Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1366/2023 06.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1182/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-515/2022 saylı hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, cinayət işi üzrə mülki iddia tələbinin baxılmamış saxlanılması, zərərçəkmiş şəxs İddiaçı cinayət nəticəsində dəymiş zərəri mülki iddia icraatı qaydasında tələb etmək hüquqlarının izah edilməsi qərara alınmışdır
2. MEDCOM MMC-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən, bebionik əl protezinin ƏDV daxil qiyməti cəmi 63661 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş 20000 manat məbləğində maddi ziyanın və 100000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2021- ci il tarixdə “ASR” firması ilə bağladığı icarə müqaviləsinə əsasən fiziki şəxs kimi vergi qeydiyyatında olmaqla (VÖEN **********) Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən daş karxanasının icarədarı olub, Qızıl Qaya ünvanında yerləşən qeyri-yaşayış sahəsində “Güzdək” əhəngdaşı yatağında mişar daşı istehsalına rəhbərlik edilməsi, həmin işin icrası zamanı sahədə sanitargigiyenik, yanğından mühafizə və təhlükəsizlik texnikası qaydalarına, sahəni lazımi vəziyyətdə saxlamaq, onun əsaslı və cari təmir işlərini öz hesabına aparmada cavabdeh şəxs olmasına baxmayaraq, həmçinin daş karxanasında daş hasilatı işlərinin aparılması üçün istifadə edildiyi maşın və mexanizmlərin (həmçinin hadisə baş verdiyi daş kəsən maşının) texniki saz və təhlükəsizlik vəziyyətdə saxlanılması üçün müvafiq təşkili (maşınların müvafiq icra orqanlarda - qeydiyyata alınması, onların saz və təhlükəsiz istismar olunmasına cavabdeh şəxsin təyin edilməsi) və texniki (texniki xidmət və baxışların keçirilməsi, hərəkətdə olan hissələrin üzərində qoruyucu örtüklərin qoyulması) tədbirlərinin görülməsini, daş kəsən maşınlarda (kombaynda) müvafiq təlim və təlimatlandırmalar keçmiş şəxslərin işləməsini, işçilərin (konkret olaraq zərərçəkmişin) xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməsini maşınlarda (kombaynda) hərəkətdə olan hissələrin üzərində qoruyucu örtüklərin qoyulmasına rəhbərlik edən şəxs olmasına baxmayaraq, daş karxanasından istifadə qaydasını pozmaqla, hər hansı bir əmək müqaviləsi bağlamadan İddiaçı fəhlə qismində işə cəlb edərək, ona əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə heç bir təlimatlandırmalar keçmədən sərbəst işə buraxmış, onun tərəfindən mədən işlərinin aparılmasına dair təhlükəsizlik işlərinin aparılmasının kobud pozulması ehtiyatsızlıqdan fəhlə İddiaçı xx.xx.2022-ci il tarixdə saat 16:00-da işdə olan zaman sağ qolu daş kəsən kombaynın sep və işlək hissələri arasında qalaraq sıxılması nəticəsində qoltuqaltı arteriya venasının və sinir kələfinin travmatik qopması, sağ bazu sümüyünün yuxarı 1/3-nin açıq çox qəlpli sınığı böyük ölçüdə yumşaq toxumaların defekti, sağ yuxarı ətrafın bazunun yuxarı 1/3-i səviyyəsində suptotal (tam) qopması, sağ yuxarı ətrafın bazunun yuxarı 1/3-i səviyyəsində amputasiyası bərk küt əşyaların təsirindən törənmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmağa səbəb olmuşdur. Məhkəmədə Cavabdeh həmin əməli göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Cavabdehin təqsiri məhkəmə qaydasında müəyyən olunduğundan ona vurulmuş maddi və mənəvi zərərin əvəzini ödəməlidir. Qolu amputasiya olunandan bu günə kimi 20000 manat vəsait xərcləmişdir.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1182/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh maddi zərərin əvəzi kimi 20000 manat, mənəvi zərərin əvəzi kimi 5000 manat olmaqla, cəmi 25000 manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Məlahət Abbasova)
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin təqsirli hərəkəti nəticəsində İddiaçı maddi ziyan dəymişdir. İddiaçı bu zərərin miqdarının 20000 manat təşkil etdiyini göstərmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, işdə bu barədə mötəbər sübut olmasa da, məlum hadisə nəticəsində iddiaçının peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar ağır xəsarət alması ilə ona bu məbləğdə maddi ziyan dəyməsi ağlabatan olduğundan məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir.
7. İddia tələbinin mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, baş vermiş hadisə nəticəsində iddiaçının səhhətinə bərpa olunmayan zərər dəymiş, bunun nəticəsində isə iddiaçı müəyyən mənəvi iztirab keçirmişdir. Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarlarına görə mənəvi zərər müəyyən edilərkən hər bir işin konkret halı nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Məhkəmə iddiaçıya münasibətdə işin hallarını, o cümlədən cavabdehin hazırkı hərəkətsizliyini, bunun nəticəsində iddiaçının mənəvi iztirab keçirməsini nəzərə alaraq ağlabatan və ədalətli zərərin məbləğini 5000 manat müəyyən etmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1, Mülki Prosessual Məcəllənin 77.1, 82.4, 106.1, 106.3, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin dəyişdirilməsini və tələbin tam təmin olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçıya münasibətdə işin hallarını, o cümlədən cavabdehin hazırki hərəkətsizliyini, bunun nəticəsində iddiaçının mənəvi iztirab keçirməsini nəzərə alaraq ağlabatan və ədalətli zərərin məbləğini 5000 manat çox az müəyyən etmişdir. Məhkəmə zərəri cüzi olaraq təmin etməklə onun hüquqlarını pozmuşdur. Cavabdehin guya 10000 manat yardım etməsi heç nə ilə sübut edilmir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Cavabdeh tərəfindən apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
21. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
22. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2020-ci il tarixli qərarında göstərilir ki, Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər.
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1182/2023 nömrəli qətnaməsinin iddianın təmin edilməyən – mənəvi zərərin ödənilməsinə dair hissəsini mübahisələndirmişdir.
26. Məhkəmə kollegiyası hesab edir ki, iddianın maddi zərərin əvəzinin ödənilməsinə dair hissəsində qətnamədən apellyasiya şikayəti verilmədiyindən, qətnamə AR MPM-nin 372.6-cı maddəsinə görə həmin hissədə apellyasiya baxışının predmeti ola bilməz.
27. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin yalnız mübahisələnidirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh 5000 manat mənəvi zərərin alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilməli, Cavabdeh mənəvi zərərin əvəzi kimi 10000 manat alınaraq İddiaçı verilməlidir.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlsə də, cavabdehdən tutulmalı olan mənəvi zərərin məbləğini 5000 manat müəyyən etməklə səhvə yol vermişdir.
30. Belə ki, işin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı sağ qolu amputasiya olunmuş, bununla bağlı ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Belə ki, işdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-515/2022 saylı hökmündən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində İddiaçı qoltuqaltı arteriya venasının və sinir kələfinin travmatik qopması, sağ bazu sümüyünün yuxarı 1/3-nin açıq çox qəlpli sınığı böyük ölçüdə yumşaq toxumaların defekti, sağ yuxarı ətrafın bazunun yuxarı 1/3-i səviyyəsində suptotal (tam) qopması, sağ yuxarı ətrafın bazunun yuxarı 1/3-i səviyyəsində amputasiyası bərk küt əşyaların təsirindən törənmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya səbəb olmuşdur. Baş vermiş hadisə nəticəsində iddiaçının səhhətinə bərpa olunmayan zərər dəymiş, bunun nəticəsində isə iddiaçı müəyyən mənəvi iztirab keçirmişdir.
31. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
32. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Şərəf və ləyaqətin ləkələnməsi üçün 3 ünsürün məcmusu əsas şərt kimi göstərilmişdir. Yəni, məlumat nəticəsində şərəf və ləyaqətin ləkələnməsi, həmin məlumatların doğru olmaması və yayılması.
33. Yenə həmin Qərarın 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirilməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
35. Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarlarına görə mənəvi zərər müəyyən edilərkən hər bir işin konkret halı nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası mənəvi zərərin məbləğinin 10000 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir.
37. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.
38. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X2rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
39. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisənin hazırkı formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir.
40. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 1182/2023 nömrəli qətnaməsi Cavabdeh 5000 manat mənəvi zərərin alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilməli, Cavabdeh mənəvi zərərin əvəzi kimi 10000 manat alınaraq İddiaçı verilməlidir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1182/2023 nömrəli qətnaməsi Cavabdeh 5000 manat mənəvi zərərin alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilsin. Cavabdeh mənəvi zərərin əvəzi kimi 10000 (on min) manat alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.