Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1397/2025 07.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə məhkəmə iclas katibi X2 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-58/2004 nömrəli qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Birinci instansiya məhkəməsində icraat Quba Rayon Məhkəməsinin 2(027)-58/2004 saylı, 02 fevral 2004-cü il tarixli qətnaməsi ilə İddiaçı alqı-satqının bağlanmış hesab edilməsini və mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsi Quba Rayon Məhkəməsinin 2(027)-58/2004 saylı, 02 fevral 2004-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-58/2004 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsinin Quba Rayon Məhkəməsinin 2(027)-58/2004 saylı, 02 fevral 2004-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən şikayət verilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-58/2004 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-909/2025 saylı, xx.xx.2025 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)- 58/2004 nömrəli qərardadı ləğv edilərək, mülki iş yenidən baxılması üçün Quba Rayon Məhkəməsinə qaytarılmışdır. Bundan sonra, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-58/2004 nömrəli qərardadı ilə (hakim N.Xəlilova) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsinin Quba Rayon Məhkəməsinin 2(027)- 58/2004 saylı, 02 fevral 2004-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayət Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-58/2004 nömrəli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Quba Rayon Məhkəməsinin xx.xx.2004-cü tarixli, 2- 58 2004 saylı qətnaməsi ilə ərizəçi İddiaçı alqı-satqının bağlanmış hesab edilməsi və evə mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilmişdir. Halbuki daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Ərazi İdarələri tərəfindən aparılır. Belə halda təbii ki, qəbul olunmuş məhkəmə qətnaməsi idarənin hüquq və vəzifələrinə toxunur. 5 saylı Xaçmaz Ərazi İdarəsi bu işdə maraqlı şəxsdir və qətnamədən apellyasiya şikayəti vermək hüququ vardır. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı qeyd olunmalıdır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2-ci maddəsinə əsasən; apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-58/2004 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə tam və hərtərəfli araşdırıb məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-58/2004 nömrəli qərardadı ləğv edilməklə mülki iş hazırkı qətnamədən verilən apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Apellyasiya kollegiyası şikayətin dəlilləri əsasında yoxlama apararaq qeyd edir ki, iş üzrə apellyasiya şikayətinin geri qaytarılması barədə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-58/2004 nömrəli qərardadı hazırkı halda tam əsaslandırılmış məhkəmə aktı hesab edilə bilməz. Məhkəmə kollegiyası bu qənaətə gələrkən nəzərə alır ki, hazırkı iş üzrə yekun məhkəmə aktından yəni iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-58/2004 saylı, 02 fevral 2004-cü il tarixli qətnaməsindən apellyator- 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti işə baxan məhkəmənin müvafiq qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardaddan verilən şikayət üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-909/2025 saylı, xx.xx.2025 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-58/2004 nömrəli qərardadı ləğv edilərək, qərardadda müəyyən göstərişlər verilməklə mülki iş yenidən baxılması üçün Quba Rayon Məhkəməsinə qaytarılmışdır. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi əvvəla hüquq varisliyi məsələsini müzakirə etməli, sonradan apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması məsələsini həll etməlidir. Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin adıçəkilən qərardadında göstərilən xüsusatlar işə təkrar baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, həmin istiqamətlərdə araşdırma aparılmamış və qiymət verilməmişdir. Kollegiya qərardaddan verilən şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək həmçinin bildirir ki, məhkəmə qətnaməsindən verilən apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun müəyyən edilməsi üçün eyni zamanda aşağıdakı məsələlərin dəqiqləşdirilməsi də zəruridir. Əvvəla araşdırılan işdən bəlli olduğu kimi mübahisələndirilən məhkəmə qətnaməsi 2004-cü il tarixdə qəbul edilmişdir. İş materiallarından müəyyən edilir ki, məhkəmə mübahisəsi üzrə birinci instansiya məhkəməsində icraat zamanı maraqlı tərəf qismində Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, izahat vermişdir. Habelə mülki işin materiallarına (iş vərəqə 72) həmin qətnamənin surətinin icra olunması üçün Quba Rayon DTİ və MHQİ-yə göndərilməsi barədə məktubun surəti əlavə edilmişdir. Lakin həmin məktubun maraqlı şəxsə təqdim edilib-edilməməsi məsələsi aydınlaşdırılmamışdır. Digər tərəfdən, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən və AZEMİS elektron məhkəmə informasiya sistemindən müəyyən edildi ki, iş üzrə ərizəçi İddiaçı xx.xx.2024-cü il tarixdə ölmüşdür. Birinci instansiya məhkəməsi işin bu halına da diqqət yetirməmiş, ərizəçinin prosessual hüquqi varisi qismində prosesə cəlb edilməli şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində heç bir tədbir görməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan qeyri-müəyyən hallar araşdırılıb aradan qaldırılmalı və mövcud apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğuna dair mübahisə doğuran məsələlərə bütövlükdə qiymət verilməlidir. Bu səbəbdən hazırkı halda apellyatorun şikayətinin dəlilləri qismən əsaslı hesab edilməli, ərizə üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-58/2004 nömrəli qərardadı ləğv edilməklə apellyasiya instansiya məhkəməsinin bundan öncəki və hazırkı qərardadlarında göstərilən xüsusatlar, habelə işin digər halları əlaqəli şəkildə hərətərəfli araşdırılmaqla mülki iş apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Kollegiya işə təkrarən baxan birinci instansiya mməhkəməsinin diqqətinə həmçinin çatdırır ki, MPM-in 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.2, 399, 400, 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-58/2004 nömrəli qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-58/2004 saylı, 02 fevral 2004-cü il tarixli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilən apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə mülki iş Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.