Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1484/2025 30.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 və Cavabdeh1na qarşı mülki iş üzrə (Açar sözlər: ərizənin baxılmamış saxlanılması) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1na qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2(060)-308/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 1 saylı Notariat Ofisində aparılmış xx.xx.2020-ci il tarixli, 8İ-3091 reyestr nömrəli icra qeydinin ləğv edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt şəhər 1 saylı notariat ofisinin xx.xx.2020- ci il tarixli, 8İ-3091 reyestr nömrəli icra qeydindən görünür ki, Cavabdeh2 xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 11800 manat və tələbkar tərəfindən ödənilmiş 20 manat tutulmalıdır.
Birinci instansiya məhkəməsində icraat
3. Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2(060)-308/2025 nömrəli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsinin baxılmamış saxlanılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 124 (bir yüz iyirmi dörd) manat məbləğində pulun İddiaçı alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qərara alınmışdır.
4. İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-308/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 2(060)-308/2025 nömrəli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 308/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadla razılaşmır. İşin halları ondan ibarətdir ki, notarius kreditorun ona məlumat verməməsinə baxmayaraq icra qeydi yazmış və iş icraya yönəlmişdir. O, bundan xəbər tutan kimi məhkəmədə həmin icra qeydinin ləğv edilməsi barədə iddia qaldırmışdır. Məhkəmə uzun aylar işə baxdıqdan sonra mülki işi baxılmamış saxlamış və bunu AR MPM-nin 259-cu maddəsi ilə əsaslandırmışdır. O, belə hesab edir ki, məhkəmə prosessual normanı düzgün tətbiq etməmiş, istinad etdiyi prosesual normanın məzmun və tələblərinə zidd nəticəyə gəlmişdir. Məhkəmə qərardadında qeyd edilmişdir ki, icra qeydi icraya yönəldiləndən 9 ay sonra məhkəməyə müraciət etmiş, 10 gün ərzində məhkəməyə müraciət etməli olduğu halda, müddətin üzürlü səbəbdən keçirilməsi barədə məhkəməyə ərizə ilə müraciət etməmişdir. Məhkəmə bu əsaslarla ərizəni baxılmamış saxlamaqda haqlı olmamışdır. Belə ki, müddətin keçməsi və ya bu barədə ərizə verilməməsi, iddianın baxılmamış saxlanılması üçün əsas ola bilməzdi. Bundan əlavə, məhkəmə müraciət etmə müddətini yalnız icra qeydinin onun iş yerinə göndərilməsi tarixi ilə müəyyən etmişdir. Lakin bu zaman müddət icra qeydinin iş yerinə göndərilməsi ilə deyil, əmək haqqından ilk tutmanın həyata keçirildiyi tarixlə müəyyən edilməli idi. Məhkəmə isə bu müddəti müəyyən etmədən onun məhkəməyə gec müraciət etməyi nəticəsinə gəlmişdir. O, belə hesab edir ki, məhkəmə bu halları müəyyən etsəydi, hazırkı qərardadı qəbul etməzdi, işin mahiyyətinə dair qətnamə qəbul edərdi. Məhkəmə AR MPM-nin 259.0.12-ci maddəsinin tələb və məzmununa zidd nəticəyə gəlmişdir. Belə ki, həmin prosesual normada göstərilib ki, əgər iddia ərizəsi Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2 və 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verilibsə və iddiaçı məhkəmə tərəfindən təyin edilmiş müddət ərzində bu nöqsanları aradan qaldırmadıqda, ərizə baxılmamış saxlanır. Onun işində isə ərizəsi prosesual tələblərə uyğun tərtib edilib, bütün zəruri sənədlər əlavə edilib, hakim hər hansı bir tələb qoymayıb. Belə olan halda məhkəmənin istinad edilən prosesual normaya əsasən iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmamış və bu halda məhkəmə qərardadı qanunsuz hesab edilərək ləğv edilməlidir. Məhkəmə məhkəməyə müraciət etmə müddətini müəyyən etmək üçün onun əmək haqqından ilk tutmanın nə vaxt həyata keçirilməsi barədə məlumatları əldə etmədən ərizənin müddət keçməsi ilə verilməsi nəticəsinə gəlmişdir. Lakin bu zaman ilk tutmanın nə vaxt həyata keçirilməsi kimi iş üçün əhəmiyyətli olan halı müəyyən etməmişdir. Bu halda isə məhkəmə qərardadı qanuni hesab edilə bilməz. Məhkəmə belə nəticəyə gəlmişdir ki, o, icra qeydi icraya yönələndən 9 ay sonra məhkəməyə müraciət etmişdir. Amma əslində isə o, əmək haqqından ilk tutma həyata keçirilən kimi məhkəməyə müraciət etmişdir. Ona görə də belə hesab edir ki, guya məhkəmə tərəfindən müəyyən edilmiş kimi irəli sürülən hal sübut edilməmişdir. Məhkəmə müəyyən etmişdir ki, guya o, müraciət etmə müddətini keçirmişdir. Bunun da nəticəsində məhkəmə işi baxılmamış saxlamışdır. Bu halda məhkəmə yalnız iddianı rədd edə bilərdi, amma işi baxılmamış saxlaya bilməzdi. Çünki iddia müddətinin keçməsi ərizənin baxılmamış saxlanması üçün nəzərdə tutulmuş prosessual əsaslara daxil deyildir. Məhkəmənin hazırkı iş üzrə olan xx.xx.2025-ci il tarixli, 2(060)-308/2025 saylı qərardadının ləğv edilərək, işin yeni məhkəmə baxışına qaytarılması barədə yeni qərardad qəbul eddilməsi xahiş olunur.
Şikayətə qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
11. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2(060)-308/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2(060)-308/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. Maddə 149.2.2. İddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
13. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2(060)-308/2025 nömrəli qərardadı ləğv edilməli, mülki iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır.
14. İşin müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
15. Məhkəmənin mübahisələndirilən qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır.
16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Sumqayıt şəhər 1 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli, 8İ-3091 reyestr nömrəli icra qeydindən 2023-cü ilin dekabr ayında ilk dəfə onun əmək haqqından tutulma aparılarkən xəbərdar olmuş, lakin bundan 9 ay sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
17. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək, iddia ərizəsinin baxılmamış saxlanması haqqında qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
18. Şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı qəbul etməklə məsələyə düzgün qiymət verməmiş, prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermişdir.
19. Belə ki, göründüyü kimi məhkəmə, qərardadında icra qeydinin mübahisələndirilməsi müddətinin ötməsini göstərsə də, MPM-nin 259.0.12-ci maddəsinə istinad edərək ərizəni baxılmamış saxlamışdır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, icra qeydinin mübahisələndirmə müddətinin ötməsi ərizənin baxılmamış saxlanılması və MPM-nin 259.0.12-ci maddəsinin tətbiqi üçün əsas vermir.
21. Mülki prosessual qanunvericiliyinə əsasən Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
22. Göründüyü kimi qanunvericiliyin tələbinə görə prosessual müddətlər keçdikdən sonra verilən sənədlərin şəxsə qaytarılması nəzərdə tutulmuşdur.
23. Lakin o da qeyd olunmalıdır ki, MPM-nin 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır.
24. Araşdırılan iddia ərizəsindən göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün hesab edilərək icraata götürülmüşdür.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli Qərarında qed olunmuşdur ki, Qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilsin.
26. Kollegiya vurğulayır ki, MPM-nin 282-ci maddəsində nəzərdə tutulmuş müddət prosessual müddət olmaqla, həmin müddət ötürülməklə şikayət verildiyi halda məhkəmənin şikayəti geri qaytarmaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş müddətdə şikayət (araşdırılan iddia ərizəsi) geri qaytarılmadığı halda həmin ərizə məhkəmə tərəfindən icraat qəbul edilmiş hesab edilir və bu hal da işə məhkəmə tərəfindən mahiyyəti üzrə baxılıb qiymət verilməlidir.
27. Göründüyü kimi birinci instansiya məhkəməsi bu hallara diqqət yetirməmiş və iddiaya mahiyyəti üzrə baxmalı olduğu halda, əsassız olaraq iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul etmişdir.
28. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2(060)-308/2025 nömrəli qərardadı ləğv edilməli, qərardadda göstərilən xüsusatlar nəzərə alınaraq mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
29. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2(060)-308/2025 nömrəli qərardadı ləğv olunsun. İddiaçı Cavabdeh2 və Cavabdeh1na qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.