Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1458/2023 11.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə İddiaçı Cavabdehnə qarşı əsassız olaraq hesablanmış vergi borcunun silinməsi tələbinə dair Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(031)-393/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 07 aprel 2023-cü il tarixdə Cavabdehnə qarşı əsassız olaraq hesablanmış vergi borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız və artıq olaraq hesablanmış 759.22 manat məbləğində əmlak və torpaq vergisi borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı 04 may 2023-cü il tarixdə iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh xx.xx.2021-ci il tarixli 05 saylı qərarı əsasında Cavabdeh tərəfindən ona əsassız və artıq olaraq hesablanmış 735.64 manat məbləğində əmlak və torpaq vergisi borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(031)-393/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı əsassız olaraq hesblanmış vergi borcunun silinməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (hakim Çingiz isgəndərov). İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsinin 8(031)-393/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı əsassızdır və ləğv olunmalıdır. Bildirir ki, qaldırdığı iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbycan Respublikası İPM-nin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddialar qeyd olunmuşdur. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.2-ci bəndində göstərilir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və yaəqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Hesab edir ki, Şabran rayon məhkəməsinin 8(031)- 393/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ləğv olunaraq işə Şabran Rayon Məhkəməsində mülki məhkəməı icraatı qaydasında baxılmalıdır. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(031)- 393/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia). Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqan hesab olunur. İşdən görünür ki, hazırkı iddianın qaldırılmasına əsas Şabran rayon Uzunboyad bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli 05 nömrəli qərardır ki, iddiaçının iddiasına görə həmin qərarla ondan şişirdilmiş və artıq formada, əsasız şəkildə vergi borcu tələb edilir. İddiaçı iddia edir ki, yerli özünüidarə orqanları xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyindən, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və yaəqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Halbuki yuxarıda qeyd edilən normaların tələbinə əsasən bu mübahisə ümumi məhkəməyə deyil, inzibati məhkəməyə aiddir. Belə ki, mübahisənin mahiyyətindən aydın olur ki, iddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş akt nəticəsində onun hüququnun və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir. Kollegiya yuxarıda qeyd olunan normaların tələblərindən çıxış edərək qeyd edir ki, hazırkı tələb inzibati xarakterli olduğundan işə inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. AR MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı tələb üzrə mülki işin icraatına xitam verməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(031)-393/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(031)-393/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1458/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1458/2023
11.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver