Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1480/2024 12.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: reyestrdən çıxarışın etibarsız hesab edilməsi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X7 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “reyestrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(012)- 1945/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh X11 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “reysterdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli reyestr nömrəsi **********10-12301 qeydiyyat nömrəsi ********** olan ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Saray qəsəbəsi ərazisində Bakı-Quba şossesinin sağında 0.40 ha torpaq sahəsində yanacaq doldurma məntəqəsinin inşa olunduğu torpaq sahəsinə görə o, X8 ilə razılaşıb Bakı şəhər Binəqədi rayonu Rəsulzadə qəsəbəsi E.Babayev küçəsi 174 kv.metr sahəsi olan 4 otaqlı yaşayış evi almışdır. Bununla əlaqədar sənədləşməni aparmaq üçün o, R.Rəhimovun razılığı ilə xx.xx.2009-cu il tarixdə Rafiqin qardaşı Vaqif Rəhimova etibarnamə vermiş və alqı-satqının həyata keşirilməsi üçün həyat yoldaşı C.N.Mahmudovanın razılıq ərizəsi də notariusda təsdiq olunmuşdur. Həmin torpaq sahəsində Rafiq Rəhimov tərəfəfndən yanacaqdoldurma məntəqəsi inşa edilmişdir. Sonra isə həmin yanacaqdoldurma məntəqəsi və inşa olunduğu torpaq sahəsinə görə X9 ilə X3 arasında olan razılaşmaya görə o, xx.xx.2010-cu il tarixdə Abşeron rayon 1 saylı dövlət notariat kontoruna ərizə verib, xx.xx.2009-cu il tarixli Vaqif Rəhimova verdiyi həmin baş etibarnaməni ləğv etdirib, sənədləşməni aparmaq üçün, həmin tarixdə X4 adına etibarnamə vermiş və alqı-satqının həyata keşirilməsi üşün həyat yoldaşı C.N.Mahmudovanın razılıq ərizəsi notariusda təsdiq olunmuşdur. Vaqifə verdiyi etibarnamənin ləğv edilməsində Vaqif iştirak etmiş, Vaqifə verdiyi etibarnamənin əslini də Vaqif Rəhimin atası Rafiqə vermişdir. Həmin vaxt həmin torpaq sahəsində inşa edilmiş yanacaq doldurma məntəqəsi, göstərdiyi kimi Rafiq Rəhimovgil tərəfindən inşa edilmişdir. Torpaq sahəsinin dövlət aktının əslini o, R.Rəhimova vermiş və əvvəl xx.xx.2009-cu il tarixli Vaqif Rəhimova verdiyi həmin baş etibarnamənin əslini də Vaqifin qardaşı Rəhimin atası Rafiqə vermişdir. Abşeron rayonu Saray qəsəbəsi ərazisində Bakı-Quba şossesinin sağında 0,40 ha torpaq sahəsində yanacaq doldurma məntəqəsinin inşa olunduğu torpaq sahəsinə və yanacaqdoldurma məntəqəsinə görə sənədləşməni aparmağa görə baş etibarnaməni Rəhim Rəhimova vermişdir, özü həmin yanacaqdoldurma məntəqəsinə görə reyestrdən çıxarış almamışdır. Onun adına olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində Bakı-Quba şossesinin sağında 0,40 ha torpaq sahəsində olan əmlak kompleksi kimi müəssisə kimi qeyd edilən ******* saylı xx.xx.2012- ci il tarixli yanacaq doldurma məntəqəsinin dövlət reyestrindən çıxarışı X6, ona heç bir səlahiyyət vermədiyi halda qanunsuz olaraq əldə etmişdir. Eləcə də göstərdiyi kimi Abşeron rayonu Saray qəsəbəsi ərazisində Bakı-Quba şossesinin sağında 0,40 ha torpaq sahəsində yanacaq doldurma məntəqəsinin inşa olunduğu torpaq sahəsinin dövlət aktı olmadan Abşeron rayonu Saray qəsəbəsi ərazisində Bakı-Quba şossesinin sağında 0.40 ha torpaq sahəsində olan əmlak kompleksi kimi müəssisə kimi qeyd edilən onun adına olan ******* saylı xx.xx.2012-ci il tarixli yanacaq doldurma məntəqəsinin dövlər reyestrindən çıxarışın kimin necə əldə etməsini bilmək üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Abşeron Rayon şöbəsinə müraciət edib cavab almışdır ki, həmin torpaq sahəsinə görə, 22 iyul 2005-ci il tarixdə 8873 say ilə qeydə alınmış dövlət aktının dublikatını Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən hazırlanaraq şöbəyə təqdim olunduqdan sonra alinmışdır. Cavab məktubundan görünür ki, onun adına alınan dövlət reyestrindən çıxarış xx.xx.2012-ci il tarixdə qeyri-qanuni alınmışdır. Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsinə torpaq sahəsinin kadastrı təqdim edilməli və reyestrdən çıxarış alınmalı idi. O, X2 başqa heç kimə Abşeron rayonu Saray qəsəbəsi ərazisində Bakı-Quba şossesinin sağında 0,40 ha torpaq sahəsinə görə etibarnamə verməmişdir. 30 iyul 2012-ci il tarixli etibarnamədən, Abşeron rayon polis şöbəsinin xx.xx.2012-ci il tarixli arayışdan, həmin torpaq sahəsinin çıxarışını almaq üçün təqdim edilən sənədlərdən görünür ki, onun adından qanunsuz olaraq, saxtakarlıq edib, guya ona məxsus olan torpaq sahəsinin dövlət aktı itmişdir və yenidən dövlət aktını qanusuz əldə etmişlər. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
3. Abşeron Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(012)-1945/2024 nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) İddiaçı Cavabdeh X11 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı reysterdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilməsi, İddiaçı mülki iş (2(012)-1945/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumunun (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılması qərara alınmışdır.
4. İddiaçı qeyd edilən qərardaddan şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1945/2024 saylı xx.xx.2024-cü il tarixli İddiaçı Cavabdeh X11 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı reysterdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilməsi barədə olan qərardadı ləğv edib, icraatın təzələnməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2(012)-1945/2024 nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) şikayətin təmin edilməməsi, İddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)-1945/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayətin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2024cü il tarixli, 2(105)-1480/2024 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(012)-1945/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmşdır.
Şikayətin dəlilləri
7. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, qərardadda qeyd edilmişdir ki, tərəflər arasında mübahisə inzibati orqanın hərəkətlərindən irəli gələn mübahisə olduğundan mülki qaydada deyil, inzibati qaydada həll edilən məsələdir, yəni hazırkı mübahisəyə məhkəmədə baxılmalı deyildir. İcraatına xitam verilən iddia əvvəlcə Sumqayıt İnzibati Məhkəməsinə verilmiş və həmin iş üzrə 12 may 2015-ci il tarixli qərardad qəbul edilib, həmin işi baxılması üçün aidiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Hal-hazırda da həmin qərardad qüvvədədir. Həmin qərardadda göstərilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci Azərbaycan Respublikası İPM-nin 2.2 və 2.2.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəmsinin 19 may 2014-cü il tarixli qərarında göstərilir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış "Daşınmaz ərnlakın dövlət-reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezurripsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Abşeron Rayon Məhkəməsinin (2(012)-1945/2024 nömrəli, xx.xx.2024-cü il tarixli İddiaçı Cavabdeh X11 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı reysterdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilməsi barədə olan qərardadını ləğv edib, icraatın təzələnməsi barədə yeni qərardad qəbul edilməsi xahiş olunur. a) Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçının nümayəndəsi Nümayəndə1 şikayəti müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı mübahisələndirilən çıxarışın verilməsi ilə bağlı DƏDRX-nin hərəkətlərini mübahisələndirir, cavabdeh dublikat sənəd əsasında Çıxarış verməməli idi.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 127-nin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
12. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(012)-1945/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(012)- 1945/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(012)-1945/2024 nömrəli və bununla bağlı 08 avqust 2024-cü il tarixli, 2(012)-1945/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.
14. Göründüyü kimi birinci instansiya məhkəməsinin mübahisəli qərardadı ilə İddiaçı Cavabdeh X11 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı reysterdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsinə dair mövqeyini MPM-nin 261.0.1-ci maddəsinə istinad etməklə onunla əsaslandırmışdır ki, tərəflər arasında mübahisə inzibati orqanın hərəkətlərindən irəli gələn mübahisə olduğundan mülki qaydada deyil, inzibati qaydada həll edilən məsələdir, yəni hazırkı mübahisəyə məhkəmədə baxılmalı deyildir.
16. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və şikayətin dəlili olaraq göstərmişdir ki, icraatına xitam verilən iddia əvvəlcə Sumqayıt İnzibati Məhkəməsinə verilmiş və həmin iş üzrə 12 may 2015-ci il tarixli qərardad qəbul edilib, həmin işi baxılması üçün aidiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Hal-hazırda da həmin qərardad qüvvədədir.
17. Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur.
18. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir.
19. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (Maddə 2.1, 2.2.)
21. Qanunun 1.0.4-cü maddəsinə görə isə qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Qeyd edilən müvafiq icra hakimiyyətinin səlahiyyətlərini də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həyata keçirir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti inzibati orqandır. (bənd 31.1.2)
23. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4№-li Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyinə görə reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə həmin qeydiyyatın mübahisələndirilməsi inzibati məhkəmə icraatı qaydasında olmalıdır.
25. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 aprel tarixli Qərarında göstərmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1ci bəndinin tələblərini pozur.
27. Kollegiya yuxarıda sadalananları ümumiləşdirərək qeyd edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. Bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir.
28. Göründüyü kimi araşdırılan mübahisə mülkiyyət hüququnun qeydə alındığı sənədlə bağlı olmaqla cavabdeh qismində inzibati orqan və onun tərəfindən aparılmış qeydiyyat mübahisələndirilir.
29. İddia tələbinin əsasından da göründüyü kimi iddiaçı tərəf torpaq sahəsinə çıxarış verilməsi ilə bağlı inzibati orqanın hərəkətlərini mübahisələndirir. Bu baxımdan araşıdırlan mübahisə mülki xarakterli münasibətlərin nəticəsi kimi qiymətləndirilə bilməz.
30. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri əsassızdır, mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir.
31. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(012)-1945/2024 nömrəli və bununla bağlı 08 avqust 2024-cü il tarixli, 2(012)-1945/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verə bilər. Qərardad, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.