Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1472/2020 10.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-71/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-71/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlkin Xəlilov) İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törədən halların aradan qaldırılması tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxx 2019-cu il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək çirkab suların axıdılması üçün Cavabdeh tərəfindən öz qapısından onun qapısına qədər qoyulmuş borunun cavabdehin hesabına götürülməsi, çirkab suların küçəyə axıdılmasına son qoyulmasının bir vəzifə kimi cavabdehin üzərinə qoyulması və cavabdehin özbaşına hərəkətləri nəticəsində ona vurulmuş 10000 manat məbləğində zərərin, həmçinin rüsum kimi ödədiyi 30 manat və hüquqi yardıma görə ödədiyi 30 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Mürşüdoba kəndində 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 35,5 kv.metr olan fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin evin mülkiyyətində olmasına dair MA seriyalı, ******* nömrəli çıxarışı da vardır. Cavabdeh onun qonşusudur. Cavabdehin evi onun evi ilə üzbəüz yerləşir. Cavabdeh öz həyətində yığılan çirkab suların axıdılması üçün dəmir boru qoyub yolun ona tərəf hissəsinə gətirmiş və çirkab suları onun küçəyə çıxış qapısının qabağına axıdılır. Həmin boru ilə axıdılan çırkab sular onun qapısının qabağına axıdılır. Bunun nəticəsində çirkab sular qapının qabağına yığılaraq iylənir, antisanitariya vəziyyəti yaranır. Xüsusilə yay aylarında axıdılan çirkab sular iylənir və həmin məhəllədə yaşayış mümkün olmur. Çirkab suların dəmir boru ilə onun qapısının ağzına axıdılmasının yolverilməzliyi barədə dəfələrlə cavabdehə xəbərdarlıq etsə də, bir nəticəsi olmamışdır. Cavabdeh müxtəlif bəhanələrlə həmin çirkab suların axıdılmasına son qoymur və həmin dəmir borunu ləğv etmir. Bununla əlaqədar dəfələrlə müxtəlif orqanlara, o cümlədən Mürşüd-oba bələdiyyəsinə, Nərəcan kənd İƏV-nə, Xaçmaz rayon Gigiyena və Epidemiologiya Mərkəzinə və Su idarəsinə müraciət etsə də, bunların da bir nəticəsi olmamışdır. Cavabdeh bu orqanların tələblərinə məhəl qoymamış və öz həyətin çirkab sularını onun həyət qapısının ağzına axıtmaqda davam edir. Cavabdehin qanunsuz və özbaşına hərəkətləri nəticəsində 10 ilə yaxındır məhəllədə, həyət qapısının yanında çirkab sular yığılır, antisanitariya vəziyyəti yaradılır.Məhəllədə uzun illər havanın korlanması nəticəsində onkoloji xəstəliyə tutulmuşdur. Hazırda bu xəstəlikdən müalicə olunur. Uzun illər qapısının ağzında bu çirkab sulardan əmələ gəlmiş üfunətli vəziyyəti görüb stress keçirmiş və cavabdehin bu özbaşına hərəkətlərindən əsəbləşib stress keçirmiş və yıxıldığı üçün sol böyrəyi əzilərək sıradan çıxmış, əməliyyat edilib həmin böyrəyi götürülmüşdür. Hazırda da daim stress vəziyyətindədir. Beləliklə, cavabdehin özbaşına hərəkətləri nəticəsində ona ölçüyə gəlməz dərəcə mənəvi ziyan vurulmuşdur. Cavabdehin özbaşına hərəkətləri nəticəsində ona 10000 manat ziyan vurulmuşdur. Həmin ziyanı cavabdeh ödəməlidir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törədən halların aradan qaldırılması tələbinə dair iddiasını müdafiə edib, maddi zərərin ödənilməsindən imtina edərək, çirkab suların axıdılması üçün cavabdeh tərəfindən onun qapısına qədər qoyulmuş borunun cavabdehin hesabına götürülməsi, çirkab suların küçəyə axıdılmasına son qoyulmasının bir vəzifə kimi cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Mürşüdoba Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 21 saylı arayışında Cavabdeh yaşadığı küçədə məişət sularının yol kənarında olan arxa axıdıldığı qeyd edilmişdir. Cavabdeh çirkab sularını onun evinin qabağına axıdır. Məhkəmə su axan borunun yerinin dəyişdirilməsi barədə qətnamə qəbul edə bilərdi, lakin bunu etməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək ona hesablanmış 100 manat ekspertiza xərcinin və cavabdehin onun evinin qabağına gələn çirkab su borusunun çıxardılaraq evindən 20 metr kənarda yerinin dəyişdirilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbil edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Mürşüdoba kəndində 0,12 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X5, X6 və X2 adlarına, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 35,5 kv.metr olan fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında xx xxxx 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Xaçmaz rayonu, Mürşüdoba Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 21 saylı arayışından görünür ki, Mürşüdoba Bələdiyyəsinin mülkiyyətində olan Cavabdeh yaşadığı küçədə məişət suları yol kənarında olan arxa axıdılır. Lakin heç bir çirkab suyu, həmçinin Cavabdeh tərəfindən çirkab suyu həmin arxa axıdılmır. İş materiallarında olan Xaçmaz rayon Gigiyena və Epidemiologiya Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 632 saylı məktubunun surətindən görünür ki, Mürşüdoba kənd sakini Cavabdeh çirkab sularının axıdılması üçün kanalizasiya xətti olmadığından çirkabların həyətyanı ərazisində qazılmış quyuya axıdılaraq zərərsizləşdirilməsi üçün 7 gün vaxt verilmiş və Mürşüdoba kənd bələdiyyəsinə təqdimat göndərilmişdir. İş üzrə keçirilmiş ekspertizanın xx xxxxxx 2019-cu il tarixli, 22416 saylı rəyindən görünür ki, Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində İddiaçı küçəyə çıxış qapısının qarşısından keçən arxa Cavabdeh həyətinə giriş qapısının yanında yerləşən hamamdan kanalizasiya suyunun axması müəyyən olunmuşdur. Eyni zamanda tərəflərin yaşadığı küçədəki digər sakinlər və İddiaçı özünün də məişət sularını həmin arxa axıtdığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, Xaçmaz rayonu, Mürşüdoba Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 21 saylı arayışına əsasən Mürşüdoba Bələdiyyəsinin mülkiyyətində olan Cavabdeh yaşadığı küçədə məişət suları yol kənarında olan arxa axıdılır, lakin heç bir çirkab suyu, həmçinin Cavabdeh tərəfindən çirkab suyu həmin arxa axıdılmır. İş üzrə keçirilmiş ekspertizanın xx xxxxxx 2019-cu il tarixli, 22416 saylı ekspert rəyi ilə müəyyən olunur ki, Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində İddiaçı küçəyə çıxış qapısının qarşısından keçən arxa Cavabdeh həyətinə giriş qapısının yanında yerləşən hamamdan kanalizasiya suyunun axması eyni zamanda tərəflərin yaşadığı küçədəki digər sakinlər və İddiaçı özünün də məişət sularını həmin arxa axıtdığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas deyildir. İddiaçı apellyasiya şikayətində cavabdehin onun evinin qabağına gələn çirkab su borusunun çıxardılaraq evindən 20 metr kənarda yerinin dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı apellyasiya şikayətində faktiki olaraq yeni tələb irəli sürmüşdür. Azərbaycan Respublikası MPM-nin 372.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Həmin Məcəllənin 372.5-ci maddəsinə əsasən tərəflər apellyasiya instansiyasının baxışına yeni tələbləri yalnız o hallarda təqdim edə bilərlər ki, bunlar qarşılıqlı tələbin ödənilməsinə, əks tərəfin tələbinin rədd edilməsinə, üçüncü şəxslərin işə cəlb edilməsinə, faktın aşkar olunmasına və ya fakt haqqında məlumatın verilməsi əsasən məsələlərin həll edilməsinə yönəlmiş olsun. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsində nəzərdə tutulmuş yeni tələb apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, ərizəçi həmin tələbin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətində yeni tələb irəli sürdüyündən, bu tələbə apellyasiya instansiyası məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-71/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Zaur Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1472/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1472/2020
10.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver