Məhkəmə qərarları › İş №2(105)-1452/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1452/2021

11.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1452/2021 11.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(060)-310/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(060)-310/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 850 manat, mənəvi zərərə görə 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,80 manatın İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 850 manat maddi zərər, 2500 manat mənəvi zərər və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh onun etibarından suiistifadə edərək pulunu mənimsəmişdir. Belə ki, o, özünün nişan mərasimində şəkil və video çəkiliş edən şəxs axtarmaq üçün 27.10.2019-cu il tarixdə instaqram səhifəsindən Cavabdeh adlı şəxslə əlaqə saxlamış və Cavabdeh onun nişanında fotoşəkillər çəkməsi barədə razılığa gəlmişdilər. O, beh olaraq 50 manat pulu Cavabdeh bank hesabına ödəmişdir. Cavabdeh 01.11.2019-cu il tarixdə onun nişan mərasimində fotoşəkillər çəkmişdir. Cavabdeh özünü çox tərifləyərək bildirmişdir ki, tanınmış adamlarla işləyir, lakin tanınmış adamların tədbirlərindən çəkilmiş videoları ona göstərə bilməz, çünki bu, qeyri-etikdir. O, nişan ilə toyu arasında qısa zaman olduğu üçün Cavabdeh işi ilə tanış ola bilməmişdir. Onlar öz aralarında razılığa gəlmişdilər ki, Cavabdeh 03.11.2019-cu il tarixdə toy şənliyini videoya çəkəcək və bütün bunların müqabilində o, cavabdehə cəmi 850 manat ödəyəcəkdir. O, 850 manat ödəsə də, Cavabdeh öhdəsinə götürdüyü işi görməmişdir. Cavabdeh çox yarıtmaz iş görərək söz verdiyi kimi toy şənliyini dronla çəkməmiş, toy günü həyətdə və şadlıq sarayında, ümumiyyətlə, drondan istifadə etməmişdir. O, drondan istifadə etmədiyinə görə cavabdehdən pullarının geri qaytarılmasını tələb etmişdir. Cavabdeh isə çəkiliş olduğunu, artıq gec olduğunu, 3-4 günə düzəlişlər edib verəcəyini bildirmişdir. O, Cavabdeh 15 dekabr 2019-cu il tarixdə xaricə getməli olduğunu, buna görə də göstərilən tarixdən əvvəl materialı ona çatdırmalı olduğunu bildirmişdir. Cavabdeh ona narahat olmamasını, 3 günə videonu düzəldib verəcəyini bildirmişdir. Lakin sonradan Cavabdeh dronla çəkiliş edə bilmədiyini, pullarını da geri qaytarmağa imkanının olmadığını bildirmişdir. Bundan sonra Cavabdeh telefonunu söndürərək yalnız 16 dekabr 2019-cu il tarixdə onun xaricdə olduğunu düşünərək telefonu açmışdır. Cavabdeh hərəkətlərindən məlum olmuşdur ki, “instagram” sosial şəbəkəsi səhifəsində özünü reklam edərək ayr-ayrı şəxslərin və o cümlədən onun etibarından sui istifadə edərək pulunu mənimsəmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ədalətsiz olduğundan ləğv edilməlidir. Belə ki, iddiaçı ilə toy şənliyi mərasimini “dron” vasitəsilə video çəkilişinin aparılmasını şifahi olaraq razılaşmışdılar. O, həmin tədbirdə iştirak edərək yüksək səviyyədə çəkilişlər həyata keçirmişdir. Çəkilişlər həyata keçiriləndən sonra həmin görüntülər üzərində işləmək və xüsusi proqramlar vasitəsi ilə yığaraq ərsəyə gətirmək üçün bir neçə gün vaxt tələb olunur. Daha sonra öhdəsinə götürdüyü işi tam və keyfiyyətli şəkildə icra edərək iddiaçıya təhvil vermişdir. Məsələ ilə bağlı birinci instansiya məhkəməsində tərəfindən sübutları təqdim etməsinə kifayət qədər vaxt ayrılmamış və ümumiyyətlə, ölkədə olan xüsusi karantin rejiminə görə məhkəməyə gəlməkdə çox saylı çətinliklər meydana çıxmışdır. O, apellyasiya şikayətinə gördüyü işin CD-disk formatını qoşma kimi əlavə etmişdir. Həmin CD-diskə baxış keçirən zaman öhdəsinə götürdüyü bütün çəkilişləri lazımi qaydada həyata keçirdiyi aydın olur. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddia tələbinin tam şəkildə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib iddia tələbinin tam şəkildə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, iddiaçı onu instaqramda tapmış, nişanı 250 manata, toyu isə 600 manata razılaşmışdılar. Belə ki, nişanda ancaq fotoşəkillər olmalı idi. O, yüksək səviyyədə çəkiliş etmiş, toy çəkilişləri gözəllik salonunda, gəlinin evində və restoranda olmuşdur. X4 evində çəkilişlər olmamışdır, çünki Fuad İsmayılovun çəkilişini aparmaq barədə razılığa gəlməmişdilər və bəy özü evinin çəkiliş üçün uyğun olmadığını bildirmişdi. Gəlini toy məclisinə gətirərkən dronla çəkliş olmamışdır, çünki həmin vaxt hava qaranlıq və çiskinli olmuş, yağış yağmışdır. Dronla çəkiliş toy zalında keçirilmişdir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, onun nişanı 01.11.2019-cu il tarixdə, toyu isə 03.11.2019-cu il tarixdə olmuşdur. Cavabdehlə nişan fotoşəkillərini 250 manata, toy çəkilişlərini 500 manata danışmışdılar. Cavabdehlə aralarında yazılı müqavilə bağlanmamış, lakin cavabdehin bank hesabına 50 manat beh ödəmişdir. Cavabdeh isə onun anasının adından istifadə edərək toy çəkilişinə görə 100 manat da artıq almışdır. Nişan şəkillərini cavabdeh 10 gün müddətinə verməli idi, lakin 20 gün sonra vermişdir. O, iradını bildirəndə cavabdeh ona nişan şəkillərinin düzəlişsiz göndərildiyini, düzəliş edərək göndərəcəyini bildirmiş, lakin dediyinə əməl etməmişdir. Cavabdeh ona diskdə keyfiyyətsiz fotoşəkillər göndərmişdir. Sonra g-mail proqramı vasitəsi ilə dediyinə görə düzəldilmiş formada fotoşəkillər göndərmiş, lakin həmin fotoşəkillər bir müddətdən sonra silinmişdir. Həmçinin cavabdeh fotoşəkilləri albomda da vermiş, lakin fotoşəkillər keyfiyyətsiz olmuş, şəkillərin fonu düzgün seçilməmişdi. Hazırda həmin fotoalbom ondadır, lakin o, iddiaçıdan albom istəməmişdi. Həmçinin cavabdeh dronla ancaq toy zalında qısa müddətdə çəkiliş aparmışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissələrində ləğv edilməli, həmin hissələrdə iddia rədd edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilmiş hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşin mübahisə edilməyən hallarından görünür ki, tərəflər arasında bağlanmış şifahi razılaşmaya əsasən cavabdeh iddiaçının xeyrinə xidmətlər göstərməli, yəni iddiaçının nişan mərasiminin foto şəkillərini və toy mərasiminin isə video çəkilişini aparmalı və bununla bağlı materialları iddiaçıya verməli, iddiaçı isə həmin xidmətin müqabilində razılaşdırılmış haqqı cavabdehə ödəməli idi. Qeyd edilən xidmətlərə görə razılaşdırılmış pul məbləği iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən razılaşdırılmış işlərin görülmədiyi, çəkiliş materiallarının iddiaçıya təqdim olunmadığı nəticəsinə gələrək iddiaçı tərəfindən ödənilmiş 850 manatın cavabdehdən tutulması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir. Belə ki, iddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı iddia tələbini nişan mərasimində fotoşəkillərin keyfiyyətsiz çəkilməsi, şəkillərin fonunun düzgün seçilməməsi, cavabdehin fotoşəkilləri onun dediyi kimi diskdə yox, linkdə göndərməsi, fotoşəkilləri albomda verməsi, toy şənliyini dronla çəkməməsi ilə əsaslandırmışdır. Məhkəmə iclası zamanı tərəflərin izahatı və məhkəmə iclasında baxış keçirilmiş diskdən görünür ki, cavabdeh tərəfindən toy mərasini ilə əlaqədar gözəllik salonunda çəkiliş aparılmış, şadlıq sarayında isə dronla çəkilişlər aparılmış, nişan mərasimdə foto şəkillər çəkilmiş, həmin foto şəkillər albom şəklində iddiaçıya təqdim edilmişdir və həmin albom hazırda da iddiaçıdadır. Belə olan halda, xidmətin göstərilməməsi və göstərilmiş xidmətin qüsurlu olmasını sübut etmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd etdiyi hallar digər hər hansı bir sübutla öz təsdiqini tapmır və güvənli nəticəyə gəlmək üçün kifayət deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndinə görə şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquqpozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materiallarında İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların Cavabdeh qanunsuz hərəkət və ya hərəkətsizlikləri nəticəsində baş verməsini təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrində ləğv edilməli, həmin hissələrdə iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissələrində ləğv edilməli, həmin hissələrdə iddia rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(060)-310/2021 saylı qətnaməsi iddianın təmin edilmiş hissələrində ləğv edilsin, həmin hissələrdə iddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar