Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-15/2025 14.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı özbaşına zəbt edilmiş zirzəminin boşaldılması, zirzəminin əvvəlki vəziyyətinin bərpası tələbinə dair mülki iş üzrə (Açar sözlər: zirzəminin boşaldılması, ekspert rəyi, sübutetmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1, nümayəndəsi X3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-2176/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 16 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır.
3. xx.xx.2021-ci il tarixli, 115 nömrəli “İcarə müqaviləsi”nin surətindən görünür ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən ünvan 1, mənzil 17-nin 86.2 kv.metr olan zirzəmi-anbarı (qeyri-yaşayış sahəsi) xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Cavabdeh icarəsinə vermişdir.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2573 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışa və xx.xx.2021- ci il tarixli texniki pasporta əsasən Cavabdeh mülkiyyətində olan 86.2 kv.metr qeyri-yaşayış sahəsinin iş üzrə İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, 6 saylı evin 16 saylı mənzilinin altında (yarımzirzəmidə) yerləşən tikililəri əhatə etdiyi, Cavabdeh faktiki istifadəsində olan tikililərin isə həmin binanın 16 saylı mənzilinin, 6 saylı mənzilinin və digər şəxsə məxsus qonşu mənzilin (mənzilin nömrəsi müəyyən olunmadı) altında (yarımzirzəmidə) yerləşən tikililəri əhatə etdiyi müəyyən olunmuşdur.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-ci il tarixli, 10/1126 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışa və xx.xx.2021-ci il tarixli texniki pasporta əsasən Cavabdeh mülkiyyətində olan 86.2 kv.m qeyri-yaşayış sahəsinin iş üzrə İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, 6 saylı evin 16 saylı mənzilinin altında (yarımzirzəmidə) yerləşən tikililəri əhatə etdiyi Cavabdeh faktiki istifadəsində olan tikililərin isə həmin binanın 16 saylı mənzilinin, 6 saylı mənzilinin və digər şəxsə məxsus qonşu mənzilin (mənzilin nömrəsi müəyyən olunmadı) altında (zirzəmisində) yerləşən tikililəri əhatə etdiyi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən tədqiq olunan binanın yarımzirzəmisində hər hansı tikili (anbar) inşa edilməmişdir. Həmin binanın yarımzirzəmisi yaşayış binası ilə birlikdə eyni zamanda inşa edilmiş və yarımzirzəminin 16 saylı mənzilinin altında yerləşən tikililəri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa və xx.xx.2021-ci il tarixli texniki pasporta əsasən xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən tədqiq olunan qeyri-yaşayış sahəsində hər hansı bir konstruksiya işləri, o cümlədən binanın dayanıqlığına zərər vuran işlərin görülüb-görülmədiyi, həmin binanın ilkin layihə sənədləri təqdim edildikdən və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssisləri tərəfindən yaşayış binası üzrə ümumilikdə müvafiq müayinə işləri aparıldıqdan sonra müəyyən oluna bilər. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/4968 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışa və xx.xx.2021-ci il tarixli texniki pasporta əsasən Cavabdeh mülkiyyətində olan 86.2 kvşmetr qeyri-yaşayış sahəsinin iş üzrə İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, 6 saylı evin 16 saylı mənzilinin altında (yarımzirzəmidə) yerləşən tikililəri əhatə etdiyi müəyyən olunmuşdur. Eyni zamanda həmin binanın 6 saylı mənzilinin və digər şəxsə məxsus qonşu mənzilin (mənzilin nömrəsi müəyyən olunmadı) altında (yarımzirzəmidə) yerləşən tikililərin də əhatə etdiyi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən tədqiq olunan binanın yarımzirzəmisində hər hansı tikili (anbar) inşa edilməmişdir. Həmin binanın yarımzirzəmisi yaşayış binası ilə birlikdə eyni zamanda inşa edilmiş və yarımzirzəminin 16 saylı mənzilinin altında yerləşən tikililəri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışa və xx.xx.2021-ci il tarixli texniki pasporta əsasən xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən tədqiq olunan qeyri-yaşayış sahəsində hər hansı bir konstruksiya işləri, o cümlədən binanın dayanıqlığına zərər vuran işlərin görülüb-görülmədiyini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssisləri tərəfindən yaşayış binası üzrə ümumilikdə müvafiq müayinə işləri aparıldıqdan sonra müəyyən oluna bilər. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/5932 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, mülki iş materiallarında olan Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentiliyinin, “Azkommunlayihə” KLİ-nin mühəndisi Madər Əliyev tərəfindən tərtib edilmiş, “Azkommunlayihə” KLİ-nin direktoru S.A.Qarayev tərəfindən təsdiq edilmiş, xx.xx.2024-cü il tarixli müvafiq mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, mülki iş materillarında olan mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin (zirzəminin) eskiz-layihə sənədləri mövcud olmadığından qərardadın 1-ci və 5-ci suallarının cavablandırılması mümkün olmamışdır. Belə ki, mülki iş materiallarında olan (İİ cild, səh 50) 10 syalı MKS-nin rəisi C.Əliyev tərəfindən təsdiq edilmiş, “12-ci mikrorayon, bina 6, İİ və İİİ girişlərin eskiz layihəsi”ndə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin (zirzəminin) yerləşdiyi binanın fərdi mənzilləri qeyd olunmuşdur. Yəni mübahisə predmeti olan qeyri-yaşayış (zirzəmi) sahəsinin layihə üzrə texniki parametrləri haqqında məlumatları qeyd olunmamışdır. ünvan 1 ünvnaında yerləşən Cavabdeh məxsus qeyri-yaşayış sahəsi (zirzəmi-anbarı) təhlükəsizlik standartlarının normalaırnın və qaydalarının tələblərinə uyğundur və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərədindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa və xx.xx.2021-ci il tarixli texniki pasporta əsasən xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyata alınmışdır. Hal-hazırda zirzəmi-anbardan istifadə 16 saylı mənzilə heç bir təhlükə yaratmır. Açılmış qapı boşluqlarında layihə əsasında gücləndirmə tədbirlərinin aparılması ilə hər hansı təhlükəsini aradan qaldırmaq mümkündür. Vizual texniki baxış zamanı zirzəmiyə açılmış qapı boşluğu ətrafında hər hansı çat və zədə aşlarlanmadı. Zirzəmiyə açılmış giriş qapısı hal-hazırda bina üçün hər hansı təhlükə yaratmır. Təhlükə yarandığı halda qapı boşluğunun hörülüb bağlanmasındansa qapı boşluğunun layihə əsasında gücləndirilməsi daha məqsədəuyğundur. Mübahisə predmeti olan qeyri-yaşayış (zirzəmi) sahəsinin eskiz-layihə sənədləri mövcud olmadığından və həmin qeyri-yaşayış sahəsinə layihə üzrə hansı istiqamətdən giriş-çıxış nəzərdə tutulduğu məlum olmadığından qərardadın 7-ci sualı üzrə tədqiqat aparılmadı. Layihə təqdim olunmadığına görə bu sualı tam cavablandırmaq mümkün deyil. Qeyd: Yarımzirzəminin döşəməsindən 20-30 sm qalınlığında torpaq qatının çıxarılıb betonlanması binanın dayanıqlığına hər hansı təhlükə yaratmır. Çünki bünövrənin dibinin qrunt üzərində oturması səviyyəsi zirzəminin döşəməsiin səviyyəsindən kifayət qədər aşağı səviyyədədir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hərəkətlərinin qanunsuz hesab olunması və mülkiyyətində olan ünvan 1-da yerləşən 16 saylı mənzilinin sahəsi 112,1 kv.metr zirzəmisinin cavabdeh tərəfindən boşaldılmaqla əvvəlki vəziyyətinə bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması və ödədiyi 100 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı, nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Cavabdeh hərəkətlərinin qanunsuz hesab olunmasına və iddiaçının mülkiyyətində olan ünvan 1-da yerləşən 16 saylı mənzilinin sahəsi 112,1 kv. metr zirzəmisində cavabdeh tərəfindən inşa edilmiş tikilinin özbaşına tikinti hesab olunması, zirzəminin cavabdeh tərəfindən boşaldılmaqla əvvəlki vəziyyətinin bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması və ödədiyi 100 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. 10 İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1-da yerləşən 16 saylı mənzil sahəsi 112,1 kv.m. olan 5 otaqdan ibarətdir. Həmin mənzil üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və onun adına xx.xx.2017-ci ildə ******* nömrəli Seriya RX saylı çıxarış verilmişdir. Cavabdeh onun yaşadığı binanın 6 saylı mənzilində yaşayır. Onun həmin mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bundan başqa cavabdeh yaşadığı mənzilin altında yerləşən zirzəmini də özəlləşdirmiş və onun həmin zirzəmi üzərində mülkiyyət hüquqlarını təsdiqləyən 86.2 kv.m. olan qeyriyaşayış sahəsinə xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. Lakin cavabdeh həmin çıxarışı əlində bayraq tutaraq nəinki özəlləşdirdiyi sahəni, onun yaşadığı evin altında yerləşən sahəni də qanunsuz olaraq zəbt etmiş, həmin sahədə qazıntı işləri aparmış, nəticədə orada olan səs-küydən o, yaşadığı mənzildə rahatlıq tapa bilmir. Bundan başqa cavabdeh həmin sahəyə 2 ədəd iri kondisioner də quraşdırmışdır ki, nəticədə o, mülkiyyətində olan mənzildə normal yaşamaq imkanından məhrum olmuşdur. Cavabdeh hətta qanunsuz olaraq həmin zirzəmiyə qapı qoydurmuş, o, cavabdehin bu qanunsuz və özbaşına əməlləri ilə bağlı AR FHN-nə şikayət etmiş və baxış zamanı həmin qapının bağlanılması bildirilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh bugün də onun mənzilinin altında olan zirzəmidən qanunsuz olaraq istifadə edir, orada özbaşına rekonstruksiya işləri aparır, hətta binanın özülünü qazaraq bina sakinləri üçün təhlükəli vəziyyət yaratmışdır. Bundan başqa bildirmək istəyir ki, bu qazıntılar nəticəsində onun hər iki daş eyvanı çökmüş və mənzilinin divarlarında çatlar əmələ gəlmişdir. O, bu hadisədən qabaq mənzilini təmir etdirmək istəmiş, lakin cavabdeh mənzilini alacağını bildirməklə onu bu illər ərzində gözlətmiş, hazırda isə təmir materialları təxminən 3 dəfə qalxmışdır, ona maddi ziyan dəymişdir.
11. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-2176/2022 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim Rəşad Qoşqarlı).
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 139.1, 146., 152.1, 158.1.2, 157.4, 180.1, 180.4-cü maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1, 95.2, 95.3-cü maddələrinə, Azərbaycan Respublikası “İ.Şabanovanını şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2011-ci il tarixli qərarının Azərbaycan Respubliaksı Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2012-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı oı tarixli Qərarındakı hüquqi mövqeyinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 9, 14.2, 77.1, 80, 106.1, 124.1, 124.2, 220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-2176/2022 nömrəli ləğv edərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsi və mülkiyyətində olan ünvan 1-da yerləşən 16 saylı mənzilinin sahəsi 112,1 kv. metr zirzəmisinin cavabdeh tərəfindən boşaldılmaqla əvvəlki vəziyyətinin bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması və ödədiyi 100 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində mənzilinin altındakı zirzəminin qanunsuz olaraq zəbt edildiyini, cavabdehin yalnız qonşuluqdakı 17 saylı mənzilə mülkiyyət hüququnun olduğunu, onun sahibliyində olan zirzəminin məhz həmin mənzilin altında yerləşdiyini, qanunsuz qazıntı işləri və zirzəmidə özbaşına rekonstruksiya işlərinin aparıldığını, bunun nəticəsində mənzilinin hər iki eyvanının sökdüyünü, mənzilin divarlarında çatların əmələ gəldiyini, qanunsuz tikinti işlərinin aparılmasının nəticəsində binanın qəzalı vəziyyətə salındığını bildirmişdir, lakin hakim tərəfindən ekspert qarşısında cavabdehə məxsus 86.2 kv. metrlik zirzəminin ünvan 1-da yerləşən binanın hansı mənzillərini eləcə də iddiaçıya məxsus mənzili əhatə etməsi barədə suallar qoyulmuşdur. Həmin suallar barədə məlumatlandırılmamışdır, eləcə də əlavə olara hansı sualların qoyulması barədə onun mövqeyi öyrənilməmişdir. Maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə (Azərbaycan Respublikasının Mülki Sosial Məcəlləsinin 14.4-cü maddəsinə uyğun olaraq) 10 oktyabr 2022-ci il tarixdə vəkillə müqavilə bağlamışdır və etibarnamə vermişdir. 11 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə ilasında iştirak edən nümayəndə təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə vəsatət vermiş, mülki işin materialları ilə tanış olmadığını, iddianın dəyişdirilməsi barədə ərizə verəcəyini, iddiaçıya məxsus həmin ünvandakı mənzilin sahəsinə dair reyestrdən çıxarış təqdim edərək ekspertin rəyinə digər mənzillərin texniki və mülkiyyət hüququna dair sənədlərdə qeyd olunan göstəricilərlə müqayisə edərək qiymət verilməsinin zəruriliyini bildirmişdir. Lakin məhkəmə iclasına sədrlik edən hakim mülki işin məhkəmə baxışına təyin edilməsi barədə qərardad qəbul etmişdir.
15. Mülki iş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2573 saylı 15 sentyabr 2022-ci il tarixli rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa və xx.xx.2021-ci il tarixli texniki pasporta əsasən Cavabdeh mülkiyyətində olan 86.2 kv. metr qeyri-yaşayış sahəsinin iş üzrə İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, 6 saylı evin 16 saylı mənzilinin altında (yarımzirzəmidə) yerləşən tikililəri əhatə etdiyi, Cavabdeh faktiki istifadəsində olan tikililərin isə həmin binanın 16 saylı mənzilinin, 6 saylı mənzilinin və digər şəxsə məxsus qonşu mənzilin (mənzilin nömrəsi müəyyən olunmadı) altında (yarımzirzəmidə) yerləşən tikililəri əhatə etdiyi müəyyən olunmuşdur. Halbuki iddia ərizəsində cavabdeh tərəfindən müvafıq icazə olmadan beton dayaq divarları sökülərək yeni giriş qapısı açıldığı, yarımzirzəminin bir metrdən artıq qazılaraq binanın çökməsinin təhlükəsinin yaranması, yarımzirzəmidəki dayaq divarlar sökülməklə binanın qəzalı vəziyyətə gətirildiyi qeyd olunmuşdur. Ekspertizanın aparılmasında iştirak edərək mülki işin halları üçün əhəmiyyət kəsb etdiyindən qeyd olunanlara rəy verilərək münasibət bildrilməsini xahiş etmiş, bundan əlavə yeni açılmış girişdə, eləcə də ona məxsus mənzilin əsas giriş hissəsində getdikcə böyüməkdə olan çatları ekspertə göstərərək binanın necə qəzalı vəziyyətə salındığını bildirmişdir.
16. Buna görə də 10/2573 saylı 15 sentyabr 2022-ci il tarixli ekspert rəyi açıqaşkar işin hallarına, məhkəməyə təqdim edilmiş sənədlərə uyğun deyildir. Lakin məhkəmə onun təkrar məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsinə dair vəsatətini təyin etməmişdir. Bu kifayət etmirmiş kimi, mülki işin baxılması məhkəmə baxışına təyin edildi. Halbuki nümayəndə ona etibarnamənin məhkəmə iclasından əvvəlki gün verildiyini bildirdi. Yəni nümayəndə mülki işin materialları ilə tanış deyildi. Beləliklə, məhkəməyə sübutlar təqdim etmək üçün şərait yaradılmadı. Məhkəmə tərəfindən tamamilə əsassız ekspert rəyi əsasında qətnamə qət edilməsi mübahisəsizdir, əsassızlığı mübahisə doğurmayan həmin rəyə əsasən cavabdeh mülkiyyət hüququ ilə məxsus olan zirzəmi onun mülkiyyətində olan mənzilin altındadır.
17. Bilə-bilə yalan rəy verilməsi ilə bağlı ekspert X4 barəsində onun tərəfindən Səbail rayon Prokrorluğuna müraciət olunmuşdur. Məhkəmə iddianın rədd edilməsinə dair gəldiyi nəticəni müəyyən edilmiş hesab etdiyi bu halla əsaslandırır ki, “cavabdeh ona məxsus qeyri-yaşayış sahəsini özbaşına zəbt etməmiş və orada özbaşına tikinti işləri aparmamışdır. Eyni zamanda həmin qeyri-yaşayış sahəsini dövlət qeydiyyatından keçirməklə adına ozəlləşdirmişdir.” Halbuki cavabdehə mülkiyyət hüququ ilə məxsus zirzəmi ona məxsus mənzilin altında yerləşmir. Çünki ona məxsus mənzilin ümumi sahəsi 112.1 kv.metrdir, sahəsi qeyd olunan zirzəminin ölçüləri ilə üst-üstə düşmür. Digər tərəfdən qətnamənin 3-cü səhifəsinin yuxarıdan 6-cı abzasında qeyd edilir ki, “İş materiallarında olan xx.xx.2021-ci il tarixli,! 15 nömrəli “İcarə müqaviləsi”nin surətindən görünür ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən ünvan 1, mənzil 17-nin 86.2 kv.metr olan zirzəmi-anbarı (qeyri-yaşayış sahəsi) xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Cavabdeh icarəsinə vermişdir”. Mülki işin materiallarina əlavə edilmiş həmin icarə müqaviləsi 86.2 kv.metrlik zirzəminin məhz cavabdehə mülkiyyət hüququ ilə məxsus mənzilin altında yerləşməsinə dair mötəbər sübutdur. 6 saylı binanın girişindən zirzəmiyə qapı olduğu halda tikinti normalarına və binanın layihə-smeta sənədlərinə zidd olaraq əks tərəfdən beton əsas dayaq divar sökülərək qapı açılmışdır. Binanın zirzəmisində hava axınını təmin edən tikinti elementlərindən qanunsuz qoyulmuş qapının sahəsi dəfələrlə böyük olduğundan, onun üzərindəki beton binanın tonlarla yükünün ağırlığından çatlamışdır. Yarımzirzəmidəki dayaq tikintilər söküldüyündən, bir metrdən artıq qazıldığından binanın çökməsi təhlükəsi yaranmış, bina faktiki olaraq qəzalı vəziyyətə düşmüşdür. Tikinti işlərinin aparıldığı yarımzirzəmi cavabdehə məxsus deyildir, həmin işlər görülərkən lazımi icazələr alınmamışdır, tikintii noıma və qaydaları ciddi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə (Azərbaycan Respublikasının Mülki Sosial Məcəlləsinin 14.4-cü maddəsinə uyğun olaraq) 10 oktyabr 2022-ci il tarixdə vəkillə müqavilə bağlamışdır və etibarnamə vermişdir. 11 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən nümayəndə təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə vəsatət vermiş, mülki işin materialları ilə tanış olmadığını, iddianın dəyişdirilməsi barədə ərizə verəcəyini, iddiaçıya məxsus həmin ünvandakı mənzilin sahəsinə dair reyestrdən çıxarış təqdim edərək ekspertin rəyinə digər mənzillərin texniki və mülkiyyət hüququna dair sənədlərdə qeyd olunan göstəricilərlə müqayisə edərək qiymət verilməsinin zəruriliyini bildirmişdir. Lakin məhkəmə iclasına sədrlik edən hakim mülki işin məhkəmə baxışına təyin edilməsi barədə qərardad qəbul etmişdir.
18. Cavabdeh tərəfindən yarımzirzəmidə özbaşına tikinti işlərinin aparılması nəticəsində onun mülkiyyətində olan mənzilin eyvanı çökmüş, mənzilinin divarlarında çatlar əmələ gəlmişdir. Buna görə də zədələnmiş əmlakın əvvəlki vəziyyətinin bərpa edilməsi ilə bağlı xərcləri cavabdeh ödəməlidir. Ona dəymiş zərərlə cavabdehin qanunsuz hərəkətləri (delikt) arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) huquqla və ya qanunla müdafiə olunan başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zİdd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsiziikdir) Tətbiq edilməli qanun məhkəmə tərəfindən tətbiq ediməlmişdir.
19. Təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsinə dair vəsatəti təmin edilməmişdir. Mənzilin yaşayış sahəsi kimi istifadəyə yararlı olmasını müəyyən etdikdən sonra əmlakın zədələnməsi ilə bağlı xərclər müəyyən ediləcəkdi. Əks təqdirdə cavabdehlə əvvəldən razlaşdırılmış mənzilin dəyən ödənilməlidir. Yəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən mənzilinin zədələnməsi nəticəsində ona dəymiş zərər tam ödənilməlidir. Sübutların mümkünlüyünə görə zərərin vurulması və məbləği yalnız məhkəmə ekspertizası tərəfindən müəyyən olunmalıdır. Ekspertizanın təyin edilməsinə dair vəsatət məhkəmə tərəfındən təmin edilməmişdir. Dəymiş zərər və onun məbləği ilə dair hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Beləliklə, qanun məhkəmə tərəfindən səhv təfsir olunmuşdur.
20. Məhkəmə hesab etmişdir ki, cavabdehin yarımzirzəmiyə mülkiyyət hüququ varsa (yalnız 17 saylı mənzilin altında yerləşən yarımzirzəmi ona məxsusdur) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan tikinti işləri apara bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikinti, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
21. Cavabdeh Sumqayıt şəhəri, 12-ci mikrorayon, 6 saylı evinin ona məxsus 86.2kv.metrlik yarımzirzəmisinin ona məxsus 16 saylı mənzilin altında yerləşdiyini iddia edir. Onun tərəfindən məhkəməyə təqdim olunmuş 16 saylı mənzilə mülkiyyət hüququna dair çıxarışla mənzilin ümumi sahəsinin 112,1 kv.metr olduğu təsdiq olunur. Digər tərəfdən cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2021-ci il tarixli, 115 saylı İcarə müqaviləsinin surətindən görünür ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən ünvan 1, mənzil 17-nin 86.2 kv.metrlik yarımzirzəmisi Cavabdeh icarəsinə verilmişdir. Lakin məhkəmə qeyd olunan sübutlarla nəticəyə gəlməmişdir. Məhkəmə iddianın rədd edilməsinə dair gəldiyi nəticəni müəyyən edilmiş hesab etdiyi bu halla əsaslandırır ki, “cavabdeh ona məxsus qeyri-yaşayış sahəsini özbaşına zəbt etməmiş və orada özbaşına tikinti işləri aparmamışdır. Eyni zamanda həmin qeyri-yaşayış sahəsini dövlət qeydiyyatından keçirməklə adına özəlləşdirmişdir. Halbuki cavabdehə mülkiyyət hüququ ilə məxsus zirzəmi ona məxsus mənzilin altında yerləşmir. Çünki ona məxsus mənzilin ümumi sahəsi 112.1 kv.metrdir, sahəsi qeyd olunan zirzəminin ölçüləri ilə üst-üstə düşmür. Dİgər tərəfdən qətnamənin 3-cü səhifəsinin yuxarıdan 6-cı abzasında qeyd edirlir ki, “İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 115 nömrəli İcarə müqaviləsinin surətindən görünür ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən ünvan 1, mənzil 17-nin 86.2 kv.metr olan zirzəmi-anbarı (qeyri-yaşayış sahəsi) xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Cavabdeh icarəsinə vermişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
24. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1, nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
25. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
27. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
28. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
35. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
42. Apellyasiya şikayətindən görünür ki, İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-2176/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
43. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
47. Kollegiya qeyd edir ki, hazırkı iddia mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırması haqqında olan neqator iddiadır.
48. Kollegiya izah edir ki, mülki qanunvericiliyin müddəalarına görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.
49. İşdən görünür ki, iddiaçı mənzilinin altındakı zirzəminin qanunsuz olaraq cavabdeh tərəfindən zəbt edildiyini, cavabdehin yalnız qonşuluqdakı 17 saylı mənzilə mülkiyyət hüququnun olduğunu, onun sahibliyində olan zirzəminin məhz həmin mənzilin altında yerləşdiyini, qanunsuz qazıntı işləri və zirzəmidə özbaşına rekonstruksiya işlərinin aparıldığını, bunun nəticəsində mənzilinin hər iki eyvanının sökdüyünü, mənzilin divarlarında çatların əmələ gəldiyini, qanunsuz tikinti işlərinin aparılmasının nəticəsində binanın qəzalı vəziyyətə düşməsini iddia etsə də, bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
50. Əksinə iş üzrə apellyasiya şikayətinin dəlillərinin yoxlamaq məqsədi ilə keçirilmiş ekspertiza tədqiqatları ilə Cavabdeh tərəfindən tədqiq olunan binanın yarımzirzəmisində hər hansı tikilinin (anbarın) inşa edilməməsi, ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin (zirzəmi-anbarı) təhlükəsizlik standartlarının normalarının və qaydalarının tələblərinə uyğun olması, hal-hazırda zirzəmi-anbardan istifadənin 16 saylı mənzilə heç bir təhlükə yaratmaması, vizual texniki baxış zamanı zirzəmiyə açılmış qapı boşluğu ətrafında hər hansı çat və zədənin aşkar olunmaması, zirzəmiyə açılmış giriş qapısının hal-hazırda bina üçün hər hansı təhlükə yaratmaması, yarımzirzəminin döşəməsindən 20-30 sm qalınlığında torpaq qatının çıxarılıb betonlanması binanın dayanıqlığına hər hansı təhlükə yaratmaması müəyyən olunmuşdur.
51. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
52. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
53. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ekspertiza tədqiqatlarının xərci olan 300 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-2176/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.