Məhkəmə qərarları › İş №2(105)-1459/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1459/2024

19.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1459/2024 19.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh3, onun nümayəndələri X14 və vəkil X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X15 qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(067)-32/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayonu Sərkərli kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN-1452 saylı 30209028 kodlu dövlət aktinda göstərilən “X2 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli YP№-143 nömrəli satış protokolu üzrə əldə etdiyi 0,26 ha torpaq sahəsinin ona və cavabdehlər Cavabdeh1 Şahbaz qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 ayrılmış torpaq sahəsindən payının müəyyən edilərək naturada ayrılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, X17 ilə 05 sentyabr 2006-cı ildə rəsmi nikaha iaxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından Rüfət və Nihad adlı övladları anadan olmuşdur. Onunla bir müddət yaşadıqdan sonra xasiyyətləri uyğun gəlmədiyindən xx.xx.2014-cü il tarixdə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-541/2014 saylı qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X21 və xx.xx.2009-cu il təvəllüdlü X22 onun himayəsində qalmaqla onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat məbləğində pulun onun xeyrinə tutulması qət edilmişdir. Məhkəmənin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. X3 aliment borcunu ödəməkdən qəsdən yayınmasına görə Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində tədbirlər görülməsinə baxmayaraq onun aliment borcu 12000 (on iki min) manat məbləğinə çatmışdır. Buna görə Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, tələbin X3nun və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu, Sərkərli kəndində yerləşən 2,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsi 8(067)-52/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə təqdimatı qismən təmin edərək torpağa mülkiyyət hüququna dair JN-1542, Kod 30209028 nömrəli dövlət aktına əsasən X3nun və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu, Sərkərli kəndində yerləşən 2,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin borclunun payına düşən 0,26 ha hissəsi üzərində sərəncam vermək hüququnun qadağan olunması və tələbi həmin torpaq sahəsinin borclunun payına düşən 0,26 ha hissəsinə yönəldilməsini qərara almışdır. Daha sonra Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borc tələbini təmin etmək məqsədi ilə həmin torpaq sahəsi hərraca çıxarılmışdır. “X2 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli YP№-143 nömrəli satış protokolu ilə həmin torpaq sahəsi ona satılmışdır. Bundan sonra o, xx.xx.2021-ci il tarixdə ərizə ilə Xaçmaz rayonu, Sərkərli kəndi ərazisində yerləşən həmin 0.26 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Rayonu Ərazi İdarəsinə müraciət etmiş, oradan xx.xx.2021-ci il tarixli məktubla ona cavab verilərək bildirilmişdir ki, “Sənədlərin ekspertizası və müayinəsi zamanı aşkar olunmuşdur ki, X2 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli YP№-143 nömrəli satış protokolu üzrə əldə olunmuş 0.26 ha torpaq sahəsinin bölgü istiqaməti göstərilməmişdir. Bundan əlavə əldə olunmuş torpaq sahəsinə dair tərəflər arasında razılaşdırılmış və notarial qaydada təsdiq olunmuş bölgü sxemi təqdim edilmədiyindən nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də, torpaq sahəsi üçün nəzərdə tutulmuş bölgü sxeminin hazırlanması mümkün olmamışdır. Bu qeyd olunan çatışmamazlıqların aradan qaldırılması üçün nə qədər cəhd etsə də, qarşı tərəflərin buna razılıq verməməsi səbəbindən bölgü sxemini həyata keçirmək mümkün olmamışdır. Hətta qarşı tərəflərlə ümumi razılığa gəlinməsi məqsədilə Mediasiya Şurasına müraciət etsə də, istəyinə nail ola bilməmişdir. Daha sonra iddia ərizəsinə əlavə (dəyişiklik) edərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(067)-52/2021 saylı qərardadına əsasən üzərinə həbs qoyulmuş Xaçmaz rayonu Sərkərli kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN-1452 saylı 30209028 kodlu dövlət aktinda göstərilən torpaq sahəsindən 0,26 ha hissəsini “X2 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli YP №-143 nömrəli satış protokolu ilə əldə etdiyi torpaq sahəsinin koordinatlarının müəyyən olunması və onun mülkiyətinə verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(067)-32/2024 nömrəli qətnaməsi ilə iddianın təmin olunması, Torpağa mülkiyyət hüququna dair JN-1542 saylı 30209028 kodlu dövlət aktına əsasən Cavabdeh1 Şahbaz qızının və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu Sərkərli kəndində yerləşən 2,10 ha torpaq sahəsindən İddiaçı 1/5 hissədə (0,26 ha) payının müəyyən edilməsi, torpaq sahəsinin mütəxəssis rəyinə əlavə olunan torpaq sahəsinin bölgü planına uyğun bölünərək, şərti olaraq “C” hərfi ilə işarələnmiş 0,26 ha torpaq sahəsinin İddiaçı ayrıca mülkiyyətinə verilməsi, mütəxəssis rəyi üçün ödənilmiş 95 manatın cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh1 Şahbaz qızından, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 alınaraq X7, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə). Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(067)-32/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh3 apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı birinci növbədə qeyd olunan torpaq sahəsinə müvafiq mülkiyyət sənədini əldə etməli və sonra iddia qaldırmalı idi. Məhkəmənin istinad etdiyi Torpağa mülkiyyət hüququna dair JN-1542 saylı 30209028 kodlu Dövlət Aktı qüvvədən düşmüşdür. Belə ki, o, öz payını ayıraraq öz adına xx.xx.2019 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli çıxarış almışdır. Çıxarışa əlavə olunmuş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ona məxsus torpaq sahəsi bölgü planına uyğun olaraq aparılmışdır. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə 8 nəfərdən ibarət ailənin Xaçmaz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə 8 nəfərdən ibarət ailənin ümumi birgə mülkiyyətinə 2.10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsinə hüquqları torpağa mülkiyyət hüququna dair JN-1542 nömrəli, 30209028 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. X4 xx.xx.2019-cu ildə vəfat etdikdən sonra kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilən subsidiyaların alınmasında problem yarandığına görə onlar dövlət aktını yeniləndirilməli, yəni Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən yeni çıxarış almalı olmuşlar. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciətləri əsasında onlara xx.xx.2018-ci ildə ********** saylı qeydiyyat nömrəsi ilə reyestr kodu **********09 olan RX seriyalı ******* nömrəli yeni çıxarış verilmiş və Torpağa mülkiyyət hüququ haqqındakı JN-1542 nömrəli reyestr kodu 30209028 olan Dövlət aktı ləğv edilmişdir. Yeni çıxarışı alandan sonra o, öz mülkiyyətinə aid olan 0.2625 hektar torpaq sahəsinin ümumi sahədən ayrılaraq öz adına ayrıca çıxarış əldə etmək məqsədilə 05 aprel 2019-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciəti əsasında çıxarışda adları olan bütün torpaq mülkiyyətçilərinin iştirakı ilə xx.xx.2019-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsinin mütəxəssisi Fikrət Vəliyev tərəfindən 2.10 hektardan ibarət olan birgə mülkiyyətdəki torpaq sahəsinə yerində baxış keçirilmiş və çıxarışda adları olan mülkiyyətçilərin razılığı ilə torpaq bölgüsü aparılmışdır. Bununla əlaqədar torpağın bölgü sxemi hazırlanmış və 25 iyun 2019-cu ildə 1 saylı Xaçmaz notariat ofisinin xüsusi notariusu Firdovsi Məmmədov tərəfindən təsdiq edilmişdir. Bölgüyə görə onun mülkiyyətində olan 0.2625 hektar torpaq sahəsinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin mərkəzi hissəsində olmasını razılaşdırmışlar. Ümumi birgə mülkiyyətdə olmuş 2.10 hektardan ibarət torpaq sahəsinin 0.7875 hektardan ibarət olan hissəsi hər birinə 0.2626 hektardan ibarət olmaqla bölgüyə əsasən qardaşı Cavabdeh5, Cavabdeh6 və bacısı X6 verilməsinə razılaşmışlar. Ümumi birgə mülkiyyətdə olmuş 2.10 hektar torpaq sahəsinin 1.05 hektardan ibarət hissəsi isə vəfat etmiş atasının payı da nəzərə alınmaqla ardıcıllıqla anası Cavabdeh1 Şahbaz qızı, qardaşı X17 və qardaşı Cavabdeh2 üçün ayrılmasını razılaşdırmışlar. Notariat tərəfindən təsdiq edilmiş, torpaq mülkiyyətçilərinin qarşılıqlı razılığı əsasında aparılmış torpaq sahəsinin bölgü planına uyğun olaraq xx.xx.2019-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən ona mülkiyyətində olan 0.2625 ha torpaq sahəsi üçün torpaq sahəsinin planı və sxemi, habelə torpağın koordinatları, döngə nöqtələri, qonşu sərhədləri qeyd olunmaqla yeni hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** reyestr kodu **********08 olan çıxarış və çıxarışa əlavə olaraq A seriyalı 408763 nömrəli torpaq sahəsinin planı və ölçüsü barədə sənəd verilmişdir. Bu barədə məhkəməyə rəsmi izahat versə də, qətnamədə bu barədə heç nə göstərilməmişdir. Məhkəmə 0.26 ha torpaq sahəsinin İddiaçı ayrıca mülkiyyətinə verilməsini qət edərkən iddiaçının payının mütəxəssis rəyinə əlavə olunan torpaq sahəsinin bölgü planına uyğun bölünərək şərti olaraq “C” hərfi ilə işarələnmiş hissədə ayrılmasını qərara almışdır. Mütəxəssis rəyinə əlavə olunmuş sxemdə xüsusi qeyd olunmuşdur ki, bu sxem hüquqların dövlət qeydiyyatına alınması üçün əsas deyildir. Digər tərəfdən mütəxəssisin digər mülkiyyətçilərə məxsus torpaq sahəsinin özü istədiyi kimi bölgüsünü aparmaq səlahiyyəti yoxdur. Əvvəla ona görə ki, onun payı ayrılarkən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş bölgü planında mülkiyyətçilərdən üçünün - Cavabdeh5, Cavabdeh6, X8 üçün onun torpaq sahəsinin bir tərəfində, Cavabdeh1 Şahbaz qızı, X17, Cavabdeh2 üçün torpaq sahənin digər tərəfində nəzərdə tutulmuşdur. Sıralama üzrə ondan sonra Cavabdeh1 Şahbaz qızı, sonra isə X12 adı göstərilir. Başqa sözlə torpaq sahəsi məhz onun yanından deyil, Cavabdeh1 Şahbaz qızının payından sonra ayrılmalı idi. Mütəxəssis özü də rəyində qeyd olunan xx.xx.2019-cu il tarixdə tərtib olunmuş bölgü planına istinad etmişdir. Qeyd olunan xx.xx.2019-cu il tarixdə tərtib olunmuş bölgü planına istinad etmişdir. İddiaçının mərhum əri X17 bağ salınmasında iştirak etməmiş və heç bir zəhməti və vəsaiti olmamışdır. Onun qardaşı olsa da, mütəmadi olaraq içki içir, heç bir qazancı olmadığına görə 12000 manat məbləğində aliment borcu yığılmış nəticədə ona məxsus 0.26 ha torpaq sahəsinə tutma yönəldilmiş və sonra İddiaçı hərracda həmin torpaq sahəsini almışdır. Sıralama üzrə sxemə baxdıqda isə görmək olar ki, iddiaçıya düşməli torpaq sahəsi əkin sahəsi kimi göstərilən hissədə olmalı idi. İş üzrə müvafiq məhkəmə ekspertizası təyin edilərək ekspert qarşısında cavab verilməsi üçün suallar qoyulmuşdur. Alınmış rəydə tədqiqat prosesinin təsviri adlanan hissədə göstərilir ki, ekspertiza tədqiqatı Xaçmaz rayonu, Sərkərli kəndi ərazisində yerləşən torpaq sahəsi üzrə mütəxəssis rəyinə əsasən aparılır. Rəydən də görünür ki, ekspert tərəfindən tədqiqat aparılmamışdır. İş üzrə müvafiq ekspertiza təyin olunaraq rəyin alınmasına baxmayaraq qətnamədə ekspert rəyi barədə heç bir qeyd yoxdur. İş üzrə iddiaçı qalmaqallı adam olduğuna görə, yəni dəfələrlə mübahisə və münaqişə yaratdığına görə onun torpaq payı ərazinin kənar hissəsindən ayrılmalıdır. Təəssüf ki, məhkəmə hər hansı müvafiq bölgü planı olmadan mütəxəssis rəyinə əlavə edilmiş mütəxəssis tərəfindən özbaşına olaraq tərtib olunmuş ölçü-plana istinad etmişdir. Halbuki ölçü-sxemdə qeyd olunur ki, bu sxem hüquqların dövlət qeydiyyatına alınması üçün əsas deyildir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri də hərrac vasitəsilə əmlakın əldə olunmasıdır. İddiaçı ilk öncə əldə etdiyi əmlaka müvafiq mülkiyyət sənədi əldə etməli, yalnız bundan sonra payın ayrılmasını tələb edə bilərdi.Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Hazırki işdə isə İddiaçı adına mülkiyyət sənədi mövcud deyildir. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Qətnamə dövlətin adından çıxarılır. İşə baxmış məhkəmə qanun tələbinə zidd olaraq Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqları müdafiə etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh3, onun nümayəndələri X14, vəkil X13 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını, Xaçmaz Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(067)-32/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər cavabdehlər məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 5 saylı Xaçmaz Rayonu Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, sənədlərin ekspertizası və müayinəsi zamanı aşkar olunmuşdur ki, “X2 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli YP №-143 nömrəli satış protokolu üzrə əldə olunmuş 0.26 ha torpaq sahəsinin bölgü istiqaməti göstərilməmişdir. Bundan əlavə əldə olunmuş torpaq sahəsinə dair tərəflər arasında razılaşdırılmış və notarial qaydada təsdiq olunmuş bölgü sxemi təqdim edilmədiyindən nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də, torpaq sahəsi üçün nəzərdə tutulmuş bölgü sxeminin hazırlanması mümkün olmamışdır. İş materiallarında olan 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********05 nömrəli məktubda göstərilir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, bölgü sxemlərinin hazırlanması ilə bağlı müraciət etdiyi torpaq sahələri üzərində mübahisə mövcud olduğundan torpaq sahələri üçün nəzərdə tutulmuş bölgü sxemləri hazırlanması mümkün olmamışdır. İş materiallarında olan “X2 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli YP №-143 nömrəli satış protokolundan müəyyən olunur ki, Xaçmaz rayonu, Sərkərli kəndində yerləşən 0.26 ha torpaq sahəsi İddiaçı satılmışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-541/2014 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı ilə X17 arasında bağlanmış nikahları pozulmuş və birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X21 və xx.xx.2009cu il təvəllüdlü X22 anasının himayəsində qalmaqla onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-1542 saylı 30209028 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli 12 saylı qərarı ilə X9 və ailə üzvlərinin mülkiyyətinə 2,10 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 8(067)-52/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadından müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair JN-1542, Kod 30209028 nömrəli dövlət aktına əsasən X3nun və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu, Sərkərli kəndində yerləşən 2,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin borclunun payına düşən 0,26 ha hissəsi üzərində sərəncam vermək hüququ qadağan olunmuş və tələb həmin torpaq sahəsinin borclunun payına düşən 0,26 ha hissəsinə yönəldilməsi qərara alınmışdır. İş materiallarında olan ilkin mediyasiya sessiyasının xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, iddiaçı X11 iştirak etmiş, cavabdehlər isə iştirak etməmişlər. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, mediasiya prosesində iştirakı ilə əlaqədar iddiaçı tərəfindən 50 manat rüsum köçürülmüşdür. İş materiallarında olan mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, mütəxəssis rəyinin alınması üçün 95 manat pul DƏDRX-nin hesabına köçürülmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, Xaçmaz rayonu Sərkərli kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN-1542 saylı 30209028 kodlu dövlət aktinda göstərilən torpaq sahəsindən “X2 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli YP№-143 nömrəli satış protokolu ilə əldə olunmuş 0,26 ha hissəsi üzrə torpaq sahəsinin koordinatları (bölgü istiqamətləri və sair) müəyyən olunmuşdur. Həmin rəyə görə torpağa mülkiyyət hüququna dair JN-1542 saylı 30209028 kodlu dövlət aktına əsasən Cavabdeh1 Şahbaz qızının və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu Sərkərli kəndində yerləşən 2,10 ha torpaq sahəsindən İddiaçı 0,26 ha hissədə payının naturada ayrılması mümkündür. Payların hansı qayda, ölçülərdə və cizgilərdə bölünməsi sxemdə əks olunur. Birinci instansiya məhkəməsi mülkiyyət hüquqlarını müəyyən edən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 215.1, 215.2, 223.2, 223.3, 223.4, 220.2, 220.3-cü maddələrinə, həmçinin iş materiallarında olan ekspert və mütəxəssis rəyinə istinad etməklə iddianı təmin etmişdir. Belə ki,Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ hissəsinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 223.3-cü maddəsi ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 220.2.-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə kollegiyası işin yuxarıda araşdırılan faktiki hallarına və tətbiq olunan maddi hüquq normalarına əsasən birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə qanuni və əsaslı hesab edir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əsasən müəyyən edilir ki, JN-1542 saylı 30209028 kodlu dövlət aktı ilə X12 payına düşən 0,26 ha hissəsi “X2 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli YP№- 143 nömrəli satış protokolu ilə İddiaçı satılmış və oun həmin torpağa dair mülkiyyət hüququ yaransa da bölgüsü müəyyən edilməmiş, ekspert və mütəxəssis rəylərinə əsasən də iddiaçının torpaq sahəsinin naturada ayrılması mümkün hesab edilmişdir.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndələri də iddiaçının mülkiyyət hüququnun olmasını mübahisələndirmədiklərini bildirmiş, yalnız torpaq sahəsinin bölgü sxeminə uyğun olaraq ayrıldığı yeri mübahsiələndirdiklərini bildirmişlər.Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis rəyinə əlavə olunan torpaq sahəsinin bölgü planına əsasən müəyyən edilir ki, iddiaçıya verilmiş şərti olaraq “C” hərfi ilə işarələnmiş 0,26 ha torpaq sahəsi ilə Cavabdeh3 məxsus çıxarışa uyğun olaraq şərti olaraq “B” hərfi ilə işarələnmiş 0,26 ha və torpaq sahəsinin üst-üstə düşməsi müəyyən edilmir, həmçinin iddiaçının həmin torpaq sahəsini zəbt etməsi ilə iş materialları ilə də təsdiq edilmir. Məhkəmə kollegiyasının iclasında da apellyasiya şikayəti vermiş cavabdeh və onun nümayəndələri bunu təsdiq etmişlər. Onların mübahisələndirdikləri əsas hal iddiaçının torpaq sahəsinin Cavabdeh3 torpaq sahəsi ilə qonşu olmasıdır.Bu hal isə apellyasiya şikayəti vermiş cavabdehin ona məxsus torpaq sahəsi üzərində hər hansı hüquqlarının pozulmasına səbəb olmur. Cavabdeh3 həmçinin məhkəmənin qətnaməsinin ləğv edilmiş akta əsaslandığını bildirsə də, işin hallarına əsasən müəyyən edilir ki, o, öz payını ayıraraq öz adına xx.xx.2019 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli çıxarış almışdır. Buna görə də Cavabdeh3 hər hansı hüquqları pozulmadığından iddiaçıya məxsus torpaq sahəsinin ona aid olmayan hissədə bölünməsini mübahisələndirməyə subyektiv hüququ yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xaçmaz Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(067)-32/2024 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar