Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1436/2024 18.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh, nümayəndəsi Nümayəndə2, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-74/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40000 (qırx min) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödədiyi 210 (iki yüz on) manat məbləğində pul, cəmi 40210 (qırx min iki yüz on) manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırmışdır ki, Qusar bələdiyyəsinin 14 noyabr 2006-cı il tarixli 24/4-4 saylı qərarı ilə Qusar şəhərinin baş planına uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün şəhərin Şarvili küçəsində 400 kv.metr torpaq sahəsi onun doğma nəvəsi olan Cavabdeh satılmışdır. 2016-cı ilədək həmin torpaq sahəsi boş qalmış, 2016-2019-cu illərdə nəvəsi Cavabdeh razılığı ilə onun tərəfindən həmin torpaq sahəsində özü üçün fərdi yaşayış evi inşa etdirmişdir. Bunu etmək üçün özünün Qusar rayonu Əcəxur kəndində yerləşən evini və bağ sahəsini satmış və əldə etdiyi pul vəsaitləri ilə evi inşa etdirmişdir. Evin inşası üçün 40000 manat məbləğində pul xərcləmişdir. Bundan başqa, həmin evin yanında nəvəsi Məlahətin özü üçün də bir mərtəbəli başqa bir ev inşa etdirmişdir. Onun tərəfindən inşa edilmiş fərdi yaşayış evinin layihəsi Qusar rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. O, fərdi yaşayış evini inşa etdirərkən nəvəsi Məlahət subay olmuş, evin inşası başa çatdıqdan və o, ailəsi ilə birlikdə həmin evdə yaşamağa başladıqdan bir müddət sonra Məlahət Xaçmaz rayonu Xudat şəhər sakini Fərrux adlı şəxslə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra nəvəsi Məlahət əri Fərruxun təsiri və təzyiqi ilə onun həmin evdən çıxmağını tələb etməyə başlamış, evi satıb Rusiyaya gedəcəyini bildirmişdir. O, isə ona həmin fərdi yaşayış evinin həmin şəxsin də razılığı ilə onun şəxsi vəsaiti hesabına onun üçün tikildiyini bildirərək bundan imtina etmişdir. Buna baxmayaraq, nəvəsi Məlahət torpaq sahəsinin onun adına olduğunu, buna görə də, fərdi yaşayış evindən çıxmalı olduğunu bildirmişdir. Halbuki, yuxarıda qeyd etdiyi kimi həmin fərdi yaşayış evini inşa etdirmək üçün o, özünün evini və bağ sahəmi satmışdır. Halhazırda həmin evdən başqa onun yaşamağa başqa yeri yoxdur. Odur ki, hüquq və mənafeyinin müdafiə olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göründüyü kimi Cavabdeh onun vəsaiti hesabına əsassız olaraq varlanmış, o, isə özünün fərdi yaşayış evini və bağ sahəsini satmaqla əldə etdiyi pul vəsaitindən, o cümlədən həmin pul vəsaiti ilə inşa etdiyi yaşayış sahəsindən məhrum olur. Ona görə də, hesab edir ki, Cavabdeh əsassız olaraq onun pul vəsaiti hesabına əldə etdiyi fərdi yaşayış evinin tikintisi və yaşayış sahəsinə çevrilməsinə çəkdiyi 40000 manat məbləğində pul vəsaiti həmin şəxsdən alınaraq ona verilməlidir.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Cavabdeh İddiaçı, X3 və X6 qarşı həyətyanı torpaq sahəsindən və yaşayış evindən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsinə, İddiaçı, X2 və X4 ünvan 1 ünvanda yerləşməklə ona məxsus torpaq sahəsindən və yaşayış evindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-749/2023 nömrəli qərardadı ilə (hakim Anar Qasımov) qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.
6. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)- 74/2024 nömrəli qətnaməsi ilə (hakim Anar Qasımov) iddia qismən təmin edilmiş, Cavabdeh 17619 (on yeddi min altı yüz on doqquz) manat məbləğində pul, həmçinin məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 142,86 (yüz qırx iki manat səksən altı qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı verilməsi, iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərclərinin Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, HesabAZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın reyestrində qeydə alınmasa da Qusar şəhəri Şarvili kücəsində yerləşən 0.04 ha torpaq sahəsi Qusar bələdiyyəsinin 14 noyabr 2006-cı il tarixli 24/4-4 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh satılması və həmin torpaq sahəsində fərdi yaşayış evinin inşa olunması işin mübahisəsiz halıdır. Məhkəmə iclasında Cavabdeh həmin torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evinin inşa edildiyini, orada yenidənqurma və təmir-tikinti işlərinin aparıldığını və həmin evin məhz onun üçün inşa edildiyini etiraf etmişdir. Cavabdeh eyni zamanda iddiaçının həmin evi özünün vəsaiti hesabına inşa etdiyini və təmir-tikinti işlərini apardığını etiraf etmiş, lakin təmir-tikinti işləri üçün çəkilmiş xərcin təxminən 10000 manat təşkil etdiyini bildirmişdir. Tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/257-9/188 saylı ekspert rəyi ilə müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evinə dair yenidənqurma və təmirtikinti işlərinin aparılmasına çəkilən xərc 40000 manat deyil, 17619,0 manat təşkil edir. Həmin rəydə göstərilən halın əksini təsdiq edən hər hansı sübutu isə iddiaçı məhkəməyə təqdim etməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci, Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 121.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-74/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı onun üçün heç bir ev tikməyib, iddia ərizəsində qeyd olunan məlumatlar yalandır, əsassızdır və böhtan xarakterlidir. Bir mərtəbəli, bir otaqlı evi öz vəsaiti hesabına tikmişdir. İddiaçı Heydər Müsayevin yaşamaq yeri olmadığından müvəqqəti onu öz ailəsi ilə birlikdə öz evinə müvəqəti yerləşdirmişdir, indi isə məhkəməyə yalan və böhtan xarakterli ifadələr verərəq məsuliyyətdən yayınmaq istəyir. İddiaçı onun icazəsi olmadan iradəsinə zidd olaraq, tərəfindən inşa edilmiş bir otağı onun icazəsi olmadan genişləndirmiş, yanında yardımçı bina inşa etmişdir. İndi isə ona məxsus olan torpaq sahəsində qanunsuz tikilmiş iki otağın dəyəri ondan tələb edir. Hansı əsasla, baxmayaraq ki, bir otaqlı binanı özü tikmiş, İddiaçı isə evində yaşamış və sonradan icazəsi olmadan yardımçı bina inşa etmişdir. Bununla da aydın olur ki, iddiaçının tələbləri qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirləridir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, babası və vəkili ona hədə-qorxu gəlidiyindən birinci instansiya məhkəməsində evi babasının tikdirdiyini demişdir. Hazırda həmin evdə heç kəs yaşamır. Qapını açarla bağlayıb çıxıb gediblər.
13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 2006-cı ildə torpaq sahəsini almış, ev tikdirmişdir. Övladları olmadığı üçün 2009-cu ildə cavabdehlə ayrılmışla. Cavabdeh 2010cu ildə o başqa şəxslə evlənmiş, 2021-ci ildə yenidən həmin şəxsən ayrılmışdır. Həmin müddətdə tikdirdiyi evdə arvadının nənəsi, babası və dayısı yaşamağa başlayıblar. 2008- 2009-cu illərdə orada arvadı ilə həmin evdə yaşayıb. Qarşı tərəf qapını açarla bağlayıb gedibsə, gedib qapını zorla aça bilməz. Ona şər ata bilər. Qarşı tərəf hər ikisinə hədəqorxu gəlir. Evin tikintisində istifadə olunmayan tikinti avadanlıqları ekspert rəyində öz əksini tapmışdır. Ekspert rəyi əsassızdır. Rəy verilməsi üçün evə gəlib baxış keçirilməyib. Dam örtüyü, döşəmə üçün tamamilə fərqli material istifadə olduğu halda, ekspertdə rəyində başqa material qeyd olunmuşdur. Evdə həm plastik, həm də taxta qapılar var. Evin bünövrəsi belə yoxdur, birbaşa yerdən tikilib. Cavabdeh evin tikintisinə 10000 manat xərc çəkildiyini deməyib. 2007-ci ildə boş torpaq sahəsi idi, orada ev tikdirib, növbəti il qazı, suyu çəkdirib. Hazırda evdə heç kəs yaşamır. Qaz,su və işığı kəsdirmişlər ki, iddiaçı çıxıb getsin. Qapını bağlayaraq çıxıb gedib, evə girə bilmirlər. Kirayədə yaşayırlar. Ona görə də apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş edir.
14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, torpaq sahəsi bələdiyyə tərəfindən alqısatqı əsasında təmsil etdiyi şəxsin mülkiyyətinə verilmişdir. Torpaq sahəsini öz adına rəsmiləşdirməsə də, MM-in 14.2-ci maddəsinə uyğun olaraq, bu torpaq sahəsinə dair onun hüquq və vəzifələri yaranmışdır. Qusar Rayon İcra Hakimiyyətinin başçısının razılığı ilə layihə çəkilmiş və orada bir otaqlı ev tikdirmişdir. Bir müddət sonra cavabdehin nikahı pozulmuş, əri çıxıb getmiş, evdə tək qalmaq istəmədiyindən ailəsinin yanında yaşamağa başlamışdır. 2011-ci ildə babası ondan bir otaqlı evdə bir müddət yaşamağı xahiş etmiş, təmsil etiyi şəxs buna icazə vermişdir. Babasının ailəsi böyük olduğundan iki otaq da tikdirmiş, otaqların sayını üçə çatdırmışdır. Əri ilə nikahı bərpa olunduqdan sonra o, iddiaçıdan evdən çıxmasını xahiş etsə də, evdən çıxmamış, məhkəməyə müraciət etmişdir. İddiaçı ekspertiza keçirilməsinə nail olmuş, ekspert müəyyən etmişdir ki, həmin tikintiyə 17000 manat xərc çəkilmişdir. Ekspert rəyindən görünür ki, yalnız iddiaçının tikdirdiyi hissə deyil, ümumi olaraq tikiliyə, bütün evin təmir xərcləri nəzərə alınaraq qiymət verilmişdir. İddiaçının başqasının torpaq sahəsində tikili inşa etdirməyə ixtiyarı olmamışdır. Məhkəmə şifahi vəsatətə əsasən, heç bir əsas olmadan ekspertiza təyin etmişdir. Hesab edir ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Ona görə də apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul etməyinizi xahiş edir.
15. İddiaçı ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
16. Qusar bələdiyyəsinin 14 noyabr 2006-cı il tarixli, 24/4-4 saylı qərarının surətindən görünür ki, Cavabdeh Qusar şəhərinin baş planına uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün şəhərin Şarvili küçəsində 400,0 kv.metr torpaq sahəsi (400.0 kv.metrX34 qəpik) 136 manata satılmışdır
17. 14 noyabr 2006-cı il tarixli 028447 saylı mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh tərəfindən Qusar bələdiyyəsinin hesabına 136 manat məbləğində pul vəsaiti ödənilmişdir.
18. Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Qusar bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün Qusar şəhəri Şarvili küçəsində yerləşən 0.04 ha torpaq sahəsinin satılması barədə 14 noyabr 2006-cı il tarixli 24/4-4 nömrəli qərar qəbul edilməsi, bunun müqabilində Cavabdeh tərəfindən həmin bələdiyyənin xəzinəsinə əvvəlcədən 136 manat haqq ödənilməsi barədə akt tərtib edilmiş və həmin akt Qusar rayon torpaq şöbəsində 05 dekabr 2006-cı il tarixdə 1258 nömrə ilə qeydiyyata alınmışdır.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertrizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/257-9/188 saylı ekspert rəyindən görünür ki, Qusar şəhəri Şarvili küçəsində yerləşən tədqiq olunan yaşayış evində aparılmış yenidənqurma və təmir-tikinti işlərinin təqribən bazar qiymətlərinə uyğun olaraq 17619,0 manat məbləğində müəyyən olunur.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi
157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
21. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alıqmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
22. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)- 74/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)- 74/2024 nömrəli dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
25. Məhkəmə kollegiyası ekspert tərəfindən torpaq sahəsində yerləşən tikilinin ümumi dəyərinin müəyyən edilməsi ilə bağlı dəlilini isə məhkəmə kollegiyası əsassız hesab edərək qeyd edir ki, ekspert rəyindən görünür ki, tədqiq olunan yaşayış evində aparılmış yenidənqurma və təmir-tikinti işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq təqribən 17619,0 manat təşkil etmişdir. Yəni, ekspert torpaq sahəsində yerləşən tikilinin tam həcmdə tikilməsinə və təmirinə çəkilmiş xərci deyil, yenidənqurma ilə bağlı təmir-tikinti işlərinin dəyərini müəyyən etmişdir. Yəni, iddiaçının özünün daha əvvəl bir otağın tikilisi ilə əlaqədar xərclər ekspert tərəfindən nəzərə alınmışdır.
26. Məhkəmə kollegiyası iddiaçının mübahisəli tikilinin onun icazəsi olmadan tikilməsi ilə bağlı dəlillərinə münasibətdə isə qeyd edir ki, cavabdeh mübahisəli tikilinin 2016-cı il tarixdən etibarən tikildiyini qəbul etmişdir ki, həmin tarixdən indiyədək uzun müddət keçmişdir. Cavabdehin mübahisəli ev inşa edilən zaman tikintiyə etiraz etməməsi və uzun müddət susması, yalnız yaşayış yeri ilə bağlı mübahisə yarandıqdan sonra tikilinin onun icazəsi olmadan inşa edilməsi ilə bağlı mövqeyi, tiklinin məhz onun razılığı və xəbəri olmaqla həyata keçirildiyini təsdiq etməkdədir. Digər tərəfdən isə iş materiallarında olan protokoldan və birinci instansiya məhkəməsindəki məhkəmə iclasının video yazısından görünür ki, cavabdeh evin inşasına görə evi satdıqdan sonra iddiaçıya 10000 manat verə biləcəyini bildirməkdədir ki, qeyd edilən hal da cavabdehin dəlilinin əsassız olmasını təsdiq etməkdədir.
27. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməklə əsaslı hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-74/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-74/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.