Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1396/2024 22.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın paylara uyğun naturada bölünməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-104/2024 nömrəli, 16 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tərəflərin paylı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0644 ha torpaq sahəsi İddiaçı 7/8 payına uyğun 563.5 kv.metrlik hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8548 saylı rəyinə əlavə edilmiş “AutoCad” programı vasitəsilə hazırlanmış sxem nəzərə alınmaqla naturada ayrılması, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi cəmi 100 (50+50) manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,0644 ha torpaq sahəsinin onunla Cavabdeh arasında paylara uyğun olaraq naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 0,0644 ha torpaq sahəsi 7/8 hissədə onun, 1/8 hissədə isə Cavabdeh paylı mülkiyyətindədir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********47 reyestr nömrəli çıxarış verilmişdir. Hazırda sözügedən paylı torpaq sahəsindən cavabdeh istifadə edir. Aralarında mübahisə olduğu üçün həmin paylı torpaq sahəsini öz razılıqları əsasında bölüşdürə bilməmişlər. Yuxarıda qeyd etdiklərinə əsasən onun payına düşən torpaq sahəsini başqa qaydada ala bilmədiyi üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni əsassız, qanunsuz və ədalətsiz sayır. Göründüyü kimi iş üzrə 3 ekspert rəyi vardır. Rəylərin ikisi torpaq sahəsinin naturada bölgüsünün mümkün olmadığını bildirir. Sonuncu rəydən sonra tərəfindən məhkəməyə yenidən təkrar ekspertiza təyin edilməsi, barədə vəsatət versə də, məhkəmə vəsatətini təmin etməmiş, keçirilən 3 ekspertdən yalnız birinin rəyini əsas götürərək əsassız və qanunsuz olaraq iddianın təmin olunması barədə qətnamə çıxarmışdır. Ümumiyyətlə cavabdehin payı düzgün bölünməmişdir. Cavabdehə qarşı qanun pozuntusu baş vermişdir. Ona görə də bu barədə hüquq mühafizə orqanlarına, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə isə məhkəmədə tərəfindən iddia qaldırılacaqdır. Qətnamə tamamilə qanunsuz və əsassız olduğundan, apellyasiya qaydasında ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Torpaq sahəsinin daxilində yerləşən apteki cavabdeh öz vəsaiti ilə inşa etmişdir. Bu halı təsdiq edən şahidlər də var. Həmin aptekin ölçüsü 63,5 kv.metrdir. Amma ideal bölgü ilə cavabdehin əmlakı payı 80,5 kv.metrdir. Cavabdeh keçmiş zamanlarda apteki həmin razılığa əsasən sahənin cənub tərəfinə inşa etmiş və buna görə də hazırda bölgü bu istiqamətdə aparılmalıdır. Burada aptekin yerləşdiyi 63,5 kv.metr torpaq sahəsini cavbadehə verməklə yalnız naturada bölgü aparmaq mümkündür. Əks halda torpağın naturada bölgüsü mümkün deyildir. Bunu keçirilmiş 2 ekspert rəyi də sübut edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tədqiq olunan həyətyanı torpaq sahəsinin 2 tərəfdən qonşu sahələrlə, 2 tərəfdən yol ilə əhatə olunduğunu, torpaq sahəsinin konfiqurasiyasını, mülkiyyətçilərin paylarına uyğun sahənin mövcud olduğunu, torpaq sahəsində tikilinin yerləşmə vəziyyətini, aptek tikilisinin İddiaçı tərəfindən icarəyə verildiyini nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Baxılan iş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********47 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 0,0644 ha torpaq sahəsi 7/8 hissədə onun, 1/8 hissədə isə Cavabdeh paylı mülkiyyətində olması işin mübahisəsiz halıdır. Hazırkı iddia tələbi əmlakın paylara uyğun naturada bölünməsi barədədir. İddia tələbinin maddi hüquqi əsasını isə Mülki Məcəllənin 220.2-ci maddəsi təşkil edir. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (Mülki Məcəllənin 213.1., 213.2 və 213.3. maddələri). Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər (Mülki Məcəllənin 214.1. və 214.2. maddələri). Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.1., 220.2 və 220.3. maddələri). Qeyd olunduğu kimi, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. İşdən göründüyü kimi iddiaçı ümumi birgə paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin ayrılması tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsində keçirilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində torpaq sahəsində tikilinin olması səbəbi ilə naturada bölgüsünün mümkün olmadığı, xx.xx.2024-cü il tarixli ekspert rəyində isə həmin rəyə əlavə edilmiş bölgü sxeminə əsasən bölğünün mümkün olduğu müəyyən edilmişdir. Cavabdehin nəticəni və ekspert rəyinin apellyasiya şikayətində yenidən mübahisələndirilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə düşən mübahisəli torpaq sahəsinin 1/8 hissəsi, ümumilikdə 80.5 kv.metr təşkil etdiyindən, sonuncunun tələb etdiyi aptekin yerləşdiyi hissənin ona verilməsi mümkünsüz olduğundan, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə gəlinən nəticəni məhkəmə kollegiyası daha əsaslı hesab edir. Həmçinin, cavabdehin bölgü zamanı iddiaçıya düşən torpaq sahəsi üzərində inşa edilmiş tikilinin (aptek) onun vəsaiti hesabına tikildiyini əsas gətirərək hazırkı bölgü ilə razılaşmadığını barədə dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, həmin tikilinin onun vəsaiti hesabına tikilməsini müəyyən edilməsi və həmin tikiliyə çəkilmiş xərcin ona ödənilməsinə dair müstəqil cavabdehin iddia qaldırmaq hüququ istisna deyil. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisə predmeti təşkil edən torpaq sahəsində ümumi paylı mülkiyyətçisi olan iddiaçının torpaq sahələrinin naturada ayrılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1396/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1396/2024
22.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver