Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1355/2022 01.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(027)-1363/2022 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(027)-1363/2022 nömrəli qərardadı ilə (hakim İlqar Məmmədov) Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Ərizəçi şikayət verib, qərardadın ləğv edilərək ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(027)-1363/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azəbaycan Respublikasında 24 aprel 1995-ci il tarixdən daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizəçi verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 22 aprel 2022-ci il tarixli qərardadı qəbul edərkən Mülki Prosessual Məcəllənin 150.1.1, 152.1.1, 307.2.10-1, 310.2-ci madələrinin tələbi pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi müvafiq orqan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə dəfələrlə müraciət etmiş və hər dəfə də ona “Azərbaycan Respublikasının Vətəndaşlığının mənsubiyyətinin müəyyənləşdirilməməsi ilə əlaqədar icraatın nəticəsinə dair” arayış verilmişdir. Qeyd edilən arayış və digər sübutlar ərizəsinə əlavə edərək məhkəməyə təqdim edilmişdir. Hazırda şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün normal tibbi xidmətlərdən yararlana bilmir. Bundan əlavə onunla yanaşı 12 yaşlı uşağının da hal-hazırda heç bir sənədi olmadığı üçün təhsil hüququndan və digər hüquqlarından məhrum olunmuşdur. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəni icraata qəbul etməkdən imtina etdikdə Azərbaycan Respublikası MPM-nin 149, 151.1, 152.1.1, 308-ci maddələrinə istinad edib hesab etmişdir ki, Ərizəçi tərəfindən həmin faktın təstiqi ilə əlaqədar aidiyatı orqana müraciət etməsi və ona imtina edilməsi barədə heç bir sənəd işə əlavə etməmişdir. İş materiallarına əlavə edilmiş Qusar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 14 aprel 2022-ci il tarixdə, 895 nömrə ilə təsdiq olunmuş aktdan görünür ki, Ərizəçi xx xxxx 1975-ci ildə Rusiya Federasiyasının Mahacqala şəhərində doğulmuş və 1995-ci ildən ünvan 1 ünvanında yaşayır. Dövlət Miqrasiya Xidməti tərəfindən 04 oktyabr 2018-ci il tarixdə verilmiş ******* nömrəli arayış və 09 aprel 2015-ci il tarixdə verilmiş 08/2200 nömrəli məktubdan görünür ki, Ərizəçi müraciətinə baxılmış və onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. AB seriyalı, 019403 nömrəli attestatın surətindən görünür ki, Ərizəçi 01 sentyabr 2000-ci ildə 18 nömrəli Bakı peşə məktəbinə daxil olmuş 25 iyun 2001-ci ildə orta məktəbin Xalçaçı (əli ilə toxuyan) peşəsi üzrə kursu tam bitirmişdir. A 604355 nömrəli natamam orta təhsil haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Quba rayonu Qırmızı qəsəbə tam orta məktəbini 22 mart 1990-ci il tarixdə bitirmişdir. Azərbaycan Respublikası Quba rayon İcraiyyə komitəsinin daxili işlər şöbəsi tərəfindən verilmiş SSSR-nin pasportunun surətindən görünür ki, Ərizəçi xx xxxx 1975-ci ildə Mahacqala şəhəri, Sovet rayonunda doğulmuşdur. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyin 24 sentyabr 2019cu il tarixli “Rusiya Federasiyasının vətəndaşlığının olmaması haqqında” arayışından görünür ki, 1975-ci il martın 19-da MSSR-in Mahaçqala şəhərində anadan olmuş Ərizəçi müəyyən edilmiş qaydada və Rusiya Federasiyasının Vətəndaşlığı haqqında qanunverciliyinə uyğun olaraq Rusiya Federasiyasının Vətəndaşlığını almadığı təsdiq edilir və o. Rusiya Federasiyasının vətəndaşı deyil. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəni icraata qəbul etməkdən imtina etdikdə düzgün nəticəyə gəlməmişdir. Mülki prosessual qanunvericiliyə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır və məhkəmə hüquqi əhəmiyyəti olan o faktları müəyyən edir ki, həmin faktlar fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi ilə bağlı olur (MPM-nin 305.1, 305.1.1, 307.1-ci maddələri). Nəzərə alınmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM-nin 308-ci maddəsi). Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması, ya da faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü, ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsinin mümkün olmadığını müəyyən edib. Hüquqi faktın əks olunduğu sənədİ başqa qaydada bərpa etmək mümkün olmadıqda həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində çətinliklər və maneələr yaradır. Elə bu məqsədlə də qanunverici hüquq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən edib. Beləliklə, iş materialları iə müəyyən olur ki, ərizəçi xx xxxx 1975-ci ildə Rusiya Federasiyasının Mahaçqala şəhərində anadan olmuş, uzun müddətdir ki, Azərbaycan Respublikasının ərazisində yaşayır və o, vətəndaşlıq haqqında sənədlərini başqa qaydada ala bilmir. Mülki Prosessual Məcəllə Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.10-1. Məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd olunur ki, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Həmin qərarın 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə Maddə 151.1. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.1.İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə kollegiyası Ərizəçi verdiyi şikayətin dəlilləri ilə razılaşaraq hesab edir ki, ərizənin icraata qəbul edilməsi məsələsinin yenidən araşdırılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Ona görə də, şikayət qismən təmin edilib, Quba Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(027)-1363/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 27 aprel 2022-ci il tarixli, 2(027)-1363/2022 nömrəli qərardadı ləğv edilib, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Ərizəçi verdiyi şikayət qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(027)-1363/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 27 aprel 2022-ci il tarixli, 2(027)-1363/2022 nömrəli qərardadı ləğv edilsin. Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1355/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1355/2022
01.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması fa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver