Məhkəmə qərarları › İş №2(105)-1473/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1473/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1473/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X9 və X2 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, e-2(060)-4068/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Toyota Prius” minik markalı, 99VA350 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci ilədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır.

2. xx.xx.2021-ci il tarixində, saat 23:00-da Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Cavabdeh1 məxsus və etibarnamə olmadan Cavabdeh2 tərəfindən idarə olunan “Toyota Prius” minik markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobillə X4 məxsus və onun tərəfindən idarə olunan “Mercedes Benz C230” minik markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə avtomobilə maddi ziyan dəymiş, sürücüsü isə yüngül dərəcəli bədən xəsarəti almışdır.

3. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı Rauf Cəfərov tərəfindən qəbul olunmuş xx.xx.2021ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, hadisədə avtomobilin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.1-ci maddəsi (nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək barəsində inzibati tənbeh tədbirinin görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(012)-602/2021 nömrəli qərarına əsasən, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 09 ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilmişdir.

5. Sözügedən yol-nəqliyyat hadisəsi ilə bağlı tərtib olunmuş qüsur aktına əsasən, “Mercedes Benz C230” minik markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilə 5260 manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 5750 (beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 77,90 (yetmiş yeddi manat, 90 qəpik) manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 5827,90 (beş min səkkiz yüz iyirmi yeddi manat, 90 qəpik) manat vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilmiş faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 252 nömrəli rəyə əsasən, 1991-ci il təvəllüdlü X3 aldığı xəsarətlər xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, habelə dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Bununla əlaqədar olaraq, iş üzrə 1118 və 2995 nömrəli sığorta aktları tərtib edilməklə sığorta müqaviləsində və qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra şirkət tərəfindən zərərçəkən X4 ona məxsus nəqliyyat vasitəsinə dəyən zərərə görə 5000 manat, sağlamlığına dəyən zərərə görə 750 manat olmaqla cəmi 5750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

8. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etiraz ünvanlayaraq onunla əsaslandırmışlar ki, iddia ərizəsində göstərilənin əksinə xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə zamanı Cavabdeh2 doğma oğlu Yaşar Qəniyevə məxsus “Toyota Prius” markalı, ** VA *** dövlət qeydiyyat markalı avtomobili idarə etmək hüququ olmuşdur. Əvvəla Cavabdeh2 sürücülük vəsiqəsi olmaqla nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs olmuşdur, ikincisi onun həmin hüquqdan məhrum olunması və ya bu hüququnun müvəqqəti məhdudlaşdırılması da iş materialları ilə müəyyən olunmur. Digər tərəfdən, Cavabdeh2 “Toyota Prius” markalı, ** VA *** dövlət qeydiyyat markalı avtomobili Yaşar Qəniyevin iradəsinə zidd olaraq idarə etmiş olması da müəyyən olunmur. Belə ki, Cavabdeh2 həmin avtomobili Yaşar Qəniyevdən xəbərsiz və onun iradəsinə zidd olaraq götürməsi, qaçırması, oğurlaması və s. qanunsuz olaraq götürməsindən söhbət belə gedə bilməz. Əksinə, cavabdehlər ata və oğuldur, bir yerdə yaşamaqla birgə təsərrüfat aparırlar. Onlar “Toyota Prius” markalı, ** VA *** dövlət qeydiyyat markalı avtomobili də birlikdə istifadə etmişlər; hətta Yaşar Qəniyev atası Cavabdeh2 həmin avtomobilə dair etibarnamə də vermiş, lakin xx.xx.2021-ci il tarixdə baş vermiş hadisədən bir neçə gün əvvəl bitmiş, Qəniyevlər isə onun müddətinin bitməsindən xəbərsiz olmuşlar. Bununla belə, etibarnamənin müddətinin bitməsi də fərqli (iddianın əsaslı olduğu) qənaətə gəlmək üçün əsas deyildir. Nəzərə almaq lazımdır ki, Yaşar Qəniyev ilə Cavabdeh2 arasında onsuz da həmin avtomobildən istifadəyə dair “əvəzsiz istifadə” müqaviləsi olmuşdur. Xüsusilə nəzərə alınmalıdır ki, əvəzsiz istifadə müqaviləsi xüsusi forma şərtinə tabe də deyildir. Nəticə olaraq Cavabdeh2 həmin maşından istifadə etməsi həmin maşının əsl sahibi olan Cavabdeh1 iradəsi daxilində aralarında bağlanmış əvəzsiz istifadə müqaviləsi əsasında olmuşdur. İddia ərizəsində göstərilənin əksinə xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə zamanı Cavabdeh2 doğma oğlu Yaşar Qəniyevə məxsus “Toyota Prius” markalı, ** VA *** dövlət qeydiyyat markalı avtomobili qanunsuz olaraq - cinayət xarakterli əməllər törətməklə, habelə talama məqsədi olmadan nəqliyyat vasitəsini ələ keçirdikdən sonra idarə etməsi və məhz bu zaman yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozması müəyyən olunmur.

9. Məhkəməyə təqdim edilmiş sığorta ödənişi ilə bağlı xx.xx.2021-ci il tarixli, 1118 saylı akta əsasən, zərərlə bağlı avtomobilə dəymiş maddi ziyanın ümumi məbləği 5000 manat təşkil edir.

10. Məhkəməyə təqdim edilmiş sığorta ödənişi ilə bağlı xx.xx.2021-ci il tarixli, 2995 saylı akta əsasən zərərlə bağlı X1 dəymiş maddi ziyanın ümumi məbləği 750 manat təşkil edir.

11. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 sentyabr 2022-ci il tarixli, e-2(060)-4068/2022 nömrəli qətnaməsi ilə (E.Hüseynov) iddia təmin edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkən X4 ona məxsus nəqliyyat vasitəsinə dəyən zərərə görə 5000 manat, sağlamlığına dəyən zərərə görə 750 manat olmaqla cəmi 5750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

13. Cavabdehin etirazına münasibətdə məhkəmə qeyd etmişdir ki, avtomobili etibarnamə olmadan idarə etmək inzibati xəta tərkibi yaradır və qanuna ziddir, avtomobilin əvəzsiz istifadəyə verilməsinə gəlincə isə, Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi əşya hüquqlarına dair müqavilə əsasında başqa şəxsə verildikdə müvafiq orqanlarda dövlət qeydiyyatından keçirilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsini nəzərdə tutur. Hazırki halda da, Cavabdeh2 sığortalanmış avtomobili istismar etmək hüququ olmamışdır.

14. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab etmişdir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 5750 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 77,90 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

15. Məhkəmə, öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1108.1, 1108.2, 1114.1-ci maddələrinə, İnzibati Xətalar Məcəlləsinin 332.1, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2, 14.2.5, 25.1 və 25.1.3-cü maddələrinə, “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun Xİİİ, Xİİİ-İ, 27ci maddəsinin Vİ-İ bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verərək birinci instansiya məhkəməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

17. Cavabdehlərin qətnamədən ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinin məzmunu bir-birinə uyğun olmaqla, onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinə istinad etməklə hesab etmişdir ki, avtomobili etibarnamə olmadan idarə etmək qanuna zidd olmaqla inzibati xəta tərkibi yaradır. Məhkəmə burada qanunun müddəasını düzgün təhlil etməmiş və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, hüquqi təyinatı və məqsədi baxımından “Etibarnamə” etibar edənin yazılı şəkildə bildirmiş olduğu “əqd”-in ifadə ünsürü, formasıdır. Mübahisə olunan iş üzrə cavabdehlər ata və oğuldur, həmçinin bir yerdə yaşamaqla birgə təsərrüfat aparırlar. Onlar mübahisəyə səbəb olan “Mercedes Benz” markalı, 90FL 384 dövlət qeydiyyat markalı avtomobili də birlikdə istifadə etmişlər; hətta Yaşar Qəniyev atası Cavabdeh2 həmin avtomobilə dair etibarnamə də vermiş, lakin etibarnamənin müddəti xx.xx.2021-ci il tarixdə, baş vermiş hadisədən 1 gün əvvəl bitmiş, Qəniyevlər isə onun müddətinin bitməsindən xəbərsiz olmuşlar. Bununla belə, etibarnamənin müddətinin bitməsi də fərqli (iddianın əsaslı olduğu) qənaətə gəlmək üçün əsas deyildir. Çünki cavabdehlər arasında həmin avtomobildən istifadəyə dair “əvəzsiz istifadə” müqaviləsi olmuşdur. Yekun olaraq Cavabdeh2 həmin maşından istifadə etməsi maşının əsl sahibi olan Cavabdeh1 iradəsi daxilində olmuşdur.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-247/2023 nömrəli iş üzrə 7 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Abasov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və Z.Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

19. Gəldiyi nəticəni əsaslandırarkən apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Qəniyev X5 Yaşar Arif oğluna məxsus “Toyota Prius” minik markalı, 99VA350 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən xx.xx.2021-ci il tarixdə Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi törətmiş və yol-nəqliyyat hadisəsi nəticəsində X1, ona məxsus və onun tərəfindən idarə olunan “Mercedes Benz C230” minik markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 5750 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti subroqasiya qaydasında cavabdehlərdən həmin məbləğdə pul tələb edir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, narazı qalan cavabdehlər isə iddiaçının subraqasiya hüququnun yaranmadığını bildirərək apellyasiya şikayəti vermişdir.

20. Kollegiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1115, 1108.1, 1114.1, 936.1 və 936.2-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.3, 14.2 və 14.2.5-ci maddələrinə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun Xİİİ bəndinə istinad edərək qeyd etmişdir ki, yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə cavabdehlər məsuliyyət daşıyır və işin hallarına uyğun olaraq zərərin əvəzi onlardan tutulmalıdır.

21. Qeyd edildiyi kimi cavabdeh Qəniyev X5 Yaşar Arif oğluna məxsus “Toyota Prius” minik markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən xx.xx.2021ci il tarixdə Bakı-Quba yolunda törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində X4 məxsus “Mercedes Benz C230” minik markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilə 5000 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 5000 manat avtomobilə dəymiş ziyan, 750 manat zərərlə bağlı X1 dəymiş maddi ziyan olmaqla, ümumilikdə 5750 manat məbləğində sığorta ödənişi edilmişdir.

22. Cavabdeh2 tərəfindən hüquqazidd əməl (delikt) nəticəsində vurulmuş ziyan məbləği sığorta şirkəti tərəfindən ödənildiyindən cavabdehdən ziyan məbləğini tələb etmək hüququ (Subroqasiya hüququ) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə keçmişdir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1, 926.1, 936.1, 936.2, 936.5-ci maddələrini rəhbər tutmaqla məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirkar cavabdehlər zərərin əvəzinin ödənilməsi ilə əlaqədar mülki hüquqi məsuliyyət daşıyır.

24. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

25. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir.

26. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə iş üzrə göstərilən halları tam araşdırmış, yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş və ödənilmiş zəzərin əvəzinin cavabdehərdən tutulması ilə işin faktiki hallarına uyğun nəticəyə gəlmişdir.

27. Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

28. Belə ki, apellyasiya şikayətinin yeganə dəlili Cavabdeh2 Cavabdeh1 tərəfindən sonuncuya məxsus “Toyota Prius” minik markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün verilmiş etibarnamənin müddətinin bitməsi və həmin avtomobilə dair onlar arasında bağlanmış əvəzsiz istifadə müqaviləsinin (həmin müqavilənin müvafiq dövlət orqanında qeydiyyatdan keçməsinə dair iş materiallarında məlumat yoxdur) olmasından ibarətdir ki, bu hallar qeyd olunan sığorta hadisəsinə dair sığorta ödənişi ilə əlaqədar yaranmış subroqasiya hüququnu aradan qaldırmır.

c) kassasiya instansiyası məhkəməsindəki icraat

29. Cavabdehlər ayrı-ayrılıqda (vəkil X7) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişlər.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2147/2023 nömrəli 08 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər Əhliman Xıdırov (məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinin qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2023-cü il tarixli 2(105)-247/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

31. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işə mahiyyəti üzrə baxan məhkəmələr qəbul etdikləri aktlarda tətbiq etdikləri normalarının dispozisiya şərtlərinin işin hallarına uyğunluğunu, habelə cavabdehlərin dəlilləri üzrə gəldikləri qənaəti kifayət qədər əsaslandırmamışlar. Başqa sözlə məhkəmələrin bu iş üzrə iddianın əsaslı olması nəticəsinə gəlmələri kifayət qədər əsaslandırılmamışdır.

32. İddia ərizəsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti subroqasiya tələbinin faktiki əsası kimi Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etməsinə, qanuni əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə istinad edir.

33. Həmin normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır.

34. Oxşar qayda Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan 1108.2-ci maddəsində göstərilmişdir. Həmin normaya görə, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

35. Beləliklə, adı çəkilən Qanunun 25.1.3-cü maddəsindəki şərtləri MM-in 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır.

36. Avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir.

37. Ona görə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur.

38. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır.

39. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

40. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir. Mülki Məcəllənin 732-ci maddəsinə görə, əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtib etməsi tələb olunmur.

41. Göründüyü kimi, əşya (o cümlədən avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir.

42. Başqa hüquq münasibətlərinə aid olan tələblər (məsələn, yol hərəkəti qaydalarını tənzimləyən normalara görə tələb edilən etibarnamə) mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır.

43. Odur ki, başqa sahələrə aid tələblərin məqsədi xaricində, özü də mülki hüquq normalarının mahiyyətinə və funksiyasına uyğun gəlməyən şəkildə mülki hüquq münasibətlərinə tətbiqi yolverilməzdir. Əks yanaşma Mülki Məcəllənin mülki dövriyyənin azadlığını təmin etmək məqsədini nəzərdə tutan 1-ci maddəsinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, habelə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərini təsbit edən 6-cı maddəsinə zidd olardı.

Məhkəmə icraatı iştirakçılarının izahatları

44. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

45. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

46. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

47. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: Maddə 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)

Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2147/2023 nömrəli 08 iyun 2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2023-cü il tarixli 2(105)-247/2023 nömrəli qətnaməsi tamamilə ləğv edildiyindən, həmin qərarda qeyd olunan mövqeyə uyğun olaraq birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, e-2(060)-4068/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

51. Belə ki, iddiaçı mövcud subroqasiya tələbinin faktiki əsası kimi Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etməsinə, qanuni əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə istinad edərək hazırkı tələbi irəli sürmüşdür.

52. Həmin normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır.

53. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

54. Hazırkı iş üzrə Ali Məhkəmənin 2(102)-2147/2023 nömrəli 08 iyun 2023-cü il tarixli qərarında göstərilmiş hüquqi mövqeyə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən Qanunun 25.1.3-cü maddəsindəki şərtləri Mülki Məcəllənin 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır.

55. Avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən avtomobili sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir.

56. Ona görə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur.

57. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır.

58. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

59. Göründüyü kimi, əşya sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir.

60. Başqa hüquq münasibətlərinə aid olan tələblər mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan münasibətləri nizama salmaqdır.

61. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, “Toyota Prius” markalı, ** VA *** dövlət qeydiyyat markalı avtomobil Cavabdeh2 oğlu cavabdeh Yaşar Qəniyevə məxsus olmuşdur. Avtomobilə dair verilmiş etibarnamənin müddəti hadisədən bir neçə gün əvvəl bitmiş və onlar bundan məlumatsız olmuşlar. Cavabdeh2 avtomobili Yaşar Qəniyevin iradəsinə uyğun olaraq istifadə və idarə etmişdir. Bunun əksini sübut edən sübutlar isə məhkəməyə təqdim edilməmişdir.

62. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mövcud subroqasiya tələbi əsassız olmuş və birinci instansiya məhkəməsinin həmin tələbin təmin edilməsi barədə gəldiyi nəticə isə düzgün olmamışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir.

63. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

64. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, e-2(060)-4068/2022 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, e-2(060)-4068/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar