Məhkəmə qərarları › İş №2(105)-1488/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1488/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1488/2021 03.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətinin nümayəndəsi X4, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(027)-251/2021 saylı qətnaməsindən İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(027)-251/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlqar Məmmədov) İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya tələbinin təmin edilməsinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İ Ş İ N H A L L A R İ: Mülki işin materiallarından görünür ki, İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək X8 məxsus və İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətində sığortalanmış “Hyundaı Sonata” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 2587 manat sığorta ödənişi məbləğinin və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumunun, cəmi 2617,40 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq cəmiyyətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X11 02.08.2014-cü il tarixdə idarə etdiyi “VAZ 21214” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonunda ara məsafə saxlanılması qaydasını pozaraq X8 məxsus və İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətində sığortalanmış “Hyundaı Sonata” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X8 maddi ziyan vurmuşdur. “VAZ 21214” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı və X1 olmadan həmin nəqliyyat vasitəsini idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində X5 təqsirli olması DYPİ-nin YPXA-nın CYP 204498 nömrəli inzibati xəta haqqında protokolunda öz əksini tapmışdır. Eyni zamanda Azərbaycan Respublikası DİN BDYPİ-nin 12.12.2017-ci il tarixli, 016-142287-1217 saylı məktubuna əsasən “VAZ 21214” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanuni sahibliyində olmuşdur. 02.08.2014-cü il tarixində “VAZ 21214” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X11 tərəfindən səlahiyyəti olmadan idarə edildiyi üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məsuliyyət daşıyırlar. 14.08.2014-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Hyundaı Sonata” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə 2987 manat zərər təyin edilmişdir. MİP-122560-B20 saylı sığorta müqaviləsinin 009545 saylı sığorta aktına əsasən İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyəti sığortalıya 400 manat azadolma məbləği çıxılmaqla, 2587 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətinə dəyən 2587 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq cəmiyyətin xeyrinə tutulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız olduğundan ləğv edilməlidir. Subroqasiya hüququna aid iddia müddətləri Azərbaycan Respublikası MM-nin 373.1-ci maddəsinin tələbinə uyğun hesablanmalıdır. Həmçinin İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyəti ilə cavabdehlər arasında hər hansı bir müqavilə münasibətləri olmamışdır və tərəflər arasında münasibətlər müqavilə əsasında deyil, mülki hüquq pozuntusu (delikt) nəticəsində yaranmışdır. Bu baxımdan cavabdehlər sığorta müqaviləsində tərəf deyildirlər və cavabdehlərin həmin müqavilə üzrə iddiaçı qarşısında öhdəliyi yaranmamışdır. Sığorta müqaviləsinə əsasən sığortaçının sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək öhdəliyi əks olunmuş və belə ödənişdən sonra zərər vurana münasibətdə cəmiyyətin subroqasiya hüququ yaranmışdır. Cəmiyyətin subroqasiya hüququ müqavilədən deyil, qanun əsasında yaranmışdır. Bu səbəbdən də cəmiyyətin hazırki tələbi üzrə iddia müddəti üç il deyildir, mübahisəyə 10 illik ümumi iddia müddəti tətbiq olunmalıdır. Buna baxmayaraq məhkəmə qanunu səhv təfsir edərək iş üzrə düzgün olmayan nəticəyə gəlmiş, cavabdehlərin ərizəsini əsas tutaraq iddianı təmin etməmişdir. İcbari sığorta şəhadətnaməsinin olmaması kimi işin mübahisəsiz halları məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Həmçinin məhkəmə tərəfindən İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətinin təqdim etdiyi digər sübutlar da düzgün qiymətləndirilməmiş və tətbiq edilməli olan norma tətbiq edilməyərək, səhv norma tətbiq edilmiş və nəticə etibarı ilə düzgün olmayan qətnamə çıxarılmışdır. İddianın predmeti subroqasiya qaydasında ziyan tələbi olduğundan ümumi iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası MM-nin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil etdiyindən iddiaçı məhkəməyə müraciət edərkən iddia müddətini ötürməmişdir. İddiaçı apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilərək, 2587 manat məbləğində pulun, iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətinin nümayəndəsi X6 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, “VAZ 21214” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobili 2012-ci ildə etibarnamə ilə almışdır. Onun razılığı ilə avtomobili bəzən X3 idarə edirdi. Lakin qardaşının həmin avtomobili idarə etməyə etibarnaməsi olmamışdır. X3 02.08.2014-cü il tarixdə “VAZ 21214” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərində “Hyundaı Sonata” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurub əzmişdir və buna görə zərər çəkənlə razılaşaraq ona 600 manat məbləğində pul vermişlər. Bu hadisə baş verərkən və hazırda da “VAZ 21214” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobil onun sahibliyindədir. Hadisədən 6 ildən artıq müddət keçdikdən sonra sığorta şirkəti onları məhkəməyə vermiş və iddia müddətini ötürmüşdür. X3 2017-ci ildə vəfat etmişdir. Məhkəmədə iclasında Cavabdeh2 Xəsəmməd oğlu da apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, oxşar izahat verərək iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, “VAZ 21214” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobilə dair onun adına etibarnamə olsa da, 02.08.2014-cü il tarixdə həmin avtomobil Cavabdeh1 olmuşdur və hazırda da Cavabdeh1dır. Baş vermiş yol nəqliyyat hadisəsində onun heç bir təqsiri yoxdur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan AB seriyalı, 693802 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundaı Sonata” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X9r. İş materiallarında olan fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin sığorta şəhadətnaməsinin surətindən görünür ki, “Hyundaı Sonata” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil 28.03.2012-ci il tarixdən 28.03.2017-ci il tarixədək İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyəti tərəfindən sığortalanmışdır. İş materiallarında olan Quba rayon Polis şöbəsinin Yol Polis xidmətinin 02.08.2014cü il tarixli inzibati xəta haqqında qərarının surətindən görünür ki, X15 oğlu 02.08.2014-cü il tarixdə Quba şəhərində hərəkət edərkən eyni istiqamətdə hərəkət edən “Hyundaı Sonata” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsini düzgün seçməyərək onunla toqquşmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 151.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 12 dekabr 2017-ci il tarixli, 016-142287-1217 saylı məktubunun və ona əlavə edilmiş “VAZ 21214” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobilə dair komputer çıxarışının surətlərindən görünür ki, “VAZ 21214” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobil 04.12.2009-cu il tarixdən X7 adında qeydiyyatdadır, avtomobilin etibarnamə əsasında X5 istifadəsinə verilməsi barədə mərkəzi informasiya sistemində məlumat qeydə alınmamışdır, avtomobilə dair 08.04.2012-ci il tarixdə Cavabdeh1 29.03.2062-ci il tarixədək, 07.05.2012-ci il tarixdə Cavabdeh2 02.09.2015-ci il tarixədək qüvvədə olan etibarnamələr verilmişdir. İş materiallarında olan 014059 saylı, 14 avqust 2014-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə aktın surətindən görünür ki, “Hyundai Sonata” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2987 manat müəyyən edilmişdir. İş materiallarında olan 20.08.2014-cü il tarixli, 009545 saylı sığorta aktının surətindən görünür ki, 02.08.2014-cü il tarixdə Quba rayonunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində MİP-122560-B20 saylı sığorta müqaviləsi ilə Kasko sığorta növü ilə sığortalanmış “Hyundaı Sonata” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə 2987 manat məbləğində maddi ziyan dəymişdir, zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 400 manat franşiza (azad olma məbləği) çıxılmaqla sığorta ödənişinin məbləği 2587 manat müəyyən edilmişdir. İş materiallarında olan 2003 saylı, 25 avqust 2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyəti tərəfindən MİP-1 009545/2014 saylı sığorta aktına əsasən X8 2587 manat sığorta ödənişi verilmişdir. Azərbaycan Respublikası MM-nin 21.1 və 21.2-maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüqüqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” qanunun 23-cü maddəsinə əsasən sığorta olunanın və ya sığorta ödənişi almış başqa şəxsin dəymiş zərər üçün məsul şəxs barəsində tələb hüququ əmlak sığortası üzrə sığorta əvəzini ödəmiş sığortaçıya onun ödədiyi məbləğ həddində keçir. İşin mübahisə edilməyən hallarından görünür ki, X11 02.08.2014-cü il tarixdə Quba şəhərində hərəkət edərkən eyni istiqamətdə hərəkət edən “Hyundaı Sonata” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsini düzgün seçməyərək onunla toqquşmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 151.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 12 dekabr 2017-ci il tarixli, 016-142287-1217 saylı məktubuna və ona əlavə edilmiş “VAZ 21214” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobilə dair komputer çıxarışına əsasən “VAZ 21214” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobil 04.12.2009-cu il tarixdən X7 adında qeydiyyatdadır, avtomobilin etibarnamə əsasında X5 istifadəsinə verilməsi barədə mərkəzi informasiya sistemində məlumat qeydə alınmamışdır, avtomobilə dair 08.04.2012-ci il tarixdə Cavabdeh1 29.03.2062-ci il tarixədək, 07.05.2012-ci il tarixdə Cavabdeh2 02.09.2015-ci il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, “VAZ 21214” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi baş verən 02.08.2014-cü il tarixdə Cavabdeh1 istifadəsində və sahibliyində olmuş, onun razılığı ilə avtomobili X3 idarə etmişdir, hazırda da “VAZ 21214” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 istifadəsində və sahibliyindədir. 02.08.2014-cü il tarixdə Quba şəhərində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində MİP-122560-B-20 saylı sığorta müqaviləsi ilə sığortalanmış “Hyundaı Sonata” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə 2987 manat məbləğində maddi ziyan dəymiş, zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 400 manat franşiza (azad olma məbləği) çıxıldıqdan sonra sığorta ödənişinin məbləği 2587 manat müəyyən edilmiş və həmin məbləğ 25 avqust 2014-cü il tarixdə X8 ödənilmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehlər ərizə ilə müraciət edərək hazırki mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsi də hazırki mübahisəyə iddia müddətini tətbiq edərək iddia ərizəsinin müəyyən olunmuş iddia müddəti keçdikdən sonra verilməsi nəticəsinə gələrək iddianı təmin etməmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə müvafiq olaraq, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, reqres iddia ilə subroqasiya hüququ ayrı-ayrı anlayışlardır və onlar biri digərindən fərqli hüquqi nəticələr doğurur. Belə ki, reqres iddia başqasının vurmuş olduğu ziyanı ödəyən şəxsin, vermiş olduğu ödəniş miqdarında digər şəxsə qarşı tələbidir. Azərbaycan Respublikası MM-nin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Subroqasiya hüququ isə sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir və Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə tərəflər arasında hər hansı bir müqavilə olmamışdır və öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası MM-nin 373.1-ci maddəsi ilə müəyyən edilmiş on illik iddia müddəti şamil edilməlidir. Hazırki mübahisə üzrə isə həmin iddia müddəti ötürülməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmiş, maddi hüquq normasını səhv təfsir etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh2 qarşı olan hissəsi ilə bağlı qeyd edir ki, “VAZ 21214” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi baş verən dövrdə Cavabdeh1 qanuni sahibliyində və istifadəsində olmuş, onun razılığı ilə 02.08.2014-cü il tarixdə avtomobili X3 idarə etmiş, hazırda da “VAZ 21214” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 qanuni sahibliyində və istifadəsindədir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ Cavabdeh1 tutulmalı, iddia tələbi Cavabdeh2 qarşı olan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30,40 manat dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh1 İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(027)-251/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya tələbinin təmin edilməsinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətinin xeyrinə 2587 (iki min beş yüz səksən yeddi) manat sığorta ödənişi məbləğinin əvəzi, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 (on beş manat 40 qəpik) manat dövlət rüsumu rüsumu tutulsun. İddia tələbi Cavabdeh2 qarşı olan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar