Məhkəmə qərarları › İş №2(105)-1499/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1499/2023

31.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1499/2023 31.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X9 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı “X6” X10 Cavabdeh qarşı “cavabdehin istifadəsinə verilmiş xırdabuynuzlu heyvanların naturada iddiaçıya qaytarılması, həmçinin məhkəmə xərcinin tutulması” tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, e- 2(059)-214/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “X6” X12 Cavabdeh qarşı “cavabdehin istifadəsinə verilmiş xırdabuynuzlu heyvanların naturada iddiaçıya qaytarılması, həmçinin məhkəmə xərcinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə” dair 15 iyun 2022-ci il tarixli, 2022/ÖM/03975 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 baş qoyunun və 1 baş qoçun natura şəklində Agentliyə qaytarılması, həmçinin məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X6”nin Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “özünüməşğulluğa kömək göstərilməsinə” dair 15 iyun 2022-ci il tarixli, 2022/ÖM/03975 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 9333, 9978, 9652, 9833, 9267, 9891, 9176, 9985, 9850, 9704, 9933, 9771, 9948, 9852, 9695, 9883, 9950, 9657, 9817, 9566 və 9823 birka nömrəli 20 baş qoyun, 1 baş qoç və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 15 iyun 2022-ci il tarixli aktla cavabdehin “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı MMQF əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 14 dekabr 2022-ci il tarixli aralıq monitorinq aktına əsasən cavabdehə verilmiş “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 20 baş qoyun, 1 baş qoç aşkar edilməmişdir. Agentlik tərəfindən cavabdehə ünvanlanmış 23 dekabr 2022-ci il tarixli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Beləliklə, qeyd edilən işin faktiki hallarına görə iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 20 baş qoyunun və 1 baş qoçun natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. Çünki, şəxslərə özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər ilk öncə onların mülkiyyətinə yox, sadəcə istifadəsinə verilir. Monitorinqlərin aparıldığı dövr ərzində şəxslər onlara verilən aktivlərdən istifadə edərək öz məşğulluqlarını təmin etməli, habelə aktivlərdən istifadənin onun verilmə anında nəzərdə tutulan təyinatından kənara çıxmamasını təmin etməlidirlər. Özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin yekun monitorinqi zamanı tərtib edilən akta əsasən onların aktivlərdən biznes-plana uyğun istifadəsi müəyyən edildikdə və qanunvericilikdə nəzərdə tutulan 1 il müddət tamamlandıqdan sonra Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində verilən əmlakın mülkiyyət hüququ proqrama cəlb edilmiş şəxslərə keçir. Qeyd edilən müddət çərçivəsində şəxslərə verilən aktivlərin özgəninkiləşdirilməsi, habelə əvəzli və ya əvəzsiz qaydada üçüncü şəxslərin istifadəsinə verilməsi nə tərəflər arasındakı münasibətlərin xarakterinə, nə də mülki qanunvericilikdə nəzərdə tutulan mülkiyyət hüququna dair tələblərə uyğundur. İşin faktiki halları üzrə yaranan mübahisənin məhkəmədənkənar həlli məqsədi ilə Agentlik tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək ya aktivlərin geri qaytarılması və ya dəymiş zərərin əvəzinin ödənilməsi təklif olunsa belə, cavabdeh bu müraciətə münasibət bildirməmiş və nəticə etibarilə tərəflər arasında olan mübahisənin həlli məqsədilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Siyəzən Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, e-2(059)-214/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 (iyirmi) baş qoyunun və 1 (bir) baş qoçun natura şəklində alınaraq iddiaçı "X6" X11 verilməsi və iddiaçının ödəməkdən azad edildiyi 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Bəylər Ələkbərov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Siyəzən Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, e-2(059)-214/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tələbin faktiki halları kimi ərizəsində göstərir ki, “Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 15 iyul 2022-ci il tarixli aktla cavabdehin “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir”. Lakin məhkəmə cavabdehin istifadəsinə verilən aktivlərin (21 baş heyvanların) yararlı olmalarını təsdiq edəcək iddiaçı tərəfindən hər hansı sübut təqdim etmədiyi halda, eləcə də heyvanlar verilərkən heç bir heyvan barəsində sağlamlıq haqqında baytarlıq arayışının olmaması kimi onun etirazını araşdırmadan və nəzərə almadan əsassız olaraq, ondan eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 baş qoyunun və 1 baş qoçun natura şəkilində alınaraq Agentliyə qaytarılmasına dair qərar qəbul etmişdir. “İstifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir” məzmunda iddiaçını mülahizəsinə, habelə məhkəmə qərarının “2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan sağlam heyvanların qaytarılması” hissəsinə münasibətdə onu qeyd edir ki, iddiaçı tərəfindən, xırdabuynuzlu heyvanları təhvil verərkən, verilən 20 baş qoyunun və 1 baş qoçun keyfiyyətləri, yəni sağlamlıqları haqqında baytarlıq arayışı cavabdehə təqdim etmədiyi halda, iddiaçı və məhkəmə birləşərək əsassız olaraq ondan qaytarılması tələb edilən heyanlara dair 2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı tələb edirlər. Əslində ona iddiaçı tərəfindən heyvanlar sağlam və keyfiyyətli verilsəydi, hazırki mübahisə baş verməzdi. Heyvanların keyfiyyətsiz və sağlam olmaması “Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə” dair xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə sübut olunur, belə ki, aktda iddiaçının heyvanları ona təhvil verərkən heyvanların keyfiyyətləri, o cümlədən sağlamlığları haqqında hər hansı məlumatları əks etdirən sənəd əlavə edilməmişdir. İddiaçı onun etibarından sui-istifadəsi nəticəsində, habelə savadsızlığı üzündən ona xəstə və qoca heyvanlar vermiş və bu səbəbdən hazırki mübahisə yaranmışdır. Belə ki, heyvanlar ona təhvil veriləndə heç gümanına gəlməmişdir ki, heyvanlar bir aydan sonra tələf ola bilər, başqa sözlə heyvanlar dövlətin etibar etdiyi orqanı Agentlik tərəfindən verildiyindən ümumiyyətlə ağılına belə sonluq ola biləcəyi gəlməmişdir. Heyvanlar onun gözünə halsız və qoca görünmüş, lakin o, hesab etmişdir ki, yol gəliblər ola bilsin ki, yorulublar. Lakin heyvanlar ona verildikdən bir ay sonra birinci qoç adı ilə aktda göstərilən heyvan ölmüş və o, həmin an X7 adlı əməkdaşına zəng vurmuş və ölmüş heyvanın şəkilini “whatsap”la ona göndərmişdir. Məşqulluğun əməkdaşı ona baytarı çağırıb heyvanın ölməsi barədə baytarlıq rəyinin yazmasını bildirmiş, o da bu barədə kəndin Mehman adlı baytar həkiminə müarciət edərkən, həmin şəxs ona bu məsələnin onun səlahiyyətində olmadığını bildirmiş və ona Siyəzənin baytar həkimini çağırması üçün telefon nömrəsi vermişdir. O, həmin nömrəyə zəng vurub məsələni izah etmiş, lakin həmin şəxs bayram günləri olduğundan 3-4 gündən sonra gələ biləcəyini bildirmişdir. O, baytarın bayram günləri olduğuna görə gələ bilməcəyini İlhama bildirmiş, lakin həmin şəxs ona nə edəcəyini izah edə bilməmişdir. Bundan sonra o, çarəsiz qalıb baytar həkimi gözləmək qərarına gəlmişdir. Lakin isti yay ayları olduğundan heyvanın leşini 2 gün saxladıqdan sonra üfunət iyi, habelə ölümünün səbəbini bilmədiyindən qorxulu xəstəlik yayılmasından ehtiyat edərək, heyvanın artıq qurd düşmüş leşini uzaq bir yerdə yarğana atıb üstünü örtmüşdür. Bundan sonra heyvanların ikincisi də tələf olmuş, heyvanların bir-birinin ardıca öldüyünü, yəni heyvan ölümünün artıq 4-ə çatdığını, digər tərəfdən isə Məşğulluq Mərkəzinin əməkdaşları tərəfindən heyvanların tələf olmamasına dair bir tədbir görülmədiyini, habelə biganə qaldıqlarını görüb, eləcə də iki baş qoyunun da kor olduqlarına görə sonra nə edəcəyini bilməmişdir. Beləliklə heyvanların bu vəziyyəti barədə Agentlik tərəfindən ona bir köməklik olmadığını görüb düşdüyü bu məsələnin həlli məqsədi ilə heyvandarlıqla məşğul olan kənd sakinləri ilə məsləhətləşəndən sonra ona bu heyvanların qoca və xəstə olduqlarından inkşafdan qaldıqlarını, bunları saxlamağın xeyrinin olmayacağını, heyvanların bir-bir tələf olacağını bildirmişlər. Bu səbəbdən o, yerdə qalan 15 baş qoyunun tələf olmadan əvvəl satmışdır. Gələn alıcılar qoyunların qoca və xəstə olduğunu bildikdən sonra, heyvanların birinin ən yüksək dəyərinin 100 manat olduğunu və onların ətlərinin yalnız kolbasaya yaradığını bildirmişlər. O, çarəsiz qalıb 15 baş qoyunu 100 manatdan sataraq 1500 manat pul əldə etmiş və özünüməşğulluğunu təmin etmək üçün əldə etdiyi bu məbləğin üzərinə borc tapıb əlavə edərək yüngül minik maşını alıb taksi fəliyyətinə başlayaraq ailəsinin dolanışığını təmin etməyə başlamışdır. Hazırda onun özünüməşğulluğu qismən də olsa aldığı heyvanların sayəsində təmin olunmuş, yalnız özünüməşğulluğun forması taksi fəaliyyəti növünə dəyişmiş, mahiyyəti və məqsədi isə dəyişməz qalmışdır. Beləliklə Dövlət dəstəyi ilə özünüməşğulluq məqsədi ilə ona verilən heyvanların dəyərindən istifadə etməklə özünüməşğulluğunu təmin edərək, özünü işlə təmin etmişdir. Bundan əlavə bildirir ki, çarəsiz qalaraq heyvanları kəsməyi, habelə satmağı Məşğulluq Mərkəzinin etinasızlığı və günahı üzündən baş vermişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan X3 Mərkəzi Mühasibatlıq və Təyinat filialı ilə Cavabdeh arasında bağlanmış 15 iyun 2022-ci il tarixli, 2022/ÖM/03975 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilənin və eyni tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktının surətlərindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat filialı özünüməşğulluğa cəlb olunmuş Cavabdeh istifadə etməsi üçün 20 (iyirmi) baş qoyun, 1 (bir) baş qoç və 400 kq qarışıq yem vermişdir. İşdə olan X3 X2 Filialının əməkdaşları tərəfindən tərtib olunmuş 14 dekabr 2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinq aktından, eləcə də bir ədəd CD diskdəki videogörüntüdən görünür ki, Siyəzən rayonunun Yenikənd kəndində özünüməşğulluğa cəlb olunmuş Cavabdeh fəaliyyətinin monitorinqi aparılmış, bu zaman onun istifadəsinə verilmiş 20 (iyirmi) baş qoyun, 1 (bir) baş qoç aşkar edilməmiş, habelə Cavabdeh həmin 21 baş xırdabuynuzlu heyvanın bəzilərinin tələf olmasını, qalan 16 baş heyvanı isə sataraq avtomobil almasını bildirişdir. İşdə olan “X6”nin Mərkəzi Monitorinq və Qiymətləndirmə Filialı tərəfindən verilmiş 23 dekabr 2022-ci il tarixli, **********9 xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh Agentlik tərəfindən verilmiş əmlakı bu məktub ona təqdim olunduğu tarixdən 30 gün ərzində Agentliyə geri qaytarması, bu mümkün olmadıqda isə həmin əmlakın dəyərini məktubu aldığı tarixə olan orta bazar qiymətinə uyğun olaraq hesablanmaqla, Agentliyin xəzinə hesabına pul vəsaiti şəklində köçürməsi barədə xəbərdarlıq edilmişdir. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, özünüməşğulluq proqramı çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı ilə Cavabdeh arasında bağlanan “özünüməşğulluğa kömək göstərilməsinə” dair 15 iyun 2022-ci il tarixli, 2022/ÖM/03975 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 9333, 9978, 9652, 9833, 9267, 9891, 9176, 9985, 9850, 9704, 9933, 9771, 9948, 9852, 9695, 9883, 9950, 9657, 9817, 9566 və 9823 birka nömrəli 20 (iyirmi) baş qoyun, 1 (bir) baş qoç və 400 kq qarışıq yem natura şəklində verilmiş, qeyd edilən əmlakların təhvil verilməsinə dair tərəflər arasında 15 iyun 2022-ci il tarixli cavabdehin “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etməsi barədə təhvil-təslim aktı imzalanmışdır. Lakin bir müddət sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olubolmamasının yoxlanılması ilə bağlı X4 və Qiymətləndirmə Filialının əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 14 dekabr 2022-ci il tarixli aralıq monitorinq aktına əsasən cavabdehə verilmiş “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 20 baş qoyun, 1 baş qoç aşkar edilməmiş, bu səbəbdən Agentlik cavabdehə 23 dekabr 2022-ci il tarixli xəbərdarlıq məktubu ünvanlayaraq monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək Cavabdeh eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 (iyirmi) baş qoyunun və 1 (bir) baş qoçun natura şəklində alınaraq iddiaçı "X6" X11 verilməsini qət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, özünüməşğulluq proqramı çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı ilə Cavabdeh arasında bağlanan “özünüməşğulluğa kömək göstərilməsinə” dair 15 iyun 2022-ci il tarixli, 2022/ÖM/03975 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan 20 (iyirmi) baş qoyun, 1 (bir) baş qoç və 400 kq qarışıq yem natura şəklində verilmiş, qeyd edilən əmlakların təhvil verilməsinə dair tərəflər arasında 15 iyun 2022-ci il tarixli cavabdehin “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etməsi barədə təhvil-təslim aktı imzalanmış, lakin bir müddət sonra X4 və Qiymətləndirmə Filialının əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər nəticəsində cavabdehə verilmiş “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 20 baş qoyun, 1 baş qoç aşkar edilməmiş və bu barədə 14 dekabr 2022-ci il tarixli aralıq monitorinq aktı tərtib edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinin İ, İİ, İİİ, İV və V hissələrinə əsasən işsiz, habelə bu Qanunun 4.1.3cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi, əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi, özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi, eləcə də özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi mərhələlərindən ibarətdir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqini (o cümlədən elektron monitorinqini) aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə daxil etməlidir. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3-cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8-ci bəndinin İ, İİ, İİİ və İV yarımbəndlərinə əsasən agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a daxil etməlidir. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə etməklə aparılır. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan 1 (bir) il müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkar edildikdə, özünüməşğulluğa cəlb olunmuş şəxs həmin əmlakı Agentliyə qaytarmalı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 14-cü maddəsinin İİ hissəsinin İ bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. - 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. - 386-cı maddəsinin İ və İİ hissələrinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443-cü maddəsinin İ və İİ hissələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 21-ci maddəsinin İ və İİ hissələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 448-ci maddəsinin İ və İİ hissələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. - 450.1-ci maddəsinə əsasən öhdəliyin lazımınca icra edilmədiyi halda dəbbə pulunun və zərərin əvəzinin ödənilməsi borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad etmir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəilləri ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili X6 tərəfindən “özünüməşğulluq proqramı” çərçivəsində ona verilmiş heyvanların təhvil verilən zaman xəstə, eləcə də sağlam olmamasıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat filialı ilə Cavabdeh arasında imzalanmış özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair 15 iyun 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Filialın əməkdaşları tərəfindən 20 baş qoyun, 1 baş qoç və 400 kq qarışıq yem natura şəklində istismara (istifadəyə) kəmiyyət və keyfiyyət baxımından yararlı şəkildə Cavabdeh istifadəsinə verilmiş, N.Ələkbərov həmin Aktın doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Cavabdehin apellyasiya şikayətinin X6 tərəfindən “özünüməşğulluq proqramı” çərçivəsində ona təhvil verilmiş heyvanlardan 1 baş qoçun və 4 baş qoyunun qüsurlu olması səbəbindən sonradan ölməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh ona təhvil verilmiş əmlakdan bəzilərinin məhv olması halında bu barədə dərhal Filiala məlumat verməli, habelə məhv olma hallarının yaranmasını və səbəblərini təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və s.) Filiala təqdim etməli olduğu halda, Filialın əməkdaşına məlumat verdiyini bildirsə də, həmin heyvanların məhv olma hallarının yaranmasını və səbəblərini təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və s.) Filiala təqdim etməmişdir. Belə ki, tərəflər arasında bağlanan “özünüməşğulluğa kömək göstərilməsinə” dair 15 iyun 2022-ci il tarixli, 2022/ÖM/03975 nömrəli müqavilənin 3.3.6 və 3.3.7-ci bəndlərindən görünür ki, özünüməşğulluğa cəlb olunmuş şəxs təhvil aldığı Əmlakda hər hansı bir qüsur aşkar olunduğu halda bu barədə məlumatı, habelə qüsurları təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və s.) Əmlakı təhvil aldıqdan ən geci 30 (otuz) gün ərzində Filiala təqdim etməli, Əmlakın sonradan korlanma və məhv olması hallarında bu barədə dərhal Filiala məlumat verməli, habelə məhv olma hallarının yaranmasını və səbəblərini təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və s.) Filiala təqdim etməlidir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, cavabdeh əmlakın məhv olma hallarının yaranmasını və səbəblərini təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və s.) Filiala təqdim etməmişdir. Bundan əlavə cavabdehin apellyasiya şikayətinin X6 tərəfindən “özünüməşğulluq proqramı” çərçivəsində ona təhvil verilmiş heyvanlardan sağ qalanlarını sataraq həmin pul vəsaiti hesabına özünə avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olaraq özünüməşğulluğunu təmin etməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlakdan təyinatı üzrə məhdudiyyətsiz istifadə etmək hüququ olduğu, eləcə də ona bu Müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə həmin əmlakı Filiala qaytarmalı və yaxud onun dəyərini bazar qiymətinə uyğun olaraq Filialın xəzinə hesabına köçürməli olduğu halda, qanunsuz olaraq həmin əmlakın qalan hissəsini sataraq həmin vəsait hesabına özünə avtomobil alaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, tərəflər arasında bağlanan “özünüməşğulluğa kömək göstərilməsinə” dair 15 iyun 2022-ci il tarixli, 2022/ÖM/03975 nömrəli müqavilənin 3.4.1-ci bəndinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs özünüməşğulluğun təşkili məqsədilə verilmiş əmlakdan təyinatı üzrə məhdudiyyətsiz istifadə etmək hüququ vardır. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə həmin əmlakı Filiala qaytarır və yaxud onun dəyərini bazar qiymətinə uyğun olaraq Filialın təqdim etdiyi X3 xəzinədarlıq orqanında olan xəzinə hesabına köçürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Bununla əlaqədar məhkəmə kollegiyası iddia tələbində qaytarılması tələb olunan müqavilə əsasında verilmiş xırda buynuzlu heyvanların artıq mövcud olmadığından qətnamənin nəticə hissəsində onların dəyərinin göstərilməməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 438-ci maddəsinə əsasən əgər müqavilənin predmeti əvəz edilə bilən əşyadırsa (növlü əşya), borclu öhdəliyi həmişə icra etməyə borcludur. Buna görə məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə müqavilənin predmetini xırda buynuzlu heyvanlar təşkil etdiyindən, onlar fərdi əlamətləri ilə müəyyən edilən əşyalara deyil, əvəz edilən əşyalara, yəni cinsi əlamətləri ilə müəyyən edilən əşyalara aiddir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, e-2(059)-214/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar