üçün zərurəti olan bütün şəraitin yaradılması, mənzillərin ona təhvil verilməsi, həmin mənzillərdə təmir işlərinə başlamağa icazə verilməsi vəzifəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qət edilmişdir. Lakin məhkəmə qətnaməsini bu şirkətə icra etdirə biləcək bir qurum yoxdur. Sanki Azərbaycan Respublikasının qanunları bu şirkət üçün keçərli deyil. İddiaçı əziyyət çəkərək çətin iş rejimində min bir əziyyətlə qazandığı vəsaiti bu şirkətə yatırım edib mənzil almışdır. Bu mənzilləri alanda onun da müəyyən hədəf və istəkləri var idi. Lakin mənzilləri aldığından bəri 7 ildən artıq vaxt keçməsinə baxmayaraq öhdəliklər icra olunmur. İddiaçı 2014-cü ildə AAAF İnşaat MMC-dən mənzil alsa da 8 ildir həmin mənzillərin faydasını, deyil zərərin görür. Bu illər ərzində maddi və mənəvi zərəri olmuşdur. 8 il əvvəl mənzil almış biri olaraq, hələ də mənzilə köçə bilməməsi səbəbindən kifayət qədər maliyyə itkisi ilə üzləşmişdir. Mənzillərin ağılabatan müddətə təhvil verilməli olduğu vaxtdan 5 il gecikdirildiyi üçün, ona ümumilikdə 54000 manat maddi ziyan, eyni zamanda ona qarşı törədilən qanunsuz hərəkətin müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirmələri olmuşdur ki, bununla da sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkmişdir. Bu səbədən də 20000 manat da mənəvi zərər cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-923/2023 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 3000 manat mənəvi zərərə və 200 manat dövlət rüsumuna görə ödənilmiş pul vəsaitinin tutularaq İddiaçı ödənilməsiu, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edlmişdir (hakim Cəmilə Səfiyeva).

5. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini bu cür əsaslandırmışdır ki, iddia ərizəsində iddiaçı cavabdehin öhdəliyini icra etmədiyindən 54000 manat maddi ziyan dəydiyini bildirsə də maddi ziyanın nədən ibarət olması barədə iddianı əsaslandırmamış, formal olaraq MM-nin 442,443-cü maddələrinin dəymiş zərərlə bağlı ümumi müddəalarını sadalamaqla kifayətlənmişdir. Eyni zamanda Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3467/2021 saylı qətnaməsinə əsasən müəyyən edilir ki, xx.xx.2017-ci il tarixli M-1642 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 60.5 kv.m-dən ibarət, 2 otaqlı 70 nömrəli mənzil, xx.xx.2017-ci il tarixli M-1643 saylı mənzilin alğı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 61.3 kv.m-dən ibarət, 2 otaqlı 71 nömrəli mənzil və xx.xx.2017-ci il tarixli M-1644 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 1 mərtəbə 15, ümumi sahəsi 31.2 kv.m-dən ibarət, 1 otaqlı 123 nömrəli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsa da ötən müdət ərzində bu vəzifə hələ də icra edilməmişdir.Tərərflər arasında bağlanan müqavilədə icra müddəti göstərilməsə də icra müddəti ağlabatan müddət üçün 3-4 il götürmək olar. Tərəflər arasında bağlanan müqavilənin şərtlərini cavabdeh tərəf tam olaraq vaxtında icra etmədiyindən onun bu hərəkəti ilə iddiaçıya mənəvi zərər dəyməsi mümkündür. Məhkəmə mənəvi zərərin məbləğini müəyyənləşdirərkən tərəflərin hər ikisinin mənafeyini, işin faktiki hallarını nəzərə alaraq mənəvi zərərin məbləğinin 3000 manat müəyyən edilməsini ağlabatan məbləğ hesab edir.

6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752, 762, 767, 770-ci maddələrinə, Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-923/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-923/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmuş hissədə də təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Şikayətin dəlilləri:

9. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzil 7 ildən artıqdır ki, təhvil verilmir və məhkəmə qeyd edir ki, maddi ziyanın vurulmasına dair sübutlar əlavə edilməmişdir. Tərəflər arasında müqavilə bağlanmasına və mənzilin verilməsinə dair öhdəlik müəyyən olunduğu halda, öhdəlik icra edilməmişdir. Pozuntu artıq mövcuddur. Məhkəmə öz qətnaməsində delikt olduğunu təsdiq etsə də 100000 manat dəyərində mənzilə görə 3000 manat mənəvi zərər təmin etmişdir. Bu isə absurddur. O, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşısında acizdir. Çünki məhkəmə qətnaməsini bu şirkətə icra etdirə biləcək bir qurum yoxdur. Sanki Azərbaycan Respublikasının qanunları bu şirkət üçün keçərli deyil. O, min bir əziyyət çəkərək çətin iş rejimində çalışaraq qazandığı vəsaiti bu şirkətə yatırım edib, mənzil almışdır. Bu mənzilləri alanda onun da müəyyən hədəf və istəkləri olub. Lakin mənzilləri aldığından bəri 7 ildən artıq vaxt keçməsinə baxmayaraq öhdəliklər icra olunmur. Burada əgər müqavilə üzrə öhdəliyi o, icra etməmiş olsaydı, onun barəsində kifayət qədər tədbir görülüb, şirkətin pulunu ödəməyə məcbur buraxılacaqdı.

10. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tələbi araşdıran zaman tərəflər arasında xx.xx.2017-ci il tarixli M-1642 saylı, xx.xx.2017-ci il tarixli M-1643 saylı, xx.xx.2017-ci il tarixli M1644 saylı mənzilin alqı-satqı müqavilələri üzrə razılaşdırılmış müqavilə şərtlərini (fors-major hallarını) tam nəzərə almamışdır. Eyni zamanda, mülki iş üzrə tədqiq edilməmiş və əsası olmayan sübutları qiymətləndirmişdir. Halbuki iddiaçı iddia tələbi üzrə ehtimal etdiyi, dəymiş maddi və mənəvi ziyanın sübutunu təqdim edə bilməmişdir. Həmçinin tərəflər arasında mübahisə üzrə münasibətlərə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə hüquqi qiymət verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3467/2021 saylı qətnaməsinə əsasən xx.xx.2017-ci il tarixli M-1642 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 60.5 kv.m-dən ibarət, 2 otaqlı 70 nömrəli mənzil, xx.xx.2017-ci il tarixli M-1643 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 61.3 kv.m-dən ibarət, 2 otaqlı 71 nömrəli mənzil və xx.xx.2017-ci il tarixli M-1644 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 1, mərtəbə 15, ümumi sahəsi 31.2 kv.m-dən ibarət, 1 otaqlı 123 nömrəli mənzilin İddiaçı təhvil verilməsi və həmin müqavilələrinin 2.2.4-cü bəndində göstərilən vəzifələrin icra edilməsi, qaz, su, elektrik təchizatının təmin edilməsi, binada yaşayış üçün zərurəti olan bütün şəraitin yaradılması, mənzillərin İddiaçı təhvil verilməsi, həmin mənzillərdə təmir işlərinə başlamağa icazə verilməsi vəzifəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qət edilmişdir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli M-1642 saylı, xx.xx.2017-ci il tarixli M-1643 saylı, xx.xx.2017-ci il tarixli M-1644 saylı mənzilin alqısatqı müqavilələrin 7-ci bəndinə əsasən, tərəflər fors-major hallarında müqavilə şərtlərinin icra olunmaması və ya lazımi qaydada icra olunmamasına görə məsuliyyətdən azad olunurlar. Son üç il ərzində Azərbaycan Respublikasında “Koronavirus (COVİD-19) pandemiyası”nın mövcudluğu ilə əlaqədar fəaliyyət sahələrində tətbiq edilmiş məhdudiyyətlər hamıya bəlli olan haldır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

12. Cavabdehin nümayəndəsi tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz verilərək şikayətin təmin edilməməsi xahiş edilmişdir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Nümayəndə1 Mubariz oğlu apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi mövcuddur. Bundan əlavə tələb olunan maddi və mənəvi ziyanla bağlı məhkəmə hüquq pozuntusunun mövcudluğunu tanısa da maddi ziyanı sübut edə bilmədiyini hesab etmiş, dəymiş mənəvi ziyanın məbləğini 3000 manat həcmində qiymətləndirmişdir. Bu yanaşmanı düzgün hesab etmir. Qanunvericilikdə zərərin anlayışında qeyd edilir ki, bu zaman qazanıla biləcək məbləğ də nəzərə alınmalıdır. Ortada 3 mənzil və həmin mənzillərə görə ödənilmiş yüz minlərlə manat pul vəsaiti var. Müqavilə 2013-cü ildə bağlanılıb. Sonradan iddiaçının evi başqa şəxsə verildiyinə görə 2015-ci ildə ikinci müqavilə bağlanılıb və onlar hesablamanı həmin tarixdən aparır. 8 ildir ki, iddiaçı cavabdehin ödədiyi məbləğdən dövriyyədə faydalanır, əgər iddiaçı həmin məbləği təkcə bank hesabında saxlamış olsa idi, xeyli miqdarda gəlir əldə edə bilərdi. Məhkəmə isə MTK-ların maddi vəziyyətinin ağır olduğu mövqeyindən çıxış edir, hüquq pozuntusunu tanısa da dolayısıyla pozuntu cavabdehə heç bir məhdudiyyət tətbiq olunmadan açıq şəkildə qalır. Hər mənzilə münasibətdə iddiaçıya 1000 manat mənəvi ziyanın əvəzinin ödənilməsi absurddur. Deməli müqavilə münasibətlərinin heç bir qüvvəsi yoxdur və zərərə ümumiyyətlə düz anlayış verilməyib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(012)-923/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

13. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib, iddiaçının tərəfin apellyasiya şikayətini qəbul etməyərək bildirir ki, iddiaçının iddiası belədir ki, mənzili ona təhvil verilməyib. Müqavilələr 2014 və 2017-ci il tarixli müqavilələrdir. Qeyd olunan mənzillərdən birinin yerləşdiyi bina hazırdır. İddiaçının bu barədə məlumatı var. Binada tikinti işləri tamamilə yekunlaşdırılıb. Təkcə kommunikasiya xətlərinin çəkilməsi qalıb. Həmin ev üzrə iddiaçının qismən ödənişi qalıb. Bunu özü də etiraf edir. İkinci mənzil üzrə beton və kərpic işləri yekunlaşıb. Arakəsmələr və komunikasiya işləri görülür. Binalardan birinin bu ay təmirə buraxılması planlaşdırılır. Tələbin maddi ziyan hissəsi təkrardır. Həmin işə baxılıb. 3000 manat mənəvi ziyana gəldikdə tərəf ona dəyən mənəvi ziyanı sübut edə bilməyib. İddiaçı mənzillərin satılması üçün təşkilata müraciət etmişdi. Təşkilat mənzili sata bilmədi və bu mübahisə ortaya çıxdı. Öhdəliyin icrasından boyun qaçırmırlar. Öhdəliklərin icrası təşkialtdan asılı olmayan səbəblərdən dayanmışdı. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-923/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmuş hissədə də təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir

Tətbiq edilən hüquq

14 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1 maddəsinə əsasən, öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1 maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir; 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. (...) Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsu; 767.1-ci maddəsinə əsasən, əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır; 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 1096.1 maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1 maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.

16. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

17. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-923/2023 saylı qətnaməsi iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi həmin hissələrdə də təmin edilməməli, İddiaçı apellyasiya şikayəti təmin edilməməlidir.

20. AAAF-İnşaat MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli M- 1642 saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, cəmiyyət Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 2 mərtəbə 7, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 60.5 kv.m-dən ibarət, 2 otaqlı 70 nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür.

21. Müqavilənin 2.2.2 və 2.2.3-cü bəndlərindən görünür ki, cəmiyyət inşa olunmuş/ inşa olunan yaşayış kompleksinin Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 2 mərtəbə 7, ümumi sahəsi 60.5 kv.m ibarət 2 otaqlı 70 nömrəli mənzili alıcıya təhvil verməyi öhdəsinə götürmüş, mənzilin ümumi sahəsi 60.5 kv.m təşkil edir.

22. Müqavilənin 3-cü bəndindən görünür ki, bu müqavilə üzrə mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 500 manat olmaqla, müqavilənin qiyməti cəmi 30250 manat müəyyən edilmişdir. Alıcı müqavilə qiymətindən 30250 manatı şəxsi vəsaiti hesabına ödəmişdir.

23. AAAF-İnşaat MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli M- 1643 saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, cəmiyyət Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 2 mərtəbə 7, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 61.3 kv.m-dən ibarət, 2 otaqlı 71 nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür.

24. Müqavilənin 2.2.2 və 2.2.3-cü bəndlərindən görünür ki, cəmiyyət inşa olunmuş/ inşa olunan yaşayış kompleksinin Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 2 mərtəbə 7, ümumi sahəsi 61.3 kv.m ibarət 2 otaqlı 71 nömrəli mənzili alıcıya təhvil verməyi öhdəsinə götürmüş, mənzilin ümumi sahəsi 61.3 kv.m təşkil edir.

25. Müqavilənin 3-cü bəndindən görünür ki, bu müqavilə üzrə mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 500 manat olmaqla, müqavilənin qiyməti cəmi 30650 manat müəyyən edilmişdir.

26. AAAF-İnşaat MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli M- 1644 saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, cəmiyyət Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 1 mərtəbə 15, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 31.2 kv.m-dən ibarət, 1 otaqlı 123 nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür.

27. Müqavilənin 2.2.2 və 2.2.3-cü bəndlərindən görünür ki, cəmiyyət inşa olunmuş inşa olunan yaşayış kompleksinin Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 1 mərtəbə 15, ümumi sahəsi 31.2 kv.m ibarət 1 otaqlı 123 nömrəli mənzili alıcıya təhvil verməyi öhdəsinə götürmüş, mənzilin ümumi sahəsi 31.2 kv.m təşkil edir.

28. Müqavilənin 2.3.1-ci bəndindən görünür ki, alıcının cəmiyyətdən bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərin vaxtında icrasını tələb etmək hüququ vardır.

29. Müqavilənin 3-cü bəndindən görünür ki, bu müqavilə üzrə mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 600 manat olmaqla, müqavilənin qiyməti cəmi 18720 manat müəyyən edilmişdir. Alıcı müqavilə qiymətindən 4890 manatı şəxsi vəsaiti hesabına ödəmiş, geri qalan 13830 manatlıq məbləği 24 ay müddətinə ödəniş etməyi və kredit məbləğinin 1%-i məbləğində (0.00 manat) komisyon xərcini müqavilə bağlandığı gün ödəməyi qəbul etmişdir. Müqavilədən irəli gələn hüquq və vəzifələrin kredit müqaviləsi ilə bağlı AAAF İnşaat MMC-nin müvafiq yazılı razılığı olduğu halda 3-cü şəxslərə ötürülməsi zamanı (ilkin olaraq qeyd olunan şəxsin təhlili AAAF-İnşaat MMC tərəfindən aparılmalıdır), alıcı müqavilənin 3.1. maddəsində razılaşdırılmış məbləğin 2% həcmində minimum 2000 manat olmaqla xidmət haqqı ödəyəcək. Müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) hallarında alıcı müqavilənin 3.1. maddəsində razılaşdırılmış məbləğin 2%-i həcmində minimum 1000 manat olmaqla Cəmiyyətə dəbbə pulu ödəyəcəkdir.

30. Müqavilələrin 2.2.4-cü bəndindən görünür ki, cəmiyyət mənzil üzrə öz seçiminə görə aşağıdakı işləri həyata keçirəcək: mənzilin giriş hissəsinə qədər kommunal (içməli və tullatının suları, elektrik) xətləri çəkilir, mənzilin bayır divarları ikiqat hörgü ilə hörülür, mənzilin daxili divarları (qonşular arası) bir qat hörgü ilə hörülür, plastik pəncərələrin qoyulması və şüşələnməsi təmin edilir, mənzil qazla təchiz olunur, liftlərin quraşdırılır.

31. AAAF-İnşaat MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2017-ci il tarixli M-1644 nömrəli Mənzilin alqı-satqı müqaviləsi üzrə Abşeron rayonu. Xırdalan şəhəri, H.Əliyev prosp.167, AAAF Park yaşayış massivi, 29 saylı küçə, 123 nömrəli mənzilin yerləşdiyi (mərtəbə 15) 1 nömrəli yaşayış binasının dəmir-beton işləri yekunlaşmış, dam vurulmuş, küçə tərəfdən fasad divarları hörülmüş, suvanıb, rənglənib, bina daxilində 12-ci mərtəbəyə qədər mənzillər bölünüb, arakəsmə divarlar hörülüb və suvanıb, mənzillərin pəncərələrinin quraşdırılması işləri davam edir, digər işlər davam etdirilir;

32. xx.xx.2017-ci il tarixli M-1642 nömrəli və xx.xx.2017-ci il tarixli M-1643 nömrəli Mənzilin alqı-satqı müqavilələri üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prosp.167, AAAF Park yaşayış massivi, 29 saylı küçə, 70 və 71 nömrəli mənzillərin yerləşdiyi (mərtəbə 7) 2 nömrəli yaşayış binasının dəmir-beton işləri yekunlaşmış, dam vurulmuş, küçə tərəfdən fasad divarları hörülmüş, suvanıb, rənglənmə-boyaq işləri davam etdirilir, mənzillərin arakəsmə divarların hörülməsi-bölünmə işləri davam etdirilir, mənzillərin pəncərələrinin quraşdırılması işləri davam edir, digər işlər davam etdirilir;

33. İddiaçı tərəfindən Cavabdehnə ünvanladığı xx.xx.2022-ci il tarixli öhdəliyin icrasına dair pretenziyadan görünür ki, Abşeron Rayon Məhkəməsinin qətnamənin icrası mümkün deyildir. Çünki öhdəliklər icra edilməmiş və bina istismara təhvil verilməmişdir. İlkin olaraq 2014-cü ildə AAAF İnşaat MMC-dən mənzil alsa da sonradan həmin mənzildə olan qüsurlara görə ona əlavə pul ödətməklə hazırkı ünvanlara dəyişdirilmişdir. Bu illər ərzində maddi və mənəvi zərərləri olub. 8 il əvvəl mənzil almış biri olaraq, hələ də mənzilə köçə bilməməyi səbəbindən nə qədər maliyyə itkisi ilə üzləşmişdir. Mənzillərin ağlabatan müddətə təhvil verilməli olduğu vaxtdan 5 il gecikdirildiyi üçün, ona ümmilikdə 54000 manat maddi ziyan, eyni zamanda ona qarşı törədilən qanunsuz hərəkətin müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirmələri olmuşdur ki, bununla da sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkmişdir. Bu şəbədən də hesab edir ki, 50000 min manat da mənəvi zərər şirkət tərəfindən ona ödənilməlidir. Ümumilikdə 104000 (bir yüz dörd min) manat məbləğində pulun vurulmuş maddi və mənəvi zərərə görə 10 gün ərzində ona ödənilməsinin təmin edilməsini tələb etmiş, əks təqdirdə tələb üzrə məhkəməyə müraciət edəcəyini bildirmişdir. 34.Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3467/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.2017-ci il tarixli M-1642 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 60.5 kv.m-dən ibarət, 2 otaqlı 70 nömrəli mənzil, xx.xx.2017-ci il tarixli M-1643 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 61.3 kv.m-dən ibarət, 2 otaqlı 71 nömrəli mənzil və xx.xx.2017-ci il tarixli M-1644 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 1 mərtəbə 15, ümumi sahəsi 31.2 kv.m-dən ibarət, 1 otaqlı 123 nömrəli mənzilin İddiaçı təhvil verilməsi və həmin müqavilələrinin 2.2.4-cü bəndində göstərilən vəzifələrin icra edilməsi, qaz, su, elektrik təchizatının təmin edilməsi, binada yaşayış üçün zərurəti olan bütün şəraitin yaradılması, mənzillərin İddiaçı təhvil verilməsi, həmin mənzillərdə təmiri işlərinə başlamağa icazə verilməsi vəzifəsi Cavabdehnə həvalə edilməsi qət edilmişdir.

35. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehin öhdəliyini icra etmədiyindən 54 000 manat maddi ziyan dəydiyini bildirsə də, maddi ziyanın nədən ibarət olması barədə iddianı əsaslandırmamış, formal olaraq MM-nin 442,443-cü maddələrinin dəymiş zərərlə bağlı ümumi müddəalarını sadalamaqla kifayətlənmişdir. Eyni zamanda Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3467/2021 saylı qətnaməsinə əsasən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 60.5 kv.m-dən ibarət, 2 otaqlı 70 nömrəli mənzil, xx.xx.2017-ci il tarixli M-1643 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 61.3 kv.m-dən ibarət, 2 otaqlı 71 nömrəli mənzil və xx.xx.2017-ci il tarixli M-1644 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 1 mərtəbə 15, ümumi sahəsi 31.2 kv.m-dən ibarət, 1 otaqlı 123 nömrəli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Tərəflər arasında bağlanan müqavilənin şərtlərini cavabdeh tərəf tam olaraq vaxtında icra etmədiyindən onun bu hərəkəti ilə iddiaçıya mənəvi zərər dəyməsi mümkündür. Məhkəmə mənəvi zərərin məbləğini müəyyənləşdirərkən tərəflərin hər ikisinin mənafeyini, işin faktiki hallarını nəzərə alaraq mənəvi zərərin məbləğinin 3000 manat müəyyən edilməsini ağlabatan məbləğ hesab edir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tələbin maddi ziyana dair hissəsində iddianın təmin edilməməsi barədə gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, iddiaçı cavabdehin öhdliyini icra etmədiyindən 54000 manat maddi ziyan dəydiyini bildirsə də maddi ziyanın nədən ibarət olması barədə iddianı əsaslandırmamış, formal olaraq MMnin 442,443-cü maddələrinin dəymiş zərərlə bağlı ümumi müddəalarını sadalamaqla kifayətlənmişdir.

37. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3467/2021 saylı qətnaməsinə əsasən xx.xx.2017-ci il tarixli M-1642 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 60.5 kv.m-dən ibarət, 2 otaqlı 70 nömrəli mənzil, xx.xx.2017-ci il tarixli M-1643 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 61.3 kv.m-dən ibarət, 2 otaqlı 71 nömrəli mənzil və xx.xx.2017-ci il tarixli M-1644 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 1 mərtəbə 15, ümumi sahəsi 31.2 kv.m-dən ibarət, 1 otaqlı 123 nömrəli mənzilin İddiaçı təhvil verilməsi və həmin müqavilələrinin 2.2.4-cü bəndində göstərilən vəzifələrin icra edilməsi, qaz, su, elektrik təchizatının təmin edilməsi, binada yaşayış üçün zərurəti olan bütün şəraitin yaradılması, mənzillərin İddiaçı təhvil verilməsi, həmin mənzillərdə təmiri işlərinə başlamağa icazə verilməsi vəzifəsi Cavabdehnə həvalə edilmişdir.

38. Göründüyü kimi, mənzilin təhvil verilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Həmin qətnamənin icra edilməməsi ilə iddiaçıya 54000 manat zərər dəyməsini bildirsə də həmin məbləğin necə, hansı hesablama əsasında yaranmasını təsdiq edəcək sübutlar təqdim etməmişdir.

39. Halbuki iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür.

40. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin maddi zərərin ödənilməsinə dair hissəsinin sübuta edilmədiyindən təmin etməyərkən gəldiyi nəticədə haqlı olmuşdur. 41 Bununla yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tələbin mənəvi zərərə görə 3000 manat və 200 manat dövlət rüsumunun cavabdehdən tutulması bağlı gəldiyi nəticəni də əsaslı saymır.

42. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərarın nəticə hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

43. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

44. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borludur.

45. Qanunvericliyin tələbinə görə iddiaçı ona vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə olmasını sübuta yetirməlidir. İddiaçı isə belə bir sübut təqdim etməmişdir. Halbuki AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür.

46. Bu baxımdan iddiaçının cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsinə dair sübut olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bu əsasda məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan tələbi hissəsində əsassızdır və təmin edilməməlidir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir.

48. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin şərh olunan bu hallarına düzgün qiymət verməmiş və işin qeyd edlən hallarını araşdırmamış, bununla da maddi və prosessual hüquq normalarının təbiqində səhvə yol vermişdir. Bu da qətnаmənin həmin hissədə ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelıyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh AAAF-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-923/2023 saylı qətnaməsi qismən, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 3000 manat mənəvi zərərə və 200 manat dövlət rüsumuna görə ödənilmiş pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissələrdə də təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, İddiaçı apellyasiya şikayəti təmin edilməməlidir.

50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-923/2023 saylı qətnaməsi qismən, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 3000 manat mənəvi zərərə və 200 manat dövlət rüsumuna görə ödənilmiş pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissələrdə də təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar