Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1405/2022 16.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(026)- 53/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Qobustan Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(026)-53/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilk iddia tələbi qismən təmin edilərək Cavabdeh 1655 manat maddi ziyan, 350 manat vəkil xidməti haqqı, 47 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqının alınıb İddiaçı verilməsi və ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. (hakim Mirələm Quliyev) İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verib, Qobustan Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(026)-53/2022 nömrəli qətnaməsinin ləğv olunaraq ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyanın əvəzi olaraq 1655 manat pulun, 1000 manat mənəvi ziyanın əvəzi kompensasiya məbləğinin, 350 manat vəkil xidmət haqqının və ödənilmiş 47 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, onun dayısı X1 qaynanasıdır. Dayısı Hilalla həyat yoldaşı arasında mütəmadi olaraq ailə məişət münasibətləri zəminində mübahisələr baş verdiyindən onlar boşanmaq qərarına gəlmiş və bundan sonra Cəmilənin ona qarşı münasibəti pisləşmişdir. 01 oktyabr 2020-ci il tarixdə, saat 14:00 radələrində İlhamə evin həyətində olarkən təsadüfən zibil qablarının yanına baxan zaman Cəmilənin onun anası Naxışı yerə yıxaraq bədənin müxtəlif nahiyələrindən zərbələr vuraraq döydüyünü görmüş və bu zaman Cəmiləni anasından ayırmaq istədikdə Cəmilə yerdən götürmüş olduğu daş parçası ilə onun üz və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşdur. Burnundan qan gəldiyini görən Cəmilə ayrılaraq uzaqlaşmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 1(060)-175/2021 nömrəli cinayət işi üzrə hökmü ilə Cavabdeh Azərbaycan Respublika CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancından 10 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 5 (beş) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Cəmilənin onu döyməsi nəticəsində burun tənəffüsünün pozulması, burun sümüyünün tam yerdəyişən sınığı ilə müşayiət olunan burun belinin və ucunun sıyrığı, boyunun sol yuxarı 1/3-nin, sol qaşın iç bucağının 4 ədəd, sağ almacıq nahiyəsinin 2 ədəd, sol diz oynağının ön səthinin, sol saidin aşağı 1/3-nin arxa səthinin 9 ədəd, sağ gözün bayır bucağının sıyrıqları kimi xəsarət alması məhkəmə tibb ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. İddiaçı üz nahiyəsinə daş parçası ilə vurulmuş ağır xəsarətlərə və bunun nəticəsində burnundan qan gəldiyinə görə 02 oktyabr 2021-ci tarixdə “Liman" klinikasına həkim “lor”un ambulator müayinəsindən keçmiş və həmin klinikadan arayış almışdır. Müalicə həkimin qoyduğu diaqnoza əsasən (xarici burunun deformasiyası, burun çəpərinin əyriliyi) ona septorinoplastika əməliyyatı məsləhət olunmuşdur. Əməliyyatın qiyməti 1655 manat pul hesablanmışdır. Bu hadisə onun həyatına mənfi təsir göstərmiş, maddi və mənəvi cəhətdən əziyyət çəkməsinə səbəb olmuşdur. Xarici görünüşdə burnu deformasiya olub və bir qadın üçün bu böyük zərbədir. Baş verən hadisə onu stressə salmış, mənəvi cəhətdən iztirab çəkməsinə səbəb olmuşdur. Hazırda maddi imkansızlıq səbəbindən əməliyyat üçün lazimi vəsaiti yoxdur. Cavabdeh ona maddi və mənəvi cəhətdən heç bir dəstək olmamışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, İddiaçı maddi ziyanın əvəzi olaraq 2000 manat məbləğində pulun, 2000 manat mənəvi ziyanın əvəzi olan kompensasiya məbləğinin və ödənilmiş 60 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 1(060)-259/2021 nömrəli hökmü ilə İddiaçı 01 oktyabr 2020-ci il tarixdə, saat 14:00 radələrində yaşadığı Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi ərazisində olan evinin yaxınlığında onun anası X6 ilə mübahisə etməsini görüb onlara yaxınlaşaraq müdaxilə etdiyinə görə İddiaçı onun bədəninin müxtəlif nahiyələrindən vuraraq ona “qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, başın yumşaq toxumaların əziyi, sol təpə nahiyəsinin hemotoması, alın təpə nahiyəsinin tibinə uyğun qansızması” kimi sağlamlağın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül dərəcəli xəsarət yetirdiyinə görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçı həmişə onu söyərək təhqir etmiş, 21 avqust 2020-ci il tarixdə, təxminən saat 10:30 radələrində Sumqayıt Şəhər Məhkəməsinin qarşısında da onu söyüb təhqir etmiş və hədə-qorxu gəlmişdir. Ümumiyyətlə aralarında olan münasibətlər uzun müddətdir ki, pozulmuş və o, İlhamə tərəfindən təhqirlərə məruz qalmışdır. Bununla əlaqədar dövlət orqanlarına çoxlu sayda müraciətlər etmiş və kamera görüntülərini tələb etsə də, şikayətinə baxılmamışdır. Sonuncu hadisədə isə polis bu işi uzadaraq sonda şikayətdən əl çəkmədiyini görüb üstündən 1 ay keçəndən sonra qonşunu öyrədib ona qarşı ərizə yazdıraraq onu da təqsirkar kimi məhkəməyə göndərmiş, məhkəmə isə onun barəsində qərar çıxartmışdır. Halbuki, məhkəmədən sonra həmin şəxs qonşuların şahidliyi ilə onun evinə gəlib etdiyi əmələ görə üzr istəmək əvəzinə yenidən onu təhqir etmişdir. O, da 102 xidmətinə zəng vurub İddiaçı hərəkətləri barədə məlumat vermişdir. İddiaçı heç bir səbəb olmadan onu, ailə üzvlərini söyüb təhqir etməyə başlamış, o da cavab verməyərək polisə və digər dövlət orqanlarına müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya verərək əlavə etmişdir ki, dəfələrlə məhkəmədən düzgün araşdırma aparılmasını xahiş etsə də, məhkəmə buna heç bir əhəmiyyət verməmişdir. Məhkəmə qanunu pozaraq hərtərəfli obyektiv araşdırma aparmamış, qonşuları dindirməmiş bir sıra məsələləri aydınlaşdırmamışdır. Hesab edir ki, İddiaçı ona şər atdığına görə məsuliyyətə cəlb edilməlidir. Çünki məqsəd onun yaşayış sahəsindən köçüb getməyə məcbur etməkdir. Axı niyə görə öz mənzilindən köçməlidir? Məhkəmə tərəfindən qərar qəbul edilərkən, eləcə də, bundan sonra da işin faktiki halları nəzərə alınmalı, hərtərəfli, ədalətli və qanuni araşdırma aparılmalı, onun ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilmiş hissəsində də rədd edilməsini, qarşılıqlı idianın təmin edilməsini xahiş edir. Apellyasiya baxışı zamanı qarşılıqlı iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilmiş və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsini, ilk iddianın tam rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən axlanmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarından görünür ki: Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 1(060)-175/2021 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 10 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla, 05 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir; Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2021-ci il tarixli, 1(060)-527/2021 nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum olunmasına dair Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2021ci il tarixli, 1(060)-175/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun və zərərçəkmiş şəxsin apellyasiya şikayətləri təmin edilməmişdir; “Liman” klinikasının 01 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 21 oktyabr 2021-ci il tarixdə “Liman” klinikasında həkim “LOR”un ambulator müayinəsində olmuşdur və septorinoplastika əməliyyatının qiyməti 1655 manatdır; İddiaçı 05 noyabr 2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z.Hacıyev küçəsində yerləşən 71 saylı Sumqayıt Regional Vəkil Bürosunun ********** saylı hesab nömrəsinə 350 manat pul köçürtmüşdür; "xxxx" ASC-nin kassa mədaxil qəbzindən görünür ki, İddiaçı 18 noyabr 2021-ci il tarixdə iddia ərizəsinə Qobustan Rayon Məhkəməsində baxılması ilə əlaqədar 47 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödəmişdir; Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 1(060)-259/2021 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 1(060)-305/2021 nömrəli hökmü ilə ona təyin olunmuş və çəkilməmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq 02 il, 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilmişdir; Cavabdeh Şünəşalı qızı 01 oktyabr 2020-ci il tarixdə, saat 22:30-da Azərbaycan Respubliksı Səhiyyə Nazirliyinin Sumqayıt Şəhər Səhiyyə şöbəsinin X10 Xəstəxanasının zədə məntəqəsinə müraciət etmiş, diaqnoz: QKBT Baş beynin silkələnməsi, başın yumşaq toxumalarının və təpə nahiyyəsinin əziyi müəyyən edilmiş və xəstə ambulator müalicəyə göndərilmişdir. "xxxx" ASC-nin kassa mədaxil qəbzinə əsasən Cavabdeh 06 dekabr 2021-ci il tarixdə iddia ərizəsinə Qobustan Rayon Məhkəməsində baxılması ilə əlaqədar 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödəmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İlk iddianın təmin edilməyən hissəsində qətnamədən apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(026)-53/2022 nömrəli qətnaməsi ilk iddianın təmin edilmiş hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməli və ilk iddia tələbi həmin hissədə də təmin edilməməli və qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ilk iddia tələbini qismən təmin edərkən bunu onunla əsaslandırmışdır ki, Cavabdeh, aralarında yaranan mübahisə zəmnində daş parçası ilə 01 oktyabr 2020-ci il tarixdə, saat 14:00 radələrində İddiaçı vuraraq onun sağlamlığına az ağır xəsarət yetirmiş və bu səbəbdən cinayət məsuliyyətinə cəlb olunmuşdur. Müalicə həkiminin qoyduğu diaqnoza əsasən (xarici burunun deformasiyası, burun çəpərinin əyriliyi) ona septorinoplastika əməliyyatı məsləhət olunmuş, İddiaçı 21 oktyabr 2021-ci il tarixdə “Liman” klinikasında həkim “LOR”un ambulator müayinəsində olmuşdur və ona bildirilmişdir ki, əməliyyatının qiyməti 1655 manatdır. Bundan əlavə İddiaçı 71 saylı Sumqayıt Regional Vəkil Bürosunun ********** saylı hesab nömrəsinə 350 manat, iddia ərizəsinin verilməsi üçün 47 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı köçürtmüşdür. İlk iddia qalan hissədə və qarşılıqlı iddia ona görə təmin olunmamışdır ki, tərəflər iddialarını həmin hissədə sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddianın təmin olunmuş hissəsində gəldiyi nəticə aşağıda qeyd edilənlərə əsasən qanuni və əsaslı deyildir. AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 21.3-cü maddəsinin tələblərinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Yenə də həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Qeyd edildiyi kimi İddiaçı Cavabdeh ona vurulmuş maddi zərərin əvəzi olaraq “Liman” klinikasında septorinoplastika əməliyyatı olunması üçün 1655 manat pul və mənəvi zərər görə 1000 manat tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavadehin təqsirli hərəkətləri nəticəsində İddiaçı üz nahiyyəsindən xəsarət almış və onun sağlamlığının bərpası üçün septorinoplastika əməliyyatı 1655 manat təşkil edir. Daha öncə qeyd olunduğu kimi Mülki Məcəllənin 1118.1-ci maddəsinə görə müalicəyə və dava-dərman alınmasına çəkdiyi xərclər yalnız bu şərtlə ödənilir ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Birinci instansiya məhkəməsi ilk iddianın həmin hissədə təmin olunması zamanı bu dispozisiya şərtlərinin mövcudluğunu müəyyən etməmiş, İddiaçı müalicəni pulsuz almaq hüququnun olub-olmamasını araşdırmamış, heç bir mötəbər və legitim sübut olmadığı halda ilk iddianı qeyd olunan hissədə təmin etməklə istinad olunan maddi hüquq normasının tələbini pozmuşdur. Qeyd edildyi kimi ilk iddia tələbi mənəvi ziyan hissəsində rədd edilmiş və ilk iddia üzrə iddiaçı həmin hissədə qətnamədən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarını rəhbər tutaraq hesab edir ki, hazırda həmin hissədə qətnamə apellyasiya baxışının predmeti ola bilməz. İlk iddia tələbindən biri də, vəkil xidməti üçün ödənilmiş 350 manat xidmət haqqının Cavabdeh ilk iddiaçının xeyrinə tutulmasından ibarətdir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbi maddi ziyan hissəsində İddiaçı tərəfindən sübuta yetirə bilinmədiyindən, mənəvi ziyan hissəsində iddia rədd edildiyindən və mübahisələndirilmədiyindən ilk iddia tələbi vəkil xidməti üçün ödənilmiş 350 manat xidmət haqqı, 47 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqının tutulması hissələrində də təmin edilə bilməz və həmin hissədə də qətnamə ləğv edilməli, iddia rədd edilməlidir. Digər tərəfdən işin tədqiq olunan faktiki hallarından görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı maddi ziyan olaraq 2000 manat və mənəvi ziyan olaraq 2000 manat pul tələb etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, sonuncunun əməllərinin qarşılıqlı iddiaçıya maddi ziyan vurması, onun mənəvi narahatlıq, məyusluq hissi və sarsıntı keçirməsinə səbəb olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh da tələbinin əsası kimi istinad etdiyi halları daha öncə qeyd olunduğu kimi Mülki Məcəllənin 1118.1-ci maddəsinin tələbləri baxımından sübuta yetirməlidir. Lakin o, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iş üzrə tərəflər öz iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Yenə həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianın qismən də olsa təmin edilməsi hissəsində işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən də olsa ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ilk və qarşılıqlı iddialar təmin edilmədiyindən tərəflərin ödədikləri dövlət rüsumu onların özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(026)-53/2022 nömrəli qətnaməsi qismən – Cavabdeh 1655 manat maddi ziyan, 350 manat vəkil xidməti haqqı, 47 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqının alınıb İddiaçı verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1405/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1405/2022
16.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver