Məhkəmə qərarları › İş №2(105)-1395/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1395/2023

03.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1395/2023 03.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, e-2(012)-3979/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, öhdəliyin tam icra edilməli olduğu xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 30 aylıq müddət üçün əldən çıxmış faydaya görə 5172.5 manat pulun birdəfəlik, xx.xx.2022-ci il tarixdən öhdəliyin tam icra ediləcəyi günə kimə hər ay Mərkəzi Bankın müəyyənləşdirdiyi fiziki şəxslər üçün depozit və əmanətlər üzrə statistik orta faiz dərəcəsi nəzərə alınmaqla 22989 manata görə əldən çıxmış fayda olan zərərin hesablanmış məbləğinin aylıq olaraq tutulması və mənəvi zərərə görə 7500 manat pulun birdəfəlik cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixədək qaytarılmaq şərtilə cavabdehə 11000 ABŞ dolları və 4300 manat borc verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyinə görə o, məhkəməyə müraciət etməli olmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçının xeyrinə cavabdehdən 11000 ABŞ dolları pul vəsaitinin manat ekvivalenti ilə 18689 manat və 4300 manat pulun tutulması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin sözügedən qətnaməsi əsasında icra vərəqəsi verilmiş, təəssüf ki, bu günədək həm cavabdeh icra sənədinin könüllü icrasını təmin etməmiş, həm də görülmüş icra tədbirləri bir nəticə verməmişdir. Hazırda, cavabdehin həmin icra sənədi üzrə ona 21130 manat borcu qalmışdır. Beləliklə, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə olan öhdəliyini cavabdeh bu günədək icra etməmişdir. Cavabdehin öhdəliyini pozması nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Maddi zərər onunla bağlıdır ki, cavabdeh öhdəliyini yerinə yetirmiş olsaydı, qaytarmalı olduğu 22989 manat pulu xx.xx.2020-ci il tarixdən bu günədək ən azından banka əmanətə qoymaqla qazanc əldə edə bilərdi. Lakin indi həmin qazancdan o, məhrum olmuş və bu mərhumiyyət cavabdehin öz öhdəliyini tam yerinə yetirənə qədər davam edəcəkdi. Mənəvi zərər isə onunla bağlıdır ki, bu günədək davam edən cavabdehin öhdəliyini pozması onun davamlı olaraq əsəb, stres və gərginlik yaşamağına səbəb olmuşdur ki, bu əsəb və gərginlik isə onun səhhətinə, sağlamlıq vəziyyətinə pis təsir etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi saytında yerləşdirilmiş məlumatdan aydın olur ki, banklarda depozit və əmanətlər üzrə orta faiz dərəcəsi fiziki şəxslər üçün 2020-ci ilin yanvar ayından bu günədək illik 9 faizdən az olmamışdır. Belə olan halda, hesab edir ki, cavabdehin öhdəliyini pozmasına görə əldən çıxmış fayda formasında vurulmuş maddi zərər Mərkəzi Bankın müəyyənləşdirdiyi fiziki şəxslər üçün depozit və əmanətlər üzrə statistik orta faiz dərəcəsi nəzərə alınmaqla hesablanmalıdır. Bu qaydada hesabladıqda, cavabdehin borcunu qaytarmalı olduğu xx.xx.2020-ci il tarixdən bu günədək keçən 30 aylıq müddət üçün əldən çıxmış fayda 22989 manat x 9 % = 2069 manat x 2.5 = 5172.5 manat təşkil edir. Bu zərərin hesablanaraq tutulması cavabdeh tərəfindən öhdəliyin tam icra edilməsinə qədər davam etməlidir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair iddia ərizəsi tamamilə qanunsuz və əsassızdır. Hazırki iş üzrə məhkəmənin qətnaməsi qanuni qüvvəsini almaqla icra olunması üçün Abşeron Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh icra şöbəsinə dəvət olunaraq könüllü icra bildirişi ilə tanışlığa qol çəkmiş və dərhal sonra Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədova məktub yazaraq İcra şöbəsinin bank hesab rekvizitlərini (tələb üzrə ödənişlər üçün) istəsə də, təəssüflər olsun ki, məktuba rəsmi qaydada cavab verilməmişdir. Buna baxmayaraq, cavabdeh özü könüllü şəkildə icra şöbəsinin bank-hesab rekvizitlərini taparaq xx.xx.2021-ci il tarixdə "xxxx" KB ASC-nin 13 saylı filialından icra şöbəsinin depozit hesabına 301 manat pul köçürmüşdür. Bu və bundan da artıq ödənişlər cavabdeh tərəfindən müntəzəm olaraq ödənilir. Bundan sonra xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat pul ödənilmişdir. Cavabdeh Türkiyə Respublikasında olmağına baxmayaraq, xx.xx.2022-ci il tarixdə 120 ABŞ dolları (204 manat) pul ödəmişdir. xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə iddiaçıya 200 manat pul ödəmişdir. Yəni, indiyədək cavabdeh tərəfindən 2105 manat pul ödənilmiş və bacardığı qədər borcunu müntəzəm ödəməyə çalışır. Bu da cavabdehin qətnamənin icrasından qərəzli şəkildə boyun qaçırmadığının bariz sübutudur. Yəni, iş materiallarından görünür ki, borclu heç bir yerdə işləməməsinə baxmayaraq, hər ay müntəzəm olaraq ödəniş etmişdir. Bundan əlavə, iddiaçının təkidi ilə icra məmuru Orxan Məmmədov tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə müraciət edilmiş, Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə borclunun həmin norma ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığı üçün xitam verilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə icra məmuru Orxan Məmmədov borclunun həyat yoldaşının mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin həyat yoldaşı X4 mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulmasına dair təqdimat təmin edilməmişdir. Göründüyü kimi, icra icraatı başlanıldıqdan sonra tələbkarın təkidi ilə icra məmuru borcluya qarşı hansı təqdimat ilə məhkəməyə müraciət etmişdirsə, əsassız olduğundan dolayı heç biri təmin edilməmişdir. Bundan başqa, AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 65 yaşı var. Bundan əlavə, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın **********4 saylı məktubundan görünür ki, Cavabdeh yaşa görə 259.78 manat əmək pensiyası alır. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 6 saylı “Dost” Mərkəzinin xx.xx.2021-ci il tarixli, **********9 saylı arayışından görünür ki, Cavabdeh X1 sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən, qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Yəni, Cavabdeh hazırda, işsizdir. Cavabdeh daimi yaşayış yeri Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektidir. Bundan əlavə, anası rəhmətə getdiyi üçün uzun müddət Şəki rayonunda olmuş, üzrlü səbəbdən icra şöbəsinə şəxsən gələ bilməmiş, buna baxmayaraq, 500 manat pulu onlayn qaydada tələbkarın hesabına ödəmişdir. İddia ərizəsində göstərildiyi kimi, heç də borclu tələbin könüllü icrasından qərəzli şəkildə boyun qaçırmamış və bunun əksinə, mütəmadi ödənişlər etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında da qeyd etmişdir ki, ümumi qəbul edilmiş tərifə görə, fors-major müqavilədə və ya sazişdə nəzərdə tutulmuş öhdəliklərin, şərtlərin yerinə yetirilməsini qeyri-mümkün edən fövqəladə və qaçılmaz hallardır. Yəni, belə nəticəyə gəlmək olur ki, iqtisadi böhran, pandemiya, epidemiya şəraitində, restoranların fəaliyyət göstərmədiyi anda cavabdeh müqavilə öhdəliklərini yerinə yetirə bilməzdi. İddiaçının özü belə qeyd etmişdir ki, cavabdeh şadlıq sarayının sahibidir. Əgər şadlıq sarayı fəaliyyət göstərmirdisə və borclu pul qazanmırdısa hazırda, 23000 manat pulu tələbkara bütünlükdə necə ödəsin? O, bu pulun ödənilməsini yalnız hissə-hissə icra edə bilər və hər ay tələbkara bacardığı qədər ödəniş edir. Ölkədə karonavirus infeksiyasına yoluxan və bu virusdan ölən kifayət qədər insan olduğuna görə uzunmüddətli karantin rejimi tətbiq olunmuş, müəssisələrin və iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılmış, restoranlarda toyların təşkili və keçirilməsi isə ümumiyyətlə, pandemiya dövründə qadağan edilmişdir. Toylar uzun müddət təşkil olunmamış və şadlıq sarayları faktiki olaraq uzun müddət işləməmişdir. Yayılmaqda olan epidemiyanın qarşısını almaq üçün dövlətlər, eləcə də Azərbaycan dövləti müqavilələrin icrasını və müəssisələrin fəaliyyətini iflic edən bir çox qadağalar tətbiq etmişlər. Həmçinin, vətəndaşların sərbəst hərəkətinə də məhdudiyyətlər qoyulur. Həmin qadağalar və məhdudiyyətlər borclunun cavabdeh olmadığı hal kimi qiymətləndirilə bilər və qətnamənin icrası zamanı nəzərə alına bilər. Fors-major hallar tərəflərin iradəsindən kənar baş verən elə bir hallardır ki, onların baş verməsi tərəflər üçün gözlənilən deyil və bu hallar müqavilənin icrasının qeyri-qanuni, ticari olaraq, qeyri-mümkün sayılmasına gətirib çıxarır. Koronavirus infeksiyası (Covid-19) da belə hallardan biridir. Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin X6 Hospitalı tərəfindən verilmiş xəstəxanadan buraxılış formasından görünür ki, Cavabdeh “Covid-19”, viral pnevmaniya diaqnozu qoyulmuşdur. Daxil olarkən xəstənin vəziyyəti orta-ağır olaraq dəyərləndirilmişdir. Onun ciyərlərinin 90%-i “buzlu şüşə” olduğu üçün o tənəffüs aparatı cihazına qoşulmuşdur. Xəstəliyi olduqca ağır keçirmişdir. Cavabdehə qarşı qaldırılmış hazırki iddia habelə, aşağıdakılara görə əsassızdır: 1) MPM-in 261.0.2-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi əsası müəyyən edilmişdir. Hazırki iş üzrə iddia eyni predmet və eyni əsasla bağlı olsa da, iddiaçı öz “iddiasına” don geyindirərək və “kamuflaj” edərək yenidən cavabdehdən pul istəyir. Bu da artıq cavabdehin bir əmələ (hərəkətə) görə iki dəfə cəzalanmasına, iki dəfə məsuliyyətə cəlb olunmasına gətirib çıxarır. 2) Bundan başqa, iddiaçı qeyd etmişdir ki, Mərkəzi Bankın rəsmi saytında yerləşdirilmiş məlumatdan aydın olur ki, banklarda depozit və əmanətlər üzrə orta faiz dərəcəsi fiziki şəxslər üçün 2020-ci ilin yanvar ayından bu günədək illik 9 faizdən az olmamışdır. Belə olan halda hesab edir ki, cavabdehin öhdəliyini pozmasına görə əldən çıxmış fayda formasında cavabdehə vurulmuş maddi zərər Mərkəzi Bankın müəyyənləşdirdiyi fiziki şəxslər üçün depozit və əmanətlər üzrə statistik orta faiz dərəcəsi nəzərə alınmaqla hesablanmalıdır. Bu, tamamilə absurddur. Birincisi, ona görə ki, iddiaçının həmin pulu depozitə qoyubqoymayacağını sübut etməsi qeyri-mümkündür. İkincisi, iddiaçı bir dəfə də olsun hər hansı bir iclasda, hər hansı bir ərizəsində qeyd etməmişdir ki, onun həmin pulu depozitə qoymaq fikri var idi. Üçüncüsü, hesab edir ki, Mərkəzi Bankın müəyyənləşdirdiyi fiziki şəxslər üçün depozit və əmanətlər üzrə statistik orta faiz dərəcəsi əldən çıxmış faydanın tələb edilməsi üçün əsas ola bilməz. 3) İddia ərizəsinin “xahiş edirəm” hissəsində xx.xx.2022-ci il tarixdən öhdəliyin tam icra ediləcəyi günə kimə hər ay Mərkəzi Bankın müəyyənləşdirdiyi fiziki şəxslər üçün depozit və əmanətlər üzrə statistik orta faiz dərəcəsi nəzərə alınmaqla 22989 manata görə əldən çıxmış fayda olan zərərin hesablanmış məbləği olan pulun aylıq tutulması xahiş olunmuşdur. Buna münasibətdə isə bildirir ki, iddia ərizəsindəki tələb qeyrimüəyyəndir. İddia tələbi qeyri-müəyyən olmaqla qeyri-müəyyən dövrü əhatə edə bilməz. 4) İddiaçı mənəvi zərər olaraq 7500 manat pulun birdəfəlik cavabdehdən alınıb ona ödənilməsini xahiş etsə də, mənəvi sarsıntı və iztirab keçirməsinə dair heç bir mötəbər sübut təqdim etməmişdir. Mənəvi zərərin əvəzi üçün tələb olunan məbləğə baxmaq kifayətdir ki, iddia ərizəsində qeyd olunanlara nə qədər absurd və əsassız olduğu bilinsin. Qaldırılan iddia əsassız olmaqla sadəcə cavabdehə psixoloji təsir və incitmək xarakteri daşıyır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, e-2(012)-3979/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməs qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, e-2(012)-3979/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə MM-nin 421.2-ci maddəsinə istinad edərək, belə qənaətə gəlmişdir ki, “qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında cavabdehin iddiaçıya 22.989 manat borcunun yaranması təsdiq olunmuş, cavabdeh tərəfindən müntəzəm olaraq davamlı şəkildə borcundan hər ay ödəniş edilməsi cavabdehin müqavilə öhdəliklərini icra etməməsini ehtiva edən əhəmiyyətli pozuntu deyildir”. Məhkəmə hazırkı işə bu normanı tətbiq etməklə və tətbiq edərkən də düzgün təfsir etməməklə, əsassız nəticəyə gəlmişdir. 1) Bu maddi normanın hazırkı mübahisəyə aidiyyəti yoxdur. Çünki həmin norma müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslarını tənzimləyən normadır və normadakı “əhəmiyyətli pozuntu” ifadəsinin mahiyyəti məhz müqavilənin dəyişdirilməsi və ləğvi tələbi fonunda qiymətləndirilməlidir. Hazırkı tələb isə müqavilənin dəyişdirilməsi və ləğvi deyil. 2) Hətta, bu normanı hazırkı işə aid hesab etsək belə, o zaman, işin halları baxımından həmin normadakı “əhəmiyyətli pozuntu” cavabdehin hərəkətlərini tam xarakterizə edən ifadədir. Çünki iddiaçı artıq 34 aydır ki, ümid etməyə haqqı çatandan xeyli dərəcədə məhrum olmuşdur. Cavabdehin bu xeyli müddət ərzində ona yaxşılıq etmiş iddiaçıya olan borcunu qaytarmamasını “əhəmiyyətli pozuntu” kimi qiymətləndirməmək üçün heç bir qanuni və humanistik əsas yoxdur. 3) Bu normanın fonunda məhkəmənin gəldiyi “cavabdeh tərəfindən müntəzəm olaraq davamlı şəkildə borcundan hər ay ödəniş edilməsi” nəticəsi də tamamilə əsassızdır. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə cavabdeh bu günədək cəmi 11 dəfə ödəniş etmişdir. Özü də bu ödənişləri könüllü etməmişdir: icra vərəqəsi üzrə icra məmuru tərəfindən icra hərəkətlərinə başlanıldıqdan sonra xx.xx.2021ci il tarixdə cavabdeh məcbur olaraq ilk dəfə ödəniş etmişdir. Bu ödənişlərin məqsədi isə icra vərəqəsinin icrasından qərəzli olaraq yayınmamaq görüntüsünü yaratmaq, hazırkı iddiaya baxıldığı müddətdə isə həm də hakimdə yuxarıda göstərilən nəticəyə gəlməsinə nail olmaq olmuşdur. Əgər icra məmuru borcludan ödənişləri tələb etməzsə, əmin ola bilərsiniz ki, cavabdeh heç bir ödəniş etməyəcəkdir, necə ki, icra işinə qədər və hazırkı iddia üzrə hakim qətnamə qəbul etdikdən sonra cavabdeh heç bir ödəniş etməmişdir. Deməli, cavabdehin bu ödənişləri könüllü şəkildə, öhdəliyin icrası məqsədi ilə edilmiş icra kimi qiymətləndirmək tamamilə əsassızdır. Cavabdeh sadəcə hüquqi məsuliyyətdən kənarda qala bilməsi üçün, yəni özünü düşünərək, həmin ödənişləri etmişdir. 3) Nə borc müqaviləsində, nə də həmin müqavilə üzrə qəbul olunmuş məhkəmə aktlarında pulun hissə-hissə qaytarılması qaydası müəyyən olunmamışdır. Buna görə də, elə borcun bu qaydada qaytarılması da əslində cavabdehin əleyhinə olan öhdəliyin pozulması halıdır. Bu pozuntunun cavabdehin xeyrinə olan hal kimi, eləcə də, öhdəliyi pozmuş borcludan (cavabdehdən) kreditorun (iddiaçının) ona vurulmuş zərəri tələb etməsini isə hüquqdan sui-istifadə halı kimi qiymətləndirilməsi elə cavabdehin nail olmaq istədiyi hüquqi məsuliyyətdən kənarda qalması məqsədinə və iddiaçının – kreditorun əmlak mənafeyinə, o cümlədən, qanunçuluğa zidd olan hüquqi məsiliyyətsizliyə şərait yaradılmasına xidmət edir. Məhkəmə MM-nin 448.4-cü maddəsinə istinad edərək, belə nəticəyə gəlmişdir ki, “hazırki iş üzrə Cavabdeh “Covid-19” pandemiyası dövründə əmək fəaliyyəti ilə məşğul olmaması, həmçinin, onun sözügedən virusa yoluxması, nəticədə, maddi çətinliyinin də yaranması müqavilə öhdəliyinin vaxtında icra edilməməsini üzrlü hesab edən zəruri hal kimi müəyyən edilmişdir ki, “Covid-19” pandemiyası ərəfəsində əmək fəaliyyəti məhdudlaşdırılmış vətəndaşların maddi çətinliyinin yaranmasının sübuta ehtiyacı yoxdur. Lakin iddiaçı müqavilə üzrə cavabdeh tərəfindən ödənişlərin bir qismi ödənildiyi halda, Mülki Məcəllənin 484.4-cü maddəsinə istinad edərək, müqavilə öhdəliyinin cavabdeh tərəfindən gecikdirilməsinin üzrlü hesab edilən hallarını nəzərə almamış, müqavilə ödənişlərində güzəştə getməmişdir”. Hesab edir ki, məhkəmə bu normanı hazırkı işdə cavabdehin xeyrinə tətbiq etməkdə aşağıdakılara görə haqlı olmamışdır: 1) cavabdehin öhdəliyini pozması artıq qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiq olunmuşdur. Hazırkı tələb təsdiq (sübut) olunmuş cavabdehin öhdəliyi pozması nəticəsində iddiaçıya vurulmuş zərərə dairdir. 2) cavabdehin “Covid-19” pandemiyası dövründə əmək fəaliyyəti ilə məşğul olmamasını, nəticədə, maddi çətinliyinin də yaranmasını məhkəmənin müqavilə öhdəliyinin vaxtında icra edilməməsinin üzrlü halı kimi qiymətləndirməsi əsassızdır. Öncə ona görə ki, cavabdehin öhdəliyini pozduğu 2020-ci ilin yanvar ayında heç bir pandemiya və xüsusi karantin rejimi olmamışdır. Digər tərəfdən, cavabdeh “Covid-19” pandemiyası dövründən əvvəl və xüsusi karantin rejiminin yumşaldığı hazırkı vaxtda da əmək fəaliyyəti ilə məşğul deyildir. Deməli, cavabdehin əmək fəaliyyəti ilə məşğul ola bilməməsi “Covid- 19” pandemiyası və karantin rejimi ilə əlaqəli deyildir. Həmçinin, cavabdeh məhkəmədə sübut edə bilməmişdir ki, o “Covid-19” pandemiyasından əvvəl hansısa iş və ya xidmətdə olmuşdur və “Covid-19” pandemiyası nəticəsində sərtləşdirilmiş xüsusi karantin rejimi ilə onun məhz həmin işinə, yaxud xidmət göstərməsinə son qoyulmuşdur. Buna dair cavabdeh heç bir fikir irəli sürmədiyi və hər hansı sübut təqdim etmədiyi halda, məhkəmənin “Covid-19” pandemiyasını ümumiyyətlə işləmək niyyəti olmamış cavabdehin xeyrinə olan hal kimi qiymətləndirməsi əsassızdır. 3) Məhkəmə cavabdehin “Covid 19” virusuna yoluxmasını üzrlü hal hesab edərək, ən yaxşı halda, cavabdehin bu xəstəliyə görə xəstəxanada olduğu xx.xx.2021-xx.xx.2021-ci il tarixdəki və sonrakı 14 günlük karantin müddətini ona vurulmuş zərərin hesablandığı dövrdən çıxa bilərdi. Lakin məhkəmə 28 günlük xəstəlik dövrünə görə bu günədək keçmiş 34 aylıq və bundan sonra da davam edəcək zərər vurulmasına görə cavabdehi hüquqi məsuliyyətdən azad etmişdir. Bu qanunsuz addımın isə humanizmlə heç bir izahı ola bilməz. Şərh olunanlardan göründüyü kimi, məhkəmə hazırkı mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Hazırkı iddianın hüquqi əsasları iddia ərizəsində ətraflı şəkildə göstərilmişdir. Həmin maddi hüquq normaları iddianın əsaslılığını və qanuniliyini təsdiq edir. Məhkəmə iddiaya həmin normaları tətbiq edərək, iddianı təmin etməli olduğu, qanunsuz və əsassız olaraq, iddianı təmin etməmişdir. Məhkəmə qətnaməsində yazır ki, “iddiaçı cavabdehdən borcun gecikdirilməsinə görə əldən çıxış faydanın və əldən çıxmış faydaya görə vurulmuş zərərin tutulmasını tələb etsə də, həmin məbləğlərin hansı mənbə əsasında hesablanmasını göstərməmiş, məhkəmə iclasında Mərkəzi Bankın rəsmi internet səhifəsində qeyd olunduğunu kifayətlənməklə qeyd etdiyi hallara dair mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir”. Bu həqiqətə uyğun deyildir. Çünki o, iddia ərizəsi ilə eyni vaxtda elektron məhkəmə sistemində sübutlar siyasında Azərbaycan Respublikası Mərkəzi Bankının 2022-ci ilin may ayında dərc olunmuş 78 səhifəlik “Statistik hesabat 05/2022” nəşrini yerləşdirmişdir. Həmin hesabatın 42-ci səhifəsində xx.xx.2020xx.xx.2022-ci illər dövrü üçün depozit və kreditlər üzrə orta faiz dərəcələrinə dair məlumatlar əks olunmuşdur. Hesabatın həmin 42-ci səhifəsini də iddiaçı ayrıca olaraq elektron məhkəmə sistemində yerləşdirmişdir. Lakin məhkəmə əsassız olaraq, zərərin hesablanmasının mənbəyinə dair hər hansı sübut təqdim olunmadığını göstərərək, prosessual pozuntu etmiş, təqdim olunmuş sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə qətnaməsində həmçinin göstərmişdir ki, ”iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Mülki Prosessual Məcəllənin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir”. Yenə hakim prosessual pozuntu edərək, təqdim olunmuş sübutları düzgün qiymətləndirməmişdir. Qətnamədən məlum olur ki, o, üzvi xəstəlik (beyin atrafeyası) nəticəsində yaranmış kəskin nəzərə çarpan şəxsiyyət pozuntusu, kobud davranış epizodlarla, yaddaş və intellektin qabarıq enməsi F07.8 diaqnozu üzrə xəstələnmişdir. Elektron məhkəmə sistemində yerləşdirilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlardan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq X7 Şəxsin arayışlarından məlum olunur ki, o, bu xəstəliyə məhz 2020-ci ilin yanvar ayından sonra tutulmuşdur. O, vəsatətlə məhkəməyə müraciət edərək bu xəstəliyin onda mənəvi sarsıntı və iztirablara səbəb olub-olmadığını, olduğu halda isə dərəcəsini müəyyən etmək üçün, müvafiq məhkəmə psixoloji ekspertizasının təyin olunmasını xahiş etmişdir. Çünki, onun sarsıntı və iztirab keçirməsinin başqa hər hansı sübutla təsdiqi mümkün deyildir. Lakin məhkəmə əsassız olaraq, həmin vəsatəti təmin etməmiş, bununla da onu həmin ekspertiza nəticəsində əldə edəcəyi sübutu məhkəməyə təqdim etmək imkanından məhrum etmiş və vəsatətin təmin olunmaması barədə əsaslandırılmış qərardad qəbul etməmişdir. “Covid-19” pandemiyasının cavabdehin əmək fəaliyyəti ilə məşğul olmasına maneə yaratması barədə məhkəmənin gəldiyi nəticəyə dair iş materiallarında hər hansı sübut yoxdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qismən - maddi ziyanın təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2208 manat pul alınaraq İddiaçı verilməli, iddia tələbi maddi ziyan tələbinə dair digər hissədə təmin edilməməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(012)- 1040/2020 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 11000 ABŞ dolları pul vəsaitinin manat ekvivalenti ilə 18689 manat və 4300 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaitinin tutulması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(012)- 1303/2021 saylı qərarından görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh məhkəmə qətnaməsinin icrası üzrə ödənişinə görə xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 123 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat ödəniş etmişdir. İş materiallarında olan X1 Sistemində Pensiya haqqında arayışdan görünür ki, Cavabdeh yaşa görə 259.78 manat pensiya alır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı Dost Mərkəzinin xx.xx.2021-ci il tarixli **********9 saylı arayışından görünür ki, Cavabdeh (FİN xxxxxxx) X1 sisteminin Əmək müqaviləsi bildirişi altsisteminə əsasən, qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(012)- 54/2022 saylı qərardadından görünür ki, borclu Cavabdeh həyat yoldaşı X5 mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulmasına dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatı təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq X7 Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 5869 saylı rəydən görünür ki, İddiaçı üzvi xəstəlik (beyin atrafeyası) nəticəsində yaranmış kəskin nəzərəçarpan şəxsiyyət pozuntusu, kobud davranış epizodlarla, yaddaş və intellektin qabarıq enməsi F07.8 diaqnozu qoyulmuşdur. Abşeron Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli xx/xx-22049-30 saylı məktubundan görünür ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinin 2(012)-104/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə tələbkar İddiaçı 21130 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gələrək, qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş ödəniş qəbzlərinə, arayışlara əsasən, müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən mütəmadi olaraq, daha dəqiq şəkildə isə xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 123 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022- ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat ödəniş olunmuş və bu hala heç də cavabdehin müqavilə tərəfi kimi iddiaçı qarşısında müqavilə öhdəliklərinin icrasından kobud şəkildə yayınma kimi qiymət verilə bilməz. Məhkəmə həmçinin, qeyd etmişdir ki, iddiaçı cavabdehdən borcun gecikdirilməsinə görə əldən çıxış faydanın və əldən çıxmış faydaya görə vurulmuş zərərin tutulmasını tələb etsə də, həmin məbləğlərin hansı mənbə əsasında hesablanmasını göstərməmiş, məhkəmə iclasında Mərkəzi Bankın rəsmi internet səhifəsində qeyd olunduğunu kifayətlənməklə qeyd etdiyi hallara dair mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 3M-1567 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi əsasında borcverən borcalana 11000 ABŞ dolları (pul vəsaitinin manat ekvivalenti ilə 18689 manat) və 4300 manat pul vəsaitini borc şəklində verməyi, borcalan isə həmin borcu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Kedit müqaviləsi üzrə öhdəliklər borcalan tərəfindən yerinə yetirilmədiyindən borcverənin ərizəsi əsasında Abşeron Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(012)-1040/2020 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 11000 ABŞ dolları (pul vəsaitinin manat ekvivalenti ilə 18689 manat) və 4300 manat pul vəsaitinin tutulması qət edilmiş, sözügedən qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün xx.xx.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra şöbəsi tərəfindən həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, borc məbləğinin cavabdeh tərəfindən tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona borclu olduğu 21130 manat pul vəsaitinə görə 30 aylıq əldən çıxmış fayda, əldən çıxmış faydaya görə faiz məbləğinin, eyni zamanda, vurulmuş mənəvi zərərin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə kollegiyası iddia tələbinin “əldən çıxmış faydanın ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 399.1 və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, qanunun mənasına görə əgər müqavilədə onun qüvvədə olma müddətinin qurtarmasının tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olması barədə şərt nəzərdə tutulmamışdırsa, belə müqavilə, öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Beləliklə, müqavilənin qüvvədə olma müddəti 2 qaydada müəyyən oluna bilər: müqavilənin qüvvədə olduğu konkret müddət təsbit oluna bilər; belə müddət təyin olunmamışdırsa, müqavilə öhdəliyinin icrasının qurtarması müddəti müqavilənin qüvvədə olma müddəti hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə müvafiq olaraq müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Yəni tərəf müqavilənin qüvvədə olduğu müddət üçün məsuliyyət daşıyır. Müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonrakı dövr üçün müqavilə öhdəliyindən və müqavilə üzrə məsuliyyətdən söhbət gedə bilməz və deməli, bu müddətdən sonrakı dövr üçün iddiaçı müqavilədən irəli gələn tələb hüququna malik deyildir. O yalnız qanundan irəli gələn tələb irəli sürə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 3M-1567 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi əsasında borcverən borcalana 11000 ABŞ dolları (pul vəsaitinin manat ekvivalenti ilə 18689 manat) və 4300 manat pul vəsaitini borc şəklində verməyi, borcalan isə həmin borcu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Kedit müqaviləsi üzrə öhdəliklər borcalan tərəfindən yerinə yetirilmədiyindən borcverənin ərizəsi əsasında Abşeron Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(012)-1040/2020 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 11000 ABŞ dolları (pul vəsaitinin manat ekvivalenti ilə 18689 manat) və 4300 manat pul vəsaitinin tutulması qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün xx.xx.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, İcra şöbəsində həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, borc məbləği cavabdeh tərəfindən tam şəkildə ödənilməmiş, nəticədə iddiaçı qeyd edilən bu müddət ərzində öz pulundan istifadə etmək imkanından məhrum olduğundan xx.xx.2022ci il tarixdə əldən çıxmış faydanın eləcə də mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçının öz iddia tələbinin qanuni əsası kimi istinad etdiyi Mülki Məcəllənin 449.1- ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı aldığı pul vəsaitini qaytarmayaraq iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yalnız Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Çünki yuxarıda göstərildiyi kimi Cavabdeh pul məbləğinin ödənilməsini gecikdirməsi təsdiq olunur və bu hal Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz məbləğin ödənilməsini tələb etmək üçün yetərlidir. Məhkəmə kollegiyası gecikdirilmiş vaxt üçün ödənilməli olan pul məbləği ilə bağlı qeyd edir ki, iddia tələbinə əsasən cavabdeh qaytarmalı olduğu 22989 manat (11000 ABŞ dolları pul vəsaitinin manat ekvivalenti ilə 18689 manat və 4300 manat) pul vəsaitindən 5025 manat qaytarmış, qalan 17964 manat (22989-5025=17964) məbləğində pul vəsaitini isə qaytarmamışdır. Qeyd edilən hal işin mübahisəsiz halı olmaqla tərəflərin heç biri tərəfindən mübahisələndirilmir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə iddiaçıya qaytarmalı olduğu, lakin qaytarılmayan 17964 manat pulun xx.xx.2020-ci il tarixdən hazırkı iş üzrə iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2022-ci il tarixədək olan gecikdirilmiş müddət üçün yəni 2 il 5 ay 15 gün üçün illik 5 (beş) faiz dərəcəsi ilə (1 il üçün 898,20 manat, 1 ay üçün 74,85 manat və 1 gün üçün 2,495 manat) hesablanmaqla, cəmi 2208 (iki min iki yüz səkkiz) manat məbləğində pul ödənilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, bu hissədə tbirinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə düzgün qərara gəlmişdir. Məhkəmə kollegiyası mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mənəvi zərərin əvəzi olaraq 7500 manat kompensasiya ödənilməsini tələb etsə də, ona dəymiş mənəvi zərərin nədə ifadə olunmasını göstərməmiş, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, vurulmuş mənəvi ziyanın əsası kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq X7 Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 5869 saylı rəyə istinad etsə də, həmin xəstəliyin məhz cavabdehin hərəkətləri nəticəsində yarandığını sübut edə bilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 27 sentyabr 2022-ci il tarixli, e-2(012)-3979/2022 nömrəli qətnaməsi qismən - maddi ziyanın təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, Cavabdeh gecikdirilmiş vaxt üçün hesablanmış 5% dərəcəsində olan 2208 (iki min iki yüz səkkiz) manat pul alınaraq İddiaçı verilməli, iddia tələbi maddi ziyan tələbinə dair digər hissədə təmin edilməməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mənəvi zərərə görə 7500 manat məbləğində pul tələb etsə də, həmin tələb məhkəmə kollegiyası tərəfindən təmin edilmədiyindən iddiaçının qətnamədən kassasiya şikayəti vermək hüququ yaranır, cavabdehdən isə iddiaçının xeyrinə 2208 (iki min iki yüz səkkiz) manat məbləğində pul tutulduğundan, bu məbləğ də 5000 manatdan az olduğundan cavabdehin qətnamədən kassasiya şikayəti vermək hüququ yaranmır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, e-2(012)-3979/2022 nömrəli qətnaməsi qismən - maddi ziyanın təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 2208 (iki min iki yüz səkkiz) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi maddi ziyan tələbinə dair digər hissədə təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 27 sentyabr 2022-ci il tarixli, e- 2(012)-3979/2022 nömrəli qətnaməsi digər hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar