Məhkəmə qərarları › İş №2(105)-146/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-146/2025

30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-146/2025 30.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(060)-1974/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-yə Laboratoriya Xidmətləri (daban testi) üçün ödənilmiş 169 AZN (bir yüz altmış doqquz manat) pul vəsaitinin, vurulmuş mənəvi zərərin əvəzi olaraq 5000 AZN (beş min manat) pul vəsaitinin, həmçinin ödənilmiş 72 AZN (yetmiş iki manat) dövlət rüsumunun, toplam 5241 (beş min iki yüz qırx bir manat) pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh olan tibb müəssisəsində övladı dünyaya gəlmişdir. Həmçinin, müvafiq tibb mərkəzində övladı X7 xx.xx.2023-cü il tarixində “daban testi” analizi götürülmüşdür. Məhkəmə üçün müvafiq nüansın daha aydın olması üçün qeyd edir ki, “daban testi” uşağın doğulmasının ilk həftəsində verilən və onun hər-hansı irsi və ya potensial bir çox digər növ xəstəliklərin daşıyıcısı olub-olmadığını müəyyənləşdirən analiz növüdür. Ancaq təəssüflə qeyd edir ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş analiz nəticələri onları məyus etmişdir. Belə ki, təqdim olunan nəticələr analizin mahiyyətinə uyğun olmamaqla, bir sıra xəstəliklərlə bağlı təfərrüatlı detalları özündə əks etdirmir. Daha aydın deyilsə, övladının “daban testi” nəticələrində analizin mahiyyətinin ziddinə olaraq onun bir sıra irsi xəstəliklərin daşıyıcısı olub-olmaması ilə bağlı nüanslara ümumiyyətlə toxunulmamışdır. Müvafiq test növünun yuxarıda da qeyd etdiyi kimi, yalnız və yalnız uşağın doğulmasının ilk həftəsində götürülməsi zərurəti artıq onları yeni bir “daban testi” vermək və nəticələrlə tanış olmaq imkanından məhrum edir. Onlar müvafiq test nəticələrinin tələblərə uyğun olmamasına dair həm qeyri-rəsmi, həm də rəsmi qaydada "xxxx" MMC-yə müraciət etsələr də, müraciətləri etinasızlıqla qarşılanmış və ya ümummiyətlə cavablandırılmamışdır. O, özü də tibb işçisi-həkim olduğundan müvafiq tibb müəssisəsi tərəfindən yol verilən kobud tibbixəta, həmçinin müvafiq məsələ ilə bağlı cavabdehə olan müraciətlərinin laqeyd şəkildə qarşılanması və ümummiyətlə cavablandırılmaması onu müvafiq məsələ ilə bağlı hüquqi ölçü götürülməsi üçün məhkəmə instansiyasına müraciət etməyə vadar etmişdir. Düşünür ki, müvafiq “daban testi” ilə bağlı nəticələrin dolğun və dəqiq təqdim olunmaması tibb müəssisəsinin kobud xətası olmaqla onları övladlarının hər hansı potensial xəstəliklərin daşıyıcısı olub-olmadığını qabaqcadan müəyyən etmək hüquqlarından məhrum etmişdir ki, belə olan halda "xxxx" MMC onlara vurduğu maddi və mənəvi zərərin əvəzini ödəməlidir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 avqust 2023-cü il tarixli, AZ-İ seriyalı, 901101 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2023-cü ilin avqust ayının 01-ci günündə 1534 nömrə ilə qeyd edilmişdir. X2, anası isə İddiaçıdır.

5. X5 aid tıbbi laboratuvar raporundan görünür ki, tandem ms (kütlə spektrometri) üsuli ilə, aminoasit metabolizması hastalıkları, üre siklüsü defektləri, organik asidemilər və yağ asidi oksidasyon defektləri yoxlanılmışdır. Bu xəstəliklərə aid patolojik patern müşahidə olunmamış, aminoasit və açilkarnitin dəyərləri yoxlanılan metabolik xəstəliklərin bir göstəricisi olaraq dəyərləndirilməmişdir. Test çərçivəsində yoxlanılan xəstləkilərin siyahısı hesabat formasında göstərilmişdir.

6. xx.xx.2023-cü il tarixli, 46963 nömrəli çekdən görünür ki, laboratoriya xidmətləri üçün 169 manat məbləğində vəsait ödənilmişdir.

7. 31.01.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 72 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

8. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış 115 nömrəli, 27 noyabr 2023-cü il tarixli məktuba cavabdan görünür ki, icra olunan geniş topuq tarama testinin tərkibinə 30a yaxın irsi metabolik xəstəliyi özündə əks etdirən analiz nəticələri daxildir. Bu testə nələr daxil olması klinika tərəfindən bildirilmiş və bundan sonra icra edilmişdir. Bununla əlaqədar olaraq, uşaqdan götürülən geniş topuq tarama testinin tərkibi dolğun bir şəkildə vaxtında laboratoriya tərəfindən təqdim edilmişdir. Topuq testi skrininq test olaraq xəstəliklərin erkən aşkarlanması üçün əhali arasında aparılan ön testdir. Skrininq testlərdən şübhəli və ya pozitiv çıxan nəticələr biokimyəvi, radioloji və genetik analizlərlə təsdiq olunmalıdır. Bu səbəblə övladının hansı ayda/yaşda olmasında asılı olmayaraq qanın biokimyəvi və genetik analizi ilə aşklarlanmaq istədiyi xəstəliyin müəyyən edilməsi mümkündür.

9. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 554/KEŞ nömrəli rəyindən görünür ki, 2023-cü il təvəllüdlü X4 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulmuş suallara uyğun ekspert komissiyası aşağıdakı nəticələrə gəlmişdir. Neonatal skrininq zamanı aparılan topuğ testi yenidoğulmuşun həyatının artıq ilk günlərində ağır irsi-genetik patologiyaların aşkarlanması üçün tətbiq olunan müayinə üsuludur. Kütləvi şəkildə ən çox rast gəlinən xəstəliklərdən 5 irsi xəstəlik skrininq olunur. Mukovissidoz, qalatozemiya, adrenogenital sindrom, anadangəlmə hipotireoz və fenilketonuriyadır. Bəzi ölkələrdə bu siyahı 11 xəstəliyi əhatə edir. Digər 6 xəstəliyə çox nadir rast gəlinən qrup xəstəliklərorqanik asidouriya, aminoasidopatiya və yağ turşularının mübadilə pozğunluğu aiddir. Analiz tez zamanda hazırlanır, qaydalara əsasən müayinə zamanı hər hansı irsi-genetik patologiya aşkarlanarsa ailə mütəxəssis tərəfindən məlumatlandırılır. Genişləndirilmiş neonatal metabolik skrininq zamanı 59 müxtəlif genetik xəstəliklər müəyyən olunur (16 baza və 43 mübadilə xəstlikləri). Cavabdeh "xxxx" MMC tərəfindən icra olunan geniş topuğ tarama testinin genişləndirilmiş neonatal metabolik skrininq daxildir. Neonatal metabolik skrininq testi uşağın həyatının erkən mərhələsində ikinci günündən 14-cü gününə kimi icra olunmuş, erkən mərhlədə aşkarlanmış irsi-genetik xəstəliklərin yaratdığı ağırlaşmaların məhdudlaşdırılmasına yönəldirilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş yenidoğulmuşların metabolik skrininqi beynəlxalq standrtlara uyğun tərtib edilmişdir.Neonatal metabolik xəstəliklərin diaqnozu və tədbirlərin görülməsi yenidoğulmuşun həyatının ilk aylarında əhəmiyyət kəsb etdiyi üçün doğulandan ilk 10 gün ərzində götürülüb buna müvafiq tövsiyyələr verilməlidir. Hər iki müəssidə aparılan neonatal skrininq testində genişləndirilmiş metabolik xəstəliklər paneli əhatə olunmuşdur. Uşağın yaşından asılı olmayaraq, istənilən yaşda biokimyəvi analiz verməklə irsi-genetik patologiyaların aşkarlanması mümkün deyildir.

10. İddiaçı ekspert rəyi ilə bağlı etiraz təqdim edərək bildirmişdir ki, ekspertiza rəyində analizlərin beynəlxalq standartlara uyğunluğun təmin edildiyi iddia edilsə də, bu uyğunluğun konkret sübutları təqdim edilməmişdir. Beynəlxalq standarlara uyğunluq, müvafiq sertifikatlar və ya digər təsdiqedici məlumatlarla dəstəklənməlidir. Bu sübutların olmaması, iddianın həqiqiliyini şübhə altına alır. Qeyd edilməlidir ki, ekspert rəyinin 3.5.6-cı maddəsində qeyd olunur ki, hər iki müəssisədə aparılan analizlər beynəlxalq standardlara uyğundur, ancaq onlar tərəfindən təqdim edilmiş ikinci nümunənin təqdim olunmasında, eləcə də ekspert qarşısında qaldırılan məsələdə testlərin standartlara uyğunluğu yox, bu iki test nümunəsində eyni meyarlar və dəyərlər üzrə nəticələrin müəyyən olunubolunmamasıdır. Ekspertiza rəyində metabolik skrininq testlərinin həyata keçirilməsi üçün müxtəlif vaxt çərçivələrinin göstərilməsi rəyin dəqiqliyinə və elmi əsaslandırılmasına ziddir. Bir hissədə 2-ci gündən 14-cü günə kimi, digər hissədə isə doğulandan ilk 10 gün ərzində keçirilməsi təklif olunmuşdur. Bu uyğunsuzluq rəyin təhlilindəki səhvləri göstərir. Ekspertiza rəyinin 1-ci bəndində neonatal skrininq zamanı 5 irsi xəstəliyin skrininq edilməyi olduğu qeyd edilmişdir. Lakin test nəticələri göstərir ki, bu xəstəliklərdən heç biri üzrə skrininq həyata keçirilməmişdir. Bu səbəblərə əsaslanaraq, yeni ekspertiza təyin edilməsini və ya mövcud ekspertiza rəyinin yenidən qiymətləndirilməsini xahiş etmişdir.

11. Tibbi xidmətlərin göstərilməsi haqqında SH-002 nömrəli, 01 oktyabr 2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC, bundan sonra “Laboratoriya” adlandıraraq, direktor X10 şəxsində bir tərəfdən və "xxxx" MMC bundan sonra “Tibb müəssisəsi” adlandırılacaq, direktor X13 şəxsində digər tərəfdən tibbi xidmətlərin göstərilməsi haqqında həmin müqaviləni bağlamışlar. Bu müqavilənin 1.1 bəndinə əsasən “Laboratoriya” “Tibb müəssisəsi”nə tibbi xidmətlər göstərməyi öhdəsinə götürür; 1.2 bəndinə əsasən “Tibb müəssisəsi” isə bu Müqavilə ilə nəzərdə tutulmuş qaydada və müddətdə xidmət haqqını “Laboratoriya” ödəyir; 2.1 Bu müqavilə 01 oktyabr 2021-ci il tarixindən 01 oktyabr 2022-ci il tarixinədək bağlanmışdır. 2.2 Əgər “Laboratoriya” tərəfindən tibbi xidmət göstərilməsi bu müqavilənin fəaliyyət müddətində başlamışdırsa, müqavilənin müddətini aşmasından asılı olmayaraq tibbi xidmətlər sona çatdırılmalıdır; 2.3 Tərəflərdən biri müqavilənin bitməsinə ən azı 15 gün qalmış digər tərəfə müqaviləyə xitam verilməsi haqqında yazılı bildiriş göndərmədiyi tədqirdə, müqavilə növbəti 1 il müddətinə uzadılmış hesab edilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

12. Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(060)- 1974/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbinin təmin edilməməsi, iş üzrə məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.1, 21.1, 21.2, 1096.1, 1096.2, 1099.1, 1099.2, 1112 və 1114.1-ci maddələri, Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanununun 1, 51-ci maddəsinin 5-ci bəndi, 24-cü maddəsinin 10-cu bəndi, 57-ci maddəsinin 1-ci bəndi və 59-cu maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 82.3, 88, 101.7, 103.1, 217.4, 218.3, 119.1, 217.4, 216-220, 227, 233, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

14. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(060)- 1974/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

15. Apellyator şikayəti onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC-nin xidmətlərindən istifadə etmiş və onun istehlakçı kimi istehsalçıdan keyfiyyətli xidmət almaq hüququ vardır. Lakin, övladının analiz nəticələrinin düzgün olmaması səbəbindən onun bu hüququ pozulub və ona mənəvi ziyan dəyib. Məhkəmə qətnaməni qəbul edərkən, bu normanı nəzərə almayıb. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Bir istehlakçı olaraq, müvafiq xidmətləri almadıqda, bu, yalnız onda deyil, eyni zamanda cəmiyyətdə də narahatlıq yaradır. Hüquqi aspektdən isə hüquq pozuntularının aradan qaldırılmaması, insanları hüquqi sistemə olan inamını itirməyə sövq edir. Nəticə etibarilə, hüquq pozuntuları həm sosial, həm də hüquqi cəhətdən ciddi zərərlər yaradır və bu məsələnin ədalətlə həll olunması mühüm əhəmiyyət kəsb edir. İstehlakçıların Hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 12ci maddəsinə əsasən istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair (Mənəvi zərərin ödənilməsi barədə) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən: Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 554/KEŞ nömrəli rəyini aşağıdakı səbəblərdən dolayı mötəbər sübut növü kimi qəbul etmək olmaz: 1. Ekspertiza rəyində analizlərin beynəlxalq standartlara uyğunluğun təmin edildiyi iddia edilsə də, bu uyğunluğun konkret sübutları təqdim edilməmişdir. Beynəlxalq standartlara uyğunluq, müvafiq sertifikatlar və ya digər təsdiqedici məlumatlarla dəstəklənməlidir. Bu sübutların olmaması, iddianın həqiqiliyini şübhə altına alır. 2. Ekspertiza rəyində metabolik skrininq testlərinin həyata keçirilməsi üçün müxtəlif vaxt çərçivələrinin göstərilməsi rəyin dəqiqliyinə və elmi əsaslandırılmasına ziddir. Bir hissədə 2-ci gündən 14-cü günə kimi, digər hissədə isə doğulandan ilk 10 gün ərzində keçirilməsi təklif olunur. Bu uyğunsuzluq rəyin təhlilindəki səhvləri göstərir. 3. Ekspertiza rəyinin 1-ci bəndində neonatal skrininq zamanı 5 irsi xəstəliyin (1.Mukovissidoz. 2. Qalaktonzemiya. 3. Adrenogenital sindrom. 4. Anadangəlmə hipoterioz. 5. Fenilketonuriya) skrininq edilməyi olduğu qeyd edilib. Lakin test nəticələri göstərir ki, bu xəstəliklərdən heç biri üzrə skrininq həyata keçirilməyib.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

17. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

18. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

21. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərindən biridir. Maddə 24. 10-cu bəndinə əsasən pasiyentin hüquqları pozulduqda, o, müalicəprofilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Maddə 57. 1-ci bəndinə əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Maddə 59. Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

24. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Göründüyü kimi İddiaçı övladı xx.xx.2023-cü il təvəllüdlü X11 xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-də neonatal skrininq zamanı aparılan geniş topuğ testində təqdim olunmuş nəticələrin analizin mahiyyətinə uyğun olmaması, bəzi xəstəliklərin təfərrüatlı detallarını özündə əks etdirməməsini iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.

26. Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(060)- 1974/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.

27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəyə dair mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı övladı xx.xx.2023-cü il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-də neonatal skrininq zamanı aparılan geniş topuğ testinin alınması və nəticələrin təqdim olunması işin mübahisəsiz halıdır.

28. Məhkəmə tərəfindən təyin olunmuş ekspert rəy ilə müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş yenidoğulmuşların metabolik skrininqi beynəlxalq standrtlara uyğun tərtib edilmişdir.

29. Məhkəmə hesab etmişdir ki, sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin maddi ziyanla bağlı iddiası əsassız olduğundan təmin edilməməlidir.

30. Mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

31. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddia tələbinin 5000 manat mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə də əsassız olduğundan təmin edilməməlidir.

32. Məhkəmə iddia tələbinin mənəvi ziyan tələbi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

33. Məhkəmə hesab etmişdir ki, insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri- əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının bilavasitə zərər vuran şəxs tərəfindən pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirə bilməsini, hazırki işdə isə cavabdeh tərəfindən iddiaçının hər hansı bir şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulmasına yönələn hərəkətlər edilməsinin müəyyən edilməməsini nəzərə alaraq, iddiaçının iddia tələbində bununla bağlı istinad etdiyi halların əsassız olması qənaətinə gəlir və belə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində də əsassız olduğundan rədd edilməlidir.

34. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(060)- 1974/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

35. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, kollegiya qeyd edir ki, şikayətin dəlilləri əsas etibarı ilə iddia tələbinin əsasları ilə eyni olmala birinci instansiya məhkəməsi tərəfindən həmin dəlilləri üzrə hərtərəfli araşdırma aparılmışdır, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı əsaslı qətnamə qəbul edilmişdir.

36. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində qeyd olunmuş dəlillər formal mülahizələr olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

37. Kollegiya vurğulamağı zəruri hesb edir ki, araşdırılan mübahisə xüsusi bilik tələb edən sahə olmaqla birinci instansiya məhkəməsi tərəfindən iş yüzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilərək ekspert rəyi alınmışdır.

38. Göründüyü kimi iddiaçı tərəf həmin ekspert rəyini mübahisələndirmişdir.

39. Kollegiya qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

40. Kollegiya onu da vurğulayır ki, ekspert rəyi ilə müəyyən edilmiş halların mötəbərliyini şübhə altına alan hər hansı tutarlı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

41. İşin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(060)-1974/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar