Məhkəmə qərarları › İş №2(105)-1380/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1380/2022

21.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1380/2022 21.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(060)-99/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh 5780,61 (beş min yeddi yüz səksən manat altmış bir qəpik) manat məbləğində dəymiş ziyan və 4,50 (dörd manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olaraq İddiaçı 85 (səksən beş) manat, Cavabdeh isə 15 (on beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə vurulmuş maddi zərərə görə 37700 manat məbləğində pul vəsaitinin tutulması və tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli №-2(060)-8599/2018 saylı qətnaməsi ilə (məhkəmənin hakimi Nəriman Abıyev) iddiaçı Cavabdeh ona qarşı “maddi zərər tələbi”nə dair iddiası qismən təmin edilməklə ondan iddiaçının xeyrinə ona vurulmuş maddi zərərə görə 5300 manat (beş min üç yüz manat) məbləğində pul vəsaitinin tutulması və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun ondan alınaraq cavabdehə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. O həmin cavabdeh “BMW 528” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh ilə hadisə baş verəndən dərhal sonra qarşılıqlı razılaşmaya əsasən hər ikisinin bu hadisədə günahı olduğu üçün və onun da bu hadisədə xəsarət aldığına görə hər kəsin öz maşınını təmir etdirməsi və onun da müalicə xərcinin özü çəkməsi barədə razılığa gəlmişlər. Və o da bildirmişdir ki, avtomaşını özü təmir elətdirəcək və ona qarşı heç bir şikayət və tələbi olmayacaqdır. Məhz ona görə də o gedib cərimə ödəmişdir. Lakin sonradan onun müalicəyə başının qarışıq olmasından istifadə edərək cavabdeh bu cür əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Onun avtomaşınının təmirinə xərc çəkmişdir, sığorta ödənilib, üstəlik öz “BMW 528” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşınını isə demək olar ki, metallom kimi təhvil vermişdir. 11.500 manatlıq avtomaşınına metallom tərəfindən cəmisi 1300 manat pul verilmişdir. Beləliklə də, o cavabdehin təqsiri üzündən 10200 manat ziyana düşmüşdür. Bundan xəbər tutanda artıq gec olmuşdur. Bundan başqa, əgər həmin vaxt iddiaçı Cavabdeh “BMW 528” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomaşınına dəymiş ziyanla əlaqədar hadisədə onun günahı yox idisə, Samir onunla niyə qarşılıqlı razılaşmaya gəlmişdi? Bu faktların sayını artırmaq olar. Bundan başqa, cavabdehin təqsiri üzündən 2019-cu ilin əvvəlindən onun əmlakları və adına olan təxminən 15 avtomaşının üzərinə həbs qoyulması nəticəsində dəfələrlə yol polisinə cərimələr ödəməklə, boşdayanmalar nəticəsində və ya avtomobilləri satıb, icarəyə vermə və sairə yolu ilə gəlir əldə etmək imkanından (gözlənilən qazanc) təxminən 2 il ərzində 50000 manat əldən çıxan faydadan - gəlirdən məhrum olmuşdur. Hal-hazırda da, həmin avtomobillər üzərində həbs saxlanılmışdır. Bundan başqa, iddia tələblərinin əsası kimi iddiaçı Baş İstintaq və Təhqiqat İdarəsinin Yol X3 İşlər üzrə İstintaq və təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnikleytenantı X2 27 iyun 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına istinad etmişdir. Həmin qərardan şikayət verilmişdir. Həmin qərarın ləğvi barədə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir və baş vermiş yol nəqliyyat hadisəsinin tam, hərtərəfli və obyektiv araşdırılmamasını, kifayət qədər əsaslar olmadan həmin hadisədə yalnız onun təqsirli olmağının kifayət qədər sübut olunmadığını və iş üzrə avtotexniki məhkəmə ekspertizasının təyin edilməsinin zəruruliyini tələb etmişdir. Məhkəmə həmin qərarı ləğv edərək yenidən araşdırılması üçün həmin orqana qaytarmışdır. Və Baş İstintaq və Təhqiqat İdarəsinin Yol X3 İşlər üzrə İstintaq və təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı X2 xx.xx.2019-cu il tarixli qərarına əsasən, həmin hadisədə cavabdehin təqsiri olması sübuta yetirilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri görülmüşdür. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, bu məsələlərlə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var. Eyni tərəflər arasında eyni predmet və eyni əsas üzrə məhkəmə mübahisəyə qiymət vermişdir. Bu gün təqdim olunan sənədlər əsas vermir ki, cavabdehdən sığortaya ödənilməyən pulla bağlı iddia qaldırılsın. Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var. Həm də iddiaçı özü məhkəmənin qərarını icra etmir. İcra edib yenidən sığorta ilə bağlı iddia qaldıra bilərdi. İddiaçının maşını məhv olmuşdur və özünün də bunda təqsiri var idi. Qeyd olunan məbləğlər inandırıcı deyil və reallığı əks etdirmir. Bu işdə mülki iddia qaldırmaq hüququ yaranmır, yaransa belə sığorta şirkətinə qarşı yarana bilər. Burada sığorta şirkəti məsuliyyət daşıyır. Cavabdeh həmin vaxt iddiaçının güclü maddə təsiri altında olduğunu və hadisənin məhz onun təqsiri ucbatından baş verdiyini bildirir. İddiaçının təqsiri və onun tərəfindən dəymiş ziyanın məbləği ilə bağlı məhkəmə qətnaməsi var. İddiaçı həmin qətnamənin icrasından boyun qaçırmış, ona görə də məhz müəyyən problemlərlə üzləşmişdir. Bundan başqa iddiaçının yol nəqliyyat hadisəsi nəticəsində ziyan dəymiş avtomaşının mülkiyyətçisi olmamışdır, avtomobil başqa şəxsin mülkiyyətində olmuşdur. Onun yalnız avtomobili idarə etmək səlahiyyəti olmuşdur. Bu səbəbdən iddiaçının hansı əsasla ziyan tələb etdiyi də aydın deyil. Hesab edir ki, iddianın hüquqi əsası yoxdur. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddiaçının iddia tələbinidə qeyd etdiyi halın iş materialları ilə öz təsdiqini tapması ilə əsaslandırmışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddia tələbi zərərin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1097.1-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, xx.xx.2018-ci il tarixdə iddiaçının idarə etdiyi avtomaşın cavabdehə məxsus avtomobillə toqquşmuş, nəticədə hər iki avtomobilə ziyan dəymişdir. Həmin yol-nəqliyyat hadisəsində cavabdehin təqsiri müəyyən edilmiş və o, inzibati məsuliyyətə cəlb edilmişdir. İşdə olan ƏN-V 805733 saylı etibarnamənin surətinə əsasən X5 (etibarnamə əsasında X4) “BMW 528” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2017-ci il tarixdə İddiaçı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək üçün etibarnamə vermiş və etibarnamə 1 il müddətinə, yəni xx.xx.2018-ci il tarixədək qüvvədə olmuşdur. Göründüyü kimi hazırkı iş üzrə İddiaçı həmin avtomobilə mülkiyyət hüququ olmamış, o həmin avtomobili hadisə baş verən vaxt qanuni əsaslarla etibarnamə əsasında idarə etmişdir. Eyni zamanda iddiaçının avtomobillə bağlı sərəncam vermək səlahiyyəti yalnız mülkiyyətçinin adından həyata keçirilə bilməsi qeyd olunmuşdur. Belə olan halda İddiaçı hazırkı iddianı öz adından qaldırmağa subyektiv hüququ mövcud deyil. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vurulmuş zərərin əvəzinin qaytarılması ilə bağlı subyektiv hüququ olmadığından, iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, İddiaçı birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayəti təmin etdilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia tələbi rədd edilsin. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar