Məhkəmə qərarları › İş №2(105)-1414/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1414/2023

14.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1414/2023 14.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh Azərbaycan Respublikası X24 nümayəndəsi Nümayəndə,üçüncü şəxs X7,üçüncü şəxs X8 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası X30na (X18 və X19 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilən) qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(012)-49/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası X30 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası X22rşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, X17, 9-cu küçə, ev 127 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinin sökülməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq cavabdeh H.Əliyev adına X10rın xeyrinə 50.000 (əlli min) manat, mənəvi zərər kimi 10.000 (on min) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Abşeron rayonu, Xırdalan şəhəri, X17, 9-cu küçə, ev 127 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinin sökülməsi nəticəsində onlara vurulmuş maddi zərərin əvəzi olaraq cavabdeh H.Əliyev adına X10rın xeyrinə, hər birinə 25.000 (iyirmi beş min) manat olmaqla, ümumilikdə 50.000 (əlli min) manat, mənəvi zərər kimi hər birinə 5.000 (beş min) manat olmaqla, ümumilikdə 10.000 (on min) manat, cəmi 60.000 (altmış min) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh H.Əliyev adına X24 Mühafizə Polisinin əməkdaşları 25 və 26 noyabr 2020-ci il tarixlərdə Abşeron rayonu, Xırdalan şəhəri, X17, 9-cu küçə, ev 127 ünvanında yerləşən və İddiaçı1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evini əsassız və qanunsuz olaraq sökmüşdür. Belə ki, Abşeron rayonu, X17, 9-cu küçə ünvanında yerləşən və İddiaçı1 xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində bir mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi inşa etdirib başa çatdırmışdır. Həmin fərdi yaşayış evinin iki otağı onun üçün, iki otağı isə Qarabağ qazisi İddiaçı2 üçün inşa edilmişdir. Fərdi yaşayış evinin dam örtüyü bağlanan zaman 25 və 26 noyabr 2020-ci il tarixlərdə cavabdeh H.Əliyev adına X24 Mühafizə Polisinin və Xırdalan şəhər X25 əməkdaşları tərəfindən əsassız və qanunsuz olaraq sökülmüşdür. Bu zaman həmin şəxslər tərəfindən onlara fərdi yaşayış evinin sökülməsi barədə hər hansı bir sənəd, məhkəmə qərarı və sair təqdim edilməmişdir. Həmin ərazidə yerləşən torpaq sahəsi iddiaçılar tərəfindən zəbt olunmamış, qanuni əsaslarla ayrılmış və həmin torpaq sahəsinin üzərində inşa etdikləri fərdi yaşayış evi özbaşına tikilməmişdir. Həmin fərdi yaşayış evi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsində dövlət qeydiyyatına alınmış və çıxarış verilmişdir. Lakin, bütün bunlara baxmayaraq 25 və 26 noyabr 2020-ci il tarixlərdə heç bir məhkəmə qərarı olmadan cavabdeh H.Əliyev adına X24 Mühafizə Polisinin əməkdaşları fərdi yaşayış evini əsassız və qanunsuz olaraq sökmüşlər. Cavabdeh onların mülkiyyət hüququnu pozaraq heç bir şifahi və yaxud yazılı xəbərdarlıq etmədən, müvafiq məhkəmə qərarı olmadan xüsusi mülkiyyətində olan fərdi yaşayış evini sökdürmüş və iddiaçılara xeyli miqdarda həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Abşeron Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(012)-49/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Abşeron rayonu, Xırdalan şəhəri, X17, 9cu küçə, ev 127 ünvanında yerləşən fərdi yaşayış evlərinin sökülməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq cavabdeh Azərbaycan Respublikası X23 İddiaçı1 xeyrinə 17000 manat, mənəvi zərər kimi 1700 manat, 10 manat məbləğində ödənilmiş dövlət rüsumu, İddiaçı2 xeyrinə 10009 manat, mənəvi zərər kimi 1000 manat, 10 manat məbləğində ödənilmiş dövlət rüsumuna görə pulun tutulması, məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq 50 manat cavabdeh Azərbaycan Respublikası X23 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası X30 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(012)-49/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli, qeydiyyat nömrəsi **********, xx.xx.2015-ci il tarixli Çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, X17, 9-cu küçə, ev 127 ünvanında Bələdiyyə mülkiyyətində olan 0.00223 ha torpaq sahəsində tikilmiş, sahəsi 18.6 kv.m. olan fərdi yaşayış evinin mülkiyyətçisi X11r. X9 verdiyi etibarnaməyə əsasən X19 (etibarnamə barədə məlumat 7E-12005, xx.xx.2018, Abşeron rayonu 1 saylı notariat ofisi) tərəfindən İddiaçı1 verilmiş xx.xx.2020-ci il tarixli etibarnamə əsasında (xx.xx.2067-ci il tarixədək) ünvan 4 ünvanında yerləşən istifadəsində olan həyətyanı torpaq sahəsi və mülkiyyətində olan fərdi yaşayış evi haqqında sərəncam verməyi İddiaçı1 etibar etmişdir. Birinci instansiya məhkəməsi Abşeron rayonu, Xırdalan şəhəri, X17, 9-cu küçə, ev 127 ünvanında yerləşən 0.00223 ha torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş, sahəsi 18,6 kv.m. olan fərdi yaşayış evini İddiaçı1 mülkiyyəti kimi qiymətləndirmişdir. Halbuki həmin torpaq sahəsi bələdiyyə mülkiyyətindədir, torpaq sahəsində inşa edilmiş sahəsi 18,6 kv.m. olan fərdi yaşayış evi isə X9 mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsinə dair X9 verdiyi etibarnaməyə əsasən X19 (etibarnamə barədə məlumat 7E- 12005, xx.xx.2018, Abşeron rayonu 1 saylı notariat ofisi) tərəfindən İddiaçı1 etibarnamə verilməsi həmin torpaq sahəsinin və onun üzərində tikilmiş fərdi yaşayış evinin sonuncunun mülkiyyətinə keçməsi üçün əsas ola bilməz. Sözügedən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi İddiaçı1 mülkiyyətində olmadığından birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinin tənzimləyən Mülki Məcəllənin 152.1-ci maddəsini düzgün tətbiq etməmişdir. X9 verdiyi etibarnaməyə əsasən X19 (etibarnamə barədə məlumat 7E-12005, xx.xx.2018, Abşeron rayonu 1 saylı notariat ofisi) tərəfindən İddiaçı1 adına verilmiş etibarnamə X12 3-cü şəxslər qarşısında təmsil etmək üçün verilmişdir. Göründüyü kimi həmin etibarnamə əsasında İddiaçı1 Abşeron rayonu, Xırdalan şəhəri, X17, 9-cu küçə, ev 127 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ əldə edə bilməzdi. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 362.1-ci maddəsinin tələbinə zidd olaraq (maddi hüquq normasını pozmaqla) İddiaçı1 verilmiş etibarnaməyə iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd kimi qiymət verilmişdir. İşin araşdırılan halları ilə Heydər Əliyev adına X30 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, X17, 9-cu küçə, ev 127 ünvanında yerləşən 0.00223 ha torpaq sahəsində tikilmiş, X9 mülkiyyətində olan sahəsi 18,6 kv.m. olan fərdi yaşayış evinin sökülməsi faktı öz təsdiqini tapmasa da, məhkəmənin mövqeyi fərqli olmuşdur. Belə ki, məhkəmə səhvən həmin fərdi yaşayış evi və Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsində sahəsi 176 kv.m. olan (ekspert rəyinə əsasən) qanunsuz tikililərin iddiaçıların mülkiyyətində olduğu qənaətinə gəlmişdir. İş materiallarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, X17, 9-cu küçə, ev 127 ünvanında yerləşən 0.00223 ha torpaq sahəsi Bələdiyyə mülkiyyətində olmuş, həmin torpaq sahəsində tikilmiş, sahəsi 18.6 kv.m. olan fərdi yaşayış evi isə X9 mülkiyyətində olmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, subyektiv mənada əşya hüququ dedikdə, subyektin mülki dövriyyənin maddi obyekti kimi konkret əşya barəsində olan hüququ başa düşülür. Əşya hüququ ilə əşyanın bu və ya digər şəxsə məxsusluğu müəyyən edilir və bu hüquq mütləq xarakterə malik olması ilə səciyyələnir. Bu baxımdan əşya hüququ iki funksiya yerinə yetirir – tənzimləyici funksiya (bu funksiya əsasında konkret əşyanın konkret şəxsə məxsusluğu müəyyənləşdirilir) və müdafiə funksiyası (bu funksiya əsasında digər şəxslər ixtiyar sahibinin əşya hüquqlarının həyata keçirilməsinə maneələr törətməkdən və onu pozmaqdan çəkinir). Odur ki, əşya hüququ ilə bağlı mübahisələrə baxılarkən müvafiq tələb üzrə konkret şəxsin subyektiv hüququnun olub-olmamasının müəyyənləşdirilməsi üçün ilk növbədə əşya (mübahisənin obyekti) müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən Konstitusiya Məhkəməsinin qeyd edilən hüquqi mövqeyə əhəmiyyət verilməmiş və iddiaçıların hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olub-olmadıqları araşdırılmamışdır. İddiaçılar məhkəməyə torpaq sahəsinin və onun üzərində tikilmiş tikilinin guya onların mülkiyyətində olmasını təsdiq edən sənəd kimi X9 adından çıxış edən X19 tərəfindən İddiaçı1 adına verilmiş xx.xx.2020-ci il tarixli etibarnaməni əsas göstərmişlər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmaq vəzifəsi olan birinci instansiya məhkəməsi X9 adından X13 etibarnamə verilib-verilməməsini dəqiqləşdirməmiş, etibarnaməni əldə edərək iş materiallarına əlavə etməmişdir. Bununla da X1 etibarnaməni verməkdə səlahiyyətli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmənin qətnaməsində göstərilmişdir ki, 3-cü şəxs X19 izahatında bildirmişdir ki, o, torpağı Əskərov Yaşardan 20000 manata almışdır, torpağı alanda ətrafda tikililər də var idi deyə çox rahatlıqla aldı, onun özünün evi həmin ərazidədi. Sonra Tərlan ona yaxınlaşdı, ev istədiyini bildirdi. O da ona satdı, heç vaxt da problem olacağını düşünmədi, çünki, həmin ərazidə tikililər çox idi. İddiaçıların tikililəri o, satdığı torpaqda yerləşir. Göründüyü kimi, Vüqar Temirov torpağı Yaşar Əskərovdan 20000 manata aldığını bildirmişdir. X20 Bələdiyyə torpağını deyil, yalnız onun üzərində yerləşən mülkiyyətində olan olan sahəsi 18.6 kv.m. olan fərdi yaşayış evini satmaq səlahiyyəti olmuşdur. Məhkəmənin qətnaməsində istinad etdiyi Abşeron rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı1 izahatında göstərmişdir ki, o, ünvan 5 ünvanında yerləşən torpaq sahəsini və üzərində tikintisi başlanılmış fərdi yaşayış evini 5000 manat müqabilində X4 almışdır. Sözügedən torpaq sahəsinə dair tərəflər arasında hər hansı əqdin olub-olmaması məhkəmə tərəfindən araşdırılmamış və bu barədə sənəd tələb olunmamışdır. Vüqar Temirovun 20000 manat pul ödəyərək Yaşar Əskərovdan aldığı əmlakı 5000 manata İddiaçı1 satması da inandırıcı görünmür. İşin bu halı da məhkəmə tərəfindən araşdırılmamışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-165/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında inşaat-tikinti ekspertizası tərəfindən həmin torpaq sahəsində yerində baxış keçirilməklə və işin materiallarında olan foto görüntülərə əsasən iki ədəd birmərtəbəli yan-yana hər birinin ölçüsü 55 kv.m. olan iki otaqlı, birmərtəbəli 13-14 daş hündürlüyündə, təmirsiz daxili qara suvaqla suvanmış olan təmirsiz tikililərin sökülməsi nəticəsində iddiaçıların hər birinə vurulan maddi ziyan məbləğinin müəyyən edilməsi ekspertə tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 10/8358 nömrəli, xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, mülki iş materiallarında olan və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, iddiaçılar tərəfindən inşa olunmuş 56 kv.m. sahəsi olan tikilinin inşa olunması üçün görülməli olan işlərin dəyəri mövcud orta bazar qiymətinə uyğun olaraq təqribən 10009 manat, 120 kv.m. sahəsi olan tikilinin inşa olunması üçün isə görülməli olan işlərin dəyəri mövcud orta bazar qiymətinə uyğun olaraq təqribən 17623 manat məbləğində müəyyən olunur. Göründüyü kimi məhkəmə qərardadında hər birinin ölçüsü 55 kv.m. olan iki otaqlı, birmərtəbəli 13-14 daş hündürlüyündə olan tikilinin (guya cavabdeh tərəfindən) sökülməsi nəticəsində dəymiş ziyanın müəyyən olunması tapşırılsa da, tədqiqat aparmış ekspert iddiaçılar tərəfindən verilmiş yalan məlumat əsasında mövcud olmuş tikilinin sahəsinin ümumilikdə 176 kv.m. olmasını qeyd etmişdir. Birinci instansiya məhkəməsi yalnız iddiaçıların həqiqətə uyğun olmayan izahatlarını əsas götürmüş, iddiaçıların izahatlarını təsdiq edən digər sübutları isə onlardan tələb etməmişdir. Belə ki, iddiaçıların məhkəmə iclasında verdikləri izahatlar həqiqəti əks etdirmir. Sözügedən torpaq sahəsində hər hansı tikinti işlərinin aparılması üçün iddiaçılar tərəfindən müvafiq dövlət orqanlarından lazımi icazələr alındığını bildirilsə də, bu faktı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Yuxarıda istinad olunanlardan da göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən işə səthi yanaşılmış, işin ədalətli həlli baxmından əhəmiyyətli olan sübutlar toplanmamış, yalnız tərəflərin düzgün olmayan izahatlarına və ekspertin əsassız rəyinə istinad olunmuşdur. Bütün bunlar qətnamənin qanuni və əsaslı olmadığı qənaətinə gəlməyə əsas verir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası X24 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş üçüncü şəxs X18 apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edərək izahatında bir otaqlı tikiliyə dair çıxarış verildiyini, həmin tikilini üçüncü şəxs Vüqar Temirova etibarnamə ilə satdığını, ona pul lazım olduğundan həmin tikilini 20.000 manata satdığını, pulu da aldığını, gələcəkdə heç bir iddiasının olmayacağını, həmin torpaq sahəsini nə vaxt lazım olsa iddiaçıların adına rəsmiləşdirə biləcəyini, sadəcə həmin vaxt təcili pul lazım olduğundan etibarnamə ilə satdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X19 apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edərək izahatında İddiaçı1 ev almaq istədiyini, o da Əsgərov Yaşardan aldığı evi ona satdıgını, mübahisə edilən torpaq sahəsinin hər yanında evlərin olduğunu, Yaşar Əsgərovu onunla maklerlərin tanış etdiyini bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qismən – mənəvi ziyanın tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, X17, 9-cu küçə, ev 127 ünvanında yerləşən ümumi sahəsi 18.6 kv.m. olan 1 otaqlı fərdi yaşayış evi X9 mülkiyyətindədir və Daşınmaz Əmlakın Dövlət Reyestrində 129 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır. Evin yerləşdiyi 0,00223 ha torpaq sahəsi isə bələdiyyənin mülkiyyətindədir. İş materiallarında olan 03 noyabr 2020-ci il tarixli etibarnamədən görünür ki, X3 rayonu, Xırdalan şəhəri, X17, 9-cu küçə, ev 127 ünvanında yerləşən ümumi sahəsi 18.6 kv.m. olan 1 otaqlı fərdi yaşayış evi barəsində ümumi səlahiyyətlərini 2067-ci il tarixədək İddiaçı1 etibar etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Azərbaycan Respublikası X24 direktoru Bəxtiyar Məmmədov xx.xx.2020-ci il tarixli, SOCAR- **********30490075X00086 nömrəli məktubla Abşeron RPİ-nin rəisinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, X17, R.Behbudov küçəsi, ev 75 ünvanında İddiaçı1 tərəfindən tamamlanmamış 2 fərdi yaşayış evinin tikildiyi, həmin tikililərin neft boru kəmərlərinin “Mühafizə Zonası”nda yerləşdiyini bildirmiş, tikintinin dayandırılması və həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Abşeron RİHB-nin Xırdalan şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 537 nömrəli və Abşeron rayonu Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli,5 520 nömrəli arayışlardan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, X17, 9-cu küçə, ev 127 ünvanında vətəndaş X14 məxsus fərdi yaşayış evi xx.xx.2020-ci il tarixədək mövcud olmuşdur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edildi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli çıxarışa əsasən Bələdiyyənin mülkiyyətində olan 0,00223 ha torpaq sahəsində inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, X17, 9-cu küçə, ev 127 ünvanında yerləşən fərdi yaşayış evi X9 mülkiyyətindədir. X18 notariat kontorunda verdiyi xx.xx.2020-ci il tarixli etibarnamə ilə Abşeron rayonu, Xırdalan şəhəri, X17, 9-cu küçə, ev 127 ünvanında yerləşən istifadəsində olan torpaq sahəsi və mülkiyyətində olan fərdi yaşayış evi haqqında sərəncam verməyi İddiaçı1 və X13 etibar etmişdir. Bundan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 verilən ümumi etibarnamə əsasında həmin torpaq sahəsində bir-birinə bitişik,dam örtüklərinə əsasən fərqlənən lazımı icazələr almadan ayrı-ayrı tikililər tikmişlər.Bu həmçinin işin 75-ci vərəqində olan fotoşəkillə də təsdiq olunur. Bir müddət sonra cavabdeh Azərbaycan Respublikası X24 əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, X17, 9-cu küçə, ev 127 ünvanında iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus tamamlanmaqda olan 2 fərdi yaşayış evinin neft boru kəmərlərinin mühafizə zonasında yerləşdiyini əsas gətirilərək həmin tikililər sökülmüşdür. Məhkəmə kollegiyası iddia tələbinin “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, X17, 9-cu küçə, ev 127 ünvanında inşa edilmiş iki fərdi yaşayış evi mülkiyyət hüquqi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olmasa da, həmin şəxslər mülkiyyətçi tərəfindən verilmiş etibarnamə əsasında həmin tikililəri inşa edərək ona sahiblik etdiklərindən onlara məxsus hesab olunur və həmin tikililər özbaşına tikili hesab olunsa da, Azərbaycan Respublikası X24 əməkdaşları tərəfindən məhkəmə qərarı olmadan, xəbərdarlıq olunmadan həmin əmlaklar sökülmüşdür. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, X17, 9-cu küçə, ev 127 ünvanında yerləşən fərdi yaşayış evlərinin sökülməsi nəticəsində Azərbaycan Respublikası X30 tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə vurulmuş maddi zərərin əvəzi ödənilməli olması hisssəsini təmin edərkən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılan zaman məhkəmənin 21 iyun 2021-ci il tarixli, 2(012)-2933/2021 nömrəli qərardadı ilə iddiaçılar tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, X17, 9-cu küçə, ev 127 ünvanında onlara məxsus olun sökülməsi iddia olunun evin yerləşdiyi torpaq sahəsinin X14 verilmiş ******* saylı, 15.05 2015-ci il tarixli çıxarışla 0,00223 ha torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsinin və iki ədəd birmərtəbəli yan-yana tikililərin sökülməsi nəticəsində iddiaçılara vurulan maddi ziyanın məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə inşaat –texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 fevral 2023cü il tarixli, 10/8358 №-li rəyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 17 mart 2022-ci il tarixli **********70 nömrəli mütəxəssis rəyinə əsasən, iddiaçılar tərəfindən inşa olunmuş tikililərin RX seriyalı, ******* saylı, xx.xx.2015-ci il tarixli X2 istifadəsinə verilmiş 0,00223 ha torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etməyin mümkün olmadığı, eləcə də mülki iş materiallarında olan və baxış zamanı əldə olunmuş məlumatlara əsasən iddiaçılar tərəfindən inşa olunmuş 56 kv.m. sahəsi olan tikilinin inşa olunması üçün görülməli olan işlərin dəyəri mövcud orta bazar qiymətinə uyğun olaraq təqribən 10009 manat, 120 kv.m. sahəsi olan tikilinin inşa olunması üçün isə görülməli olan işlərin dəyəri mövcud orta bazar qiymətinə uyğun olaraq təqribən 17623 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 fevral 2023-cü il tarixli, 10/8358 nömrəli ekspert rəyi qanuni və əsaslı olub, işin həqiqi hallarına uyğun olduğuna görə iş üzrə sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, X17, 9-cu küçə, ev 127 ünvanında yerləşən fərdi yaşayış evlərinin sökülməsi nəticəsində Azərbaycan Respublikası X30 tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 vurulmuş maddi ziyanın məbləğini ekspert rəyinə əsasında müəyyən edərkən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün qərara gəlməmişdir. Məhkəmə kollegiyası mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar onlara məxsus olan fərdi yaşayış evinin sökülməsi nəticəsində mənəvi zərər dəydiyini və bu zərərin əvəzi olaraq hər birinə 5.000 (beş min) manat olmaqla, ümumilikdə 10.000 (on min) manat kompensasiya ödənilməsini tələb etsələr də, onlara dəymiş mənəvi zərərin nədə ifadə olunmasını göstərməmiş,onlar tərəfindən tikinti işlərinin görülməsi ilə əlaqədar həmin tikilinin layihəsinin təsdiq olunmaqla səlahiyyətli dövlət orqanları tərəfindən tikintinin aparılmasına lazımı qaydada icazə verilməsinə dair rəsmi sənədlər təqdim olunmamış, məhz bununla bağlı hansı mənəvi sarsıntı və iztirablar keçirmələrini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli, iddia tələbi mənəvi ziyan hissəsində təmin edilməməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş rəy üzrə mütəxəsis zəruri biliyə malik olmaqla, “Məhkəmə Ekspertiza Mərkəzi”nin rəyi üzrə ekspert xüsusi biliyə malikdir. Buna görə də, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh Azərbaycan Respublikası X24 apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(012)-49/2023 nömrəli qətnaməsi qismən – mənəvi ziyanın təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası X30 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(012)-49/2023 nömrəli qətnaməsi qismən – mənəvi ziyanın təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi mənəvi ziyanın tutulması hissəsində təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(012)-49/2023 nömrəli qətnaməsi digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar