Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-147/2024 21.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X12 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1086/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Babayev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ataları X2 miras qalmış 0,406 hektar torpaq sahəsinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 atası X6 ilə onun arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən X4 məxsus 0.406 hektar torpaq sahəsini xx.xx.2021-ci il tarixdə 19.800 (on doqquz min səkkiz yüz) manata almışdır. O vaxt torpaq sahəsinin çıxarışı olmadığına görə onlar alqı-satqı müqaviləsini öz aralarında şifahi bağlamışdılar. Teymur söz vermişdir ki, Daşınmaz Əmlakın Dövlət Qeydiyyatından çıxarış aldıqdan sonra alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunacaqdır. Teymur onun bacısının qaynatası olduğu üçün və ona etibar etdiyinə görə ona inanıb və xx.xx.2021-ci ildə ona şahidlərin yanında 19.800 (on doqquz min səkkiz yüz) manat pul vermişdir. Teymurdan xahiş edib ki, ondan pul alması barədə heç olmasa bir sənəd versin, Teymur onunla razılaşıb qardaşı Ələsgəri, oğlu Fədaili, Məhəmmədi çağırıb və onlardan xahiş etmişdir ki, ondan pul alınması barədə bir akt tərtib edib, ona versinlər. Onlar Teymurun ona torpaq sahəsi satması və ondan 19.800 (on doqquz min səkkiz yüz) manat pul alması barədə akt tərtib etsinlər. Onlar Teymurun xahişi ilə akt tərtib ediblər və ona veriblər. Akt tərtib edərkən Teymur xəstə olduğu üçün aktı Teymurun qardaşı Ələsgər yazmış və aktı şahidlər imzalayıb ona vermişlər. Cavabdehin atası Teymur öldükdən sonra cavabdeh Fədail söz veribdir ki, vərəsəlik haqqında şəhadətnamə aldıqdan sonra torpaqın alqısatqısı barədə onunla notariat qaydasında müqavilə bağlayacaqdır. Cavabdeh Fədail 2022-ci ilin yanvarında ona bildirib ki, Teymura məxsus olan 0,406 hektar torpaq sahəsi barədə ona torpağın 1/4 hissəsi barədə şəhadətnamə verildiyi üçün o, torpağın hamısını ona sata bilməyəcəkdir. Sonradan ona məlum olub ki, həmin torpağı 1/4 hissəsi Cavabdeh2, 1/4 hissəsi Cavabdeh3, 1/4 hissəsi isə Cavabdeh4 verilmişdir. Fədail ona bildirib ki, Fətəli, Aynurə və Tahirə həmin torpaq sahəsini satmaqa razılıq vermirlər. Buna görə də o məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Quba Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bu işə baxan hakim cavabdehlərin əsassız etirazının təsiri altında qalaraq, onun hüquqlarını pozmuşdur. Hakim bu mülki işə baxarkən və qətnamə qəbul edərkən cavabdehlərə əsassız olaraq üstünlük vermiş və nəticədə qanunazidd qətnamə qəbul etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ataları Teymur Fətəliyevin ölümündən sonra borclu qaldığı pulu və həmin pulun əvəzində torpaq sahəsini tələb etməyə subyektiv hüququ vardır. X5 ölümündən sonra miras qalmış torpağa cavabdehlər qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqdan sonra onun cavabdehlərə qarşı iddia ərizəsi vermək və subyektiv hüququ yaranmışdır. Bundan ötəri onun o dünyaya gedib Teymurdan borcunu istəməyə imkanı yoxdur. O bu dünyada Konstitusiya ilə ona verilmiş hüquqlardan istifadə edərək cavabdehlərdən atalarının ondan aldığı pulu tələb edir. Hakim işə baxarkən qərəzsiz olmadığı üçün hüquq normalarını pozmuşdur. Məhkəmənin qətnaməsindən açıq-aydın görünür ki, bu mülki işə baxılarkən çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında baxılmamışdır. Hakim ancaq tərəflərin izahatlarını dinləməklə hesab etmişdir ki, çəkişmə prinsipinə əməl etmişdir. Hakim işə baxarkən cavabdehlərdən üçünün nümayəndəsi və vəkilinə üstünlük verərək, iddia ərizəsində göstərilən faktlara və ərizəyə əlavə etdiyi akta əhəmiyyət verməyərək, bərabərlik hüququnu pozmuşdur. Hakim 4 nəfər cavabdehdən biri olan Cavabdeh1 bu mülki iş üzrə cavabdeh olmaqla yanaşı, aktın tərtib olunmasında iştirak etdiyi üçün həmçinin iş üzrə əsas şahidlərdən biridir. İş üzrə 3 nəfər digər cavabdehlərin nümayəndəsi və vəkili aktı və onun ərizəsində olan dəlilləri yalan və uydurma andlandırdığı üçün hakim cavabdehlərdən Cavabdeh2 oğılu, Cavabdeh3, Cavabdeh4 ilə Cavabdeh1 üzləşdirməliydi. Bu fakt sübut edir ki, hakim Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əməl etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçının mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hüququnun olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnaməni mübahisələndirmişdir. ƏMDK yanında Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0.406 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam pay mülkiyyət hüququ ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 325 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsinin alınıb ona verilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2. maddəsi təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Həmin maddənin dizpozisiya şərtlərinə görə bu cür iddianın təmin olunması üçün üç dizpozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehdən tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən andan əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Göründüyü kimi iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi hallara təsdiq edən sübutlar məhkəmə kollegiyasına təqdim etməmişdir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsini tələb etməsi ilə bağlı subyektiv hüququ olmadığından, iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr olmaqla, qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-147/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-147/2024
21.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver