Məhkəmə qərarları › İş №2(105)-1353/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1353/2021

19.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1353/2021 19.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Cəfərov Zaur Zöhrab oğlunun, Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı aktın və qərarların ləğv edilməsi, akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1134/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1134/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı aktın və qərarların ləğv edilməsi, akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməmişdir. (R.Həsənov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1134/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsinin əməkdaşları tərəfindən dəymiş ziyanın bərpasına dair tərtib edilmiş xx xxxx 2020-ci il tarixli tələbnamə aktlarının və qərarların ləğv edilməsi, onlar əsasında hesablanmış 864 manat borcun ona məxsus abonent bazasından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, abonent kodu xx xxxx 2012-ci ildə vəfat etmiş mərhum həyat yoldaşının adında olmuş və o, vəfat edəndən sonra həmin evdə uşaqları ilə birgə yaşamışdır. Cavabdeh X1 RQİİ-nin Quba XS-nin əməkdaşları yaşadıqları ünvan 2 ünvanına gələrək, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib etmiş, istifadəsində olan qaz sayğacını xətdən ayırmış, əvəzində Smart G-4 İTRON DİAFRAQMA tipli, N-1602AZ**********67 nömrəli yeni sayğac quraşdırmış, sayğaca plomb vurmuşlar. Sayğac xəttən açıldıqdan sonra, ona baxış keçirmişlər və çıxarılan sayğacda heç bir nöqsan olmadığını bildirmişlər. Yeni sayğac quraşdırıldıqdan sonra, sayğac kartına mütəmadi pul ödəmişdir. Onun oğlu evə gəldiyi zaman Cavabdeh X1 RQİİ-nin Quba XS-nin əməkdaşları küçədən keçən qaz xətinin altına vurulmuş dayağın içərisində əlavə boru aşkar etdiklərini bildirmiş, təbii X2nın pozulması haqqında ******* saylı akt tərtib etmişlər. Bu akt onun oğlu tərəfindən imzalanmışdır. 2020-ci ilin aprel ayında qaz sayğacına ödəniş etdiyi zaman ödənilmiş məbləğin bir hissəsi borcun silinməsinə yönləndirildiyindən, dərhal Quba Xidmət Sahəsinə müraciət etmiş, müraciətlərinə cavab olaraq, qanunsuz qazdan istifadə edilməsi, buna görə akt tərtib olunduğu, cərimə hesablandığı bildirilmişdir. Cərimənin nəyin əsasında yazılması barədə müraciət etməyinə baxmayaraq, Quba XS-dən aidiyyəti üzrə gərəkli sənədlər onlara təqdim olunmamış, tələb olunan sənədlərin surətlərini “ASAN” Xidmət Mərkəzində fəaliyyət göstərən Cavabdeh İstehsalat Birliyinin xidmət şöbəsindən əldə etmişlər. Məlum olmuşdur ki, abonent olaraq qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqı müqaviləsi onun adına olmamış, oğlunun adına yazılmış, həmin müqaviləni oğlunun yerinə başqası imza etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə İddiaçı apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə mübahisəni hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmiş, iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Bu nəticəyə gələrkən məhkəmə bir sıra maddi və prosessual hüquq normalarını pozmuşdur. Ona aid olmayan ərazidə, podratçı təçkilat tərəfindən tikinti quraşdırma işləri aparılmış və qaz xəttinə qeyri-qanuni qoşulma faktı açkar edilmişdir. Bu fakta görə isə ona cərimə yazılması qanunsuzdur. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia isə təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Cəfərov Zaur Zöhrab oğlu şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu apelyasiya şikayətin etiraz etdi və bildirdi ki, şikayət formal mülahizələrə əsaslanaraq tərtib edilmişdir. Buna görə də qətnamə qanunidir və onun ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Nümayəndə bildirdi ki, kənar qoşulma barədə aktı abonent imzalamışdır və bu akt əsasında hesablanmış borc məbləğinin əsas hissəsi ödənilmiş və hazırda iddiaçının silinməsini tələb etdiyi 864 manatdan cəmi 217 manat ödənilməmiş məbləğ qalmışdır və həmin məbləğ də hökmən ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 1362 saylı arayışından görünür ki, İddiaçı ünvan 1 mənzil 16 ünvanda qeydiyyatdadır və hazırda ünvan 2 ünvanında yaşayır. İşdə olan ölüm haqqında AZ-İ 546045 saylı şəhadətnamənin surətindən görünür ki, Cəfərov Zöhrab Əli oğlu xx.xx.2012-ci ildə vəfat etmişdir. Yenə işdə olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 2 xx.xx.2018-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İş materiallarında olan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh İstehsalat Birliyi ilə Cəfərov Zaur Zöhrab oğlu (iddiaçının oğlu) arasında xx.xx.2020-ci il tarixli, 28154-03-20 nömrəli müqavilə bağlanmışdır. Yenə iş materiallarında olan xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 2 ünvanda abonentin (Mərhum Cəfərov Zöhrab Əli oğlunun) mənzilinə baxış keçiriliərkən, məhəllə xəttinin qoruyucu dayağının içində kənar xətt aşkar olunmuş, istehlakçının nümayəndəsi Cəfərov Zaur Zöhrab oğlu həmin aktı imzalamış, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etdiyi sübuta yetirilmişdir. İşdə olan dəymiş ziyanın bərpasına dair Cavabdeh X1 RQİİ-nin Quba XS-si tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən Cəfərov Zöhrab (Cəfərov Zaur Zöhrab oğlu) tərəfindən 8640 m3 qaz sərfiyyatı olmuşdur. İşə əlavə edilmiş abonent saldosundan məlum olur ki, hazırda iddiaçı tərəfin qaz istehlakına görə ödənilməmiş qalıq borcu 217,01 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı məhəllə xəttinin qoruyucu dayağının içindən gətirilmiş kənar xətt vasitəsilə təbii qazdan qeyriqanuni istifadə etmiş, bu hal Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2020-ci ildə aşkarlanaraq aktlaşdırılmış, həmin akt İddiaçı Mirağa qızının oğlu Cəfərov Zaur Zöhrab oğlu tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərlə də iddiaçının məhəllə xəttinin qoruyucu dayağının içindən gətirilmiş kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi öz təsdiqini tapmışdır. Dəymiş ziyan cavabdeh tərəfindən hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixdə akt tərtib edilərək itirilmiş qazın 8640 kub.metr təşkil etməsi müəyyənləşdirilmişdir. Hesablanmış borc məbləğinin əsas hissəsi iddiaçı tərəfindən ödənilmiş, hazırda qazdan istifadəyə görə cəmi 217,01 manat ödənilməmiş borc məbləği qalmışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. Yenə həmin Qaydaların 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İddiaçı tərəfin X2nın pozulmasına dair aktı guya yanlışlıq nəticəsində imzalaması barədə dəlilini məhkəmə kollegiyası inandırıcı hesab etmir. İş materiallarından görünür ki, təbii X2nın pozulması haqqında ******* saylı akt xx xxxx 2020-ci il tarixdə tərtib edilib və həmin akt iddia tərəfinin yaşayış evinə dair qazın alqı-satqı müqaviləsi bağlamış Cəfərov Zaur Zöhrab oğlu tərəfindən də imzalanıbdır. “İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qayadalarının” təsdiq edilməsi haqqında AR DNŞ Şurasının xx xxxx 2011-ci il tarixli, 11 saylı Qərarının 2-ci bəndinə görə Cavabdeh Qaydaların öz fəaliyyətində tətbiq olunmasını, eləcə də istehlakçılarla bağlanmış qazın alqı-satqı müqavilələrində nəzərə alınmasını təmin etməlidir. Qaydaların 3-cü bəndinə əsasən bu Qaydalar sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar olunduqda tətbiq olunur. Bu halda, istehlakçı tərəfindən bu hallara uyğun gələn X2nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşmahesabına ödənilir. Apelyasiya şikayətində hazırda yaranmış borcun məhz onun təqsiri ucbatından deyil, kənar və qanunsuz təsirlər nəticəsində yaranması barədə dəlillərinə dair iddiaçı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətini formal mülahizələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 404-1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)- 1134/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar