Məhkəmə qərarları › İş №2(105)-451/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-451/2025

27.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması fa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-451/2025 27.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Ərizəçi (Maraqlı şəxs: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair ərizəsi dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-103/2025 nömrəli qərardadından ərizəçinin vəkili tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında iş materialları nəzərdən keçirilərək ərizəçiyə bildirilimişdir ki, doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir və bu işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən haldır, ona görədə məhkəmə hazırlıq iclası təxirə salınaraq qeyd edilən nöqsanın ərizəçi tərəfindən aradan qaldırılması üçün vaxt verilmişdir. Qeyd edilənlərə baxmayaraq işin baxılma müddəti 2 ay uzadılmış, lakin yuxarıda göstərilən nöqsan ərizəçi tərəfindən aradan qaldırılmamışdır. Sumqayıt Şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-103/2025 nömrəli qərardadı ilə Ərizəçi (Maraqlı şəxs: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin baxılmamış saxlanılması, xx.xx.2024-cü il tarixdə **********41 №-li qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun geri qaytarılması, qərardadın icrası rüsumun qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilməsi qərara alınmışdır (X4). Ərizəçi vəkili Vəkil qeyd edilən qərardaddan şikayət vermişdir Vəkil şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə icraatı gedişində maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək Ərizəçi Rusiya ərazisində doğulduğunu, bu səbəbdən də həmin ölkənin vətəndaşı olmaması barədə arayış təqdim edilməsinin zəruri olduğunu, belə arayış təqdim edildiyi halda ərizənin təmininə etiraz etmədiyini bildirmişdir. Ərizəçi tərəf olaraq həmin sübutu əldə etməkdə çətinlik çəkirmişlər, bu səbəbdən də həm onlar tərəfindən, həm məhkəmə tərəfindən Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinə sorğu verilmişdir. Sonuncu məhkəmə iclası baş tutana kimi səfirlikdən cavab alına bilməmişdir. Bu səbəbdən də məhkəmə həmin sənəndin əlavə edilməməsi səbəbindən iddianı baxılmamış saxlamışdır. Lakin məhkəmə nəticəni elan etdikdən sonra səfirlikdən məlum arayış gəlmişdir. Bu barədə cavabı elektron sistemə yükləmişdir. Məhkəmə qərardadı hələ qüvvəyə minmədiyi bir dövrdə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldığı üçün, həm də bu şərait ərizəçinin iradəsindən kənar baş verdiyi üçün, məhkəmədən iddianın baxılmamış saxlanılması barədə qərardadı ləğv edib sonrakı prosessual hərəkətlərin yerinə yetirilərək ərizəyə mahiyyəti üzrə baxmasını xahiş edir. Hüquqlarını müdafiə etdiyi şəxs artıq 1996-cı ildən hüquqmüəyyənedici sənədlərini itirdiyini görə, vətəndaşsızlıq vəziyyəti 30 ilə yaxındır ki, davam edir. Vəziyyətin spesifikliyini nəzərə alaraq, prosessual qənaət baxımından köməklik edilməsini xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-103/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 103/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayətin əsas dəlili ondan ibarətdir ki, ərizənin baxılmamış saxlanılmasına səbəb olan hal aradan qalxmışdır, ona görə də məhkəmənin ərizənin baxılmamış saxlanılması haqqında qərardadı ləğv edilməlidir. Məkhəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, 2(060)-103/2025 saylı mülki iş üzrə işə baxılma müddəti 2 dəfə 2 ay müddətinə uzaldılmış, ərizəçi tərəfindən qərardadda sözügedən sənədlər alınıb məhkəməyə təqdim edilə biləcəyi təqdirdə təqdim edilməmiş, təqdim edilməsi üçün işin baxılma müddətləri uzaldılaraq, məhkəmə iclasları dəfələrlə təxirə salınmış, işin sonrakı iclasında belə sözügedən sənədlər məhkəməyə təqdim edilməmişdir. Ərizəçinin vəkilinin şikayətə əlavə edilmiş Rusiya Federasiyası vətəndaşlığının olmadığını göstərən halların yoxlanılması ilə bağlı nəticədən çıxarışın notarial təsdiqindən müəyyən olunur ki, həmin sənədin tarixi 2 fevral 2025-ci il tarixi olmaqla bərabər, mülki iş üzrə işin yekunlaşdığı vaxtdan sonra daxil olmuşdur. Ona görə də şikayətin dəlilləri əsassızdır. Məhkəmə həmçinin ərizəçinin vəkili tərəfindən şikayətdə toxunulmuş prosessual qənaət prinsipi ilə bağlı da qeyd edir ki, bundan sonra qərardadın ləğv edilməsi, mülki işin baxılma üçün bir daha uzadılması həmin prinsipin mahiyyətinə ziddir. xx.xx.2025-ci il tarixli qərardad ərizəçinin müstəqil qaydada məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.6-cı bəndinə əsasən Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Göründüyü kimi ərizəçi məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırılmamış, Rusiya Federasiyasının müvafiq dövlət orqanının şəxsin həmin ölkənin vətəndaşı olmaması barədə müvafiq arayış ərizəçi tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Qeyd olunan Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-103/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar