Məhkəmə qərarları › İş №2(105)-1434/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1434/2021

01.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1434/2021 01.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh Əlibaba oğluna qarşı giriş-çıxış yolunun genişləndirilməsi ilə bağlı yolun üstündə tikilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iş üzrə Şabran Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şabran Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) iddianın təmin edilməsi, X4 miras qalmış Şabran rayonun Şahnəzərli kəndindəki evə gedən yolun üstündə Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin sökülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, X4 miras qalmış Şabran rayonun Şahnəzərli kəndindəki evə gedən yolun üstündə Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmşdır ki, Şabran Rayon Məhkəməsinin 08 fevral 2018ci il tarixli 2(031)-31/2018 saylı qətnaməsi ilə Cavabdeh ona və qeyrilərinə qarşı ümumi istifadədə olan yolun açılması tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamədən tərəflərindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 15.10.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Tərəflərin arasında mübahisə edilən mərhum anaları X4 qalmış evə, yəni miras əmlaka gedən yolun açılması məhkəmə qətnamələri ilə qismən təmin edilmişdir. Lakin həmin yolun üstündə cavabdeh tərəfindən tikilmiş qanunsuz tikili yolun genişliyini məhdudlaşdırır ki, bu da onların avtomobillə evlərinə gedib-gəlmələrinə mane olur. Hesab edir ki, cavabdehin iddiası təmin olunduğu kimi onun da iddiası təmin edilməlidir. Onun və ailə üzvlərinin arasında miras qalmış həyətə gedib-gəlməyi məhdudlaşdıran həmin qeyri-qanuni tikili sökülməlidir. Bundan sonra hesab edir ki, aralarında olan mübahisəyə son qoyula bilər. Bu o deməkdir ki, həm cavabdeh, həm də o və onun ailə üzvləri qeyd olunan yoldan sərbəst istifadə edə bilirlər. Onu da qeyd edir ki, həmin yol analarından miras qalmış evə doğru istiqamətləndirilmiş olsa da, həmin yolun torpaq sahəsi onların istifadələrində deyil, bələdiyyə torpağıdır. Bələdiyyə torpağının üstündə cavabdeh tərəfindən tikilmiş qanunsuz tikili onlarla bərabər bələdiyyənin də hüquqlarını pozur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. İş üzrə keçirilmiş 18034 saylı 17 sentyabr 2018-ci il tarixli ekspertiza rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Xaçmaz LTİ-nin mühəndisinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən vahid elektron, baza məlumatlarında olan xəritə materiallarına əsasən onun evinin yerləşdiyi yerdən kəndin əsas küçəsi ilə birləşdirən ümumi istifadədə olan gediş-gəliş yolu mövcuddur. P.Mütəllimovanın evinin yanından keçən yol mövcuddur və bələdiyyə mülkiyyətinə aid olub kənd yaşayış məntəqələrinin küçələrinə aiddir. Torpagın Mülkiyyətə verilməsinə Dair JN-005F kod 30408038 saylı şəhadətnamədən görünür ki, Dərəçi rayonu AİK-nın 10 iyul 1998-ci il tarixli 04 saylı qərarına əsasən ona və ailə üzvlərinin mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Keçirilən ekspertizaya istinad edərək bildirir ki, 2.24 metr enliyində yolun mövcud olduğu halda o hansı səbəbdən valideynləri tərəfindən inşa edilmiş tikililəri sökməlidir. Şabran Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli 2(031)-39/2020 saylı qətnaməsinin ona aid hissədə ləğv edilməsi, ödədiyi 10 manat dövlət rüsumunun iddiaçıdan alınaraq ona verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən mübahisə olunan tikilinin qanunsuz tikilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin Cavabdeh Əlibaba oğlunun X2, X1, X5, İddiaçı Əlbaba oğluna, X6 qarşı Ümumi istifadədə olan yolun açılması tələbi barədə mülki iş üzrə çıxardığı 2(031)-31/ 2018 saylı qətnamədən görünür ki, iddia təmin edilmiş, cavabdehlər Z.Ə.Mütəllimova, N.Ə.Mütəllimov, A.Ə.Mütəllimov, İddiaçı, A.Ə.Mütəllimov tərəfindən qanunsuz olaraq bağlanmış, kənd yaşayış məntəqəsinin küçələrinə aid olan, bələdiyyə mülkiyyətinə aid olan torpağın üzərindən keçən, Cavabdeh evinin və X4 miras qalmış evin yanından keçən yol açılması qət edilmişdir. İş üzrə keçirilmiş 18034 saylı, 17.09.2018-ci il tarixli ekspertiza rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Xaçmaz LTİ-nin mühəndisinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən vahid elektron, baza məlumatlarında olan xəritə materiallarına əsasən iddiaçı Cavabdeh evi yerləşən kəndin əsas küçəsi ilə birləşdirən ümumi istifadədə olan gediş-gəliş yolu mövcuddur. Lakin Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-004F kod 30408038 saylı və Torpağın Mülkiyyətə Verilməsi Dair JN-005F KOD 30408038 saylı şəhadətnamələrlə natura arasında uyğunsuzluq mövcuddur, iddiaçı Cavabdeh və P.Ə.Mütəllimovadan ona miras qalmış evin yanından keçən yol mövcuddur, mübahisəli yol mövcuddur, bələdiyyə mülkiyyətinə aid olub kənd yaşayış məntəqələrinin küçələrinə aiddir. İşə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 15 oktyabr 2018-ci il tarixli 2(105)-1816/2018 saylı qətnaməsindən görünür ki, Şabran rayon məhkəməsinin 2(031)-31/2018 saylı, 08 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-005F, kod 30408038 saylı şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarına əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidməti tərəfindən verilmiş 29 yanvar 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, vahid elektron baza məlumatlarında olan xəritə materiallarına əsasən P.Ə.Mütəllimovadan miras qalmış Şabran rayonunun Şahnəzərli kəndində yerləşən yaşayış evinə gediş-gəliş yolu mövcuddur. X4 miras qalmış Şabran rayonunun Şahnəzərli kəndində yerləşən evinə gediş-gəliş yolu şimal istiqamətindən 5.30 m enliyində cənub istiqamətindən isə 2.24 metr enliyindədir. Lakin Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-004F kod 30408038 saylı və Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-005F kod 30408038 saylı şəhadətnamələrlə natura arasında uyğunsuzluqlar vardır. Vahid elektron baza məlumatlarında olan xəritə materiallarına əsasən nəzərdə tutulmuş gediş-gəliş yolunda Cavabdeh tərəfindən fərdi yaşayış evinə bitişik anbar və tövlə inşa edilmişdir. Mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.7.. 6.1.8. 6.1.9. maddələri). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsinin 1-ci bəndinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Həmin Məcəllənin 18-ci maddəsinin 2-ci bəndinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndinə görə bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara və ehtiyat fondu torpaqlarına ayrılır. Torpaq Məcəlləsinin 47-ci maddəsinin 3-cü bəndinə görə ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin malqarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Qeyd etmək lazımdır ki, ümumi istifadədə olan torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, bələdiyyənin inzibati ərazi vahidi daxilində məskunlaşan hər bir şəxsin istifadəsi üçün nəzərdə tutulan torpaq sahəsidir. Ümumi istifadədə olan bələdiyyə torpaqlarının bələdiyyə ərazisində yaşayan şəxslərin hüquqlarının məhdudlaşdırılmamasından ötrü bütövlükdə icarəyə verilməsinə yol verilmir. Hazırkı mübahisə predmeti təşkil edən cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində ümumi istifadədə olan torpaq sahəsidir. Həmin torpaq sahəsindəndən istifadə etmək cavabdehin hüququ olduğu kimi iddiaçının da hüququdur. Cavabdehin həmin ərazidə tikililər tikməsi iddiaçının həmin torpaq sahəsindən istifadəsinin məhdudlaşdırılmasını qaçılmaz edir. Azərbaycan Respublikası S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi MMC-nin 20 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidməti tərəfindən verilmiş, X4 miras qalmış Şabran rayonu, Şahnəzərli kəndində yerləşən evinə gediş-gəliş yolu şimal istiqamətdən 5.3 metr məsafə enində, cənub istiqamətindən 2.6 metr məsafədə metr enliyində torpaq mülkiyyəti verilməsinə dair JN- 004F JN-004F kod 30408038 və JN-005F kod 30408038 saylı şəhadətnamərlə natura əsasında uygunsuzluq vardır. Belə ki, elektron baza məlumatlarında xəritə materiallarına əsasən, nəzərdə tutulmuş gediş-gəliş yolunda Cavabdeh Əlibaba oğlu tərəfindən fərdi yaşayış evinə bitişik anbar və tövlə inşa edilmişdir ki, bu da gediş-gəliş yoluna 5.3 metr eninin 53 metr məsafəsində yolun qarşısı kəsilərək 2.2 metr məsafədə enindən getdikcə artma məsafəsi ilə 2.6 metr enində 60 metr məsafəni açıq-aşkar zəbt etmişdir. Vahid elektron baza məlumatlarında, eyni zamanda xəritə materiallarında istinad olaraq P.Ə.Mütəllimovadan miras qalmış Şabran rayonu, Şahnəzərli kəndində yerləşən evinin yanından keçən şimal istiqamətdən keçən gediş-gəliş yolunda Cavabdeh qanunsuz olaraq yolun giriş hissəsinin 53-cü metrliyində anbar, tövlə tikərək yolu daraltmışdır ki, bu da haqlı olaraq Y.Cavabdeh gediş-gəlişinə maneçilik törədir, bütün hüquqlarında məhdudiyyət yaradan promblemlərlə üzləşdirir. Məhkəmə kollegiyası iclası zamanı İddiaçı bildirdi ki, cavabdeh tərəfindən qanunsuz tikililər, onun evinə gedən yolu daraltmışdır, həmin yolla onun evinə heç bir avtomobilin keçməsi mümkün olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin iş üzrə 19 fevral 2020-ci il tarixli 2(031)-39/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 500 (beş yüz) AZN manat Cavabdeh alınıb "xxxx" MMC-nin h/hesabı AZ06Aİİ******************** VÖEN: **********, "xxxx" ASC Sumqayıt şəhər filialı Bank kodu: 200253, Müxbir hesabı: AZ37NABZ******************** Bank VÖEN: ********** S.VV.İ.F.Tkod AİİAZ2X hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar