Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-148/2021 15.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Elman Məmməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X2, iddiaçı nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(074)-95/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməsi tələbinə dair mülki iş üzrə iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (məruzəçi), Ş.Abasov, A.Abbasov, iş № 2(105)- 213/2019) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şamaxı Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 26 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və Ə.Əliyev) kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 mart 2013-cü il tarixdə X7 Rixos otelində fəhlə işlədiyi zaman yıxılaraq aldığı xəsarətlər nəticəsində dəymiş maddi və mənəvi ziyana görə X7 Rixos otelindən 250.000 manat məbləğində kompensasiyanın alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 fevral 2013-cü il tarixli əmək müqaviləsinə əsasən 20 fevral 2013-cü il tarixdən başlayaraq aylıq əmək haqqı 140 manat olmaqla X8 Rixos otelinə işə götürülmüşdür. 06 mart 2013-cü il tarixdə Şamaxı rayonu Şərədil kəndində yerləşən X8 Rixos otelinin tikintisində xəsarət alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə aparılmış və ona “Q.K.B.T ağır dərəcəli beyin əzilməsi, qarının qapalı travması, daxili qanaxma, başın təpə nahiyəsinin əzilmiş yaraları” diaqnozu qoyulmuşdur. Hazırda Mərkəzi xəstəxananın poliklinika şöbəsində dispanser qeydiyyatındadır və İİ qrup əlillik dərəcəsi almışdır. O, tikinti-quraşdırma işləri aparılan otelin 2-ci mərtəbəsinin fasadında üzlüklərin arxasını silikonla doldurarkan qoruyucu dəbilqəni götürmək üçün belində olan kəməri açıb yan tərəfə bərkitmək istəyəndə ayağı qarla örtülmüş taxta ayaqaltının üzərindən sürüşmüş, təxminən 4 metr hündürlükdən dəmir boruların arası ilə metlax döşəmənin üzərinə yıxılmağı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Aldığı xəsarətlər nəticəsində əlil olmuş, daim həkim nəzarətindədir, müalicə olunur. Müayinə və müalicələrini vaxtında etdirmək üçün onun və ailəsinin maddi imkanları yoxdur. Aldığı travmalar nəticəsində kompensasiyanın ödənilməsini tələb etmiş, lakin heç bir nəticəsi olmamışdır. Onun böyrəyi tamam yararsız haldadır, yeni böyrəyin alınması xeyli miqdarda, 100-150 min manat civarında pul tələb edir. Ona dəymiş ziyanın məbləği 250.000 manatdır. Artıq iş qabiliyyətini itirmişdir və bundan sonrakı yaşamında kiminsə köməyinə möhtacdır, daim valideynlərinin nəzarətindədir və onların köməyi ilə müalicələrini davam etdirməyə çalışır. Lakin ailəsinin maddi imkanı buna yol vermir. Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2018-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Şamaxı Palace əsl Cavabdeh ilə əvəz edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Şamaxı Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə iddianı rədd edərkən onun ilk iddiasını Shamaxı Palace otelinə qarşı qaldırması, sonradan isə iş üzrə cavabdehin əsl cavabdehlə əvəz edilməli olması və həmin cavabdeh tərəfindən ona kompensasiya ödənilməsi ilə əsaslandırmışdır. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdehin əvəz edilməsi onun xahişi ilə olmamış, mülki işin araşdırılan halları ilə tərəflər arasında bağlanmış əmək müqaviləsi 2 üzrə işəgötürənin Cavabdeh olduğu müəyyən edilmişdir. Həmçinin məhkəmə əsassız olaraq müəyyən etmişdir ki, onun cavabdehə qarşı iddiasının əsası yoxdur, o, məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Halbuki bütün sübutlar, yəni onun xəsarət alması və xəsarət nəticəsində ona dəymiş ziyanla bağlı sənədlər iş materiallarında vardır. Lakin buna baxmayaraq məhkəmə əsassız olaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Hazırki mülki işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, onun aldığı xəsarətlər məhz Shamaxı Palace otelində işləyən zaman baş vermiş, işəgötürən isə məhz Cavabdeh olmuşdur. Belə olan halda isə ona dəymiş zərər tam şəkildə cavabdeh tərəfindən tutularaq ona ödənilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən mənəvi ziyanın tutulması hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində hazırki mübahisə ilə bağlı iddiaçıya mənəvi ziyan vurulması da məhkəmə iclası zamanı öz təsdiqini tapmaması ilə əsaslandırmışdır. Bu nəticəni apellyasiya instansiya məhkəməsi qüvvədə saxlamış, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. İşə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçı sübut kimi bir sıra tibbi sənədləri təqdim etsə də həmin sübutlar əsasında heç bir araşdırma aparmaması, 18.08.2016-cı il tarixli barışıq sazişinə əsaslanması, lakin həmin barışıq sazişi əsasında iddiaçıya cəmi 7000 manat pul verildiyini, barışıq sazişindən sonra iddiaçının kifayət qədər müalicə olunaraq maddi ziyana məruz qalmasını, həmçinin İİ qrup əlil olmaqla mənəvi iztirablara düçar olmasını nəzərə almamasını bildirmişdir. Lakin apellyasiya məhkəməsi bu hissədə işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, həmin hissə üzrə gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşdən görünür ki, iddia tələbi tikinti zamanı yıxılıb xəsarət alması nəticəsində dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq 250.000 manat kompensasiyanın ödənilməsi barədədir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, İddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar əmək qabiliyyətini itirməsi ilə bağlı Cavabdeh aylıq müavinətin tutulması barədə məhkəmədə iddia qaldırmış, cavabdeh iddiaçıya birdəfəyə 7000 manat məbləğində pul ödəməsi şərti ilə İddiaçı həmin iddia tələbindən imtina etmiş və Şamaxı Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2(074)-1959/2016 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı aylıq müavinətin müəyyən edilməsi və müavinətin ödənilməsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilmişdir. İşəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verir (Əmək Məcəlləsinin 222-ci maddəsinin 1-ci bəndi). Həmin Məcəllənin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasma, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin (Mülki Məcəllənin 1118.1-ci maddəsi). “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur, yalnız bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, pullu ixtisaslaşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 34-cü maddəsinə görə ixtisaslaşdırılmış tibbi yardım vətəndaşın xəstəliyi xüsusi müayinə, müalicə və mürəkkəb texnologiyaların tətbiqini tələb etdiyi hallarda dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən göstərilir. Tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi vardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 122KES saylı, 27 may 2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı 06.03.2013-cü il tarixdə “X7 Rixos” otelinin tikintisi zamanı 4-cü mərtəbədən yıxılmış və almış olduğu travma ilə əlaqədar o, həmin tarixdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, 06.03.2013-cü il tarixdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına qəbul olunmuş, aparılmış müvafiq müayinələrdən sonra ona “Ağır qapalı kəllə beyin travması, baş beyin əzilməsi, qarnın qapalı travması, dalaq, mədəaltı vəzin, köndələn çənbər bağırsaq və sol böyrəyin partlaması, daxili qanaxma, travmatik şok ağır dərəcə” diaqnozu təyin edilmiş və üzərində “Laparotomiya. Splenoektomiya. Nefrektomiya. Mədəaltı vəzi və köndələn çənbər bağırsaqların tikilməsi” cərrahiyyə əməliyyatları icra edilmişdir. Stasionar müayinələr, müalicələr davam etdirilmiş və 06.04.2013-cü il tarixdə xəstə ambulator nəzarətə evə buraxılmışdır. Tərtib edilmiş tibbi sənədlərə əsasən İddiaçı “Sağ yeganə 3 böyrəyin tez-tez kəskinləşən xroniki pielonefriti. Xroniki böyrək çatmamazlığı İİ dərəcə” olduğu müəyyən edilmişdir. İddiaçı hal-hazırda sağ böyrəyində müəyyən edilən patoloji dəyişikliklərlə əlaqədar onun müalicəyə ehtiyacı vardır və sağ böyrəyin transplantasiyasının aparılıb aparılmaması, həmçinin tək böyrəyin fəaliyyət funksiyasının qiymətləndirilməsi onun ixtisaslı tibb müəssisəsində stasionar şəraitdə dinamikası izlənilməklə müvafiq həkim komissiyasının qərarı ilə cavablandırıla bilər. Məhkəmə kollegiyası tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə mülki iş üzrə məhkəmə-tibbi ekspertizası keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 3532 saylı 27 oktyabr 2021-ci il tarixli məhkəmətibbi ekspert rəyi ilə İddiaçı Respublika X1 25.05.2021-ci il tarixdə aparılmış mütəxəssis müayinələri zamanı hal-hazırda onda vahid qalmış sağ böyrəyin fəaliyyətinin normal olduğu, müalicəyə və transplantasiyaya ehtiyac olmadığı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən yıxılaraq aldığı xəsarətlər nəticəsində aparılmış mütəxəssis müayinələri zamanı hal-hazırda ona vahid qalmış sağ böyrəyin fəaliyyətinin normal olduğu, müalicəyə və transplantasiyaya ehtiyac olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya maddi zərərin ödənilməsi ilə bağlı sonuncu tərəfindən tutarlı sübutlar təqdim edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Lakin mənəvi ziyanın ödənilməsi ilə bağlı iddianın rədd edilməsi barədə aşağı instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərarda göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçı aldığı xəsarət nəticəsində mənəvi zərərə məruz qaldığından, iddia tələbi mənəvi zərərin tutulması hissəsində qismən təmin edilməklə 3000 (üç min) manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi mənəvi ziyanın tutulması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-148/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-148/2021
15.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver