Məhkəmə qərarları › İş №2(105)-15/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-15/2024

19.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-15/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-210/2020 nömrəli, 08 oktyabr 2020-ci il tarixli və Abşeron Rayon Məhkəməsinin 2(012)-1917/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnamələrindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın qismən təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-Park” yaşayış massivi 1A-da yerləşən mənzillərə görə əlavə ödənilmiş 8645 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat İddiaçı aid edilməsi, aparılmış ekspertiza tədqiqatına görə 100 manat "xxxx" MMC-dən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddia tələbinin təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-Park” yaşayış massivi 1A saylı küçədə yerləşən 8 və 9 saylı mənzillərə görə əlavə ödənilmiş 6955 (altı min doqquz yüz əlli beş) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulması, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – L.Məmmədova sədrlik edən və məruzəçi, T.Quliyev, G.Tağızadə) 14 dekabr 2021-ci il tarixli, 2(105)- 2229/2021 nömrəli qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(012)-1917/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 may 2022-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kasasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)- 2229/2021 nömrəli qətnaməsinin ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə 27 avqust 2019-cu il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC ilə alqı-satqı müqaviləsi bağlayaraq 1 otaqlı və 2 otaqlı olmaqla iki qonşu mənzillər əldə etmişdir. O, 31 may 2014-cü il tarixli müqaviləyə əsasən “AAAF-Park” yaşayış massivindəki 1A saylı küçəsində inşa edilən 1 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 45 kv.m olan 1 otaqdan ibarət olan 9 saylı mənzili 29,250 manat pul ödəməklə, “AAAF-Park” yaşayış massivindəki 1A saylı küçəsində inşa edilən 1 saylı 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 72 kv.m olan 2 otaqdan ibarət olan 8 saylı mənzili 46,800 manat ödəməklə əldə etmişdir. Mənzilin hər kvadrat metrini 650 manatdan almışdır. Azaldılmış əmsallara vurulmaqla hesablanmalı olan sahələrdə həmin əmsallara vurulmadan hesablanmış, nəticədə ona 19 kvadrat metr olan balkon 0.3 azalma əmsalına vurulmaqla ümumi sahəyə hesablanmalı olduğu halda elə tam olaraq ümumi sahəyə əlavə edilmişdir. Həmin sahə 5.7 kvadrat metr sahədə ümumi sahəyə əlavə edilməli idi. Lakin o, yerdə qalan 13,3 kvadrat metr sahəyə hər kvadrat üçün 650 manat olmaqla, 8,645 manat məbləğində artıq pul ödəmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 09 dekabr 2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 2-ci maddəsinə əsasən balkon-fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydançadır. Həmin qaydaların 3.8-ci maddəsinə əsasən mənzillərin ümumi sahəsi-yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri – 0,3; şüşəbənd və lociyalar – 0,5; eyvanlar (verandalar) – 0,1 azalma əmsallarına vurulmaqla hesablanır. Lakin cavabdeh şirkət ona mənzilləri verərkən əskik sahədə təhvil vermişdir. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə 10 fevral 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC ilə alqı-satqı müqaviləsi bağlayaraq 1 otaqlı və 2 otaqlı olmaqla iki qonşu mənzillər əldə etmişdir. O, 31 may 2014-cü il tarixli müqaviləyə əsasən “AAAF-Park” yaşayış massivindəki 1A saylı küçədə inşa edilən 1 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 45 kv.m olan 1 otaqdan ibarət 9 saylı mənzili 29,250 manat pul ödəməklə, “AAAF-Park” yaşayış massivindəki 1A saylı küçədə inşa edilən 1 saylı 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 72 kv.m olan 2 otaqdan ibarət 8 saylı mənzili 46,800 manat ödəməklə əldə etmişdir. Mənzillərin hər kvadrat metrini 650 manatdan almışdır. Azaldılmış əmsallara vurulmaqla hesablanmalı olan sahələrdə həmin əmsallara vurulmadan hesablanmış, nəticədə ona 19 kvadrat metr olan balkon 0,3 azalma əmsalına vurulmaqla ümumi sahəyə hesablanmalı olduğu halda elə tam olaraq ümumi sahəyə əlavə edilmişdir. Həmin sahə 5,7 kvadrat metr sahədə ümumi sahəyə əlavə edilməli idi. Lakin o, yerdə qalan 13,3 kvadrat metr sahəyə hər kvadrat üçün 650 manat olmaqla, 8,645 manat məbləğində artıq pul ödəmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 09 dekabr 2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 2-ci bəndinə əsasən balkon - fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydançadır. Həmin Qaydaların 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqlarının, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbəndvə eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri – 0,3; şüşəbənd və lociyalar – 0,5; eyvanlar (verandalar) – 0,1 azalma əmsallarına vurulmaqla hesablanır. Lakin cavabdeh şirkət ona mənzilləri verərkən əskik sahədə təhvil vermişdir. O özü təxmini hesablama apararaq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-park” yaşayış massivi 1A-da yerləşən mənzillərə görə əlavə ödədiyi 8645 manat və ona vurulmuş 2000 manat maddi ziyana görə, 5000 manat mənəvi ziyana görə məbləğin cavabdeh "xxxx" MMC-dən tutulması barədə iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(012)-210/2020 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-park” yaşayış massivi 1A-da yerləşən mənzillərə görə əlavə ödənilmiş 8645 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən iddiaçının, yəni onun xeyrinə tutulması qət olunmuşdur. Mübahisənin obyektiv həlli üçün mübahisə predmeti olan "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, 1A saylı küçə, ev 1, 9 nömrəli mənzilin və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, 1A saylı küçə, ev 1, 8 nömrəli mənzilin sahəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsınin qüvvəyə minməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nə uyğun hesablandığını müəyyən etmək üçün iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 may 2020-ci il tarixli, 30716 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 31 may 2014-cü il tarixli l(b) 095 saylı və 16 iyul 2014-cü il tarixli Q(b) 047 saylı alqı-satqı müqavilələrinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti “AAAF-Park” yaşayış massivi, 1A saylı küçədə inşa edilmiş 1 saylı yaşayış binasının 8 və 9 saylı mənzillərinin ümumi sahəsi hesablanarkən balkon sahəsi – 0,3 azalma əmsalına vurulmadan hesablandığı və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələrinin, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 №-li qərarının 3.8-ci bəndinin tələblərinə uyğun hesablanmadığı müəyyən edilir. Kommunikasiya xətlərinin keçdiyi sahələr (şaxta) mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarının 3.8-ci bəndinə əsasən mənzilin ümumi sahəsi yaşayış otaqlarının, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi "hesablanarkən balkon və terrasların sahələri - 0.3; şüşəbənd və lociyalar- 0.5; eyvanlar (verandalar)-1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. İstinad edilən tikinti norma və qaydalarının tələbləri nəzərə alınaraq, tədqiq olunan 8-9 saylı mənzilin, mövcud daxili ölçülər üzrə, ümumi sahəsi aşağıdakı kimi müəyyən olunmuşdur: yaşayış otağının sahəsi – 11.6 kv.m (4,85x2,40m); yaşayış otağının sahəsi - 8,3 kv.m (3,80x2,20m); yaşayış otağının sahəsi - 15,4 kv.m (4,0x3,85m); yaşayış otağının sahəsi – 19.4 kv.m (6,05x3,20m); dəhlizin (girişin) sahəsi - 14,0 kv.m (2,40x3,10+1,80x2,80+1,15x1,30m); mətbəxin sahəsi - 12,6 kv.m (4,15x3,0,5m); hamamın sahəsi - 4,8 kv.m (2,50x1,90m); ayaq yolunun sahəsi - 1,5 kv.m (4,3x1,6+4,1x1,6)x0,3); açıq eyvanın sahəsi - 4,0 kv.m (4,3x1,6+4,1x1,6)x0,3); açıq eyvanın sahəsi - 1,4 kv.m (1,60x2,9)x0,3; cəmi 93,0 kv.m–dir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələrinin, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarının 3,8-ci bəndinin tələbləri əsasında aparılmış hesablama ilə, “AAAF-park” yaşayış massivində yerləşən 1A saylı küçədə inşa edilən 1 saylı 6 mərtəbəli yaşayış binasının 8 və 9 saylı mənzillərinin ümumi sahəsinin 93,0 kv.m, o cümlədən yaşayış sahəsinin 54,7 kv.m, yardımçı (köməkçi) sahəsinin 38,3 kv.m olduğu müəyyən edilmişdir. Buradan da belə hüquqi nəticəyə gəlmək olur ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 31 may 2014-cü il tarixli i(b) 095 saylı və 16 iyul 2014-cü il tarixli Q(b) 047 nömrəli alqı-satqı müqavilələrinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti “AAAF-parkı” yaşayış massivi, 1A saylı küçədə inşa edilmiş 1 saylı yaşayış binasının 8 və 9 saylı mənzillərinin ümumi sahəsi hesablanarkən balkon sahəsi - 0,3 azalma əmsalına vurulmadan hesablanmış, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələrinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarının 3.8-ci bəndinin tələblərinə uyğun hesablanmamışdır. Göründüyü kimi, iddiaçıya verilən mənzillərin əskik olan hissəsinin faktiki olaraq 24 kv.m olmasına baxmayaraq iddiaçı iddia qaldırarkən təxmini hesablama ilə daha az hesablamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair hazırki 2(105)-45/2023 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair 2(105)-122/2023 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilməsi, həmin işə 2(105)-45/2023 nömrəsinin verilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh "xxxx" MMC Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, həmin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. Məhkəmə ekspert rəyinə istinad edərək, iddia tələbinin qismən əsaslı olması qənaətinə gəlmişdir. Halbuki məhkəmə mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməməsi nəticəsində əsassız məhkəmə aktı qəbul etmişdir. "xxxx" MMC ilə alıcı İddiaçı arasında 2 müqavilə bağlanmışdır. Bunlar xx.xx.2014-cü il tarixli İ(b) 095 saylı və xx.xx.2014-cü il tarixli Q(b) 047 saylı müqavilələrdir. xx.xx.2014-cü il tarixli İ(b) 095 saylı müqavilə əsasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 1 saylı yaşayış binasının 9 saylı mənzilində, ümumi sahəsi 45 kv.m.olan, 1 (bir) otaqlı mənzilin vahid əmlak dəyərini təşkil edən 29250 manat ödənilmək şərti ilə və xx.xx.2014-cü il tarixli Q(b) 047 saylı Müqavilə əsasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 1 saylı yaşayış binasının 8 saylı mənzilində, ümumi sahəsi 72 kv.m.olan, 2 (iki) otaqlı mənzilin vahid əmlak dəyərini təşkil edən 46800 manat ödənilmək şərti ilə satılmışdır. İddia tələbinin hüquqi əsası yoxdur. Cavabdeh "xxxx" MMC Abşeron Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddiaçının iddia tələbi üzrə məhkəmə baxışına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “Mənzilin sahəsinin alqı-satqı müqaviləsində göstərildiyindən az olması və buna görə ödənilmiş artıq pul məbləğinin qaytarılması barədə” iddia tələbi irəli sürür. Amma ilk öncə onu bildirməyi zəruri hesab edir ki, İddiaçı ilə "xxxx" MMC arasında bir dəfə bu predmet və əsasla məhkəmə çəkişməsi olmuşdur. Bununla əlaqədar olaraq Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)- 210/2020 saylı qətnaməsi çıxarılmışdır və bu qətnamədən apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsində baxılmışdır. Hazırkı iş üzrə məhkəmə prosesi əvvəldən axıra qədər prosessual pozuntularla müşahidə olunmuşdur. 2(012)-1917/2021 saylı mülki işə baxmamışdan qabaq cavabdehin nümayəndəsi tərəfindən iddianın yolverilməzliyi barədə məhkəməyə dərhal xx.xx.2021-ci il tarixdə ərizə təqdim edilmişdir. İddiaçının iddiasının yolverilməz olması barədə fikirlər onunla əsaslandırılmışdır ki, eyni predmet üzrə eyni məhkəmənin qətnaməsi artıq mövcuddur. Sadəcə olaraq tərəf hazırkı iddiası ilə manipulyasiya edir. Eyni zamanda ərizədə açıq şəkildə bildirilmişdir ki, iddiaçının iddiası üzrə Abşeron Rayon Məhkəməsində hakim Habil Əhmədovun sədrliyi ilə xx.xx.2020-ci il tarixli, 2(012)-210/2020 nömrəli iş üzrə məhkəmə prosesi baxılaraq yekunlaşmışdır və məhkəmə qətnaməsi elan olunmuşdur. Həmin məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, "xxxx" MMC tərəfindən əlavə kv.m. sahələrin hesablanması səbəbindən 8645 manat pul İddiaçı ödənilməlidir. Həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti MMC tərəfindən təqdim edilmişdir və qətnamə mübahisələndirilmişdir. Məlahət Abbasovaya təqdim edilən ərizədə mövqe ondan ibarət olmuşdur ki, iddiaçının təqdim etdiyi iddia ərizəsində göstərilən xüsusatlar faktiki olaraq öncədən verilmiş olan iddia ərizəsinin təkrarıdır. İddia ərizəsində edilən tələbin əsasını məhkəmə-tikinti texniki ekspertizası tərəfindən hesablanmış yanlış ölçülərə görə uğranılmış maddi zərərdir. Ərizədə bildirilmişdir ki, əgər tərəfin bununla bağlı nəsə narazılığı olmuş olsaydı, məhkəməyə müraciət edərdi. Hesab edir ki, iddiaçı özünün gecikdiyini və yalnış yanaşmasını bu şəkildə, yenidən, yeni məbləğlə iddia ərizəsi təqdim etməklə qapatmağa çalışırdı. Fikirlərində yanılmadığına məhkəmə iclasında bir daha əmin olmuşdur. Belə ki, iddiaçı məhkəmə baxışında iki dəfə qeyd etdi ki, elə bilib ki, hakim əskik sahə barədə iddian tam təmin edib. Məhkəmə ekspertizasından qayıdan iş üzrə ümumi hesablama apararaq iddianı tam təmin edəcəkdi. Məhz iddiaçının gözlədiyi məbləğ təmin olunmadığı üçün yenidən eyni iddianın qalan hissəsinin təmin olunması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu sözlərin məhkəmə iclasının protokoluna qeyd olunmamasını şirkətin nümayəndəsi dərhal xahiş etmişdir. Lakin nümayəndə tərəfindən xx.xx.2021-ci il tarixdə müraciət edilərək protokolla tanış olmaq istədikdə məhkəmə iclasının protokolunun tərtib olunmadığı bildirilmişdir. xx.xx.2021-ci il tarixdə olan məhkəmə iclasında şirkətin nümayəndəsi tərəfindən əsaslı şəkildə iddiaçının iddiasının yolverilməzliyi kifayət qədər əsaslarla sübut edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə istinad edilmişdir. xx.xx.2021-ci il tarixdə qətnaməni əldə etdikdə isə absurd bir məhkəmə qətnaməsi ilə üzüzə qalmışlar. Məhkəmə qətnaməsi Abşeron Rayon Məhkəməsinin hakimi Habil Əhmədovun qətnaməsinin surəti kimi idi. İş üzrə baxış iclasında toxunulmadığı və müzakirə belə olunmadığı halda hakim xx.xx.2020-ci il tarixli, 2(012)-210/2020 nömrəli qətnamənin əsası olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 30716 saylı ekspert rəyinə istinad edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini rəhbər tutaraq iddia tələbinin tam təmin olunmalı olması və əsaslı olması qənaətinə gəlmişdir. Halbuki məhkəmə baxışında heç bu ekspert rəyinin adı belə çəkilməmişdir. Məhkəmə qətnaməsinin oxuyan zaman görünür ki, "xxxx" MMC ilə alıcı İddiaçı arasında 2 müqavilə bağlanmışdır. Bunlar xx.xx.2014-cü il tarixli İ(b) 095 saylı və xx.xx.2014-cü il tarixli Q(b) 047 saylı müqavilələrdir. xx.xx.2014-cü il tarixli İ(b) 095 saylı müqavilə əsasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 1 saylı yaşayış binasının 9 saylı mənzilində, ümumi sahəsi 45 kv.m.olan, 1 (bir) otaqlı mənzilin vahid əmlak dəyərini təşkil edən 29250 manat ödənilmək şərti ilə və xx.xx.2014-cü il tarixli Q(b) 047 saylı Müqavilə əsasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 1 saylı yaşayış binasının 8 saylı mənzilində, ümumi sahəsi 72 kv.m.olan, 2 (iki) otaqlı mənzilin vahid əmlak dəyərini təşkil edən 46800 manat ödənilmək şərti ilə satılmışdır. İddiaçının birinci iddiasında tələb etdiyi məbləğlər 8645 manat artıq hesablanmış sahəyə görə, 2000 manat maddi zərərə görə və 5000 manat isə mənəzi zərər görə olmuşdur. Həmin iddia ərizəsi qismən təmin edilmişdir və 8645 manat pulun "xxxx" MMC-dən alınıb iddiaçıya verilməsi qət edilmişdir. Bu barədə apellyasiya şikayəti təqdim edilmişdir. Lakin İddiaçı görünür ki, ilkin iddiası üzrə əldə etdiyi qətnamədən şikayət etmək müddətini buraxmış və ya hər hansı ondan asılı olmayan səbəblərdən istədiyi məbləğin təmin olunmasına tam nail ola bilməmişdir. Bundan sonra o, yenidən iddia ilə çıxış etməyi daha məqsədəuyğun hesab etmişdir və onun bu məqsədi hakim tərəfindən təmin olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1917/2021 nömrəli qətnaməsi sanki həmin məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(012)-210/2020 nömrəli qətnaməsinin texniki təsdiqidir, bu isə yolverilməzdir. Məhkəmə qətnaməsinin 3-cü səhifəsində məhkəmə özü təsdiq edir ki, iddiaçı ilk dəfə iddia qaldırarkən 13,3 kv.m. sahə hesablamış və buna görə də məhkəmədən 8645 manat pul tələb etmişdir. Amma artıq hesablanmış sahənin əslində 24 kv.m. olmasını görən iddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə uyğun olaraq tələbi artıra bilərdi. Lakin həmin prosesdə iddia həcmini artırmağı unudan iddiaçı yeni məhkəmə qərarı ilə səhvini qapatmaq istəyir. Əgər birinci qətnamə İddiaçı zərərinə olmuş olsa idi iddiaçı apellyasiya şikayəti verə bilərdi. Lakin o, bunda da müddəti ötürmüş və yalnız bu yolla səhvini örtməyə çalışmışdır. Bu prosessual yolverilməzlik isə tərəfindən dərhal sezilmiş və ərizə təqdim edilmişdir. Məhkəmə bu hissədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153-ci maddəsinin tələblərini pozmuşdur. Maddədə birbaşa olaraq ərizənin təmin edilib-edilməməsi barədə qərardad qəbul edilməli olduğu göstərilsə də, hakim bu qərardadı verməkdən əsassız olaraq imtina etmiş və dolayısı ilə cavabdeh olaraq prosessual hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Məhkəmə qətnaməsinin sondan 3-cü abzasında məhkəmə tərəflərin izahatlarını dinlədiyini bildirsə də, faktiki olaraq cavabdehin nümayəndəsinin yalnız yolverilməzlik barədə ərizəsi üzrə izahından başqa mahiyyəti üzrə heç bir izahat almadan qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsinin 6cı səhifəsindəki birinci abzas tamamilə MMC-nin mövqeyini təsdiq edir. O, iddiaçının faktiki olaraq hüquqlarını və zamanında icra etməli olduğu prosessual vəzifələrini unutduğu qənaətinə gəlmişdir. Eyni zamanda tərəf Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə istinad etməklə ona həmin məhkəmə işində məlum olan əlavə 10,7 kv.m-lə bağlı iddia həcmini artırmalı olduğuna işarə vermişdir. Məhkəmə qətnaməsinin 7-ci səhifəsindəki 5-ci abzası isə aşkar şəkildə ilkin iddia münasibətləri üzrə xx.xx.2020-ci il tarixi, 2(012)- 210/2020 nömrəli qətnaməsini yenidən təsdiq edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 apellyasiya şikayətlərini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətlərini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən, Abşeron Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi 08 oktyabr 2020-ci il tarixli qətnamədə iddia tələbinin qismən təmin edilməsini və 07 aprel 2021-ci il tarixli qətnamədə iddia tələbinin təmin edilməsini cavabdeh şirkət iddiaçıya mənzilləri verərkən əskik sahədə təhvil verməsi, iddiaçı bu artıq sahələrə görə əlavə pul ödəməli olması ilə əsaslandırmış, cavabdeh Abşeron Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, bu nəticədən narazı qalan cavabdeh qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən gəldiyini nəticəni apelyasiya şikayətində də birinci instansiya məhkəməsinin istinad etmiş olduğu iddiaçının mənzillərinə görə artıq ödənilmiş pul vəsaitinin qaytarılması barədə daha əvvəl baxılmış iş üzrə hazırda mübahisələndirmə olduğunu, işin apelyasiya baxışında olduğunu vurğulaması, lakin apelyasiya kollegiyasının bu hala əhəmiyyət verməməsi, hazırki işin apellyasiya məhkəməsinin icraatında olan işlə bir icraatda birləşdirilmə halının mümkünlüyünü müzakirə etməməsi, hər hansı münasibət bildirməməsi, Halbuki hər iki iş bir biri ilə əlaqəli iş olması, hər iki iş üzrə iddiaçı cavabdehdən mənzillərin sahəsi ilə bağlı əlavə ödənilmiş pul vəsaitinin ödənilməsini tələb etməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Kassasiya instansiya məhkəməsinin qərarında olan göstərişləri nəzərə alaraq, 25 yanvar 2023-cü il tarixli qərardad ilə hazırkı iş ilə əlaqəli olan digər mülki iş bir icraatda birləşdirilmişdir. Birinci instansiya məhkəməsi 08 oktyabr 2020-ci il tarixli məhkəmə aktı ilə iddianı qismən, 07 aprel 2021-ci il tarixli qətnaməsini tam təmin edərkən gəldiyi nəticəni yaşayış binasının 8 və 9 saylı mənzillərinin ümumi sahəsi hesablanarkən balkon sahəsi – 0,3 azalma əmsalına vurulmadan hesablandığından, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2ci və 59.3-cü maddələrinin, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 №-li qərarının 3.8-ci bəndinin tələblərinə uyğun hesablanmadığı ilə əsaslanmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 178.8, 152.1-152-3, 157.8, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1., Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü maddələrinə istinad etməklə, bununla da mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etmək əvəzinə, tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Məhkəmə kollegiyası 08 oktyabr 2020-ci il tarixli qətnaməsini mübahisələndirilən hissədə, 07 aprel 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti "AAAF Park” yaşayış massivində, 1A saylı küçəsində inşa edilmiş 1 saylı, 7 mərtəbəli yaşayış binasında 2 otaqlı 8 saylı mənzilin və 1 saylı, 6 mərtəbəli yaşayış binasında 1 otaqlı 9 saylı mənzilin iddiaçıya satılması işin mübahisəsiz halıdır. Mübahisənin düzgün həlli üçün müqavilənin mənzil sahəsi ilə bağlı şərtlərini onun bağlanması zamanı tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olaraq həqiqi iradə ifadəsinin nədən ibarət olması, habelə həmin dövrdə yaşayış sahələrinin podrat müqaviləsi üzrə tikintisi zamanı təhvil veriləcək sahənin hesablanması ilə bağlı formalaşmış işgüzar adətlər nəzərə alınmalıdır. Baxılan iş üzrə mübahisələndirilən hissələrdə iddia tələbinin qanuni əsasını podrat hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik normaları (daha dəqiq Mülki Məcəllənin 752.1, 766-cı maddələri) təşkil edir. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Oxşar mübahisələr üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli halpodratçının müqavilə öhdəliklərini pozaraq sifarişçiyə miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyənləşdirilməsidir. Buna baxmayaraq birinci instansiyası məhkəməsi qeyd olunan qanunvericiliyə zidd olaraq şəhərsalma və tikinti qanunvericiliyinin normalarının da hazırkı mübahisəyə tətbiq edilməli olduğu barədə qənaətə gəlmişdir. Halbuki Şəhərsalma və Tikinti Məcəlləsinin təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etməkdən ibarətdir. Buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalar da məhz yuxarıda istinad olunan məqsədlərə nail olunmasına xidmət edir. Qeyd olunan tənzimləmənin fiziki və hüquqi şəxslər arasında bağlanmış podrat münasibətlərinə eyni qaydada tətbiq edilməsi mülki qanunvericiliyin müqavilə hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilələr azadlığı prinsiplərinin pozulmasına səbəb ola bilər. Bu baxımdan hazırkı mübahisənin həlli üçün araşdırılması zərəri olan hal tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə hansı həcmdə mənzilin sifarişçiyə təhvil verilməli olması və həmin öhdəliyin faktiki yerinə yetirilib-yetirilmədiyi olmalıdır. Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər. Həmçinin o da vurğulanmalıdır ki, sifarişçi tərəfindən məhsul qəbul edildikdən sonra onun tərəfindən mənzilin yenidən qurulması və ya yenidən planlaşdırılması həyata keçirildiyi halda tərəflərin müqavilə öhdəliyini hansı dərəcədə yerinə yetirdiyi barədə məsələ yalnız müqavilə öhdəlikləri çərçivəsində, o cümlədən layihə sənədlərinə əsasən həll edilməlidir. Çünki sifarişçinin sonradan öz mənzilində apardığı əlavə təmir və tikinti işləri nəticəsində mənzilin işçi sahəsinin bir hissəsinin tikinti altı sahəyə çevrilməsi podratçının ziyanına qiymətləndirilə və onun üçün əlverişsiz nəticələr yarada bilməz. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 12 may 2020-ci il tarixli ekspert rəyinə əsasən mübahisəli 8 və 9 saylı mənzillərin ümumi sahəsi hesablanarkən balkon sahəsi- 0,3 azalma əmsalına vurulmadan hesablandığı müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 08 fevral 2024-cü il tarixli ekspert rəyində 8 saylı mənzilin ümumi sahəsinin tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli Q(b)/047 №-li müqavilə şərtlərinə uyğun olmadığı, həmin mənzilin tikintialtı sahəsinin isə müqavilə şərtlərinə uyğun olduğu müəyyən edilmişdir. 9 saylı mənzilin ümumi sahəsinin tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli l(b)/095 №-li müqavilə şərtlərinə uyğun olmadığı, həmin mənzilin tikintialtı sahəsinin isə müqavilə şərtlərinə uyğun olduğu müəyyən edilmişdir. 8 saylı və 9 saylı mənzillərə baxış keçirilən zaman, sözügedən mənzillərin faktiki olaraq arakəsmə divarının sökülərək birləşdirildiyi, bir mənzil kimi istifadə edildiyi, tikililərin isə təyinatında hər hansı bir dəyişiklik edilmədiyi müəyyən edilmişdir. 8 saylı və 9 saylı mənzillərin yerləşdiyi binaya dair layihə sənədləri olmadığından, sözügedən mənzillərin həmin binanın layihə sənədlərinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi mövcud olan balkon və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməsi ilə nəticələndiyindən, iddiaçı mövcud iddianı qaldırmaqda haqlı olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də mübahisələndirilən məhkəmə aktları maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsi bütövlükdə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat, həmçinin apellyasiya instansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən, Abşeron Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbi rədd edilsin. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 (yüz əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar