Məhkəmə qərarları › İş №2(105)-1360/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1360/2022

01.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1360/2022 01.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(031)-482/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) cavabdeh "xxxx" MMC-dən (VÖEN **********) 9000 (doqquz min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2021-ci il tarixli 2(105)-4034/2021 saylı qərardadına əsasən Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(031)-482/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməklə, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. Şabran Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC tərəfindən Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(031)-482/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Cavabdeh "xxxx" MMC apellyasiya şikayətinin verilməsi müddətinin bərpası haqqında ərizə təqdim etmişdir. Şabran Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(031)- 482/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şabran Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərardadı ilə İddiaçı Şabran Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(031)-482/2021 saylı qərardadının ləğv edilməsi barədə şikayətin əsassız olduğundan təmin edilməməsi, İddiaçı şikayəti mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı məhkəmədə "xxxx" MMC-nə qarşı iddia qaldıraraq, "xxxx" MMC-dən, diş klinikasının fəaliyyəti (fəaliyyətsizliyi) nəticəsində dəymiş 15000 (on beş min) manat maddi, 5000 (beş min) manat mənəvi zərər, eləcə də 30 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Orucov X1 Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı tərəf olaraq mövqeyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(031)- 482/2021 saylı qətnaməsindən cavabdehin müddəti ötürməklə verdiyi şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Cavabdeh apellyasiya şikayətinin verilməsi müddətinin bərpası haqqında ərizəsində müddətin ötürülməsini texniki səbəblərlə əlaqələndirir. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir (AR-nın MPM-i, mad. 10-1.2). Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışda, Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(031)-482/2021 saylı qətnaməsinin cavabdehin şəxsi kabinetində xx.xx.2021-ci il tarixində yerləşdirildiyi göstərilir. Cavabdeh apellyasiya şikayətində qətnamənin xx.xx.2021-ci il tarixində onlara verildiyini bildirməklə riyakarlıq edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli və onunla bağlı 29 aprel 2022-ci il tarixli qərardadları ləğv edilməli, prosessual müddətin bərpasına dair ərizəyə yenidən baxılması üçün mülki iş Şabran Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi cavabdehin müddətin bərpası barədə ərizəsinin təmin edilməsini ərizənin əsaslı olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5. maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Mülki Prosessual Məcəllənin 135.1. maddəsinə əsasən bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər (Mülki Prosessual Məcəllənin 135.2. maddəsi). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (Mülki Prosessual Məcəllənin 135.3. maddəsi). Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, qətnamə rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində verilə bilər. Bu müddət şəxsin qətnaməni rəsmi qaydada aldığı vaxtdan hesablanır. Əgər şəxs məhkəmə aktını aldığı vaxtdan bir ay müddətində apellyasiya şikayəti vermirsə, məhkəmə aktı qanuni qüvvəyə minir. Bir aylıq prosessual müddətdən sonra apellyasiya şikayəti verilərsə, apellyasiya şikayəti ilə yanaşı prosessual müddətin bərpasına dair ərizə də verilməlidir. Cavabdeh prosessual müddətin bərpasına dair ərizə ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən prosessual müddətin bərpasına dair ərizə ilə müraciət edilsə də, ilkn öncə həmin prosessual müddətin bərpasına dair ərizə verməyə əsasların olub-olmaması yoxlanılmalıdır. Əgər prosessual müddət ötürülmüşdürsə, həmin müddətin bərpasına dair ərizəyə baxılmalı, əks halda şəxs şikayət vermək üçün prosessual müddəti ötürməmişdirsə, apellyasiya şikayəti prosessual müddət ötürülməmiş hesab edilməklə baxılması üçün aidiyyatı üzrə göndərilməlidir. Hazırkı işdən göründüyü kimi, cavabdeh tərəfindən müddətin bərpasına dair ərizədə müddətin ötürülməsinə səbəb olmuş hallar göstərilsə də, birinci instansiya məhkəməsi tərəfindən bu halların düzgünlüyünü ətraflı araşdırmamışdır. Bununla yanaşı prosessual qanunvericiliyin tələbi baxımından müddətin bərpası barədə ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməli olduğu halda, buna riayət edilmədiyini nəzərə almamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli və onunla bağlı 29 aprel 2022-ci il tarixli qərardadları ləğv edilməli, cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizəyə yenidən baxılması üçün mülki iş Şabran Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli və onunla bağlı 29 aprel 2022ci il tarixli qərardadları ləğv edilsin. Prosessual müddətin bərpasına dair ərizəyə yenidən baxılması üçün mülki iş Şabran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar