Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1447/2024 31.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyəti və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ ” publik hüquqi şəxsinin 2 Saylı Sumqayıt Ərazi İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: icraata xitam verilməsi) X8 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Tahı̇ rov Rası̇ m İmran oğlunun cavabdehlər Əbı̇ lov Telman Əvəz oğlu, “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyəti və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ ” publı̇ k hüquqı̇ şəxsinin 2 Saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “bağçılıq kitabçasının etibarsız hesab edilməsi və torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv olunması” tələbinə dair (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 cəlb edilməklə) mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(060)- 845/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh1 adına “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən verilmiş 1989-cu il tarixli 269 nömrəli bağçılıq kitabçasının etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair verilmiş xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X13 "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvü olmuşdur. 1988-ci ildə iddiaçının atasına "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, "Çinar" B/Y, 269 ünvanında yerləşən 0.06 ha bağ torpaq sahəsi verilmişdir. Atası xx.xx.2005-ci ildə ölmüşdür. İddiaçı atasının qanun üzrə vərəsəsidir və ona görə də məhkəməyə müraciət edir. Atasının ölümündən sonra iddiaçı həmin torpaq sahəsinin adına sənədləşdirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmişdir. Lakin ona məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair Cavabdeh1 adına xx.xx.2016-cı il tarixdə çıxarış verilmişdir. Çıxarışın verilməsinə əsas olan sənəd isə cavabdeh "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyətinin 1989cu il tarixli 269 nömrəli bağçılıq kitabçası, "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyəti İdarə heyətinin xx.xx.1989-cu il tarixli 3 saylı protokoldan çıxarış olmuşdur. Hesab edir ki, bu qanunsuzdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi 1988-ci ildə həmin torpaq sahəsi iddiaçının atasına verilmişdir. Ona görə də hesab edir ki, Cavabdeh1 adına verilmiş "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyətinin 1989-cu il tarixli 269 nömrəli bağçılıq kitabçası, "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyəti idarə heyətinin xx.xx.1989-cu il tarixli 3 saylı protokoldan çıxarışı etibarsız hesab olunmalı və Cavabdeh1 adına verilmiş çıxarış ləğv olunmalıdır. İşin hallarından da göründüyü kimi, mübahisəli bağ torpaq sahəsi 1988-ci ildə "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən iddiaçının atasının adına ayrılmışdır. İddiaçının atasına verilmiş bağçının üzvlük kitabçası indiyə qədər ləğv edilməmiş, qüvvədədir. Buna görə də həmin kitabça ilə ona verilmiş torpaq sahəsi başqa şəxslərin istifadəsinə verilə bilməz. Torpaq sahəsi ilk iddiaçının atasının istifadəsinə verildiyinə, onun adına verilmiş bağçının üzvlük kitabçası qüvvədə olduğuna görə sonradan başqa şəxsin adına həmin torpaq sahəsi ilə bağlı verilmiş üzvlük kitabçası etibarsız hesab edilməlidir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. AZ-İ № 143200 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2005-ci ildə beyin qansızması ilə əlaqədar ölmüşdür.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-T-00xx-xx/2023 saylı bildirişdən görünür ki, Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən “Çinar” Bağçılıq Cəmiyyətinin bağ sahələrinin ayrılması ilə bağlı arxiv məlumatları, o cümlədən bağçılıq cəmiyyəti üzvlərinin təsdiq olunmuş adlı siyahısı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinə təhvil verilməmişdir. Sözügedən ərazidə yerləşən bağ sahələrinə dair arxiv məlumatlarının idarəyə təhvil verilməsi üçün Sumqayıt Şəhər icra Hakimiyyətinə, Sumqayıt Bələdiyyəsinə və Dövlət Arxivinin Sumqayıt filialına ərazi idarəsi tərəfindən müxtəlif vaxtlarda sorğular verilmişdir. Bu səbəbdən qeyd edilən ərazidə yerləşən torpaq sahələri üzərində hüquqların qeydiyyatı prosesi arxiv məlumatları idarəyə təhvil verilənədək dayandırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük Kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Məlumat üçün bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilərkən əldə olunan məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsi **********99 reyestr nömrəsi ilə xx.xx.2016-cı ildə vətəndaş Cavabdeh1 adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Bundan əlavə iddiaçı müraciətinə üzvlük kitabçasının surətini əlavə etmiş, üzvlərin iclasının protokolundan çıxarışı isə təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir.
6. AN-İ № ******* qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Sumqayıt şəhəri, 13 mikrorayon, ev 57A, mənzil 6-da qeydiyyatda olanlar, X6 arvadı-X4, oğlu-X10, oğlu- X11 və İddiaçı hər biri miras əmlakından bərabər hissədə pay almalıdırlar. Müqavilə və digər əsaslar üzrə ölən şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmləşdirilməsinin mümkünlüyü barədə 27 aprel 2011-ci il tarixli, **********05 saylı Arayışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi 1511E ünvanda yerləşən 0.12 ha torpaq sahəsindən ibarətdir.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən müraciətə baxılması haqqında xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-1114/2023 saylı məlumat məktubundan görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən “Çinar" Bağçılıq Yoldaşlığının 1989-ci il tarixli 269 nömrəli bağçılıq kitabçasına, “Çinar” X7 heyətinin 28 dekabr 1989-cu il tarixli 3 saylı protokolundan çıxarışına əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y, 269 ünvanında yerləşən 0.06 ha bağ torpaq sahəsi üzərində 20 oktyabr 2016-cı ıl tarixli - 16013280 qeydiyyat nömrəli çıxarış ilə (təvəllüdü: xx.xx.1966-cı il) Cavabdeh1 tam mülkıyyəı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
8. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, **********99 reyestr nömrəli, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y, 269 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh1 məxsusdur.
9. xx.xx.1989-cu il tarixli “Çinar” X7 heyətinin 3 saylı protokolundan çıxarışın surətindən görünür ki, Cavabdeh1 “Çinar” bağçılıq Yoldaşlığının üzvlüyünə qəbul edilmişdir.
10. Trest-2 Həmkarlar Təşkilatının 25 avqust 2008-ci il tarixli 01 saylı Protokolundan çıxarışdan görünür ki, Sumqayıt Politexnik HT-a ayrılmış 40 ədəd bağ sahəsinin verilməsi dayandırılması və həmin sahə qrupun fəal üzvlərinə paylanması, 8-ci qrupun üzvlüyündən “Santexdetal” zavodun işçisi Vəlixanov Həsən və TPM-in işçisi X6 “Çinar” Bağçılıq Yoldaşlığı üzvlüyündən azad edilməsi qərara alınmışdır.
11. “Çinar” X1 11-ci bəndinə əsasən müəssisədə çalışan 18 yaşı tamam olmuş fəhlə və qulluqçular, həmçinin əvvəl həmin müəssidə işləmiş və pensiyada olan şəxslər Bağçılıq Yoldaşlığının üzvü ola bilərlər. 17-ci bəndinə əsasən şəxs Bağçılıq Yoldaşlığı üzvlüyündən müəssisəinin rəhbərlyinin həmkarlar komitəsi ilə birgə qəbul etdiyi qərar əsasnda çıxarıla bilər. 19-cu bəndinə əsasən “Çinar” Bağçılıq Yoldaşlığının üzvü öldüyü halda vərəsəsinin həmin torpaq sahəsindən istifadəsi saxlanılır. İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
12. Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(060)-845/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbinin təmin edilməsi, Cavabdeh1 adına “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən verilmiş 1989-cu il tarixli, 269 saylı torpaq sahəsinə dair bağçılıq kitabçasının etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* №-li çıxarışın ləğv edilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsi, «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsi, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 152.1, 152.3, 337.1, 337.2, 337.3, 337.4, 139.1-ci maddələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0, 8.0.7-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217.3, 217.4, 216-220, 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
14. Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(060)-845/2024 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Əbı̇ lov Telman Əvəz oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Sumqayıt Şəhəri Yaşma Bağlar ərazisində yerləşən “Çinar” Baağçılıq Cəmiyyətinin bağ sahəsinin ayrılması ilə bağlı arxiv məlumatları, o cümlədən Bağçılıq Cəmiyyəti üzvlərinin təsdiq olunmuş adlı siyahısı Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilməmişdir. Sənədlərin təhvil verilməməsi və adlı siyahının olmaması həmin sənədin məhkəmə qaydasında təmin olunması üçün əsas ola bilməz. Daşınmaz Əmlakın Dövlət reyestri haqqında qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci ilin mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ Təsərrüfatı İdarələri tərəfindən vətəndaşlara ayrılmış Bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər X3 Təsərrüfatının üzvlərinin sıyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Göründüyü kimi, idarənin arxiv sənədlərində bağ sahəsinin hər hansı bir sənədi tapılmamışdır. Buna görə də, hesab edir ki, məhkəmə öz qərarı ilə doğru sənədlərə istinad etməmişdir. Ümumiyyətlə məhkəmənin nəyə və hansı qanuna istinad etdiyi məlum deyil. Qətnamənin əsaslandırıcı hissəsində heç bir tutarlı qanuna və sənədə istinad edilməmişdir. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (AR müvafiq mərkəzi və yerli icra hakimyyəti orqanları) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipotekaya qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas hesab edilir. Cavabdehə məxsus əmlak qanuni yolla əldə edilmiş və rəsmiləşdirilmişdir. İddiaçı özü əmlakın onun adına rəsmiləşdirilməsi ilə əlaqədar ərizə vermiş və həmin ərizə iş materiallarına əlavə edilmişdir. Tərəflərin tələb etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Məhkəmə qeyd olunan məcəllədə göstərilən bu hallara uyğun qərar qəbul etməmiş, təqdim etdiyi sübutlara əhəmiyyət verməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
18. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
19. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
20. Cavabdeh “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
21. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
22. İş üzrə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ ” publı̇ k hüquqı̇ şəxsinin 2 Saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh1 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə ləğv olunmalı, apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə icraata xitam verilməlidir.
26. Belə ki, məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edildi ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh1 adına “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən verilmiş 1989-cu il tarixli 269 nömrəli bağçılıq kitabçasının etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair verilmiş xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir.
28. Cavabdeh Əbı̇ lov Telman Əvəz oğlu məhkəmə qətnaməsi ilə razlaşmayaraq apellyasiya şikayəti vermişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən, hazırkı halda işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmamasına əhəmiyyət verməmiş, həmin tələblə bağlı iş üzrə icraata xitam vermək əvəzinə, iddiaya mahiyyəti üzrə baxıb onu təmin etməklə prosessual hüquq normalarını pozmuşdur.
30. Qanunvericiiyin tələbinə görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
31. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4№-li Qərarının 6.1-ci bəndində qeyd edilmişdir ki, Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
32. 6.2-ci bənd. Eyni faktiki və hüquqi hallara əsaslanmaqla torpağın ayrılmasına dair inzibati akt və müqavilə bir iddiada mübahisələndirildikdə, həm inzibati aktın, həm də müqavilənin ləğvinə və ya etibarsızlığına dair işə bir icraat daxilində inzibati məhkəmələrdə baxılmalıdır. Bundan fərqli olaraq, torpağın ayrılmasına dair inzibati akt deyil, inzibati aktın özünün qanuniliyi ilə bağlı olmayan əsaslarla yalnız müqavilə mübahisələndirildikdə, işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmələr icraatlarında olan işlərə baxarkən inzibati aktın və onunla əlaqəli olan müqavilənin birlikdə və ya ayrılıqda mübahisələndirilməsi məsələsini irəli sürülən dəlilləri nəzərə almaqla tərəflərlə müzakirə etməli və prosessual qənaətə nail olmaq üçün müvafiq hüquqi yardım göstərməlidirlər.
33. 6.3-cü bənd. Dövlət və bələdiyyə əmlakının müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı yaranan mübahisələrin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən nəzərə alınmalıdır ki, müsabiqə və ya hərracın keçirilməsi səbəbindən, məqsədindən, sifarişçinin kimliyindən, eləcə də müsabiqə və ya hərraca çıxarılan əmlakın mənsubiyyətindən asılı olmayaraq, hər bir halda bu cür müsabiqə və ya hərracların təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı münasibətlər mülkihüquqi xarakter daşıyır və bu münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Müsabiqə və ya hərracı keçirən təşkilatın fəaliyyətini tənzimləyən ümumi hüquq sahəsinə aid edilə bilən ayrıca hüquqi aktın mövcudluğu müsabiqə və ya hərracın mülki-hüquqi xarakterini və qaliblə bağlanmış əqdlərin qarşılıqlı iradə azadlığına əsaslandığını ortadan qaldırmır. Nəzərə alınmalıdır ki, əmlak müsabiqə və ya hərraca dövlət, yaxud bələdiyyə orqanlarının müvafiq qərarı əsasında çıxarılır. Yalnız belə qərarın qəbulundan sonra hərrac təşkilatına dövlət və ya bələdiyyə əmlakının alqı-satqısı və ya icarəyə verilməsi üçün sifariş verilir, təşkilatçı tərəfindən müvafiq hərəkətlər edilməyə başlanılır. Odur ki, belə hallara hüquq münasibətlərinin xarakteri baxımından iki pilləli münasibətlər nəzəriyyəsi tətbiq olunmalı, əmlakın müsabiqə və ya hərraca çıxarılması haqqında qərarın qəbulu və bilavasitə müsabiqə və ya hərracın keçirilməsi mərhələləri fərqləndirilməlidir. Əmlakın müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi barədə qərar inzibati akt kimi qiymətləndirilir. Hər hansı səbəbdən həmin qərarın çıxarılmasının özünün qanunsuz olduğunu iddia edən şəxslər sözügedən məsələni inzibati məhkəmə qaydasında mübahisələndirilə bilərlər. Müsabiqə və ya hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı mübahisələrə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmələr onu da nəzərə almalıdırlar ki, bu qəbildən olan mübahisələrin aidiyyətinin müəyyənləşdirilməsinə həmçinin 6.2-ci bənddə göstərilmiş qayda tətbiq olunur.
34. 17-ci bənd. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.
35. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
36. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.
37. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
38. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı dövlət reyestrindəki qeydin ləğv edilməsini, həmin qeydin aparılmasına əsas olan sənədin - bağçılıq kitabçasının etibarsız hesab edilməsini xahiş etmişdir. Etibarsızlığın dəlilini həmin sənədin qanunsuzluğu təşkil etmişdir.
39. Şərh olunanlar belə deməyə əsas verir ki, Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmasada müvafiq qurumun ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir.
40. Qanunvericiliyin tələbindən göründüyü kimi bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
41. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyinə görə reyestrdəki qeydiyyat ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsində qəbul edilmiş akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə həmin qeydiyyatın mübahisələndirilməsi inzibati məhkəmə icraatı qaydasında olmalıdır.
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaya mülki məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxıb onu təmin etməklə prosessual hüquq normalarını pozmuşdur. Bu da Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
43. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətdə göstərilən dəlillərə qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməli, iddiaçıya həmin tələblə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 365, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(060)-845/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı Tahı̇ rov Rasim İmran oğlunun cavabdehlər Cavabdeh1, “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyəti və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ ” publı̇ k hüquqı̇ şəxsinin 2 Saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “bağçılıq kitabçasının etibarsız hesab edilməsi və torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv olunması” barədə iddia ərizəsinə dair işin icraatına işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə xitam verilsin. İddiaçıya həmin tələblə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.