Məhkəmə qərarları › İş №2(105)-1345/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1345/2025

20.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1345/2025 20.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "X5" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1nə qarşı mülki iş üzrə (Açar sözlər: icra qeydi üzrə tələbin mübahisələndirilməsi ) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı cavabdehlər "X5" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1nə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2(067)-146/2025 nömrəli qətnaməsinən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon 1 saylı notariat ofisinin 8i-8492 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon 1 saylı Notariat ofisində 8İ-8492 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydi üzrə ondan və X2 206 manat 78 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsüumu olmaqla, cəmi 10331 manat 88 qəpik pul tutularaq tələbkar "xxxx" ASC-nin hesabına ödənilməlidir. İcra qeydi ilə razı deyil. O, "xxxx" KBnın ASC-nin Xaçmaz filialına borcunun bir hissəsini ödəmişdir. İcra qeydi ilə tanışlıqdan sonra ona tam məlum olur ki, bank faiz və cəriməni əsas borca yükləmiş, əsas borcu şişirtmişdir. Lakin notarius onun banka ödənişlərini, faiz və cərimələri əsas borca yükləndiyini nəzərə almadan icra qeydini vermişdir. Bundan basqa icra qeydinin yuxarı hissəsində qeydin tarixi xx.xx.2023-cü ildə aparıldığı, aşağı hissəsində isə xx.xx.2023-cü il tarixdə aparıldığı qeyd edilmişdir. Buradan da icra qeydinin ziddiyətli, qanuna uyğun olmadığı tam görsənir. Əsas borc, faiz və cərimə ilə bağlı ekspertiza təyin olunsa bu zaman onun haqlı olduğu, bank tərəfindən borc məbləğinin şişirdildiyi aydın olacaqdır.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. xx.xx.2022-ci il tarixli 316micXCHZ/22-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsindən görünür ki, Boreverən Borcalana 300000 (üç yüz min) manat məbləğində, illik maksimum 32(oluz iki) faiz, minimum İ(bir) ay, maksimum 120 ay müddətinə, xx.xx.2032ci il tarixinədək müddət ərzində, bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verir və ona bank hesabı (cari, ssııda) açır. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Borsverənə qaytarmağı öhdəsinə götürür.

5. 31.07.2024-cü il tarixli icra qeydindən müəyyən olunur ki, İddiaçı (AA*******, xx.xx.2021 - Asan-Quba; FİN: xxxxxxx; d/t: -3.07.1963), Xaçmaz şəhəri X6 küç. 37 ünvanında qeydiyyatda olan X2 (AA2037272, xx.xx.2020 - AsanQuba; FİN: 2KQ5HJX; d/t: xx.xx.1985) 316micXCHZ/22 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 10100 manat 10 qəpik tutulsun. Bundan əlavə təklif etmişdir ki, borcludan İddiaçı, X2 206 manat 78 qəpik (iki yüz altı manat yetmiş səkkiz qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 10331 manat 33 qəpik (on min üç yüz otuz bir manat səksən səkkiz qəpik) pul tutulsun. Həmin icra qeydi xx.xx.2023 tarixdə aparılmışdır.

6. Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 100 manat rüsum ödənilmişdir.

7. Məhkəmə Ekspert Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə İddiaçı cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixlərə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2023-cü il (icra qeydinin tərtib edildiyi) tarixə: əsas borc üzrə 8760,68 manat, faiz borcu üzrə 1577,04 manat. xx.xx.2024-cü il (müqavilə müddətinin bitdiyi) tarixə: əsas borc üzrə 8760,68 manat, faiz borcu üzrə 2769.23 manat. xx.xx.2024-cü il (iddiaçının iddia verdivi) tarixə: əsas borc üzrə 8760,68 manat, faiz borcu üzrə 2769,23 manat, 5% hesablanmaqla gecikdirilmiş faiz borcu 164,26 manat. xx.xx.2024-cü il (ekspertizanın təvin edildiyi) tarixə: əsas borc üzrə 8760,68 manat, faiz borcu üzrə 2769,23 manat, 5% hesablanmaqla gecikdirilmiş faiz borcu 277,42 manat. xx.xx.2025-cü il (ekspertizanın keçirildiyi) tarixə: əsas borc üzrə 8760,68 manat, faiz borcu üzrə 2769,23 manat, 5% hesablanmaqla gecikdirilmiş faiz borcu 472,10 manat. Qeyd edilir ki, tərəflər arasında imzalanmış kredit müqaviləsində cərimə bəndi nəzərdə tutulsa da, təqdim olunmuş iş materiallarında cərimə hesabı üzrə silinmələri özündə əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyi üçün İddiaçı sualda soruşulan tarixlərə cərimə borcu hesablanmadı. İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

8. Xaçmaz Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2(067)-146/2025 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) İddiaçı cavabdehlər Xaçmaz rayon 1 saylı Notariat ofisinə və "xxxx" KB ASC-nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pulun İddiaçı alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2(067)-146/2025 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, icra qeydi ilə razı deyil. "xxxx" KB-nın ASC-nin Xaçmaz filialına borcunun bir hissəsini ödəmişdir. İcra qeydi ilə tanışlıqdan sonra ona tam məlum olmuşdur ki, bank faiz və cəriməni əsas borca yükləmiş, əsas borcu şişirtmişdir. Lakin notarius onun banka ödənişlərini, faiz və cərimələri əsas borca yükləndiyini nəzərə almadan icra qeydini vermişdir. Bundan başqa icra qeydinin yuxarı hissəsində qeydin tarixi xx.xx.2023-cü ildə aparıldığı, aşağı hissəsində isə xx.xx.2023-cü il tarixdə aparıldığı qeyd olunmuşdur. Xaçmaz Rayon Məhkəməsi icra qeydinin bu hissəsinə qiymət verməmişdir. Buradan da icra qeydinin ziddiyətli, qanuna uyğun olmadığı tam görsənir. İddianın təmin edilməməsini əsassız hesab edir. Sonuncu dəfə 250 manat pul ödəmişdir. Ona həmin məbləğin çıxılacağı deyilsə də, çıxılmamışdır. 2022-ci ildə ”Unibank” KB ASC-nin Xaçmaz filialından 10.000 manat pul almışdır. Üstəlik 2000 manat da əlavə pul ödəmişdir. Amma aldığı məbləğdən də çox pul hesablanmışdır. Məhkəmə iddia üzrə səthi araşdırma aparmış, sübutları düzgün qiymətləndirməmişdir. Ekspertiza tərəflərin iştirakı ilə aparılmamışdır. Xaçmaz Rayon Məhkəməsində aparılmış ekspert rəyi ilə razı deyil, ekpert düzgün tədqiqat aparmamış, obyektiv və mühasibat qanunlarına uyğun rəy verməmişdir. Hesab edir ki, təkrar ekpertiza təyin edilməli, məhkəmə tərəfindən suallar düzgün qoyulmalı və obyektiv həqiqət üzə çıxarılmaldır. Onun hüquqları məhkəmə qaydasında pozulmuş, əsassız qaydada barəsində məhkəmə qərarı çıxarılmışdır. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə yazır ki, cavabdeh tərəfindən təkzib edilməyən hallardan müəyyən olunur ki, cavabdeh sözügedən kredit vəsaitini əldə etmiş, lakin kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. Müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və onun hüququnun bərpa olunmasına kömək etmək əvəzinə, sübutları araşdırmamışdır. Hakim işə obyektiv, qərəzsiz və hərtərəfli baxmamış, sübutları araşdırmamışdır. O, öz faktlarını hesab edir ki, sübut edir. Məhkəkəmə öz təşəbbüsü ilə təkrar ekspertiza təyin etməli, dəqiq olaraq şikayətdə göstərilən halları müəyyən etməlidir. Məhkəmə icra qeydinin ləğv edilməsi tələbinə dair iddianı əsassız təmin etməmiş, müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Cavabdeh "X5" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixində apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

13. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti aşağıda qeyd olunanlara görə əsassızdır. İddianın aid olduğu 316micXCHZ/22 nömrəli kredit müqaviləsi üzrə tələb hüquqları xx.xx.2022-ci il tarixli 02/22 UB №li müqaviləyə xx.xx.2024-cü il tarixli, 03/24 UB nömrəli Əlavə əsasında "xxxx" ASC-dən "xxxx" ASC-yə (VÖEN **********) keçmişdir. Həmin tarixdən də bu borc üzrə ödənişlər "xxxx" ASC-yə yönəldilir. İddiaçı apellyasiya şikayətində faiz borcunun əsas borca əlavə olunduğunu, əsas borc məbləğinin şişirdildiyini bildirmişdir. Bununla bağlı qeyd edir ki, 2(067)-146/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnamənin 2-ci səhifəsinin aşağıdan 2-ci abzasında qeyd olunanlara əsasən, iş üzrə ekspertiza keçirilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə İddiaçı cavabdeh "xxxx" KB ASC-yə xx.xx.2023-cü il (icra qeydinin tərtib edildiyi) tarixə əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 8760,68 manat, faiz borcu üzrə 1577,04 manat məbləğində. Faiz borca gəldikdə isə, xx.xx.2022-ci il tarixli 316micXCHZ/22-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsinə əsasən, Borcalan ona verilən kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür. Bu səbəbdən də icra qeydində həm əsas borc, həm də faiz borcu, həmçinin gecikdirilmiş günlərə görə cərimə borcu qeyd olunmuşdur. Göründüyü kimi əsas və faiz borcun məbləği ekspertiza nəticəsində hətta daha çox hesablanmışdır. Bundan əlavə, iddiaçı əsas borcu mübahisələndirməsinə, əsassız hesab etməsinə baxmayaraq, məbləğlərdə hər hansı qanunsuzluq olduğunu təsdiq edəcək heç bir sübutu nəinki təqdim etmiş, heç belə sübuta istinad da etməmişdir. Yəni ki, sadəcə ümumi fikirlər deməklə kifayətlənmişdir. İddiaçı apellyasiya şikayətində icra qeydində tarixlər arasında ziddiyyət olduğunu, bu səbəbdən də icra qeydinin qanunayğun olmadığını bildirmişdir. Bununla bağlı qeyd edir ki, icra qeydi Xaçmaz rayon 1 saylı Notariat ofisinə xx.xx.2023-cü il tarixində, həftənin beşinci günündə daxil olmuş və növbəti iş günündə, yəni xx.xx.2023-cü il (həftənin birinci günü) tarixində təsdiq edilmişdir. Arada olan 2 gün qeyri-iş günü olduğundan, daxilolma tarixi ilə təsdiq tarixi arasında 3 gün fərq olmuşdur. Burdan da görünür ki, heç bir qanunauyğunsuzluq mövcud deyildir. Həmçinin əgər tarixlərdə qanunauyğunsuzluq olsaydı belə, bu iddiaçının borcunun olması faktını dəyişdirməyəcəkdi. Beləliklə, iddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində ümumi və əsassız fikirlər bildirməklə kifayətlənmiş və beləcə icra prosesinin ləngiməsinə şərait yaratmışdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, (067)- 146/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunur.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

17. Azərbaycan Respublikası “Notariat haqqında” qanunu: Maddə 17. 15) İcra qeydləri dövlət notariusu tərəfindən aparılır (). Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.

Maddə 78. İcra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilməmişdir.

22. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən də məlum olur ki, icra qeydində göstərilən məbləğlər düzgün hesablanmış və bu o deməkdir ki, icra qeydinin ləğv edilməsini üçün heç bir əsas mövcud deyil.

23. Məhkəmə qətnaməsi ilə narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğundur.

25. Kollegiya ilk öncə qeyd edir ki, göründüyü kimi araşdırılan mübahisə icra qeydi verilmiş borcun mübahisələndirilməsi ilə bağlıdır. Yəni göründüyü kimi mübahisələndirmənin predmeti icra qeydi deyil, tələbdir.

26. Qanunvericiliyin tələbinə görə icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Bu baxımdan kollegiya araşdırılan iddia tələbini qanunvericiliyin göstərişlərinə uyğun hesab edir.

27. Apellyator borcu mübahisələndirməsinin əsası olaraq borcun düzgün hesablanmamasına, yenidən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinin zəruri olduğuna istinad edir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilmiş və müvafiq rəy verilmişdir. Həmin rəyin mötəbərliyi şübhə doğurmur. Odur ki, kollegiya təkrar ekspertizanın keçirilməsinə lüzum görmür.

29. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, apellyator tərəfindən istinad olunan hallar iş üzrə toplanmış sübutlarla təkzib olunur, iddia tələbinin əsaslığı iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

31. Beləliklə, məhkəmə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2(067)-146/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar